Məhkəmə qərarları › İş №2(103)-2586/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2586/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2586/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın cavabdeh Alıyeva (Ağayeva) Kubra Tofiq qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli qətnamədən iddiaçı QSC “Bank Standard” KB-nın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/125584/14 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 234,97 manat, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət üçün müqavilənin şərtinə əsasən əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 164,32 manat, kredit borcunun ödənilməsinin gecikdiriləməsinə görə “Kredit müqaviləsinin” şərtlərinə əsasən tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 206,90 manat, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddət bitdikdən sonra illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 64,17 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2014-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, illik 25 faiz dərəcəsi ilə Bankdan 592 manat məbləğində pulu borca götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və əsas kredit borcuna hesablanacaq faiz borcu aybaay, hissə-hissə 24 ay ərzində Banka qaytaracaq. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini qaytarmış, qalan hissəsini qaytarmamış və bunun nəticəsində cavabdehin Banka 234,97 manat məbləğində əsas, 164,32 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtinə əsaslanaraq cavabdehə 206,90 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh, Banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilən məbləğlər cavabdehdən tutularaq Banka ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin qeyd edilən hərəkəti nəticəsində Bank qeyd edilən məbləğlərdən istifadə edərək fayda əldə etməkdən məhrum olmuşdur. Buna görə də, “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu olaraq 64,17 manat məbləğində pul da cavabdehdən Bankın xeyrinə tutulmalıdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək işə baxmış Rayon Məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə vermiş və iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bankın cavabdehə qarşı irəli sürdüyü iddia tələbi əsaslı olsa da, iddia, iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Belə ki, Bank ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin müddəti xx.xx.2016-ci il tarixdə bitmişdir. Belə olan halda Bank, müqavilənin bitdiyi tarixdən etibarən 3 il ərzində, yəni xx.xx.2019-cu il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı Bank cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə, yəni iddia müddətinin bitməsinə 10 gün qalmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı” ilə əlaqədar baxılmamış saxlanılmışdır. Bundan sonra cavabdeh, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borclarının restrukturizasiyası məqsədilə Banka müraciət etməmiş və bu səbəbdən kredit borclarının restrukturizasiyası baş tutmamış, Fərmanın icrası isə xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Bu səbəbdən də cavbadehə qarşı ikinci dəfə hazırki iddia irəli sürülmüşdür. İşə baxmış Rayon Məhkəməsi işin qeyd edilən hallarına səhv qiymət verərək hesab etmişdir ki, iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. İş üzrə iddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmamasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. İşdə olan sənədlərdən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, cavabdeh, onunla Bank arasında xx.xx.2014-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, illik 25 faiz dərəcəsi ilə Bankdan 592 manat məbləğində pulu borca götürmüşdür. Cavabdeh həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və əsas kredit borcuna hesablanacaq faiz borcu aybaay, hissə-hissə 24 ay ərzində Banka qaytaracaq. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini qaytarmış, qalan hissəsini qaytarmamış və bunun nəticəsində cavabdehin Banka 234,97 manat məbləğində əsas, 164,32 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtinə əsaslanaraq cavabdehə 206,90 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank qeyd edilən borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh, Banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Bank cavabdehin qeyd edilən hərəkəti nəticəsində qeyd edilən məbləğlərdən istifadə edərək fayda əldə etməkdən məhrum olmasını nəzərə alaraq “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra illik 5 % dərəcəsi ilə cavabdehə faiz borcu olaraq 64,17 manat hesablamışdır.

12. Məhkəmə qeyd edir ki, adı qaydada bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 445, 448, 462 və 465-ci maddələrinə uyğun olaraq iddianın tam və ya qismən təmin edilməsi üçün əsas ola bilərdi. Lakin hazırki halda iddia təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).

13. İşdə olan sənədlərdən həmçinin görünür ki, Bank cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə, yəni iddia müddətinin bitməsinə 10 gün qalmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı (İş № 2(004)-7320/2019) ilə iddia ərizəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı” ilə əlaqədar baxılmamış saxlanılmışdır. Bundan sonra cavabdeh, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borclarının restrukturizasiyası məqsədilə Banka müraciət etməmiş və bu səbəbdən kredit borclarının restrukturizasiyası baş tutmamış, Fərmanın icrası isə xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Bu səbəbdən də cavabdehə qarşı ikinci dəfə hazırki iddia irəli sürülmüşdür.

14. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, Bankın ilk dəfə cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının baxılmamış saxlanılması iddia müddətinin axımını dayandırmamış (Mülki Məcəllə; maddə 379.), müddətin axımını kəsməmiş (maddə 380.) və müddəti bərpa etməmişdir (maddə 382.).

15. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini cavabdehin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəyə əsasən rədd etməkdə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur.

16. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

17. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar