Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2607/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi ƏSF-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1332/2022 saylı 20 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1845 nömrəli Kredit Müqaviləsinə əsasən bank cavabdehə illik 28 % olmaqla, 24 ay müddətinə 12.500 ABŞ dolları məbləğində kredit vermişdir.
2. xx.xx.2014-cü il tarixli 1845 nömrəli Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli, 4876- 15 nömrəli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixinədək təyin edilmişdir.
3. xx.xx.2014-cü il tarixli 1845 nömrəli Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 AZN) 11.247,32 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir. Borcalanın kredit öhdəliyinin qalığının tərkibini 7.931 manat əsas borc, 2.640,05 manat faiz borcu və 676,27 manat cərimə borcu təşkil edir.
4. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 3.005,45 manat əsas, 1.221,60 manat faiz, 4.285,89 manat cərimə, kedit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 263,76 manat faiz borcu, cəmi 8.776,70 manat borcun və 107,77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC-nin Binəqədi filialı ilə cavabdeh arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 1845 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 4876-15 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 9.733,32 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək təyin edilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 AZN) 11.247,32 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********037 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.
7. İddiaçının təqdim etdiyi maliyyə arayışına görə cavabdehin xx.xx.2021-ci il tarixinə banka 3.005,45 manat əsas, 1.221,60 manat faiz, 4.285,89 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 263,76 manat, cəmi 8.776,70 manat məbləğində borcu yaranmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 9/7047 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: 10 sentyabr 2019-cu il tarixə (xx.xx.2019-cu il tarixinədək ümumilikdə 6640 manat pulun ödənilməsi nəzərə alınaraq) - əsas borc üzrə 3.005,45 AZN; 10 sentyabr 2019-cu il tarixdə ödənilmiş 2.571,62 manat kompensasiya məbləği nəzərə alınmaqla (3.005,45-2.571,62=433,83) - əsas borc üzrə 433.83 AZN; 28 mart 2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 3.306,31 AZN - əsas borc üzrə 433,83 AZN, faiz borcu üzrə 2.872,48 AZN. Qeyd edilir ki, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu 35,79 manat təşkil edir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2022-ci il tarixli 2(007)-1332/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Cavabdeh 433,83 manat əsas, 35,79 manat faiz, 30 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 263,76 manat məbləğində faiz borcu və 79,97 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 27,80 manatının iddiaçıya aid edilməsi, iddianln qalan hissədə təmin edilməməsi, məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 35,50 manatının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 114,50 manatı Cavabdeh tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 3.005,45 manat, faiz borcunun məbləği 1.221,60 manat kimi göstərilmiş, məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci i tarixli, 9/7047 saylı rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixinə əsas borcu 433,83 manat, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu isə 35,79 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, tutulmalı əsas və faiz borcunun məbləği məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 03.112022-ci i tarixli, 9/7047 saylı rəyində göstərilmiş qaydada, əsas borc 433,83 manat, faiz borcu 35,79 manat müəyyən edilməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 263,76 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir.
12. Məhkəmə göstərmişdir ki, 4.385,89 manat miqdarında cərimə (dəbbə pulu) 433,83 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 30 manat müəyyən olunmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 442, 448.1, 445.7, 449.1, 449.2, 467, 739.1, 739.2, 471, 472.1, 472.2, 477.0.4, 467, 449.1, 449.1-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək iddia tələbinin qismən təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə 4.285,89 manat məbləğində cəriməni 30 manata qədər əsassız azaldaraq 467-ci maddənin müddəalarını pozmuşdur. Məhkəmə yalnız dəbbə pulunu azalda bilər. Əsaslandırmadan yalnız ekspert rəyinə istinad edərək əsas və faiz borclarını da azaltmaqla 467-ci maddənin pozulmasına gətirib çıxarmışdır. Ekspert rəylə bağlı ünvanlanan suallara aydınlıq gətirə bilməmişdir. Ekspert 2.571,62 manat kompensasiya məbləğinin mübahisələndirilən kreditdən ödənilməsini göstərsə də, həmin məbləğin haradan əmələ gəlməsini əsas borcdan silinməsi əməliyyatının harada əks olunmasını sübuta yetirə bilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
18. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, 2.571,62 manat kompensasiya məbləği deyil, həmin məbləğ əslində Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının konvertasiya edilməklə (1 USD=1.4 AZN) bankın borcalana etdiyi güzəşt məbləğidir. Yəni, həmin tarixdə Mərkəzi Bankın rəsmi kurusu 1 USD=1.7 AZN olmuşdur.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı
Bənd 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: Bənd 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; Bənd 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; Bənd 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bənd 2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə iddiaçının şikayəti həddində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
37. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
38. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
39. Borc məbləğlərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
40. İddiaçı tələbində 3.005,45 manat əsas borcun tutulmasını tələb etmiş, keçirilmiş ekspert rəyi ilə əsas borc 433,83 manat müəyyən edilmiş, məhkəmə də ekspert rəyinə uyğun olaraq həmin məbləğdə əsas borc tutmuşdur.
41. İddiaçı bu məbləği mübahisələndirərək göstərmişdir ki, ekspert 2.571,62 manat kompensasiya məbləğinin mübahisələndirilən kreditdən ödənilməsini göstərsə də, həmin məbləğin haradan əmələ gəlməsini, əsas borcdan silinməsi əməliyyatının harada əks olunmasını sübuta yetirə bilməmişdir.
42. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.
43. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2014-cü il tarixlidir. Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.4 AZN) 11.247,32 manat müəyyən edilmiş və borcalanın əsas borcu 7,931 manat olmuşdur.
44. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında göstərmişdir ki, azalan 2.571,62 manat xx.xx.2017-ci il tarixdə borc məbləği restrukturizasiya edilərkən həmin məbləğin həmin günə olan Mərkəzi Bankın rəsmi məzənnəsi (1 dollar=1.7 manat) ilə deyil, aşağı məzənnə ilə (1 dollar=1.4 manat) hesablanması olmuşdur, yəni bank cavabdehlərə göstərilən məbləği güzəşt etmişdir.
45. “Problemli kreditlərin kompensasiyasına dair” xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, xx.xx.2015-ci il tarixə (ikinci devalvasiya tərixinə) cavabdehin iddiaçı banka 7.540,8 ABŞ dolları əsas borcu olmuş, hesablanmış kompensasiya məbləği isə 4.524,48 manat təşkil etmişdir. Kompensasiya məbləğindən 2.571,62 manat banka olan kredit borcundan silinmiş, 1.952,86 manat isə vətəndaşa, yəni cavabdehə çatan məbləğ olmuşdur.
46. Göründüyü kimi, 2.571,62 manat, iddiaçının nümayəndəsinin bildirdiyi kimi, konvertasiya edilmə nəticəsində yaranmış fərq məbləği deyil, ölkədə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə görülmüş dövlət tədbirdir. Yəni, manatın dəyərinin azalması nəticəsində yaranmış fərq məbləğinin dövlət tərəfindən kompensasiya edilməsidir. İddiaçının bununla bağlı əsaslandırması əsassızdır.
47. İddiaçının mübahisələndirdiyi 2571,62 manatın nəyə əsasən silinməsinə münasibətdə göstərilir ki, Fərmanın icrası ilə bağlı hesablanmış kompensasiya məbləğindən 2571,62 manat həmin kredit borcundan (əsas borcdan) silinmişdir. Yəni, ekspert tərəfindən əsas borc məbləği düzgün müəyyən edilmiş, məhkəmə də haqlı olaraq həmin məbləğdə əsas borcu tutmuşdur.
48. Faiz və cərimə borcuna münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
49. Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1USD=1,4 AZN məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki vaxtında və ya lazimınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir.
50. Hesabdan çıxarışdan müəyyən edilir ki, borclu tərəfindən 2017-ci ilin aprel ayından etibarən hər ay ödəniş qrafikinə uyğun ödənişlər edilmiş, yalnız fevral-mart aylarında ödənişlər gecikmiş, lakin aprel ayında iki dəfə ödəniş edilərək qrafik üzrə ödənişlərin qüsursuz aparılması təmin olunmuşdur. 2019-cu ilin mart ayında sonuncu ödəniş edilmiş, bundan sonra isə ödənişlərin dayandırılmasının səbəni Fərmanın nəticəsinin gözlənilməsi olmuşdur.
51. Belə olan halda borclu Əlavə Sazişin tələblərinə riayət etdiyi üçün həmin faiz borcu cavabdehə güzəşt edilməlidir.
52. Buna görə də ekspert rəyində göstərmişdir ki, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu 35,79 manat təşkil edir. Göstərilən məbləğ xx.xx.2019-cu il tarixindən sonra qalıq qalmış 433,83 manat əsas borca müqavilə müddətinin sonuna (xx.xx.2020) hesablanmış faiz borcudur.
53. Cərimə məbləğinə münasibətdə isə, yuxarıda qeyd edildiyi kimi, faiz və cərimə məbləği güzəşt edilməli idi. Tərəflər arasında bağlanmış müqaviləyə Əlavə Sazişin şərtlərinə görə əslində iddiaçı tərəfindən hazırda cərimə məbləği tələb edilməməli idi, tələb edilmiş cərimə məbləği azaldılaraq 30 manat müəyyən edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qətnamə mübahisələndirilmədiyi üçün hazırda cərimə borcuna münasibət bildirmək mümkün deyildir. İddiaçının dəlilinə münasibətdə isə, artıq göstərildiyi kimi, iddiaçı ümumiyyətlə cərimə məbləği hesablayıb tələb etməkdə haqlı olmamışdır.
54. Beləliklə, iddiaçının apelyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1332/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.