Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2610/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, zaminin məsuliyyəti, zaminlik müqaviləsinin etibarlılığı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 17%-lə 14 800 manat məbləğində kredit veriləcəyi razılaşdırılmışdır.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş kredit məbləği xx.xx.2022-ci il tarixli kassa məxaric orderi əsasında Cavabdeh1 verilmişdir.
3. Bankla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2, Cavabdeh1 bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün bank qarşısında zamin durmuşdur.
4. Zaminlik müqaviləsində razılaşdırılmışdır ki, zamin kreditor qarşısında əsas borclu ilə birgə məsuliyyət daşıyır.
5. Bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, kredit borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.
6. 27.10.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 9526,77 manat əsas borc, 604,03 manat faiz və 449,64 manat cərimə olmaqla, cəmi 10 580,44 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9526,77 manat əsas, 604,03 manat faiz və 112,41 manat cərimə borcu olmaqla ümumilikdə 10 243,21 manat məbləğində borcun və 120,73 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 17 faizlə 36 ay müddətinə 14 800 manat kredit götürmüş, borcun qaytarılmasının təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il oktyabrın 27-dək Cavabdeh1 banka 9526,77 manat əsas, 604,03 manat faiz, 449,64 manat cərimə borcu olmaqla, ümumilikdə 10 580,44 manat borcu yaranmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 449,64 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 112,41 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, Cavabdeh2 nümayəndəsinin iddiaya etirazına münasibətdə bildirmişdir ki, bank təcrübəsində müqavilənin qarşı tərəfə təqdim edilməsi ilə bağlı əlavə qeydiyyat və rəsmiləşdirilmə aparılmır.
10. Cavabdeh2 nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz vermiş, etirazda aşağıdakıları göstərilmişdir: “xx.xx.2022-ci il tarixində iddia üzrə Cavabdeh1 onunla bir yerdə X1 Dəstəyi Agentliyində işləyən Cavabdeh2 bank krediti üzrə zamin olmağı xahiş etmişdir. Banka gələrkən Cavabdeh2 hər hansı izahat verilmədən, təqdim olunan sənədə imza qoymaq istənilmiş və o, sənədi imzalayaraq getmişdir. Zaminlik müqaviləsi adlanan bu sənəd Cavabdeh2 ilə razılaşdırılmış iradə ifadəsi olmadığı və Mülki Məcəllənin tələblərinə əməl edilmədən bağlandığı üçün etibarsız əqddir. Belə ki, Cavabdeh2 müqavilənin şərtləri ilə tanış edilməmiş, onun bu müqavilə üzrə subsidiar deyil, birgə məsuliyyət daşıması izah olunmamış və müqavilənin nüsxəsi ona təqdim edilməmişdir. Cavabdeh2 yalnız bankla kreditor arasında mübahisə yarandıqdan sonra belə bir öhdəliyin olması barədə şifahi məlumat almışdır. Cavabdeh1 kredit müqaviləsi bağlayarkən məqsədli şəkildə elə etmişdir ki, Cavabdeh2 birgə məsuliyyət daşısın. Cavabdeh1 kredit alındığı vaxtdan başlayaraq məqsədli şəkildə borcu ödəməkdən yayınmağa çalışmış, məsələnin məhz bank tərəfindən iddianın qaldırılması yolu ilə həll olunmasında maraqlı olmuşdur. Bunu Cavabdeh1 maddi vəziyyətinin araşdırılacağı halda müəyyən etmək mümkündür. Belə ki, Cavabdeh1 hazırda QHT-lərə X4 məsul vəzifə tutur və 1800 manatdan çox stabil əmək haqqı, il ərzində bir neçə dəfə əmək haqqının 100% həcmində mükafat alır. Hazırda öz adına və ya yaxın qohumlarının adına (kimin adına olması müəyyən edilməlidir) ipoteka əsasında mənzil almışdır. Ailəlidir. Ödəmə qabiliyyəti olduğu halda ödənişdən yayınmasının əvvəlcədən planlaşdırılmış məqsədi borcun həm də qarşılıqlı olaraq keçmiş iş yoldaşı olan Cavabdeh2 yönəldilməsidir. Mülki hüququn prinsiplərindən çıxış etdikdə Cavabdeh2 hətta bu əqd etibarlı olsaydı belə zamin olaraq məsuliyyəti aksessor xarakterlidir. Yəni indiki halda bu və ya digər səbəblərdən kreditorun ödəmə qabiliyyətinin olmaması, vəfat etməsi (və bu zaman vərəsələrinin olmaması) halda əsas öhdəliyə çevrilməlidir. Lakin İddiaçı ASC borcun alınması üçün məhkəmədənkənar və qanunvericiliyə uyğun heç bir əlavə tədbir görmədən məhkəməyə kreditorla zaminin öhdəliklərini bərabərləşdirməklə iddia verməsi mülki qanunvericiliyin ümumi prinsipləri ilə də uyğun deyildir. Bu baxımdan məhkəmə Cavabdeh1 özünün, ailə üzvlərinin aylıq gəlirləri ilə bağlı məlumatları dəqiqləşdirməli, həmçinin, onun hüquqi və ya faktiki olaraq daşınmaz və daşınar əmlak mülkiyyətçisi olması müəyyən edilməlidir. Cavabdeh2 hər hansı daşınmaz və daşınar əmlak mülkiyyətçisi deyil, uzun müddət işsiz qaldıqdan sonra hazırda işlədiyi yerdə əmək haqqı Cavabdeh1 aldığı əmək haqqından azdır. İddiaçı ASCnin xx.xx.2022-ci il tarixində Cavabdeh2 imzalatdırdığı əqd qarşı tərəfin razılaşdırılmış iradə ifadəsi olmadığı üçün etibarsız sayılmalı, iddia tələbi tam həcmdə kredit müqaviləsi bağlamış borcluya - Cavabdeh1 yönəldilməlidir”.
11. Cavabdeh X3 məhkəmə iclasında iştirak edən nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, təmsil etdiyi şəxs zaminlik müqaviləsini ayaqüstü, ona heç bir izah verilmədən, keçmiş iş yoldaşı Cavabdeh1 xahişi ilə imzalamışdır. Həmin zaminlik müqaviləsi onun iradəsini ifadə etmir, ona müqavilənin bir surəti belə təqdim edilməmişdir, odur ki, etibarsız hesab olunmalıdır.
12. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.
13. Birinci instansiya məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9526,77 (doqquz min beş yüz iyirmi altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 325,03 (üç yüz iyirmi beş manat üç qəpik) manat faiz borcu və 78,92 (yetmiş səkkiz manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 9931,01 (doqquz min doqquz yüz otuz bir manat bir qəpik) manat borcun və 117,05 (yüz on yeddi manat beş qəpik) manat dövlət rüsumunun tutulması qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 müqavilə üzrə kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqailəsi imzalanmış, Cavabdeh2 borclu Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır.
15. Məhkəmə Cavabdeh2 nümayəndəsinin iddiaya etirazında irəli sürdüyü dəlillərlə bağlı vurğulamışdır ki, cavabdehin nümayəndəsi özü, etirazında Cavabdeh2 dostu Cavabdeh1 təklifi ilə məhz zaminlik müqaviləsi bağlamaq məqsədilə banka getdiyini və özünün də əvvəlcədən məlumatlı olduğu zaminlik müqaviləsinə imza edərək həmin müqavilə münasibətlərinə daxil olduğunu, lakin zaminlik müqaviləsində zaminin məsuliyyətinin solidar müəyyən edilməsi halının və ona həmin müqavilənin təqdim edilməməsinin müqavilənin etibarsızlığına səbəb olduğunu bildirmişdir. Halbuki, zaminin məsuliyyətinin subsidiar deyil, solidar müəyyən edilməsi halında belə bu hal yalnız müqavilə şərtinin etibarsızlığına gətirib çıxara bilərdi ki, qanunverici də bu şərtin müəyyən edilməsini tərəflərin öhdəsinə buraxmışdır. Yəni həmin məqam üçün müqavilə tərəfləri məsuliyyətin növünü müəyyən etməkdə sərbəst olmuş, hətta belə bir şərt müəyyən edilmədiyi halda qanunverici bu məsələni birbaşa tənzimləmişdir ( MM 472.1). Cavabdehin təkidlə bildirdiyi digər bir hal isə ondan ibarətdir ki, zaminlik müqaviləsi cavabdehə müvafiq qeydiyyat aparılmaqla təqdim edilməmişdir. Zaminlik müqaviləsinin 6.7-ci bəndində aydın şəkildə göstərilmişdir ki, bu müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilib və tərəflərin hər birində bir nüsxə saxlanılır. Göründüyü kimi istər müqavilə şərtində bu məqamın açıq şəkildə göstərilməsi, istərsə də, mövcud işgüzar adətlər nəzərə alınmaqla bank praktikasında tərəflər arasında müqavilənin tərəflərin sayına uyğun sayda tərtib edilməsi və beləliklə də həmin müqavilənin nüsxəsinin müqavilə tərəflərinin hər birində olması mövcud təcrübədir. Tərəflər arasında bağlanmış müqavilə nüsxəsinin əlavə olaraq müqavilə tərəfinə təqdim edilməsinin əlavə iltizamla rəsmiləşdirilməsi nadirən rast gəlinən hal ola bilər ki, bu hal da özlüyündə müqavilənin etibarsızlığına əsas verən hal hesab edilə bilməz.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 389.1-ci, 389.2-ci, 389.3-cü, 390.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 470.1-ci, 471-ci, 472.1-ci, 472.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 saylı qəradadına istinad etmişdir.
17. Qətnamədən Cavabdeh2 nümayəndəsi apellyasiya şikayəti verərək onun Cavabdeh2 aid hissədə ləğv olunmasını və iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
19. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı bankın nümayəndəsi və digər Cavabdeh1 isə məhkəməyə gəlməmişlər.
20. İşin halları və apellyasiyanın həddi nəzərə alınmaqla işə, iddiaçının nümayəndəsinin, habelə Cavabdeh1 iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadı
39. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb- yaratmaması barədə dəyərləndirmədir.Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində qismən – Cavabdeh2 aid hissədə - yoxlanılması təşkil edir. Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zaminin şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və əsas borclunun şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh2 şikayətinin məzmunu qətnamənin əsas borcluya münasibətdə də yoxlanılmasına əsas vermir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən, qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi də apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Kollegiya apellyatorun nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
45. Kollegiya hesab edir ki, Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
46. Apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-644/2024 saylı iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov