Məhkəmə qərarları › İş №2(103)-260/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-260/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-260/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu və ipotekaya yönəltmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil kredit müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2760/2014 saylı 08 oktyabr 2014-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 25 aprel 2013-cü il tarixli 112258-1-6229 nömrəli avtomobil krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borclana illik 16 faizlə 36 ay müddətinə 33.501 ABŞ dolları məbləğində kredit vermişdir.

2. 25 aprel 2013-cü il tarixli 1122xx-xx-8159 №-li ipoteka müqaviləsindən aydın olur ki, bankla Cavabdeh2 arasında bağlanmış 112258-1- 6229 saylı, 25 aprel 2013-cü il tarixli “Avtomobili krediti müqaviləsi”nin təminatı olaraq Cavabdeh2 məxsus “Kia Sorento” minik markalı avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

3. 25 aprel 2013-cü il tarixli 112259-7-3849 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 bank qarşısında öhdəliklərinə zaminlik təminatı vermişdir.

4. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 02 iyul 2014-cü il tarixə 26536,57 ABŞ dolları əsas borcun, 1914,09 ABŞ dolları faizin və 219,80 ABŞ dolları cərimənin, cəmi 28670,46 ABŞ dolları pul məbləğinin alınaraq Banka ödənilməsi, tələbin Cavabdeh2 (bundan sonra – cavabdeh) məxsus olan və ipoteka qoyulmuş “Kia Sorento” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin Banka ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 ilə bağlanmış 25 aprel 2013-cü il tarixli 112258-1-6229 nömrəli avtomobil krediti müqaviləsinə əsasən bank borclana illik 16 faizlə 36 ay müddətinə 33.501 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazimınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmişdir.

7. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli 5187 saylı arayışdan görünür ki, Cavabdeh2 banka olan əsas borcu 26536,57 ABŞ dolları, faiz borcu 1914,09 ABŞ dolları və cərimə borcu 219,80 ABŞ dolları, cəmi borcu 28670,46 ABŞ dolları təşkil edir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 oktyabr 2014-cü il tarixli 2(003)-2760/2014 saylı qətnaməsi ilə (hakim Samir Mayılov) iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 26536,57 ABŞ dolları məbləğində əsas, 1914,80 ABŞ dolları faiz, 219,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28670,46 ABŞ dolları məbləğində borc pulun ödəniş günü Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi; tutmanın ipoteka predmeti olan ** VL *** dövlət nömrə nişanlı “Kia Sorento” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 28670,46 ABŞ dolları məbləğində borc pulun ödəniş günü Azəbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" (Azərbaycan) ASC-nin hesabına köçürülməsi; ipoteka predmetinin satışından əldə edilmiş məbləğdən iddiaçıya borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini icra etmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 443.1, 445.2.1, 448.1, 472.1, 472.2, 269.1, 317.1, 319.6-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 36.1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, mülki işdə cavabdeh olsalar da, məhkəmədə iştirakları təmin edilməmiş, keçirilmiş məhkəmə iclasları haqqında məlumatlandırılmamışlar. Məhkəmə ipoteka predmetinin açıq hərracdan satışa çıxarılması və əldə edilmiş məbləğin borcun ödənilməsinə yönəldilməsi qənaətinə gəlsə də, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məsələsini həll etməmiş, bununla da qanunvericiliyin tələblərini pozmuş, onların hüquqlarını pozan və onlara ağır maddi zərər vurulmasına səbəb olan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti müəyyən edilməyən ipoteka predmeti sonradan onlardan xəbərsiz keçirilən hərraca dəyərindən 3 qat aşağı qiymətlə çıxarılmış və satılmışdır. Bu isə borc məbləğinin tam ödənilməməsinə və qalıq borcun məbləğinə birbaşa təsir etmişdir. 2014-cü ilin yaz aylarına doğru maddi vəziyyətləri pisləşdiyi üçün borcu ödəyə bilməmişlər, nəqliyyat vasitəsini bank işçilərinin tələbi üzrə 2014-cü ilin aprel-may aylarında təhvil vermişlər. Bank işçiləri də borcun bağlandığını bildirmişlər, çünki nəqliyyat vasitəsinin dəyəri kredit məbləğdən çox idi. Həmin zamana kimi 10 ay krediti ödəmişlər. Əsas borc məbləği və faizlər hesablanarkən ödənişlər nəzərə alınmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, avtomobil banka təhvil verilməmişdir, məhz buna görə də bank iddia ərizəsi ilə birgə iddianı təmin etmə tədbiri barədə ərizə də vermişdir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

25. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

34. Cavabdehlərin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.

35. Cavabdehlərin apelyasiya şikayətinin dəlillərindən biri əsas və faiz borc məbləğinin düzgün hesablanmaması ilə bağlı olmuşdur.

36. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

37. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6288 nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “Borcalan” Cavabdeh2 tərəfindən “Bank VTB (Azərbaycan” ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2014-cü il tarixə banka ödənilməli olan borc ümumilikdə 28272,80 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, əsas borc üzrə - 26536,83 ABŞ dolları, faiz borcu üzrə - 1735,97 ABŞ dolları təşkil edir.

38. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilir ki, əsas borc məbləği iddia tələbində göstərilən məbləğdə olmuşdur.

39. Faiz borcuna münasibətdə isə iddiaçı 1914,09 ABŞ dolları faiz borcu tələb etmiş, məhkəmə tərəfindən faiz borcu həmin məbləğdə tutulmuşdur. Ekspert rəyi ilə isə faiz borcunun 1735,97 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir.

40. Kollegiya faiz borcuna dair hissədə məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsas tutur və hesab edir ki, həmin hissədə ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ – 1735,97 ABŞ dolları cavabdehlərdən tutulmalıdır.

41. Cavabdehlər apelyasiya şikayətində göstərmişdir ki, 2014-cü il aprel-may aylarında avtomobili banka təhvil vermişlər, bununla da kredit borcu bağlanmışdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişlər. Bankın nümayəndəsi isə belə bir hal olmadığını bildirmişdir.

42. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman iddianı təmin etmə tədbiri barədə ərizə də təqdim edərək, avtomobilin üzərinə həbs qoyulmasını, avtomobildən istifadə edilməsinin və avtomobilə dair hər hansı hərəkətin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsini və avtomobilin aşkar edildiyi yerdə dayandırılmasını və saxlanması üçün ASC tərəfindən müəyyən edilmiş dayanacaqda və ya DİN BDYPİnin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2014-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qərardad icraya yönəldilmişdir.

43. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələri haqqında Y-222 saylı xx.xx.2016-cı il tarixli protokolundan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında hərrac keçirilmiş və avtomobil 15000 manata X3 tərəfindən alınmışdır.

44. Kollegiya razılaşır ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin hazırki işin hallarından müəyyən olunur ki, işə baxılarkən avtomobil cavabdehlərdə olmuş, onlar da məhkəmədə iştirak etməmişlər. Avtomobilin banka təhvil verilməsi müəyyən olunmur, buna görə də bank iddia ərizəsi ilə birgə iddianı təmin etmə tədbiri barədə ərizə də vermişdir.

45. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin qalan hissələrdə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur, cavabdehlərin dəlilləri əsassız olmaqla qətnamənin ləğvinə əsas vermir. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Kollegiya onu da qeyd edir ki, cavabdehlər tərəfindən keçirilmiş hərrac və nəticələri, avtomobilin qiymətləndirilməsi ilə bağlı müstəqil iddia qaldırıla bilər.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2760/2014 saylı iş üzrə 08 oktyabr 2014-cü il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin və iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 1735,97 ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaitinin 75 manatı iddiaçıdan, 75 manatı cavabdehlərdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar