Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2617/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)-5031/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 («El Holdinq» mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)- 5031/2021 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia rədd olunmuş, iddiaçı qətnamədən 13.01.2022-ci il, 18.01.2022-ci il və 23.01.2022-ci il tarixlərdə apellyasiya şikayətləri vermişdir. Məhkəmə kollegiyası, şikayətləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) iddiaçı tərəfindən 13.01.2022-ci il tarixdə ilk apellyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı isə məhkəməyə 13.01.2022-ci il tarixdə daxil olmuş apellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydaya (elektron kabineti vasitəsilə) riayət etmədən, poçt xidməti vasitəsilə göndərmişdir. 18.01.2022-ci il və 23.01.2022-ci il tarixlərdə verilmiş apellyasiya şikayətləri isə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdə olan məhkəmə qəbzindən (səh.38) görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən 17.12.2021-ci il tarixdə qəbzə imza olunmaqla rəsmi qaydada alınmışdır. Belə olan halda, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün prosessual müddətin son günü 17.01.2022-ci il tarixi hesab olunur. İddiaçı ilk dəfə 13.01.2022-ci il tarixdə qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət daxilində apellyasiya şikayəti versə də, həmin şikayət Kollegiyanın yuxarıdakı hüquqi mövqeyinə görə qeyri-mümkündür (elektron qaydad verilməməsi əsası ilə), sonradan 18.01.2022-ci il və 23.01.2022-ci il tarixlərdə apellyasiya şikayətləri verərkən isə prosessual müddəti ötürmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi isə, yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya şikayəti üzrə qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)-5031/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2617/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2617/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver