Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2618/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4463/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450 manat məbləğində borc pulun və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun alınıb ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh 2020-ci ilin fevral ayının əvvəllərində ona müraciət edərək, 600 manat məbləğində borc pul lazım olduğunu bildirmiş və tezliklə həmin borcu qaytaracağına söz vermişdir. Cavabdeh aldığı borcun əvəzində ona pensiya kartını vermiş və bildirmişdir ki, hər ay həmin kartdan 180 manat pul çəkib borcunu silə bilər. Borc qurtardıqdan sonra o, isə kartı cavabdehə qaytarmalı olmuşdur. O, cavabdehlə razılaşmış və göstərilən məbləği cavabdehə vermişdir. 2020-cilin mart ayından o, cavabdehə məxsus kartdan 150 manat pul çıxartmışdır. Həmin ilin aprel ayında pulu çıxartmaq istəyəndə kartın bloka salındığını bilmişdir. Bu barədə cavabdehə iradını bildirdikdə isə sonuncu ona bildirmişdir ki, yaxın vaxtlarda 450 manat pulu qaytaracdır. Onların həmin vaxtlar münasibətləri yaxşı olmuş və onun cavabdehə inamı olmuşdur. Bu məqsədlə o, cavabdehə 600 manat məbləğində borc vermiş, lakin sonuncuya pul verən zaman aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır. Pulu cavabdehə atasının yanında vermişdir. Lakin cavabdeh ona ödəməli olduğu məbləğdən 150 manat pul ödəmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də, sonuncu öz öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Göründüyü kimi cavabdehə 600 manat məbləğində pulu verdiyi tarixdən artıq uzun müddət keçmiş və cavabdeh borcunu qaytarmadığından ona zərər vurulmuşdur və həmin pul məbləği ilə qazanacağı gəlirdən məhrum olmuşdur. Bundan əlavə onun həmin borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etməyi, sonuncu ilə danışıqlar apararaq əsəbiləşməsi ona böyük mənəvi zərər yetirmişdir. O, bu barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə şikayət ərizəsi vermiş, ona mübahisənin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4463/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4463/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 450 manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pul, cəmi 470 (dörd yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, 098- 14070-1220 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh borc pul verməsi və ala bilməməsi barəzə “102” qaynar xəttinə müraciətinə baxılmışdır və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 izahatında göstərmişdir ki, İddiaçı onun oğludur. Cavabdeh oğlu İddiaçı 600 manat borc pul istəmiş, oğlu isə cavabdehə həmin pulu onun yanında vermişdir. Bunun qarşılığında cavabdeh öz pensiya kartını oğluna vermiş və hər ay 180 manat pul yükləndiyini, borc bitənədək həmin kartdan pulu çıxartmalarını bildirmişdir. Oğlu mart ayında 180 manat pul çəkmiş, lakin həmin puldan cavabdehin ona olan 30 manat borcunu sildikdən sonra qalan 150 manatı isə verilən borcdan silmişlər. Növbəti ay, yəni aprel ayında yenidən pul çəkmək istədikdə kart bloklanmışdır. Sonra cavabdeh borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi şahid ifadəsindən və şifahi izahatlardan ibarət olan sübutlar kifayət qədər mötəbər, ardıcıl və inandırıcı olmadığından onun tərəfindən irəli sürülmüş iddia təmin edilə bilməz.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 2020-ci ilin fevral ayının əvvəllərində İddiaçı müraciət edərək, 600 manat məbləğində borc pul lazım olduğunu bildirmiş və tezliklə həmin borcu qaytaracağına söz vermişdir. Cavabdeh aldığı borcun əvəzində ona pensiya kartını vermiş və bildirmişdir ki, hər ay həmin kartdan 180 manat pul çəkib borcunu silə bilər. Borc qurtardıqdan sonra o, isə kartı cavabdehə qaytarmalı olmuşdur. O, cavabdehlə razılaşmış və göstərilən məbləği cavabdehə vermişdir. 2020-cilin mart ayından o, cavabdehə məxsus kartdan 150 manat pul çıxartmışdır. Həmin ilin aprel ayında pulu çıxartmaq istəyəndə kartın bloka salındığını bilmişdir. Bu barədə cavabdehə iradını bildirdikdə isə sonuncu ona bildirmişdir ki, yaxın vaxtlarda 450 manat pulu qaytaracdır. Bundan əlavə onun həmin borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etməyi, sonuncu ilə danışıqlar apararaq əsəbiləşməsi ona böyük mənəvi zərər yetirmişdir. O, bu barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə şikayət ərizəsi vermiş, ona mübahisənin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclas protokolundan da görünür ki, cavabdeh borcunun olduğunu qeyd etməklə qaytardığını bildirmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu da müqavilədən irəli gələn vəzifələrini yerinə yetirərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə kreditora ziyan vurmaqdan çəkinməlidir. Mülki işin hallarından isə görünür ki, cavabdeh borcundan yalnız müəyyən miqdarda ödəniş etmiş, eləcə də öhdəliyini gələcəkdə yerinə yetirməklə bağlı hərəkət etmək niyyətini də göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır. Ona görə də Cavabdeh 450 manat məbləğində əsas borc alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4463/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 450 manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pul, cəmi 470 (dörd yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4463/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 450 manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pul, cəmi 470 (dörd yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2618/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2618/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver