Məhkəmə qərarları › İş №2(103)-2604/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2604/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2604/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona olan borcun ödənilməsi məqsədi ilə 6.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2019-cu ilin mart ayında iddiaçıya problemi olduğunu bildirərək iddiaçıdan 6.000 manat məbləğində pulu borc almış və qısa müddət ərzindən qaytaracağını bildirmişdir. Bir neçə aydan sonra iddiaçıya pul lazım olduğu üçün o, cavabdehə müraciət edərək borcun qaytarılmasını xahiş etmiş, lakin cavabdeh iddiaçını get-gələ salaraq borcu ödəməkdən yayınmışdır. Cavabdehin hərəkətlərindən təngə gələn iddiaçı cavabdehin hərəkətləri barədə şikayət ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmiş, lakin PB tərəfindən iddiaçıya 104-7961-Ə-3119 saylı məktubu ilə tövsiyə edilmişdir ki, o, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etsin. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddianı yazılı surətdə etiraf etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etmiş, hüquqları ona tam aydın olmamış, buna görə də, o, iddianı etiraf etmişdir. Buna baxmayaraq iddianın etiraf edilməsi ilə bağlı o, məhkəmə iclas protokolunu imzalamamışdır. Buna görə də cavabdehin etirafının qəbul edilməsindən imtina olunmalı idi. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində cavabdeh göstərir ki, məhkəmə iclas protokolu onun tərəfindən imzalanmamışdır. Buna görə də iddianı etiraf etməsi qəbul edilməli deyildi. Çünki iddianı etiraf etməsi hüquqi biliyinin olmaması ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin qətnamənin əsaslılığına qarşı yönəlmiş bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh işə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında iştirak edərək, iddianı etiraf etmiş, yəni 6 000 manat məbləğində borcu iddiaçıdan aldığını izahatında bildirmişdir. Bundan başqa cavabdeh, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək göstərilənləri yazılı surətdə də etiraf etmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, cavabdeh, bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (maddə 52.2.). Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və cavabdeh protokolu imzalayır. Cavabdehin iddianı etiraf etməsi məhkəməyə göndərilən yazılı ərizədə də ifadə oluna bilər (maddə 191.1.). Göründüyü kimi, cavabdeh tərəfindən iddia etiraf edildikdə bu etirafın rəsmiləşdirilməsi məhkəmə iclas protokolunun cavabdeh tərəfindən imzalanması və ya etirafın yazılı ərizədə ifadə edilməsi ilə şərtləndirilir. İş materiallarından görünür ki, cavabdeh ikinci üsulu seçmiş, iddianın etirafını yazılı ərizədə ifadə etmişdir. Belə olan halda hesab edilməlidir ki, 2019-cu ilin mart ayında cavabdeh iddiaçıdan 6.000 manat məbləğində pulu borc almış, borcu qısa müddət ərzindən qaytaracağını bildirsə də, borcu ödəməmiş, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, o, Rayon Məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasında vəkilsiz iştirak etmiş, hüquqları ona tam aydın olmamış, buna görə də, o, iddianı etiraf etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (MPM; maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (MPM; maddə 274.1.). İşdə olan protokoldan görünür ki, işə baxılan zaman Rayon Məhkəməsi iddiaçıya və cavabdehə onların hüquqlarını izah etmiş və bu barədə protokola müvafiq qeyd edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar