Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2582/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)-8222/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən verdiyi 32157 manatdan, 1183 manat, 1850 manat, 422 manat və 300 çıxılmaqla, 28402 manat, 10000 ABŞ dollarından 600 ABŞ dolları çıxılmaqla 9400 ABŞ dolları məbləğində borcun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki, tanışdır. Cavabdehin xahişi ilə, 07.06.2007-ci il tarixində özünə məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini Bank Standarta girov qoyaraq, 17569 manat məbləğində kredit götürüb, ona vermişdir. Cavabdeh bununla bağlı etiraf ərizəsi də vardır. Cavabdeh cəmi 2 dəfə, 14.12.2007-ci il tarixində 1183 manat, 09.01.2008-ci il tarixində 422 manat banka ödəniş etdikdən sonra, bu məbləği ödəyə bilməmişdir. Bundan sonra, o, əmlakının əldən çıxmaması səbəbilə, borc pul taparaq, banka borc və faizləri ilə birlikdə cəmi 32157 manat pul ödəmişdir. Dəfələrlə etdiyi müraciətlərdən sonra, cavabdeh ona heç bir gəlirinin olmadığını, bu səbəbdən borcu qaytara bilmədiyini mənə bildirmiş və ona hər hansı bir iş qurmaq üçün pul tapmasını təklif etmişdir. Yenidən cavabdehə inanaraq, 10000 ABŞ dolları borc tapıb ona vermiş və iş qurub borcunu qaytarmasını tələb etmişdir. Cavabdehin bununla bağlı da etiraf ərizəsi vardır. Cavabdeh qısa müddət ərzində iş qurub pulu qaytaracağını bildirsə də, bir müddət sonra, onun iş qurmadığını öyrənib pulu qaytarmasını tələb etsə də, o, sadəcə 1850 manat nağd pul və 600 ABŞ dolları dəyərində kondisioner vermişdir. 13.03.2017-ci il tarixində borcdan 300 manat qaytarmış, geri qalan hissəsini isə, bu günədək qaytarmamışdır. Cavabdehlə aralarında uzun illər tanışlıq münasibətləri olduğundan, onun inamından sui-istifadə edərək külli miqdarda pul almış, dəfələrlə Cavabdeh borcun qaytarılması ilə bağlı şifahi qaydada müraciət etmiş olsa da, müraciətlərinə məhəl qoymamışdır. İddiasını təsdiq edən kifayət qədər sübutlar vardır. Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)- 8222/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi cavabdehin borcun etiraf etməsi barədə əlyazmasını sübut növü kimi qəbul etməməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə işi araşdırmamış, iç üzrə tələm-tələsik qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə bağlı gəldiyini nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-nin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qanunvericilikdə borc müqaviləsinin şifahi formada, tərəflərin razılaşması ilə yazılı formada bağlana bilməsi göstərilsə də, konkret hansı formada olması qeyd olunmamışdır. Hazırki işdən görünür ki, tərəflər öz aralarında əqdlər üçün müəyyən edilmiş qaydaya uyğun olaraq, sadə yazılı formada müqavilə bağlamışlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının üzərinə mümkün olmayanı sübut etmək vəzifəsi qoymuşdur ki, iddiaçı tələb etdiyi almadığı pulları sübut etsin. Hansı ki, iddiaçının tələb etdiyi almadığı pulları sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, iddiaçıya pulun qatarmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi işin göstərilən hallarını nəzərə almamış, mübahisənin həlli üzrə səhv nəticəyə gəlmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfındən maddi və prosessual hüquq normalarının təfsirində səhvə yol verilməklə yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 19.08.2010-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında qeyd etmişdir ki, İddiaçı 10000 ABŞ dollarını öz iş yerinin təşkil edilməsi üçün borc almış, həmin pulu qaytarmışdır. O, başqa borc pul almamışdır. Həmin qərardan görünür ki, X3 izahatında qeyd etmişdir ki, Cavabdeh İddiaçı ilə o tanış etmişdir. Sürəyya Fatmaya 10000 ABŞ dolları borc pul vermişdir. Fatma həmin pulu qaytara bilməmişdir. Bundan sonra Fatma 4000 ABŞ dollarını Sürəyyanın özünə vermişdir. Göründüyü kimi, cavabdehin etiraf etdiyi 10000 ABŞ dollarını borc alması işdə olan sadə yazılı qəbzlə təsdiq olunur. Kollegiya qeyd edir ki, Cavabdeh iddiaçıdan borca 10000 ABŞ dolları pul aldığını qeyd etmiş, lakin həmin borcları qaytardığını bildirsə də, pulun qaytarılması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də, kollegiya hesab edir ki, iddiaçının etirafı nəzərə alınmaqla, cavabdeh Cavabdeh İddiaçı xeyrinə 6471,1 ABŞ dolları (10000 $- 2928,9 $- 600$=6471,1$) alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla tutulmalıdır. 2928,9$ ABŞ dolları ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh 1183 manat, 1850 manat, 422 manat və 300 manatın ödənilməsini etiraf etmiş, həmin məbləğlər cəmi 3755 manat olmaqla, ABŞ dollarının həmin vaxta olan 1ABŞ dolları=0,78 manat kursuna görə 2928,9 $ təşkil etmişdir. 600 $ dollarla bağlı kollegiya qeyd edir ki, iddiaçı tərəf etiraf etmişdir ki, cavabdeh həmin məbləğdə soyuducu vermişdir. Kollegiya qeyd edir ki, iddiaçı 32157 manatı cavabdehdən tələb etsə də, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 19.08.2010-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından göründüyü kimi, həmin məbləği cavabdeh tərəf etiraf etməmiş, iddiaçı bununla bağlı sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının 32157 manatla bağlı təqdim etdiyi sadə yazılı əqd digər sübutlarla təsdiq olunmadığından, mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh İddiaçı xeyrinə 6471,1 ABŞ dolları (10000 $- 2928,9 $- 600$=6471,1$) alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 20 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)- 8222/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6471,1 (altı min dörd yüz yetmiş bir ABŞ dolları on sent) ABŞ dolları alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə tutulsun. Cavabdeh İddiaçı xeyrinə 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-2582/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2582/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver