Məhkəmə qərarları › İş №2(103)-2582/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2582/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2582/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X4, Cavabdeh1 nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-43/23 saylı iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti Mərdəkan istiqamətində Cavabdeh1 idarə etdiyi “İnfiniti FX-35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydalarını pozaraq, İddiaçı idarə etdiyi “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil qarşıda duran Cavabdeh2 idarə etdiyi “Honda CRV minik” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Müvafiq orqan tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (... ara məsafəsi...qaydalarının pozulmasına... görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə Cavabdeh1 idarə etdiyi “İnfiniti FX-35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 MMC-nin mülkiyyətində olmuşdur. Cavabdeh3 MMC və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Cavabdeh3 MMC həmin avtomobili Nuranə Qurbanovaya lizinqə vermişdir. Həmçinin, Cavabdeh3 MMC xx.xx.2021-ci il tarixli etibarnamə ilə həmin avtomobili idarə etmək hüququnu xx.xx.2021-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Cavabdeh3 MMC-nin sığortaçısı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə İddiaçı 3379 manat məbləğində sığorta ödənişi edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 35180 manat pul vəsaitinin, iddiaçıya məxsus avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilməsinə görə ödənilmiş 150 manat pul vəsaitinin, 10 000 manat məbləğində vurulmuş mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 45360 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verəndən qısa müddət sonra İddiaçı öz mülkiyyətində olan avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya məxsus “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil müayinə olunaraq avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 32415 manat müəyyən edilmişdir. Avtomobilə ümumi texniki baxışın keçirilməsi və qüsur aktının tərtib edilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 150 manat ödənilmişdir. Göründüyü kimi, yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobil əhəmiyyətli dərəcədə zərər görmüşdür. Bundan əlavə, sözügedən yol-nəqliyyat hadisəsindən İddiaçı dərin mənəvi sarsıntı keçirərək depressiyaya düşmüşdür, bu isə öz növbəsində onun səhhətinə mənfi təsir göstərmişdir.

4. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək cavabdehdən vurmuş olduğu maddi zərərə görə 13919 manatın, mənəvi zərərin əvəzi kimi 5000 manatın, məhkəmədə iddia qaldırarkən ödədiyi 30 manat dövlət rüsumunun və vəkilə ödədiyi 110 manatın, cəmi 19059 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə H.Əliyev prospektindən üzü şəhər istiqamətində geriyə Mərdəkan istiqamətinə dönərkən dönmə zolağının bütöv xətlə nişanlandığı və sağ zolaqdan gələn avtonəqliyyat vasitəsinin mənim hərəkətdə olduğum zolağa, eyni zamanda mənim hərəkətdə olduğum zolaqdan sağ zolağa keçmənin qadağan olunduğu zolaqla irəliləyərkən ilkin iddiaçıya məxsus “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmadığı halda ona yol vermək məqsədi ilə dayanmış və yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisə yerinin şəkillərindən və yol-nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi, məhz ilkin iddiaçının hərəkəti sayəsində avtomobilinə 15539 manat maddi zərər dəymişdir ki, həmin zərərdən 1620 manat "xxxx" DSKŞ tərəfindən ona ödənilmişdir. Hadisə zamanı öz zolağından çıxmamış, əlverişli şərait yaranana qədər gözləmişdir. Lakin İddiaçı mənə yol vermək məqsədi ilə 120 km/saat sürətli yolda qəfildən dayanmış və mənim avtomobilinə zərər vurulmasına səbəb olmuşdur. Həmin hadisə zamanı avtomobildə azyaşlı uşaqlar və özü hadisədən çox qorxmuş, hələ də həmin hadisənin təsirindən çıxa bilməmiş, çəkdiyi stres və qorxudan müalicə almalı olmuşdur.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-43/23 saylı iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) ilk iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 26501 manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hadisə nəticəsində ilk iddiaçıya məxsus avtomobilə dəymiş zərər ilk iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsasən hesablanmalıdır. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, "xxxx" MMC avtomobilin istehsalçısı olan şirkətin Azərbaycanda rəsmi dilleri kimi fəaliyyət göstərir. Müvafiq ekspert rəylərindən və məhkəmə iclasında ekspertin verdiyi izahatdan isə görünür ki, ekspert avtomobilə dəymiş zərəri qiymətləndirərkən əsasən iki mənbəyə istinad etmişdir. Bunlardan biri avtomobil satış saytları, digəri isə müxtəlif avtosalonlardan şifahi sorğu ilə (telefonla servisə zəng edib soruşaraq) əldə edilən məlumatlardır. Məhkəmə hesab edir ki, ekspertin rəyini verərkən istinad etdiyi bu mənbələrin heç biri avtomobilin istehsalçısı (dilleri vasitəsilə) tərəfindən müəyyən edilmiş qiymətlərdən daha etibarlı ola bilməz. Avtomobilə dəymiş zərər üçün sığortaçı şirkət tərəfindən ilk iddiaçıya 3379 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş yekun zərərdən həmin məbləğ çıxılmalı, avtomobilə dəymiş zərərə görə ilk iddiaçıya 26351 manat məbləğində pul ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, ilk iddiaçı avtomobilə texniki baxış keçirilərək qüsur aktı tərtib edilməsi üçün ödədiyi 150 manat məbləğində pulu da tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində yalnız Cavabdeh1 təqsiri müəyyən edildiyindən ilk iddiaçının avtomobilinə dəymiş zərərə görə yalnız o və hadisə baş verən vaxt avtomobilin mülkiyyətçisi olan Cavabdeh3 MMC məsuliyyət daşımalıdır. İlk iddiaçı və vəkili hər nə qədər Cavabdeh2 qəzaya şərait yaratdığını iddia etsə də, iş materiallarından Cavabdeh1 başqa şəxsin təqsirli bilindiyi görünmür. Elə ilk iddiaçı da hadisə baş verdiyi vaxt verdiyi izahatında hadisənin baş verməsində Cavabdeh2 da məsuliyyət daşıması barədə heç bir qeyd etməmişdir. Hadisə vaxtı Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh3 MMC olmuşdur. xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən lizinq verən Cavabdeh3 MMC həmin avtomobili lizinq alan X3 lizinqə vermişdir. Lakin Cavabdeh3 MMC xx.xx.2021-ci il tarixdə verdiyi etibarnamə ilə həmin avtomobilin idarə edilməsini xx.xx.2021-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Yəni, sonuncu, hadisə baş verdiyi vaxt avtomobili idarə etmək səlahiyyətinə malik şəxs olmuş, bu səbəbdən haqqında tərtib edilmiş inzibati xəta haqqında protokol yalnız ara məsafəsi qaydalarının pozulmasına görə olmuşdur.

8. Qarşılıqlı iddiaçı Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh İddiaçı təqsiri olduğunu iddia etsə də, iş materiallarında bu iddianı təsdiq edəcək heç bir mötəbər sübut yoxdur. Qarşılıqlı iddiaçı Cavabdeh2 hadisə baş verdiyi gün yol polisinə verdiyi izahatda “İnfiniti” markalı avtomobilin (Cavabdeh1 idarə etdiyi avtomobil) “Opel” markalı avtomobili (İddiaçı idarə etdiyi avtomobil) vurduğunu və zərbənin təsirindən sonuncunun onun avtomobilini vurduğunu bildirmişdir. Cavabdeh1 də daxil olmaqla yol nəqliyyat hadisəsinin hər üç iştirakçısı hadisə günü verdiyi izahatlarda hadisəni yuxarıda qeyd edildiyi kimi təsvir etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı qarşı qaldırılmış qarşılıqlı iddia təmin edilə bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin konkret olaraq hansı detallarının zədələnməsi, hadisə zamanı zədələrin hansının hadisə zamanı törədildiyi müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktlarında özünün müəyyən etdiyi ehtiyat hissələri yol nəqliyyat hadisəsi zamanı həmin detalların zədələnməsinin göstəricisi sayıla bilməz. Həmin aktlarda çox sayda ehtiyat hissələrinin göstərilməsi isə daha çox detalların zədələndiyini göstərmək məqsədi daşımışdır. İddiaçı aktları təqdim etsə də, bu aktların mötəbərliyi məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı cavabdehin ona 35 180 manat zərər vurmasını göstərsə də, buna dair heç bir sübut təqdim etməmiş, iddiaçıya 35 180 manat maddi zərər dəyməsini təsdiq edə bilməmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli qüsur aktı və Firm"xxxx" Firmasının xx.xx.2023-cü il tarixli qüsur aktı heç bir sübuti əhəmiyyətə malik deyildir, məhkəmə üçün dəymiş zərərin həcminin təsdiq edilməsi üçün qabaqcadan hər hansı bir sübuti qüvvəsi yoxdur. Həmin aktlar sadəcə “Opel Antara” markalı avtomobilin müəyyən ehtiyyat hissələrinin qiymətlərini özündə əks etdirən sadə siyahıdır. Qüsur aktları yol nəqliyyat hadisəsi baş verən xx.xx.2021-ci il tarixdə olan satış qiymətlərinə uyğun deyildir. Nəzərə alaq ki, yol nəqliyyat hadisəsi xx.xx.2021-ci il tarixdə baş vermiş, aktların tarixləri isə müvafiq olaraq 2022 və 2023 illərin satış qiymətlərini göstərir. Yol nəqliyyat hadisəsinin baş verməsi tarixi ilə işdə olan aktların tarixləri arasında 1 ildən çox müddət fərqi vardır. Həmin aktlardakı qiymətlər həddindən artıq şişirdilib. Belə ki, avtomobilin təmiri üçün qüsur aktlarında müəyyən edilmiş məbləği ödəməkdənsə, yeni avtomobil alıb vermək ondan daha sərfəli olardı. Aktlarda yalnız dəyişilməli olan ehtiyyat hissələri qeyd edilmiş, təmirə ehtiyacı olan detallar isə ümumiyyətlə göstərilməmişdir. Yol nəqliyyat hadisəsi zamanı hansısa kiçik bir detalın təmirə ehtiyacının olmaması məntiqli deyil. Bunu avtomobilin fotoşəkillərinə vizual olaraq baxdıqda da görmək mümkündür. Yol nəqliyyat hadisəsi baş versin, lakin zədələnmiş detalların heç biri təmir olunmaqla əmələ gəlməsin, bu absurd yanaşmadır Həmçinin, onu da qeyd edək ki, iddiaçının təqdim etdiyi aktlarda göstərilən detallar yeni ehtiyat hissələridr. İddiaçı idarə etdiyi “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilində olan detallar aşınmaya məruz qaldığı üçün işlənmiş olub, yeni ehtiyat hissələri olmayıb. Yəni, iddiaçıya məxsus avtomobilin buraxılış ilinin 8 iləvvələ aid olduğunu, avtomobilin kifayət qədər amartizasiyaya məruz qaldığını və əmlak bazarında işlənmiş (ikinci əl) ehtiyat hissələrinin olduğunu nəzərə alsaq, yeni ehtiyat hissələrinin tələb edilməsivə ya həmin avtomobili yeni detallara görə xərcin ödənilməsi şərt deyildir. Halbuki, praktiki olaraq baş vermiş yol nəqliyyat hadisələri zaman sığorta şirkətləri də zədələnmiş avtomobilləri yeni ehtiyat hissələri ilə deyil, işlənmiş detallarla təmin edir. Və ya yeni detallara görə xərcin tutulması barədə məhkəmə qətnaməsi digər tərəfin vəziyyətini ağırlaşdırır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İddiaçı və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

15. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı:

Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Şəxsin yüksək təhlükəli mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, iddiaçı və digər cavabdehlər isə apellyasiya şikayəti vermədiklərindən qətnamənin əsaslılığı yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq, eləcə də işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, vurulmuş zərərin əvəzi kimi cavabdehlərdən tutulan məbləğin həcmini düzgün müəyyən etməmişdir.

21. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

22. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edildiyi halda cavabdehin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmalıdır.

24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, apellyator avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirir.

25. İddiaçı avtomobilə dəymiş zərərin həcmini əsaslandırmaq üçün məhkəməyə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktını və "xxxx" Firmasının xx.xx.2023-cü il tarixli qüsur aktını təqdim etmişdir. "xxxx" MMC-nin aktında ehtiyat hissələri üçün 31750 manat məbləğində, işçilik üçün 3430 manat olmaqla, cəmi 35180 manat zərər dəydiyi, "xxxx" Firmasının aktında ehtiyat hissələri üçün 26415 manat məbləğində, işçilik üçün 3315 manat olmaqla cəmi 29730 manat zərər dəydiyi qeyd edilmişdir.

26. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7458 ekspert rəyi ilə nəzəri hesablama əsasında, 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14400 (24000-40%) manat müəyyən edilmişdir.

27. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3077 nömrəli ekspert rəyi ilə qüsur aktında olan məlumatlar əsas götürülməklə avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14400 (24000-40%) manat müəyyən edilir.

28. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş məbləği deyil, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını əsaslı hesab etmiş və maddi ziyanın məbləğini həmin həcmdə təmin etmişdir.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamış, iş üzrə toplanmış sübutlar, o cümlədən ekspert rəyi düzgün qiymətləndirilməmişdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Məhkəmə kollegiyası iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdıraraq diqqəti ilk növbədə avtomobilə vurulmuş zərərin məbləği ilə üç qiymətləndirmə (qüsur) aktı olduğuna cəlb edir. Onlardan ikisi "xxxx" MMC, digəri isə Firm"xxxx" Firması tərəfindən verilmişdir. "xxxx" MMC tərəfindən 1-ci akt xx.xx.2021-ci il tarixdə, ikinci akt xx.xx.2022-ci il tarixdə, "xxxx" Firmasının aktı isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Həmin MMC-lər tərəfindən verilmiş qiymətləndirmə aktındakı məlumatlar birinci instansiya məhkəməsində keçirilmiş ekspert tədqiqatı zamanı araşdırılmış və zərər məbləği 14400 manat müəyyən olunmuşdur.

32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 birinci instansiya məhkəməsində işə baxılarkən dindirilmiş və bildirmişdir ki, qüsur aktındakı zədələnmiş hissələr avtomobilin 40 %-ni təşkil edir. Əsas hissə isə avtomobilin “karobka”sıdır. Əgər bu hissələrə zərər dəyibsə, deməli avtomobilin 50%-i yoxdur. Bu səbəbdən təcrübədə hansı hissələrin salamat qaldığını müəyyən edib həmin hissələrin dəyərini avtomobilin bazar qiymətindən çıxırlar. Hazırkı işdə də bu metoddan istifadə edilmiş, yekunda avtomobilin təmir xərcinin 14400 manat olduğu müəyyən edilmişdir. Hesab edir ki, qüsur aktında müəyyən edilmiş qiymət şişirdilmiş qiymətdir. Belə ki, avtomobilin təmiri üçün 32000 manat verməkdənsə, 24000 manata yeni avtomobil almaq olar.

33. 03.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 3379 manat məbləğində sığorta ödənişi edilmişdir.

34. Məhkəmə kollegiyası qüsur aktının məlumatlarını, ekspert rəyini və ekspertiza aparılarkən tətbiq edilmiş metodları, ekspertin və mütəxəssisin izahatlarını nəzərə alaraq sığorta şirkəti tərəfindən bu hal nəzərə alınaraq ona sığorta ödənişi edildiyini, eləcə də iş üçün əhəmiyyəti olan digər halları nəzərə alaraq ekspetin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, ekspert rəyi digər sübutlardan daha mötəbər olduğundan onun mötəbərliyi qəbul edilməklə məhz həmin rəydəki məbləğ əsas götürülməli və ziyanın ödənilməsi məsələsi həll olunmalıdır.

35. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

37. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

38. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Kollegiya belə qənaətə gəlir ki, iddiaçıya 3379 AZN məbləğində sığorta ödənişi verilməsi və onun həmin məbləği qəbul etdiyi nəzərə alınmalı, ekspetin müəyyən etdiyi ümumi zərər məbləğindən ödənilmiş sığorta məbləği çıxılmaqla (14400– 3379=11021) iddiaçıya dəyən və cavabdehlərdən tutulmalı olan zərərin məbləği müəyyən edilməlidir.

40. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə 26501 (iyirmi altı min beş yüz bir) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulan pul vəsaitinin həcmi 11021 (on bir min iyirmi bir) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar