Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2610/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Rüstəmli Məhəmməd oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8868/2016 saylı 29 sentyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin kreditin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır.
2. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3217,22 manat əsas borc, 775,21 manat faiz borcu, 239,44 manat cərimə borcu olmaqla, cəmi 4231,87 manat borcun, 30 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 28% olmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı tarixədək Cavabdeh1 banka 3217,22 manat əsas borc, 775,21 manat faiz borcu, 239,44 manat cərimə borcu olmaqla, cəmi 4231.87 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.
5. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən borclunun xx.xx.2016-cı il tarixə banka 3217,22 manat əsas, 775,21 manat faiz borcu və 239,44 manat cərimə borcu olmaqla, cəmi 4231,87 manat borcu mövcuddur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2016-cı il tarixli 2(010)-8868/2016 saylı qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 3217,22 manat əsas borc, 775,21 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla, cəmi 4142,43 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir.
8. Bundan başqa, məhkəmə tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 239,44 manat məbləğində cərimənin Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tətəblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edərək həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 739.1, 739.2, 385.1, 442, 448.1, 443.1, 470.1, 472.1, 472.2, 467-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayətində göstərilmişdir ki, 5 ay ödəniş etdikdən sonra müflis olmuş, sonra pandemiya ilə bağlı işsizlik dövrü başlanmış, iş tapmaq üçün RF-ya getmişdir. Buna görə də ödəyə bilməmişdir. Digər cavabdeh tərəfindən də müəyyən məbləğdə pul ödənilmişdir. Məhkəmə iclası barədə onun məlumatı olmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
14. İddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
21. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Mübahisənin predmeti bölünməz olduğundan, qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. İddiaçı Cavabdeh1la bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
35. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
36. Cavabdehin apelyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır.
37. Cavabdeh məhkəmə iclasının vaxtı barədə məlumatı olmadığını qeyd etmişdir, iş materiallarından görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmişdir.
38. Müflis olması, iş tapmaq üçün Rusiya Federasiyasına getməsi ilə bağlı ödənişlər edə bilməməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, bu kimi hallar kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən borclunu azad etmir. Pandemiya ilə bağlı isə Kollegiya qeyd edir ki, kredit müqaviləsi 2014-cü il tarixdə bağlanmış, tələb edilən borc isə 2016-cı il tarixə yaranmış borc məbləğidir.
39. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi və qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(00)-8868/2016 saylı iş üzrə 29 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.