Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2624/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "Atrabank” ASC Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, iddiaçı LPO "Atrabank” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 433/2023 saylı 06 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh məişət texnikasının alınması məqsədi ilə 15 ay müddətinə, illik 30% dərəcəsi ilə 3.000 manat məbləğində kredit verməyi, Cavabdeh isə borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 2.443 manat əsas borcu, 3860,21 manat faiz borcu və 1201,04 manat cərimə borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO "Atrabank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvafiq qaydada 2.443 (iki min dörd yüz qırx üç) manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəlik müddətinin bitdiyi xx.xx.2013-cü il tarixinə faiz borcu 3.860,21 (üç min səkkiz yüz altmış manat iyirmi bir qəpik) manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.031,22 (bir min otuz bir manat iyirmi iki qəpik) manat borcun, müqavilə üzrə borcun gecikdirildiyi günə hesablanmış 1.201,04 (bir min iki yüz bir manat dörd qəpik) manat cərimə borcunun, cəmi isə 8.535,47 (səkkiz min beş yüz otuz beş manat qırx yeddi qəpik) manat borcun və tərəflərindən ödənilmiş dövlət rüsumunun tutulub LPO "Atrabank” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən, iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 15 (on beş) ay, illik faizi isə 30 (otuz) % müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavəyə əsasən ödəməyi öhdəlik götürmüşdür. Lakin cavabdeh xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur.
4. Cavabdehin nümayəndəsi-vəkili Vəkil xx.xx.2023-cü il tarixində iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının tələbi üzrə iddia müddəti keçdiyinə görə həmin iddia rədd edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən icra müddəti 15 aydır. İddiaçının sözügedən kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia müddətinin keçməsi ilə əlaqədar olaraq İddiaçı ASC-nin (ləğv prosesindədir) ona qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-433/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən, iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin götürdüyü kredit üzrə əsas və faiz borcunu, habelə öhdəliyi vaxtında icra etmədikdə hesablanmış cərimə borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə ödəməsi barədə öhdəlik götürsə də, bu öhdəliyini icra etməmiş, nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti xx.xx.2013cü il tarixdə bitmişdir. Ləğv prosesində olan "Atrabank” ASC cavabdehə qarşı hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 372.1, 373.2, 375.2 və 377.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-433/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində tərəfindən verilən sübutlarla iddia təsdiq edilmiş və onlarla bağlı heç bir mübahisə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri əsasız olaraq nəzərə almamışdır. Qeyd edilmiş əsaslara açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən tərəflər arasında bağlanılmış 25 sentyabr 2012-ci iltarixli kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 18 ay müəyyən edilsə də, həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və kredit müqaviləsinin şərtləri pozulmuşdur. Nəticədə cavabdehin müqavilə üzrə 8535,47 manat borcu qalmışdır. Belə olan təqdirdə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti bitməmişdir. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtləri nəzərə alınmamış və əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlinmişdir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
16.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 17.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 20.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 21.739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 23.«X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.” 24.Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi LPO İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri 25 sentyabr 2012-ci il tarixdə yaranmışdır. Həmin kredit müqaviləsi 15 ay müddətinə bağlanmış, müqaviləyə əsasən icra müddətinin sonu 25 dekabr 2013-cü il tarixi kimi müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və müqavilə öhdəliyini pozmuşdur. 27.Lakin cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə əsasən məhkəmədən iddia müddətinin tətbiqi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddiaçının müqavilə öhdəlikləri üzrə icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 25 dekabr 2013-cü il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 9 il sonra iddia verməklə iddia müddətini ötürmüşdür. 28.Beləliklə iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu müəyyən edilmədiyindən, iddia müddəti isə keçdiyindən və cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
29. Məhkəmə kollegiyası apelyasiya şikayətindəki “kredit müqaviləsinin borcun ödənilənədək qüvvədə olmasına” dair dəlil ilə əlaqədar isə qeyd etməyi zəruri sayır ki, iddia müddətinin keçməsi, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitə olmaqla, tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Belə ki, qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir, borc müqaviləsi üzrə iddia müddətinin keçməsi isə həmin müqavilə üzrə yaranmış öhdəliyi və bu öhdəliyin icrasını məhkəmədən kənar qaydada tələb etmək imkanını aradan qaldırmır. 30.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-433/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov