Məhkəmə qərarları › İş №2(103)-2585/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2585/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2585/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı İKB ASC-nin (hazırda “xxxx” ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-367/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı” İKB ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4188.75 ABŞ Dolları əsas borc, 3248.05 ABŞ dolları faiz borcu və 236.28 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 7673.08 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-367/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 2327.96 ABŞ dolları əsas borc “İddiaçıbank” ASC-nin xeyrinə tutulması, iddia tələbinin xx xxxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək 5 faizlə hesablanmış 282.35 ABŞ dolları əldən çıxmış fayda hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 30 %, yəni 09 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 70 %, yəni 21 manatın iddiaçıya aid edilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın 70 %, yəni 140 manat iddiaçıdan, qalan 30 %, yəni 60 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsni xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, onun tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə müqavilənini bitdiyi xx.xx.2018-ci il tarixədək məsuliyyət götürmüş, iddiaçı tərəfindən iddia tələbi ilə kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixdən 1 il sonra məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini ona münasibətdə təmin olunmasına dair nəticəyə gələrkən, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş, bununla da iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin Cavabdeh2 aid hissədə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-Z1-5-0-277-15 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 36 ay müddətinə, illik 30 % olmaqla 5.500 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli və saylı müqaviləyə əsasən Cavabdeh2 birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxx 2015-ci il tarixli məxaric orderinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-dən 5.500 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına görə Cavabdeh1 əsas borcu 1860.79 ABŞ dolları azaldılmışdır. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nə olan 2327.96 ABŞ dolları əsas borcu, xx xxxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək 5 faizlə hesablanmış 282.35 ABŞ dolları əldən çıxmış fayda, ümumilikdə cəmi 2610.31 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 427.3, 442, 445.2.1, 449.4, 470.1, 472.1, 472.2, 739.1, 739.2, və 741-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, cavabdehlərdən müştərək qaydada 2327.96 ABŞ dolları əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 aid hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının kredit müqaviləsi üzrə 1 illik müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti xx xxxxx 2018-ci ildə bitmiş, hazırki iddia ərizəsi isə xx xxxx 2018-ci ildə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Eləcə də, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərədə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilə qədər qüvvədə qalır. Göründüyü kimi, Bank ilə apelyator arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti kredit müqaviləsi üzrə bütün öhdəliklərin tam həcmdə icra edilməsi müddətinədək müəyyən edilmiş, eləcə də iddiaçı tərəfindən müqavilə müddəti bitdiyi vaxtdan 3 ay sonra məhkəməyə müraciət olunmuşdur. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Apelyator şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını qeyd etsə də, məhkəmə kollegiyası apelyatorun bu dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, prosessual huquq normalarının tələblərinə riayət edilməklə, maddi hüquq normalarına istinad olunmaqla işə baxılmışdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-367/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar