Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2622/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2(006)-639/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh arasında 30 yanvar 2024-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 108.600 manat pul borc verilmişdir. Hazırda iddiaçı həmin müqaviləyə əsasən Cavabdeh 108.600 manat borcun tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 108600 manat borcun və ödənilmiş 398.7 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət tanıdığı və etibar etdiyi Cavabdeh ilə Yaqut ticarət mərkəzindən tanışlığı yaranmışdır. Cavabdeh qızıl alqısatqısı ilə məşğul olmuşdur. Söhbət əsnasında ona bildirmişdir ki, onun Bakı şəhərində bir neçə Lombard fəaliyyəti ilə məşğul olan tanışları vardır. O, tanışlarının vasitəsi ilə ucuz qiymətə qızıllar əldə edərək onları rayon ərazisində daha baha qiymətə sata bilər. Bu məqsədlə ona maddi dəstək göstərməsini bildirmişdir. Daha sonra aralarında olan razılaşma əsasında ona borc müqaviləsində qeyd edilən miqdarda pul vermiş və o da qısa müddət ərzində onun pulunu qaytaracağını bildirmişdir. Lakin, bir müddət sonra Qəmər Xanım onunla telefon vasitəsi ilə danışaraq rayona ucuz qiymətə vermiş olduğu qızılları nisyə verdiyini və həmin qızılların pullarını ala bilmədiyi üçün onun pulunu qaytara bilmədiyini bildirmişdir. Bu halda ona həmin şəxsləri ona göstərməsini və onun öz pullarını onlardan ala biləcəyini bildirmişdir. Bundan sonra dəfələrlə əlaqə saxlasa da o, həmin şəxslərin adlarını ona bildirməmişdir. Daha sonra isə müəyyən etmişdir ki, ümumiyyətlə belə şəxslər mövcud deyildir. Qəmər Xanım onu aldadaraq ondan almış olduğu pulları məlum olmayan başqa işlərə sərf etmişdir. Çoxlu təkidləri nəticəsində o, gələcəkdə sübut üçün borc müqaviləsi əsasında verdiyi məbləği qaytaracağını ona bildirmişdir. Daha sonra 30 yanvar 2024-cü il tarixində Cavabdeh ilə aralarında borc müqaviləsi bağlanmışdır. Borc alan Cavabdeh öz xətti ilə həmin tarixdə qəbz formasında 108.600 manat pulun tam formada aldığını öz imzası ilə təsdiq etmişdir. Borc müqaviləsinə əsasən 108.600 manat məbləğində pul vəsaitini borc alan yəni Cavabdeh 3 ay müddətində yəni xx.xx.2024-cü tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq borc alan dediyi müddət bitdikdən sonra süni maneələr yaradaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Özünə dəfələrlə bildirdikdə guya qızlılları verdiyi şəxslərin hələ də pulu qaytarmaması bəhanəsini uydursa da sonradan məlum olmuşdur ki, ondan götürdüyü pulu digər başqa yerlərə xərcləmiş və borclarını bağlamışdır. Özünə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Aralarında bağlanan xx.xx.2024-cü il tarixli borc müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən borc məbləğinin bu müqavilənin 2.2.1-ci maddəsində göstərilən vaxtda qaytarmadıqda hər gecikdirilmiş gün üçün qaytarılmayan məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürməsi qeyd edilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar yolu ilə həll olunması qeyd edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinədək öz üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə pretenziya qaydasında xx.xx.2024-cü il tarixdə öz qeydiyyat ünvanına məktub yollanmışdır. Həmin pretenziya məktubunda cavabdehə yazılı qaydada “30 yanvar 2024-cü il tarixli borc müqaviləsinə əsasən üzərinizə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda məktub çatdığı gündən etibarən 3 gün müddətinə qanunsuz hərəkətlər nəticəsində bu günə kimi ödənilməli olan 108.600 manat pulun (maddi zərərin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi üçün Nəsimi Rayon məhkəməsinə müraciət ediləcəyi” barədə xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh heç birinə məhəl qoymamışdır. Sonda bütün bu məsələni həll etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2(006)- 639/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh verilmiş borca görə 108.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 398.7 manat alınaraq İddiaçı ödəniməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan müqavilə notarial qaydada təsdiq edilməsə də, cavabdeh tərəfindən etiraf edilmiş, lakin, müqavilənin onun iradəsi əleyhinə bağlanmasını iddia etməklə, həmin məbləğdə pulun iddiaçıdan almadığını, müqavilənin təzyiq altında imzaladığını qeyd etmiş, iddiaçıdan borca aldığı pulları müxtəlif vaxtlarda qaytarmasını bildirmişdir. Bunu məhkəməyə təqdim etdiyi qəbzlərlə sübut etməyə çalışmış, hal-hazırda isə iddiaçıya cəmi 40.000 manat borcu olmasını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqavilələri əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və aldığı 108.600 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdehin həmin müqavilənin onun iradəsi əleyhinə hədə-qorxu, təzyiq altında imza etməsi dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, buna dair heç bir sübutlar məhkəməyə təqdim edilməmiş, xx.xx.2024-cü il tarixdən ötən dövr ərzində cavabdeh müqaviləni mübahisələndirməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında borc münasibətləri olmuşdur. Lakin məhkəmə işin hallarına qiymət verməmişdir. Bundan başqa iddaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla mübarizə baş idarəsinə Cavabdeh barəsində şikayət etmişdir. Həmin şikayət üzrə araşdırma aparılmış və orda cavabdeh tərəfindən iddaçıya 40.000 manat borcu olduğunun etiraf etmişdir. Lakin məhkəmə bu hala da qiymət verməmişdir. Digər tərəfdən cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı ona pulu aralarında borc müqaviləsi bağlanmamışdan öncə vermişdir. 2023-cü ilin sentyabr, oktyabr, noyabr aylarında müəyyən məbləğlərdə borca pul almışdır. Borcunun bir qismini ödəmişdir. Hal-hazırda bu işlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırılır. Onun orada izahatı alınmışdır. 108.600 manat borca pul ona verilməmişdir. İddiaçıya hissə-hissə olmaqla 3000, 5000, və 15000 manat civarında ödənişlər etmişdir. Borc müqaviləsi və qəbzdəki imza ona məxsus olsa da, o, hədə qorxu, təzyiq altında o müqaviləyə imza çəkmişdir. Hal-hazırda iddiaçıya 40.000 manat borcu olduğunun göstərsə də məhkəmə bunları araşdırmadan tam şəkildə iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, bu müqavilə borc verən İddiaçı ilə borcalan Cavabdeh arasında 108.600 manat məbləğində pulun sonuncuya borca verilməsi, həmin borcun xx.xx.2024-cü il tarixədək qaytarılması barədə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 108.600 manatın tam həcmdə almasına dair qəbzi imzalamışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi əsasında cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində izahatı alınmışdır. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin məhkəmə iclasında təqdim etdiyi qəbzlərə və onların surətlərinə baxış keçirərkən müəyyən olunmuşdur ki, onlar müxtəlif tarixləri əhatə etməklə müqavilədən əvvəlki dövrə aiddir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ümumilikdə 108.600 manat pulun borc verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq edilməsə də, cavabdeh tərəfindən etiraf edilmiş, lakin, müqavilənin onun iradəsi əleyhinə bağlanmasını iddia etməklə, həmin məbləğdə pulun iddiaçıdan almadığını, müqavilənin təzyiq altında imzaladığını qeyd etmiş, iddiaçıdan borca aldığı pulları müxtəlif vaxtlarda qaytarmasını bildirmişdir. Bunu məhkəməyə təqdim etdiyi qəbzlərlə sübut etməyə çalışmış, hal-hazırda isə iddiaçıya cəmi 40.000 manat borcu olmasını bildirir. Göründüyü kimi cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və şərtləndirilmiş vaxtda yerinə yetirməmiş və aldığı 108.600 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Həmçinin cavabdeh həmin müqavilənin onun iradəsi əleyhinə hədə-qorxu, təzyiq altında imza etməsini bildirsə də, buna dair heç bir sübutlar məhkəməyə təqdim edilməmiş, xx.xx.2024-cü il tarixdən ötən dövr ərzində cavabdeh müqaviləni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan tələdə göstərilən məbləğdə borc pul almamasını, aldığı vəsaitdən isə 3000, 5000, və 15000 manat civarında ödənişlər etməsini və iddiaçıya cəmi 40.000 manat borcunun qalmasını bildirsə də, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında borc münasibətlərinin olmasını qəbul etmiş, həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı müqavilədəki imzanın ona məxsus olmasını qəbul etməklə artıq ona həmin məbləğdə vəsaitin verilməməsini sübut etmək öhdəliyi ona keçmişdir, lakin bu barədə, yəni müqavilədə göstərilən məbləğdə deyil, cəmi 40.000 manat borcu qalması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etmək imkanı olmuşdur. Lakin cavabdeh belə bir sübutu təqdim etməmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2(006)- 639/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə