Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2599/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə 01.02.2022-ci il tarixdə qəbul edilmiş “qərardaddan verilmiş apellyasiya şikayətinin qaytarılması barədə” qərardaddan şikayət vermişdir. Həmin şikayət Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyi üçün hazırda apellyasiya baxışının predmetini təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı cavabdeh BDYPİ-yə qarşı irəli sürdüyü “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Qətnamə iddiaçıya 17.08.2021-ci il tarixdə təqdim edilmişdir (iş v. 139). İddiaçı həmin qətnamədən 19.08.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir (iş v. 142-151). Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qərardadına əsasən, apellyasiya şikayəti geri qaytarılmışdır (iş v. 154-155). Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti imzalanmamışdır. İddiaçı növbəti dəfə 15.10.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir (iş v. 159- 169). Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli qərardadına əsasən, apellyasiya şikayəti, qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməsi əsası ilə geri qaytarılmışdır (iş v. 172-173). İddiaçı bir daha 17.01.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir (iş v. 180- 189). Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərardadına əsasən bu apellyasiya şikayəti də geri qaytarılmışdır (iş v. 191-193). 31.01.2022-ci il tarixdə, iddiaçı, 21.10.2021-ci il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət vermişdir (iş v. 197-202). Şikayət onunla əsaslandırılmışdır ki, 21.10.2021-ci il tarixli qərardad iddiaçıya rəsmi qaydada verilməmişdir. Məhkəmənin qərardadı poçt zərfi üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Hazırki iş üzrə qəbul edilmiş qərardadın rəsmi və başqa qaydada (kağız daşıyıcıda) iddiaçıya təqdim edilməsinə dair heç bir sübut yoxdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.02.2022-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarmışdır (iş v. 206-207). Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş və poçt vasitəsilə kağız daşıyıcıda çap edilmiş 21.10.2021-ci il tarixli qərardad iddiaçıya çatdırılmasa da, həmin qərardad “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetə yerləşdirlmişdir. İddiaçı isə bundan təxminən 3 ay sonra həmin qərardaddan şikayət vermişdir. İddiaçı 01.02.2022-ci il tarixli qərardadından şikayət vermişdir (iş v. 209-212). Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə aktı iş üzrə tərəflərlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinin tələblərinə uyğun olan qaydada verilməlidir. Lakin qeyd edilən qərardad İddiaçı bu qaydada verilməmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.02.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir (iş v. 219-220). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 267, 268 və 396.1-ci maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Şikayətdə iddiaçının istinad etdiyi MPM-nin 135-ci maddəsinin mənasına görə, məhkəmə sənədləri, o cümlədən məhkəmə aktları iş üzrə tərəflərə poçt göndərişi (məktubu) ilə çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində” yerləşdirilir. MPM-nin 266.3-ci maddəsinin mənasına görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qərardadları 5 gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, Rayon Məhkəməsinin hakimi iş üzrə qəbul etdiyi və iddiaçının barəsində verdiyi 21.10.2021-ci il tarixli qərardadı iddiaçıya elektron qaydada təqdim etmişdir. Qərardaddan 10 gün müddət ərzində şikayət verməli olan iddiaçı isə bundan təxminən 3 ay sonra qərardaddan şikayət vermiş, qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 130.3-ci maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21.10.2021-ci il tarixli qərardad qanuni və əsaslıdır; həmin qərardaddan İddiaçı verdiyi şikayət əsassızıdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2599/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2599/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver