Məhkəmə qərarları › İş №2(103)-2619/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2619/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2619/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girova yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-4012/2015 nömrəli qərardadından Cavabdeh4 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İş üzrə Nəsimi Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli qətnamə qəbul edib. Cavabdeh4 xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Nəriminə Axundova bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və müddətin bərpası barədə ərizə təmin olunsun. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh4 apellyasiya şikayəti verilməsi müddətini üzrlü səbəb olmadan ötürüb. Bu, göstərilənlərlə təsdiq olunur: Birinci, qətnamə 8 il bundan əvvəl qəbul olunub. Cavabdeh4 qətnamədən daha əvvəl bir dəfə apellyasiya şikayəti verib, həmin şikayət Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılıb. Qərardad onunla əsaslandırılıb ki, Cavabdeh4 qətnaməni alıb, qətnamə şəxsən Cavabdeh4 təqdim edilməsə də, xx.xx.2016-cı ildə poçt vasitəsilə ona aid olan ünvana çatdırılıb, bu, qətnamənin onun tərəfindən alınmasına bərabər tutulur, lakin o, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. Cavabdeh4 bu qərardaddan şikayət versə də qərardad apellyasiya qaydasında dəyişdirilmədən saxlanılıb və qanuni qüvvəyə minib. Hazırda Cavabdeh4 müddətin bərpasını onunla əsaslandırır ki, qətnamə xx.xx.2016-ci ildə ona aid ünvana çatdırılmayıb. Bununla bağlı məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş qərardadla müəyyən edilmiş hallar dəyişdirilə bilməz, odur ki, müddətin axımı xx.xx.2016-cı il tarixdən hesablanmalıdır, belə olduqda isə müddətin buraxılmasının üzrlü səbəbi müəyyən edilmir. Cavabdeh4 göstərilən tarixdə başqa ünvanda (ölkədən kənarda) olduğunu bildirsə də, MPM-in 146-cı maddəsində qeyd olunub: “Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir”. Məhkəmə bildirişinə aid olan bu qayda məhkəmə qətnaməsinə də aiddir. İkinci, bundan əvvəl qətnamədən digər Cavabdeh1 apellyasiya şikayəti verib və həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həll edilib. Bu qətnamənin surəti işdə iştirak edən bütün şəxslərə, o cümlədən Cavabdeh4 göndərilib, qətnamə xx.xx.2017-ci ildə şəxsən ona təqdim olunub, o, bu barədə olan poçt xəbərnaməsini imzalayıb (cild 2, iş v. 31). Bu qətnamənin məzmununda birinci instansiya məhkəməsinin qətnaməsinə aid olan məlumatlar da var. Əgər Cavabdeh4 həqiqətən xx.xx.2016-cı il tarixdə qətnaməni almamışdırsa, artıq xx.xx.2017-ci ildə məlumatı var idi ki, birinci instansiya məhkəməsi tərəfindən onun əleyhinə qətnamə qəbul olunub. Lakin Cavabdeh4 həmin tarixdən sonra da 1 ay ərzində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməsi ilə bağlı heç bir hərəkət etməyib. Üçüncü, Cavabdeh4 vəkili və nümayəndəsi C.Alıyev xx.xx.2019-cu ildə mülki işin materialları ilə tanış olub, zəruri hesab etdiyi bütün sənədlərin surətini çıxardıb və bu barədə qəbz yazıb (cild 2, iş v. 64). Lakin həmin tarixdən sonra da 1 ay ərzində apellyasiya şikayəti verilməyib, apellyasiya şikayəti 4 il keçdikdən sonra verilib. Beləliklə, məhkəmə MPM-in 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Nəsimi RM müddətin bərpası barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-4012/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar