Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2617/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" KB ASC-nin ("xxxx" ASC) Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə "xxxx" X5 Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 3602sCNTR/20 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə bank Cavabdeh 60 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 5000 manat kredit verməyi, Cavabdeh isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.
2. xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh həmin tarixə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 5000 manat əsas, 1067,31 manat faiz borcu olmaqla, 57,82 manat cərimə, 13,14 manat məbləğində komisyon haqq olmaqla cəmi 6138,27 manat borcu vardır.
3. 22 aprel 2022-ci il tarixdə Cavabdeh yaranmış borc məbləğinin 3 iş günü müddətində qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. "xxxx" X5 Səhmdar Cəmiyyəti (bank) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən bankın xeyrinə 5000 manat əsas, 1067,31 manat faiz, 57,82 manat cərimə, 13,14 manat komisyon haqqı borcu olmaqla, cəmi 6138,27 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,79 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmış, müqavilənin 4.2.16-ci bəndində nəzərdə tutulmuşdur ki, borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə, borcverən borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 iyul 2022-ci il tarixinə banka 5000 manat əsas, 1067,31 manat faiz, 57,82 manat cərimə, 13,14 manat komisyon haqqı borcu olmaqla, cəmi 6138,27 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2021-ci ilin avqust ayında tərəfindən banka 2657,47 manat köçürülmüş və borcu qalmamışdır. Sonradan bank kartını sındırıb atmışdır. Bank tərəfindən göstərilən 5000 manat məbləğində borc ona məxsus deyil, bu məsələ ilə bağlı banka dəfələrlə müraciət etmişdir, hüquq mühafizə orqanlarına isə müraciət edəcək.
7. Birinci instansiya məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 5000 manat əsas, 1067,31 manat faiz, 2 manat cərimə, 13,14 manat komisyon haqqı borcu olmaqla cəmi 6082,45 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,79 manat məbləğində vəsaitin "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərini lazımınca icra etməmişdir.
9. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-cı, 442-ci, 443.1-ci, 445.2-ci, 448.1-ci, 449.1-ci, 462.1-ci, 463.1-ci, 465.2-ci, 467-ci, 739-cu maddələrinə istinad etmişdir.
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmadığını, banka borcunun qalmadığını nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə etiraz
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir
Apellyasiya baxışı, verilən izahat
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, banka olan kredit borcunu ödədiyi halda, bankın təqdim etdiyi hesabdan çıxarışda guya onun “kard to kard” əməliyyatı ilə başqa karta ümumilikdə 5000 manat (1000 manat və 4000 manat) köçürdüyü göstərilmiş, məhkəmə isə heç bir araşdırma aparmadan həmin vəsaiti ondan tutmuşdur.
13. Apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin edilmiş, həmin təyinat əsasında verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəmə iclasında tədqiq olunarkən, ekspertin qarşısına qoyulmuş 2 suala ümumiyyətlə cavab vermədiyi, həmin suallar üzrə heç bir tədqiqat aparmadığı aydın olduğu üçün əlavə mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- İş materiallarında olan hesabdan çıxarışda (səh 36-38) əks olunan, xx.xx.2021-ci il tarixində həyata keçirilən əməliyyatların mahiyyəti nədir? Həmin tarixdə Cavabdeh müvafiq kart hesabı üzrə hansı əməliyyat(lar) həyata keçirilmişdir?
- Mülki işin materiallarına əsasən, 28 iyul 2020-ci il tarixli kredit müqaviləsi (iş. səh. 6-8) üzrə 13 iyul 2022-ci il tarixinə Cavabdeh əsas və faiz borcu hansı məbləğlərdə olmuşdur?
- Həmin kredit müqaviləsi üzrə hansı tarixlərdə hansı məbləğlərdə ödənişlər həyata keçirilmişdir? Əgər keçirilmişdirsə həmin ödənişlərin hansı hissəsi faiz, hansı hissəsi əsas borcun silinməsinə yönəldilmişdir?
14. Həmin təyinat üzrə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir:
- İş materiallarında olan hesabdan çıxarışda və "xxxx" ASC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh ssuda hesabından (AZ38UBAZ**********1070AZN001) kart hesabına (AZ85UBAZ**********1010AZN001) 2 halda 5000 (beş min) manat kredit vəsaiti ayrılmış və həmin tarixdə də kart hesabından “Ubank” (mobil aplikasiya) vasitəsilə “kard to kart” (Cavabdeh card: xxxxxxxxxxxx927 Transaction Details: xx/xx/2021 05:25:33 944 1 000.00 AZE BAKU uBank C2C və Cavabdeh Card: xxxxxxxxxxx9327 Transaction Details: xx/xx/2021 05:27:25 944 4 000.00 AZE BAKU uBank C2C əməliyyatları aparılmışdır. Bankdan təsdiq olunmuş formada təqdim olunan bank hesabından çıxarışa əsasən, bu məbləğlər Cavabdeh adına "xxxx" ASC-də açılmış son rəqəmi xxxxxxxxx5306 saylı digər kart hesabına “kard to kart” əməliyyatı ilə köçürülmüş və oradan da həmin tarixdə (xx.xx.2021) ATM və pos terminal vasitəsilə nağd istifadə edilməsi müəyyən edilir. - İş materiallarında olan hesabdan çıxarışda və "xxxx" ASC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən xx.xx.2022-ci il tarixinə Cavabdeh 5000 manat əsas borcu, 1067,31 manat faiz borcu olduğu müəyyən edilir. - "xxxx" ASC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən Cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində 26 halda 841,49 manat faiz borcu, 22 halda 4011 manat əsas borc ödənişləri həyata keçirildiyi müəyyən edilir.
15. Apellyasiya baxışı zamanı məhkəməyə ərizə ünvanlayan “BOA” Agency” ASC-nin direktoru iddiaçının həmin ASC ilə əvəz olunmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddianın əsaslandığı tələb hüququ xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nə keçmişdir.
16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" KB ASC və ya “BOA” Agency” ASC nümayəndələrini məhkəməyə göndərməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
20. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
21. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
33. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsi üzrə yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir; cavabdeh isə qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsindən şikayət vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Kollegiya cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
43. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
44. Banka borcunun qalmadığı ilə bağlı cavabdehin irəli sürdüyü arqument isə apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyi ilə təkzib olunmuşdur.
45. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir.
46. Kollegiya onu da qeyd edir ki, qətnamə ilə cavabdehdən tutulmasına qərar verilən borc məbləği xx.xx.2022-ci il tarixinə hesablanan borc məbləğidir və həmin tarixdən sonra ödənilmiş pul vəsaitləri (əgər ödənilmişdirsə) qətnamənin icra mərhələsində nəzərə alınmalıdır.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, apellyasiya icraatı zamanı alınmış xx.xx.2023-ci il tarixli ekspert rəyinə görə 100 manat cavabdehdən alınıb müvafiq hesaba köçürülməli, digər “rəy”lərin xərci isə Dövlət büdcəsinə aid edilməlidir (həmin rəyləri verən ekspertlər faktiki olaraq heç bir tədqiqat aparmadıqları üçün). Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3680/2022 saylı iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə