Məhkəmə qərarları › İş №2(103)-2610/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2610/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2610/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ölən borclunun vərəsələrinin öhdəliyinin həddinin sübut etmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(002)-39/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X6 arasında bağlanmış 13 mart 2020-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC X4 48 ay müddətinə 6450 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. "xxxx" ASC ilə X6 arasında bağlanmış 13 mart 2020-ci il tarixli BPM**********36 saylı ta kart çərçivə müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC X4 36 ay müddətinə 1800 manat məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.

3. X6 27 noyabr 2020-ci il tarixdə vəfat etmişdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli 2V-120 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, 27 noyabr 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh1 (atası), miras əmlakdan 1/2 hissə, Cavabdeh2 (anası), miras əmlakdan ½ hissədə pay almalıdırlar. Miras əmlakı: Financa Progress MMC-in 1 saylı Filialı tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli 06 saylı məktubuna əsasən girov predmeti olan zinyət əşyalarından ibarətdir.

5. "xxxx" MMC, qiymətləndirici X2 və “Girov Qoyan” X9 tərəfindən tərtib edilmiş 30 sentyabr 2020-ci il tarixli 0201/20 №-li qiymətləndirmə aktına əsasən, 1 üzük 583 əyarı 3,09 qram, qiymət 206 manat və 1 ədəd qolbaq 583 əyarı 10,07 qram, qiyməti 672 manat qiymətləndirilmişdir.

6. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh X1 14 mart 2024-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə 13 mart 2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1796,5 manat əsas; 337,12 manat faiz; cəmi 2133,62 manat məbləğində borcu yaranmışdır.

7. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh X1 14 mart 2024-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə 13 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5981,59 manat əsas; 233,61 manat faiz; cəmi 6215,22 manat məbləğində borcu yaranmışdır.

8. "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 6-2-22/2- 30434/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********36 nömrəli 13 mart 2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X1 vərəsələrinin nağd kredit üzrə isə 6215,22 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır.

9. "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 6-2-22/2- 27279/2023 nömrəli, 06 okyabr 2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********36 nömrəli 13 mart 2020-ci il tarixli tam kart kredit müqaviləsinə əsasən X1 vərəsələrinin nağd kredit üzrə isə 1796,5 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır.

Birinci instansiya məhkəməsində icraat

10. "xxxx" ASC iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 13 mart 2020-ci il tarixli, BPM**********836 nömrəli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 1796,5 manat əsas borcu və 337,12 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 5981,59 manat əsas borcu və 233,61 manat faiz borcu olmaqla, ümumilikdə 8348,84 manat pul vəsaitinin, həmçinin ödənilmiş 103,34 manat dövlət rüsumu və 1,20 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia qətnamənin 1-9-cu bəndlərində qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli 9/8367 nömrəli ekspert rəyinə əsasən, 13 mart 2020-ci il tarixli BPM**********836 saylı tam kart çərçivə müqaviləsi üzrə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X6 ilə "xxxx" ASC arasında bağlanmış 13 mart 2020-ci il tarixli, BPM**********836 saylı tam kart çərçivə müqaviləsi üzrə banka ödəməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 06 oktyabr 2023-cü il tarixə əsas borc üzrə 1796,50 manat və faiz borcu üzrə 337,12 manat, 13 mart 2020-ci il tarixli, BPM**********836 saylı nağd kredit müqaviləsi üzrə: 01 noyabr 2023-cü il tarixə əsas borc üzrə 5981,58 manat və faiz borcu üzrə 233,61 manat təşkil edir.

13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(002)- 39/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 13 mart 2020-ci il tarixli, BPM**********836 nömrəli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 1796,5 manat əsas borcu və 337,12 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 5981,58 manat əsas borcu və 233,61 manat faiz borcu olmaqla, ümumilikdə 8348,81 manat pul vəsaitinin, həmçinin ödənilmiş 103,49 manat dövlət rüsumu və 1.20 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

14. Qətnamənin əsaslarına görə işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X6 arasında kredit müqaviləsi və təm kart kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqavilələrə əsasən cavabdehə 1800 manat və 6450 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 36 ay və 48 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olur ki, borclular öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da, müqavilənin şərtləri pozulmuşdur. Cavabdeh X6 27 noyabr 2020-ci il tarixində vəfat etmiş və onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 8 saylı notariat ofisində 08 dekabr 2021-ci il tarixli, 2V-120 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir. 22. "xxxx" ASC pretenziya qaydasına riayət edərək, mərhum X1 vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsini tələb etmişdir. Cavabdeh1 məhkəmə araşdırması zamanı miras əmlakın borcu əhatə etmədiyini və ümumiyyətlə, mərhum oğlunun borcundan xəbəri olmadığı üçün iddia tələbini qəbul etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1- ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Hazırkı işdə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçən miras əmlakının olması hallarının mövcudluğu kreditor tərəfindən deyil, vərəsələr tərəfindən sübuta yetirilməlidir. İş üzrə sübutetmə yükünün tərəflər arasında bu qaydada bölüşdürülməsi həm prosessual hüquq normalarına, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasına uyğundur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 30. Miras əmlakın bütün kütləsi barədə sübutları təqdim etmək vəzifəsi vərəsələrin üzərində olmasına baxmayaraq, cavabdehlər tərəfindən miras aktivinin dairəsi barədə sübutlar təqdim edilməmiş və ya notarius tərəfindən əmlakın siyahıya alınması halı hazırkı işdə mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsində göstərilən miras əmlakın əsas borclunun kredit müqaviləsi üzrə borcundan az olması tələbin rəddi üçün əsas ola bilməz. Miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Göstərilənlərə və Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddia tələbinin hansı həcmdə təmin edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən borclunun vərəsələrinə ünvanlanmış pretenziya məktublarında nağd kredit müqaviləsi üzrə 6215,22 manat, tam kart kredit müqaviləsi üzrə 1796,5 manat və müvafiq faizin tutulması tələb edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 bank tərəfindən hesablanmış borc məbləği ilə razı olmadığını bildirdiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, həmin məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Məhkəmə qeyd edilən halları, cavabdehlər tərəfindən iddia tələbinə dair heç bir etiraz, etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və borclunun kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu və ekspert rəyini nəzərə alınaraq hesab edir ki, iddiaçı ilə X6 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, BPM**********836 saylı tam kart çərçivə müqaviləsi üzrə əsas borc olaraq 1796.5 manat, faiz borcu olaraq 337,12 manat, 13 mart 2020-ci il tarixli, BPM**********836 saylı nağd kredit müqaviləsi üzrə əsas borc olaraq 5981,58 manat, faiz borcu olaraq 233,61 manat həddində iddia tələbi qismən təmin edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 448, 462, 470, 740, 742, 1255, 1306-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

17. Şikayətin dəlillərinə görə, məhkəmənin qətnaməsində də göstərilir ki,oğlunun miras kimi yalnız 672 manat dəyərində qızıl əşyası qalmışdır. Onlarda vərəsə olaraq 672 manat məbləğində miras əmlak qəbul etmişdilər və borcu da həmin miras həddində olmalıdır. Mərhum oğlunun başqa heç bir əmlakı yoxdur. Lakin məhkəmə əsassız olaraq oğlunun miras qalmış əmlakından xeyli dərəcədə atrıq pulu bizdən tutmuşdur. Eyni zamanda oğlunun vəfatından sonra onlar banka ölüm haqqında şəhadətnaməni təqdim etsələr də bank tərəfindən əsassız olaraq faiz borcları da hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun bu tələbinə əsasən məhkəmə mənim maddi vəziyətimi nəzərə almamışdır. Məhkəmə qətnaməsi ilə müyyən edilmiş həmin borcun onların ödəməyə imkanı yoxdur. Mərhum oğlundan 672 manatdan artıq hər hansı bir miras qalmamışdır. İş materiallarında mərhum oğlunun 672 manatdan artıq miras əmlakının qaldğına dair hər hansı bir sübut yoxdur. İş materiallarından da olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli 2V-120 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 27 noyabr 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri şəhadətnamə verilən miras əmlak: Cavabdeh1 (atası), miras əmlakdan ½ hissə, Cavabdeh2 (anası), miras əmlakdan ½ hissədə pay almalıdırlar. Miras əmlak Finanaca Proqress MMC-in 1 saylı Filialı tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli 06 saylı məktubuna əsasən girov predmeti olan zinyət əşyalarından ibarətdir. Finanaca Proqress MMC, qiymətləndirici X2 və “Girov qoyan” X9 tərəfindən tərtib edilmiş 30 sentyabr 2020-ci il tarixli 0201/20 saylı qiymətləndirmə aktına əsasən 1 üzük 583 əyarı 3,09 qram, qiymət 206 manat və 1 ədəd qolbaq 583 əyar 10,07 qram, qiyməti 672 manat qiymətləndirilmişdir. Göründüyü kimi miras əmlak 672 manat dəyərində olan qızıl-zinət əşyalarıdır. Məhkəmə miras əmlakın 672 manat olduğuna diqqət yetirmədən onlardan 8453,5 manat pul tutmuşdur. Vərəsəlik şəhadətnaməsinə əsasən X1 miras əmlakına ½ hissə ilə o, 1/2 hissə ilə anası Cavabdeh2 pay almalı idi. Məhrum oğlunun həmin əmlakdan başqa heç bir miras əmlakı olmamışdır. Qanunvericiliyin tələbinə görə miras qalmış əmlak həddində bizdən pul tutulmalı idi. Yuxarıda qeyd etdiyi kimi məhkəmə bütün sübutları tam və hərətərəfli araşdırmamış, maddi hüquq normasını düzgün tətbiq etməyərək qanunsuz qərar qəbul etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən bizi borc götürən kimi deyil, vərəsə kimi qəbul etmişdir. Lakin qanunvericiliyin tələbinə riyayət etməyərək qəbul etdiyi miras əmlakdan 10 dəfə artıq pul tutmuşdur. Vərəsəlik şəhadətnaməsinə əsasən X1 miras əmlakına ½ hissə ilə o,1/2 hissə ilə anası Cavabdeh2 pay almalı idik. Həmin miras əmlak da 672 manat dəyərində qızıl-zinət əşyalarıdır. Məhrum oğlunun həmin əmlakdan başqa heç bir miras əmlakı olmamışdır. Qanunvericiliyin tələbinə görə miras qalmış əmlak həddində onlardan pul tutulmalı idi. Oğlu vəfat edənə kimi X5 işləmişdir. Bank oğluna kredit verərəkən həmin pulu sığortalamalı və hazırda da pulu sığorta təşkilatından almalı idi. Lakin bütün bunlar məhkəmədə tam araşdırılmamış, qanunvericiliyin tələblərinə riayyət edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, oğlunun vəfat etməsi ilə əlaqədar bank bütün faizləri dayandırmalı idi. Mərhum oğlundan 672 manatdan artıq hər hansı bir miras qalmamışdır. İş materiallarında mərhum oğlunun 672 manatdan artıq miras əmlakının qaldığına dair hər hansı bir sübut yoxdur. Məhkəmə buna diqqət yetirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehlər Cavabdeh1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunması xahiş etdi.

20. İddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. Hazırkı iş üzrə mərhum X1 iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehlərin sonuncunun vərəsəsi olmaqla, öhdəliklərinə görə məsuliyyət daşıması, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir.

26. Mübahisəli məsələ yalnız cavabdehin mülki məsuliyyətinin həddi ilə bağlıdır.

27. Apellyasiya şikayətinin əsasını borclunun vərəsəsi tərəfindən qəbul edilmiş miras əmlak həcmində təmin edilməli olduğu təşkil edir.

28. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

29. Hazırkı mübahisə üzrə mirasın siyahıya alınma faktı mövcud deyildir, cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən halları sübut edə bilmir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(002)- 39/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(002)- 39/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar