Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2609/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Çingiz Dibirovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-67/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı "xxxx" ASC borc verən, Cavabdeh1 borc alan, Cavabdeh2 isə zamindir. 2.Bank ilə borc alanın arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122 nömrəli kredit müqaviləsinə əsasən, 10.000 manat borc verilib. Borc 48 ay müddətinə, yəni xx.xx.2026-cı il tarixədək verilib. Kreditdən istifadəyə görə illik faiz dərəcəsi 16 faiz müəyyən edilib. Bundan başqa, razılaşdırılıb ki, borcun qaytarılması müddəti pozulduqda əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 faiz dərəcəsi ilə hesablanan penya ödənilməlidir. Eyni tarixdə bank ilə zamin arasında zaminlik müqaviləsi bağlanıb. 3.Borc alan və zamin öz öhdəliklərini pozub. Bank iki dəfə borc alana və zaminə yazılı formada müraciət edərək borc məbləğinin ödənilməsini tələb edib. Birinci müraciət (“xəbərdarlıq” adlandırılıb) xx.xx.2023-cü il tarixdə, ikinci müraciət (“öhdəliklərin yerinə yetirilməsi haqqında tələb” adlandırılıb) xx.xx.2023-cü il tarixdə göndərilib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilib və tələb olunub ki, əsas borc kimi 8.575,07 manat, xx.xx.2024-cü il tarixədək kreditdən istifadəyə görə hesablanmış faiz borcu kimi 1.470,78 manat, penya kimi 209,52 manat, cəmi 10.255,37 manat pul vəsaiti, habelə qətnamənin qəbul ediləcəyi tarixədək əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 faiz dərəcəsi ilə hesablanan penya borc alan və zamindən birgə qaydada tutulsun. 5.Daha sonra – xx.xx.2025-ci ildə bank iddia tələbinin həcmini artıraraq tələb edib ki, əsas borc kimi 8.575,07 manat, xx.xx.2025-ci il tarixədək kreditdən istifadəyə görə hesablanmış faiz borcu kimi 2.408,32 manat, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penya kimi 1.088,47 manat, cəmi 12.071,86 manat pul vəsaiti, habelə qətnamənin qəbul ediləcəyi tarixədək əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 faiz dərəcəsi ilə hesablanan penya borc alan və zamindən birgə qaydada tutulsun. 6.Birinci instansiya məhkəməsində icraat zamanı mühasibat ekspertizası təyin olunub və ekspertin qarşısında 2 sual qoyulub: 1) xx.xx.2023-cü il tarixə (bankın borcun ödənilməsi barədə borc alana ünvanladığı birinci müraciətin tarixinə) olan borcun məbləğinin müəyyən edilməsi barədə sual; 2) xx.xx.2023-cü tarixə (bankın borcun ödənilməsi barədə borc alana ünvanladığı ikinci müraciətin tarixinə) olan borcun məbləğinin müəyyən edilməsi barədə sual. 7.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9225 nömrəli ekspert rəyinə görə, xx.xx.2023-cü il tarixə əsas borcun məbləği 8.606,99 manat, faiz borcunun məbləği 369,13 manat təşkil edir, xx.xx.2023-cü tarixə əsas borcun məbləği 8.606,99 manat, faiz borcunun məbləği 434,16 manat təşkil edir. 8.Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 8.575,07 manat, faiz borcu kimi 434,16 manat, cərimə kimi 30,75 manat, cəmi 9.039,98 manat borc alan və zamindən bankın xeyrinə tutulsun, iddianın qalan hisəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Bankın apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 10.Apellyasiysiya icraatı zamanı təkrar mühasibat ekspertizası təyin olunub və ekspertin qarşısında 2 sual qoyulub: 1) xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) olan borcun məbləğinin müəyyən edilməsi barədə sual; 2) xx.xx.2025-ci tarixə (iddia tələbinin həcminin artırılması barədə ərizənin verildiyi tarixə) olan borcun məbləğinin müəyyən edilməsi barədə sual. 11.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli 9/2820 nömrəli ekspert rəyinə görə, xx.xx.2024-cü il tarixə əsas borcun məbləği 8.606,99 manat, faiz borcunun məbləği 1.393,78 manat təşkil edir, xx.xx.2025-ci tarixə əsas borcun məbləği 8.606,99 manat, faiz borcunun məbləği 2.334,81 manat təşkil edir. 12.Məhkəmə iclasında iştirak edən borc verən "xxxx" ASC-nin nümayəndəsi Çingiz Dibirov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 13.Borc alan və zamin məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 14.İddia ərizəsində əsas, faiz və cərimə borcu tələb edildiyinə görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Əsas borc barədə 15.Qətnamə əsas borca aid hissədə yoxlanılmadı. 16.Bank qətnamənin bu hissəsini mübahisələndirməyib. Belə ki, əsas borc kimi 8.575,07 manat tələb olunub, birinci instansiya məhkəməsi həmin tələbi tam təmin edib. İlk və təkrar mühasibat ekspertizasının rəyinə görə, əsas borcun məbləği tələb ediləndən çox - 8.606,99 manat təşkil edir. Lakin AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də tələb edilən məbləğdə əsas borcun tutulması qət olunub. Faiz borcu barədə 17.Qətnamənin faiz borcu kimi 434,16 manat tutulmasına aid hissəsi dəyişdirilməli, faiz borcunun məbləği 2.334,81 manat müəyyən edilməlidir. 18.Tutulması qət olunmuş 434,16 manat faiz borcu xx.xx.2023-cü tarixə hesablanmış borcdur. Birinci instansiya məhkəməsi qeyd edib ki, bank borc alana göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda müqavilə müddətinin sonuna qədər olan borcu tələb etmiş, bununla da kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Məhkəmə AR Mülki Məcəlləsinin 421.3-cü maddəsinin göstərişinə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2023cü tarixli qərarında verilən şərhə istinad edərək hesab edib ki, əgər bank kredit müddəti bitmədən kredit alana müraciət edərək alınmış pul vəsaitinin qaytarılmasını tələb edibsə, kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş sayılır. 19.Bu, düzgün mövqe deyil. Belə ki, 421.3-cü maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi, maddədə “müqavilənin icrasından imtina” ifadəsindən istifadə olunub, yəni müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi konkret davranışda müqavilənin icrasından imtinada ifadə oluna bilər. Alınmış pul vəsaitinin vaxtından əvvəl qaytarılmasının tələb edilməsi müqavilənin icrasından imtina sayılmır, bu, bankın müqavilədən əmələ gələn hüququdur. “İcra” əlaməti müqavilədən əmələ gələn hüquqa deyil, müqavilədən əmələ gələn öhdəliyə aiddir. MM-in “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin normaları da bunu təsdiq edir. Odur ki, ”müqavilənin icrasından imtina” deyildikdə müqavilədən əmələ gələn öhdəliyin icrasından imtina nəzərdə tutulur. Kredit müqaviləsi bank üçün göstərilən öhdəliyi əmələ gətirir: pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borc alana vermək (MM, maddə 743.1). Əgər kredit müqaviləsi bağlandıqdan sonra bank pul vəsaitini borc alana verməkdən imtina etsəyidi, bankın bu davranışı müqavilənin icrasından birtərəfli imtina sayılacaqdı (MM, 741.1). Hazırkı işdə bank bu öhdəliyini icra edib, bankın icra edilməmiş hər hansı öhdəliyi qalmadığına görə, onun müqavilənin icrasından birtərəfli imtina etməsi mümkün deyil. Bankın “alınmış pul vəsaitinin qaytarılması kredit müddəti bitənədək heç bir halda tələb oluna bilməz” deyilən bir öhdəliyi yoxdur. Ona görə də pul vəsaitinin vaxtından əvvəl qaytarılmasının tələb edilməsi müqavilənin icrasından birtərəfli imtina sayılmır. 20.Bank iddia tələbinin həcminin artırılması barədə ərizədə xx.xx.2025-ci il tarixə hesablanmış faiz borcunun ödənilməsini tələb edib. Kredit müqaviləsi həmin tarixdə qüvvədə olduğuna görə, bank bu tarixə hesablanmış faiz borcunun ödənilməsini tələb etməyə haqlıdır. Təkrar mühasibat ekspertizasının rəyinə görə, xx.xx.2025-ci il tarixə olan faiz borcunun məbləği 2.334,81 manat təşkil edir. Ona görə də faiz borcu kimi həmin məbləğdə pul tutulmalıdır. Cərimə borcu barədə 21.Qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 22.Təkrar mühasibat ekspertizasının rəyində qeyd olunub ki, kredit müqaviləsində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün borc alana cərimə borcu hesablanmadı. Birinci instansiya məhkəməsi cərimə kimi 30,75 manat tutulmasını qət edib, borc alan və zamin bunu mübahisələndirməyib. Məhkəmə Mülki Məcəllənin 462-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, 30,75 manatdan artıq cərimə tutulması üçün əsas olmadığından qətnamə cərimə borcuna dair tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 23.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-67/2025 nömrəli qətnaməsi faiz borcu kimi 434,16 manat, ümumi borc kimi 9.039,98 manat tutulmasına aid olan hissədə dəyişdirilsin. Tutulmalı olan faiz borcunun məbləği 2.334,81 (iki min üç yüz otuz dörd tam yüzdə səksən bir) manat, tutulmalı olan ümumi borcun məbləği 10.940,63 (on min doqquz yüz qırx tam yüzdə altmış üç) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş mühasibat ekspertizasının xərci olan 100 manatın 20 (iyirmi) manatı "xxxx" ASC-dən, 80 (səksən) manatı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2609/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2609/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver