Məhkəmə qərarları › İş №2(103)-2592/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2592/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2592/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “Bank BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçı Banka qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış DEN-00039-16/18A saylı “Əsas kredit müqaviləsinin”, xx.xx.2018-ci il tarixdə bağlanmış RP-00234-16/18A saylı “Əlavə kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilələr üzrə xx.xx.2019-cu il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 134.046,70 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 20.486,45 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 6.703,37 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, rüsumun ödənilməsi üçün ödənilmiş bank xidmətinin əvəzinin – 0,40 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması; tutmanın Bank ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış DENQKG-00039-16/18A saylı “Girov müqaviləsinin” predmeti olan əşyalara – çəkisi 52 qram, əyarı 750, qiyməti 1.584,37 ABŞ dolları olan 1 ədəd qolbağa, çəkisi 13,2 qram, əyarı 750, qiyməti 402,19 ABŞ dolları olan 1 ədəd qolbağa, çəkisi 5,7 qram, əyarı 750, qiyməti 173,68 ABŞ dolları olan 1 ədəd kulona, çəkisi 14.5 qram, əyarı 750, qiyməti 441,79 ABŞ dolları olan 1 ədəd qolbağa, çəkisi 57,9 qram, əyarı 750, qiyməti 1.764,15 ABŞ dolları olan 1 ədəd sepə, çəkisi 14,8 qram, əyarı 750, qiyməti 450,93 ABŞ dolları olan 1 ədəd kulona, çəkisi 6,9 qram, əyarı 750, qiyməti 210,24 ABŞ dolları olan 1 ədəd üzüyə, çəkisi 7 qram, əyarı 750, qiyməti 213,28 ABŞ dolları olan 1 ədəd üzüyə, çəkisi 22,5 qram, əyarı 585, qiyməti 536 ABŞ dolları olan 1 ədəd sepə və Bank ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış DENG-00039-16/18A saylı “İpoteka müqaviləsinin predmeti olan fərdi yaşayış evinə – Abşeron rayonu, Masazır kəndi, İslam Səfərli küçəsi, 4 ünvanda yerləşən və cavabdehə məxsus 0,06 ha ölçülü torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; bu məqsədlə girov və ipoteka predmetlərinin açıq hərracdan satılması; girov və ipoteka predmetlərinin satışından əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi; həmin pul vəsaiti kredit borcunun ödənilməsinə kifayət etməsə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması; ipoteka predmeti olan fərdi yaşayış evi satıldığı halda evin 1 aydan gec olmayaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddiası əsasında hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra cavabdeh iddiaçı Banka qarşı qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsinə müraciət edərək, onunla Bank arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Əsas kredit müqaviləsinin” və xx.xx.2018-ci il tarixdə bağlanmış “Əlavə kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi qarşılıqlı iddianı icraata qəbul edərək ona ilk iddia ilə birlikdə baxmışdır. İlki iddia onunla əsaslandırılmışdır ki, Bankın “Həzi Aslanov” Filialı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Əsas kredit müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə iş üzrə tərəflər razılaşmışlar ki, onların arasında əlavə kredit müqavilələri bağlanmaqla Bank tərəfindən cavabdehə 60 ay müddətinə 150.000 manat məbləğində kredit limiti çərçivəsində kredit veriləcəkdir. Bu müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq cavabdeh özünə məxsus torpaq sahəsini və fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bankın həmin Filialı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Bundan sonra Filial ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Girov müqaviləsi” bağlanmış və cavabdeh yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını Bankın xeyrinə girov ilə yüklü etmişdir. Bununla əlaqədar olaraq Filial ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Kredit müqaviləsinə 01 saylı əlavə” bağlanmış və “Əlavədə” qeyd edilmişdir ki, girov predmetləri də “Kredit müqaviləsinin” təminatıdır. Fılial ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Əlavə kredit müqaviləsinə” əsasən, Bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 134.046,70 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Nəticədə onun Banka 134.046,70 manat məbləğində əsas və 20.486,45 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi səbəbindən, Bank, yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə əsaslanaraq cavabdehə 6.703,37 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank qeyd edilən məbləğlərin ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə yazılı tələblər göndərmiş, lakin borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat dövlət rüsumu və rüsumun ödənilməsi üçün bank xidmətinə görə 0,40 manat ödəmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanarkən Bankla cavabdehin şifahi razılaşmaları belə olmuşdur ki, cavabdeh, kredit kimi Bankdan aldığı pulu kənd təsərrüfatında heyvandarlığın artırılması və təsərrüfat sahəsinin artırılması üçün istifadə edəcək. Belə ki, cavabdehin Neftçala rayonunda uzun müddətli icarəyə götürdüyü 7 ha torpaq sahəsi və onun üzərində mal-qara saxlanılması üçün tövlələri var idi. İlkin razılaşmaları belə olmuşdur ki, Bank krediti maksimum 12% faizə qədər verəcək, həmin kreditin müqabilində, cavabdeh, özünə məxsus torpaq sahəsini və sahənin üzərində inşa edilmiş fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü edəcək. Cavabdeh bildirir ki, evin dəyəri 350.000 manatdan artıq olmuşdur. xx.xx.2018-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanarkən cavabdeh Bankla aralarında olan şifahi razılaşmalarına arxayın olaraq müqavilənin heç bir bəndini oxumadan imzalamışdır. Sonradan, yəni xx.xx.2018-ci il tarixdə “Əlavə kredit müqaviləsi” bağlanmış və Bank tərəfindən cavabdehə 50.000 manat məbləğində 36 ay müddətinə kredit verilmişdir. Cavabdeh, həmin krediti götürən vaxt Bank bildirmişdi ki, həmin pulu düzgün istiqamətə (kənd təsərrüfatına) xərcləməlidir və Bank buna nəzarət edəcəkdir. Cavabdeh, həmin pulun 35.000 manatından çoxunu Neftçala rayonunda icarəyə götürdüyü 7 ha torpaq sahəsində əlavə mal-heyvan saxlamaq üçün müasir tipli tövlənin tikintisinə xərcləmiş və əlavə olaraq köhnə tövlələri təmir etdirmişdir. Bank müvafiq Komissiya təşkil edərək cavabdehin gördüyü işləri yoxlamış, Komissiyanın rəyinə əsasən cavabdehə əlavə olaraq 100.000 manatın verilməsinə icazə verilmişdir. Nəticədə, xx.xx.2018-ci il tarixli “Əlavə kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə 100.000 manat məbləğində kredit verilmişdir. Bank ikinci krediti verərkən cavabdehdən əlavə girov tələb etmiş, cavabdeh də məcbur olaraq özünə məxsus cəmi 200 qram, 50.000 manat dəyərində olan çəkidə qızıl-zinət əşyalarını Bankın girovuna vermiş və bu barədə müvafiq “Girov müqaviləsi” bağlanmışdır. Bank isə həmin əşyaları cəmi 5.776,63 manat məbləğində dəyərləndirmişdir. Həmin vaxtı Bank cavabdehə artıq hazır olan 2 müqaviləni və qızılları götürmək barədə müqavilə təqdim etmişdir. Həmin vaxt cavabdeh pulu götürmüş və onun artıq 50.000 manatını xərcləmişdi. “Əlavə kredit müqaviləsini” oxuyanda cavabdeh görmüşdür ki, Bank ona hər iki əlavə kredit müqaviləsində illik faizi 24% hesablamış, orada əlavə olaraq rəsmiləşdirmə və nağdlaşdırma komissiyalarını tutmaq şərti ilə faktiki illik faiz dərəcəsini 25,13 faiz hesablamışdır və həmin krediti faizi ilə birlikdə xx.xx.2021-ci il tarixə qədər qaytarmağı onun öhdəsinə qoymuşdur. Cavabdeh “Əsas kredit müqaviləsini” oxuyarkən həmin vaxt görmüşdür ki, götürdüyü kreditin illik faizi barədə heç nə qeyd olunmayıb və həmin müqavilədə borc alanın vəzifələri qeyd olunub, hüquqları barədə isə qeyd olunmuş üç bənddən ona Bankın müştərisi kimi yox, sadəcə onun nökəri kimi hüquqlar verilmişdir. Həmçinin, 2-ci girov müqaviləsi bağlanarkən cavabdeh iddiaçı Banka bildirmişdir ki, o, 150.000 manatlıq kredit xəttini açdırıb, kredit götürmək üçün 350.000 manatlıq fərdi yaşayış evini girov qoymuşdur və buna görə də girov müqaviləsi bağlamışdır. Sonrakı aydan başlayaraq cavabdeh krediti hissə-hissə geri qaytarırdı. Cavabdehə hər dəfə faiz dərəcəsinə görə iradını Banka bildirəndə cavabdehə cavab verilirdi ki, narahat olmasın, kreditin illik faiz dərəcəsi 12 faizlə hesablanır və Bankın müvafiq Komitəsi bu barədə qərar verəcəkdir. 27 dekabrda Bankın məsul işçiləri cavabdehi Banka dəvət etmiş və onunla qalıq pula görə əlavə müqavilə bağlayacağını bildirmişlər. Cavabdeh də belə başa düşmüşdür ki, Bank ödədiyi 50.000-dən artıq pulu 12 faiz dərəcəsi ilə götürdüyü kreditin üzərində azaldacaq və ona yeni 12 faiz dərəcəsi ilə kredit müqaviləsi bağlayacaqdır. Amma hər şey tərsinə olmuş, Bank cavabdeh ilə bağladığı xx.xx.2018-ci il tarixli “Əlavə kredit müqaviləsi” ilə ödədiyi 50.000 manatdan artıq pulun, cəmi 16.000 manatını əsas kredit borcundan silmiş, cavabdehə illik faktiki faiz dərəcəsinin 25,13 faiz deyil, əlavə artıraraq 25,73 faiz edərək krediti ödəməyi öhdəsinə qoymuşdur. Cavabdeh buna etiraz edəndə bildirdilər ki, Bankın Problemlər Şöbəsi bu məsələni həll edir. Bankın Problemlər Şöbəsinin işçiləri girov qoyduğu evə gələrək baxış etdilər və ona bildirdilər ki yuxarıda göstərdiyi xx.xx.2018-ci il tarixli əlavə kredit müqaviləsini imzalamasa, girov qoyduğu evini məcburi hərraca çıxaracaqlar, satış edəcəklər oradan isə ona heç nə çatmayacaq. Məcbur olub həmin müqaviləni imzalamışdır. Sonradan bir sıra hüquqşünaslarla məsləhətləşmiş, ona bildirmişlər ki, məhkəməyə müraciət etsin. Hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və başqa qanunlara görə tamami ilə pozulmuşdur. Bank onunla müqavilə bağlayarkən əvvəldən onu aldatmış, ilkin müqavilədə götürəcəyi kreditin illik faiz dərəcəsini yazmamış, onun nə məqsədlə götürdüyünü qeyd etməmiş, həmçinin ilkin 50.000 manat krediti verərkən əlavə kredit müqaviləsini verməmiş, 2-ci dəfə 100.000 manat krediti verərkən, 1-ci və 2-ci kredit müqavilələrini göstərmiş, onu aldadaraq imza etdirmiş, həmçinin illik faiz dərəcəsini razılaşdıqları kimi 12 faiz etməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli qərardad nəzərə alınmaqla) ilə ilk iddianın qismən təmin edilməsini; tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Əsas kredit müqaviləsinin” və xx.xx.2018-ci il tarixli “Əlavə kredit müqaviləsinin” ləğv edilməsini; həmin müqavilələr üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 134.046,70 manat, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 20.486,45 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılması və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 703,37 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə (ilkin satış qiyməti 216.000 manat müəyyən edilməklə) və girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsini; fərdi yaşayış evi açıq hərracdan satıldığı halda evin 1 aydan gec olmayaraq boşadılmasını; torpaq sahəsinin, fərdi yaşayış evinin və girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən ümumi qaydada iddiaçı Bankın xeyrinə tutulmasını; ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin əsas və faiz borcunun məbləğlərinin ipoteka predmeti olan əmlakın satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kredit borcundan 50.000 manat ödənilmişdir. Lakin həmin məbləğin çox hissəsi Bank tərəfindən faiz borcunun ödənilməsinə yönəldilmişdir. Halbuki, 50.000 manat ödənilən vaxt cavabdehin ödəmə ilə bağlı hər hansı gecikməsi olmamışdır. Ona görə də, Bankın ödənilməsini tələb etdiyi kredit borcunun məbləğinin düzgünlüyü cavabdehdə şübhə doğurur. Bundan başqa, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti kimi müəyyən edilmiş 216.000 manat əmlakın real bazar dəyərini əks etdirmir. Çünki bu qiymət həmin əmlaka 2018-ci ildə qoyulub. Bu qiymətləndirilmədən 2 ilə yaxın vaxt keçdikdən sonra əmlakın həmin qiymətlə, yəni 216.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması ədalətsizdir, əmlakın qiyməti daha yüksəkdir. İş üzrə cavabdeh və iddiaçı Bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin edilsə və iddianın bir qismi təmin edilməsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, cavabdeh, kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində işə baxmış Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirir, o, ilk iddianın qismən təmin edilərək tərəflər arasında bağlanmış “Əsas kredit müqaviləsinin” və “Əlavə kredit müqaviləsinin” ləğv edilməsi, həmi müqavilələr üzrə yaranmış kredit borcunun ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılması və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 703,37 manat məbləğində pulun ondan tutularaq iddiaçı Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan torpaq sahəsinə, fərdi yaşayış evinə və girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, fərdi yaşayış evi açıq hərracdan satıldığı halda evin 1 aydan gec olmayaraq boşadılması, torpaq sahəsinin, fərdi yaşayış evinin və girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin ondan ümumi qaydada iddiaçı Bankın xeyrinə tutulması, qarşılıqlı iddianın tam həcmdə rədd edilməsi barədə nəticəni ümumiyyətlə mübahisələndirmir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirlən hissəsinin əsaslılığını yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bankın “Həzi Aslanov” Filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə “Əsas kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən iş üzrə tərəflər razılaşmışlar ki, onların arasında əlavə kredit müqavilələri bağlanmaqla Bank tərəfindən cavabdehə 60 ay müddətinə 150.000 manat məbləğində kredit limiti çərçivəsində kredit veriləcəkdir. Bankın Filialı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “İpoteka müqaviləsindən” görünür ki, cavabdeh yuxarıda qeyd edilən “Əsas kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus torpaq sahəsini və sahənin üzərində inşa edilmiş fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Filial ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Girov müqaviləsindən” görünür ki, cavabdeh yuxarıda qeyd edilən “Əsas kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq özünə məxsus və iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını Bankın xeyrinə girov ilə yüklü etmişdir. Filial ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə 01 saylı əlavədən” görünür ki, bu “Əlavə” ona görə bağlanmışdır ki, girov predmetləri də “Kredit müqaviləsinin” təminatıdır. Fılialı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Əlavə kredit müqaviləsindən” görünür ki, bu “Əlavəyə” əsasən, Bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 134.046,70 manat məbləğində kredit verilmişdir. İşin hallarından və apellyasiya şikayətinin məzmunundan görünür ki, qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin iddiaçı Banka 134.046,70 manat məbləğində əsas və 20.486,45 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi səbəbindən, Bank, yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə əsaslanaraq cavabdehə 6.703,37 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank tərəfindən cavabdehə ünvanlanmış məktublardan görünür ki, Bank borc məbləğlərin ödənilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə əsas və faiz borcunun düzgün hesablanmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tutulması qət edilmiş borc məbləğinin şişirdilmiş olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə və Rayon Məhkəməsinin nəticəsini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Məhkəmə, apellyasiya şikayətinin sübuta söykənməyən bu dəlilini əsaslı saymır və hesab edir ki, müzakirə edilən dəlil formal mülahizə xarakteri daşıyır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, o, ipoteka predmeti olan torpaq və yaşayış sahəsinin ilkin satış qiyməti ilə razı deyil. Cavabdehin dəlilləri ondan ibarətdir ki, ipoteka qoyulan vaxtdan iki il müddət keçmişdir, həmin müddətdə də ipoteka predmeti olan əmlakların qiyməti qalxmışdır. Məhkəmə apellyasiya şikayətinin müzakirə olunan dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh qeyd edilən dəlilinin əsaslı olmasını təsdiq edə və Rayon Məhkəməsinin nəticəsini şübhə altına ala biləcək sübutları (məsələn: buna müvafiq səlahiyyəti olan və bu sahədə zəruri biliyə malik olan hər hansı bir giymətləndiricinin “Qiymətləndirmə barədə hesabat”ını) Məhkəməyə təqdim etməmişdir. Odur ki, MPM-nin yuxarıda qeyd edilən 14.2 və 77.1-ci maddələrinin tələbindən çıxış edən Məhkəmə, apellyasiya şikayətinin sübuta söykənməyən bu dəlilini də əsaslı saymır və hesab edir ki, müzakirə edilən dəlil də formal mülahizə xarakteri daşıyır. Bunlara əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin əsas və faiz borclarının iddia ərizəsində qeyd edilən məbləğdə cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə, həmçinin tutmanın ipoteka predmetlərinə yönəldilməsi, hərracdan satılması ilə bağlı gəldiyi nəticələr Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğundur. Belə ki, Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar