Məhkəmə qərarları › İş №2(103)-2594/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2594/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2594/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-2791/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəflər arasında bağlanmış 122522-1- 10525/1 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə cavabdehin Banka borclu olduğu borcu üzrə 8684,79 manat əsas, 1471,14 manat faiz, 66,04 manat cərimə olmaqla, cəmi 10221,97 manat kredit borcunun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2538/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin məhkəmə əmrinə verdiyi etiraz təmin edilərək, Xətai rayon Məhkəməsinin 2(011)-2538/2018 saylı, xx.xx.2019-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş iddia icraatına keçirilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 122522-1-10525/1 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 8459,79 manat, faiz borcu üzrə 1471,14 manat, cərimə haqqı üzrə 66,04 manat, cəmi 9996,97 manat kredit borcunun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “xxxx” (Azərbaycan) ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 122522-CNS-10525 saylı “Nağd krediti müqaviləsi”nə əsasən ona istehlak məqsədilə illik 25 % hesablanması şərti ilə 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli,122522-CNS-10525 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən onun xx.xx.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 10016,00 manat məbləğində borcu illik 29 % hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2016-cı il tarixdən icra etməmiş və nəticəsində cavabdehin borcu yaranmışdır. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfdən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-2791/2019 saylı saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, 122522-1-10525/1 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-cu il tarixə əsas borc üzrə 8459 (səkkiz min dörd yüz əlli doqquz) manat 79 (yetmiş doqquz) qəpik, faiz borcu üzrə 1471 (min dörd yüz yetmiş bir) manat, 14 (on dörd) qəpik, cərimə borcu üzrə 66 (altmış altı) manat, 04 (dörd) qəpik olmaqla, cəmi 9996 (doqquz min doqquz yüz doxsan altı) manat 97 (doxsan yeddi) qəpik kredit borcu, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə faiz və cərimə məbləği hissəsində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla qismən ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını və sübutları tam araşdırmamış, faiz və cərimə borcunun hansı əsasla o qədər olması sübuta yetirilməmişdir. Cavabdeh hesab edir ki, faiz və cərimə borcu əsassız olaraq şişirdilmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun müddəasına əməl etməmişdir, tam və hərtərəfli yoxlamamış, faiz və cərimə borcunun tələb olunan məbləğdə olması barədə sübutlar tələb etməmişdir. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda, məhkəmə əsassız olaraq, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin faiz və cərimə borcu ilə bağlı təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2014-cü il tarixdə 122522-1- 10525 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilədə 10.000 manat məbləğində bərpa olunan kredit xəttinin (25% olmaqla 24 ay müddətinə) təqdim olunması nəzərdə tutulmuşdur. Müqavilənin müddəti xx.xx.2014-xx.xx.2016-cı il müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə tərəflər arasında 122522-1-10525/1 nömrəli, xx.xx.2014-cü il tarixli müqaviləyə 1 saylı Razılaşma bağlanmış və Razılaşma ilə cavabdehin borcu kapitallaşdırılaraq (10016 manat) müqavilə müddəti 60 ay, faiz dərəcəsi isə 29% müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışlardan görünür ki, cavabdehin xx.xx.2019cu il tarixə iddiaçıya əsas borc üzrə 8459,79 manat, faiz borcu üzrə 1471,14 manat və cərimə borcu üzrə 66,04 manat borcu mövcuddur. Məhkəmənin qərarına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın xx.xx.2019-cu il tarixli, 6778 saylı rəyində cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixə əsas borcunun 9608,34 manat, faiz borcunun isə 3184,21 manat olması qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar (ekspert rəyi nəzərə alınmaqla) əsasında MPM-nin 218.3-cü maddəsinə əsasən iddia tələbi həcmində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun borcun düzgün hesablanmaması, faiz və cərimə borcunun şişirdilməsi, buna görə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh bununla bağlı işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-2791/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar