Məhkəmə qərarları › İş №2(103)-2598/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2598/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2598/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(011)-5610/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra, 1-ci cavabdeh) və Bakı şəhəri 23 saylı notariat ofisinə (bundan sonra, 2-ci cavabdeh) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri 23 saylı notariat ofısinin xüsusi notariusu X3 tərəfındən verilmiş 04.08.2020-ci il tarixli, 8İ-4673 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, 16.12.2019-cu il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh ona 28000 manat pul vermiş, o isə, həmin məbləği 16.06.2020-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun qaytarılması müddəti bitəndən sonra cavabdeh 28000 manat borcun qaytarılması barədə ona müraciət etmişdir. Pandemiya dövrü olduğu və sərt karantin qaydaları tətbiq olunduğu üçün bir iş adamı kimi ona da külli miqdarda maddi ziyan dəmiş və borcunu qaytarmamasında heç bir qərəzli təqsiri yoxdur. O cümlədən 2020-ci ilin mart ayından COVİD-19 xəstəliyinin yayılması ilə əlaqədar ölkə ərazisində tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar heç bir yerdə işləyə bilməmiş, buna görə də göstərilən borc məbləğini üzrlü səbəblərdən vaxtında cavabdehə qaytara bilməmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfındən verilmiş 8İ-4673 nömrəli, 04.08.2020-ci il tarixli icra qeydinə əsasən ondan 28.020 manat məbləğində pulun alınaraq Cavabdeh1 xeyrinə tutulmalıdır. Həmin İcra qeydini qanunsuz hesab edir. Belə ki, «Notariat haqqında» Qanunun 76-cı maddəsinə əsasən borc mübahisəsiz olduğu halda icra qeydi verilə bilər. Hazırki iş üzrə isə borc mübahisəlidir. Hazırki iş üzrə cavabdehə 28.020 təşkil edir. Aralarında bağlanmış 16.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklər ondan asılı olmayan hallara görə onun tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli, ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Lakin indiyənə qədər ona heç bir bildiriş göndərilməmişdir. Hazırki mübahisənin predmetini təşkil edən icra qeydində tələbkarın adı və ünvanı göstərilsə də, borclunun adı və ünvanı, haqqın miqdarı, borcludan tutulmalı olan dövlət rüsumunun məbləği ilə yanaşı, xüsusilə ödəniləsi məbləğ yəni, tutmanın hansı borc məbləğinin ödənilməsinə yönəldildiyi ümumiyyətlə göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh1 cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddia ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 28000 manat əsas borc, 464 manat faiz borcu olmaqla, cəmi 28464 manat borcun, vəkilə ödənilmiş 700 manatın və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 16.12.2019-cu il tarixdə Bakı şəhəri 23 saylı notariat ofısində İddiaçı ilə aralarında bağlanılmış kredit müqaviləsi əsasında 28000 manat pul 16.06.2020-ci il tarixinədək qaytarmaq şərti ilə borc verilmişdir. Lakin verilən borc vaxtında, yəni 16.06.2020-ci il tarixdə qaytarılmamışdır. Ona görə də halhazırda illik 5 faiz olmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələrinə əsasən faiz hesablanmalıdır (28000 manatın illik 5 faizi=1400 manat, 4 aylıq=464 manat) Əlavə olaraq, tərəfındən bu işlərin aparılması üçün vəkillə müqavilə bağlanılmış və vəkilə 700 manat xidmət haqqı ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(011)-5610/2020 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, cavabdeh İddiaçı 28000 manat əsas borc, həmin borcun gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 464 manat, hüquqi yardıma görə ödənilmiş 700 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29194 (iyirmi doqquz min bir yüz doxsan dörd) manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsində qətnaməsinin tam, hərtərəfli və obyektiv olmaması, Cavabdeh1 borc alsa da, pandemiya ilə əlaqədar müflis olması və heç bir yerdə işləməməsi, bu səbəbdən də borcunu ödəyə bilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən 1-ci cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, borc müqaviləsi üzrə verilmiş icra qeydi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilsə də, sonuncunun 18 yanvar 2021-ci il tarixli qərarı ilə icra sənədi onu vermiş orqana qaytarılmışdır. Yəni, hazırda icra qeydi icrada deyildir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələ əsaslanır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və 2-ci cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 16.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı 16.06.2020-ci il tarixədək qaytarmaq şərti ilə, faizsiz 28000 manat məbləğində borc verilmişdir. İşdə olan Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 04.08.2020-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh1 xeyrinə İddiaçı 28000 manat əsas borc və 20 manat rüsum olmaqla, cəmi 28020 manat məbləğində pul tutulmalıdır. İşdə olan 19.08.2020-ci il tarixli məktubdan görünür ki, icra qeydi icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 18 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli icra qeydi (icra sənədi) onu vermiş orqana qaytarılmışdır. Kredit (borc) müqaviləsindən göründüyü kimi, 1-ci cavabdehin tələb hüququ yaranmış, borcun qaytarılması müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdə olan sübutlarla iddiaçının 1-ci cavabdehə kredit (borc) müqaviləsinə əsasən 28000 manat pul vəsaitinin qaytarmalı olması müəyyən olunur. Çünki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı istər ilk iddia tələbində, istərsə də apellyasiya şikayətində borc müqaviləsini və borc müqaviləsinə əsasən 28000 manat pul vəsaitini almasını mübahisələndirməmiş, yalnız pandemiya ilə əlaqədar işləyə bilməməsini, maddi vəziyyətinin pisləşməsni,bu səbəbdən də borcunu vaxtında qaytara bilməməsini göstərmiş, həmçinin icra qeydinin verilməsi zamanı ona məlumat verilməməsini və s. qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər özüözlüyündə iddiaçının müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasından azad etmir. Bununla yanaşı, işdən görünür ki, icra qeydi verilən zamanı qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. İddiaçının özü də borc aldığı pul vəsaitini vaxtında qaytara bilməməsini göstərmişdir. «Notariat haqqında» Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar aasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunda başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: - əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu (müvafiq məsələ ilə bağlı işin məhkəmə icraatında olmadığı barədə kreditorun yazılı məlumatına əsasən) və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə, - tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişdirsə, idarə, müəssisə və təşkilatlarda isə bir ildən çox keçməmişdirsə. Beləliklə, iddiaçı tələbini və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və onları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, iddiaçı borc aldığı pul vəsaitini vaxtında qaytarmadığından, həmin pul vəsaitini özündə saxladığından 1-ci cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz (464 manat) tələb etməkdə də haqlı olmuşdur. Belə ki, MM-nin 445.7-cu maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmçinin, işdən görünür ki, 1-ci cavabdeh qarşılıqlı iddianın verilməsi və məhkəmədə hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə müqavilə bağlamış və xidmət haqqı olaraq Bakı şəhəri 28 saylı Vəkil Bürosuna 700 manat pul vəsaiti ödəmişdir. MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göründüyü kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qalan hissələrdə də təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onu əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(011)-5610/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(011)- 5610/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar