Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2625/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, ekspert rəyinin mötəbərliliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Renault Sandero” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, “Toyota Prado” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh1 mülkiyyətindədir.
2. 18 aprel 2022-ci il tarixində saat 09:00 radələrində Cavabdeh2 idarə etdiyi “Toyota Prado” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə “Renault Sandero” markalı avtomobil aşıb tərs çevrilmiş, Səbail RPİ-nin DYPİnin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolu ilə Cavabdeh2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir.
3. “Renault Sandero” minik markalı avtomobilin rəsmi distrbyutoru olan "xxxx" MMC-nin (“Nurgün” Motors) xx.xx.2022-ci il tarixdə tərtib etdiyi qüsur aktında göstərilmişdir ki, “Renault Sandero” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 5810 manat işçilik haqqı, 16 118 manat ehtiyat hissələrinin dəyəri olmaqla 21 928 (iyirmi bir min doqquz yüz iyirmi səkkiz) manat təşkil edir. Həmin aktda qeyd olunmuşdur ki, avtomobil işlək vəziyyətdə aşdığı üçün yağ nasosu yağsız işləmiş və mühərrik bloklanmışdır, mühərrik üçün təxminən 3000 manat xərc hesablanıb. Dəqiq qiymət mühərrik söküldükdə bilinəcək.
4. İddiaçı sifarişi əsasında "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir ki, 2020-ci il buraxılışlı, “Renault” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər təxminən 21 928 (iyirmi bir min doqquz yüz iyirmi səkkiz) manat müəyyən olunmuşdur.
5. “Toyota Prado” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmış, “Renault Sandero” minik markalı avtomobilə dəymiş zərərə görə həmin sığorta şirkəti tərəfindən İddiaçı 4898 manat ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17 030 manat dəymiş zərərin əvəzi, 142 manat dövlət rüsumu olmaqla, cəmi 17 172 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 18 aprel 2022-ci il tarixində saat 09:00 radələrində Cavabdeh2 idarə etdiyi “Toyota Prado” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ilə üzü X4 istiqamətində soldan 2-ci zolaqda hərəkətdə olarkən manevr etmə nəticəsində ona məxsus “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə avtomobil aşıb tərs çevrilmiş, ətrafdakı insanların köməyi ilə aşmış avtomobilindən çıxarılmışdır. Həmin vaxt açıq yaraları olmamışdır. Səbail RPİ-nin DYPİnin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolu ilə Cavabdeh2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Bir neçə gün sonra baş ağrıları səbəbindən təcili tibbi yardıma müraciət etmiş, müayinə zamanı məlum olmuşdur ki, kəllə beyin silkələnməsi olmuşdur. Səbail RPİ-nin TŞ-də baş vermiş yol nəqliyyat hadisəsi araşdırılmış, 10 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada müraciət etmək hüququ ona izah edilmişdir. Buraxılış ili 2020-ci il olan ona məxsus “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qarantiya müqaviləsi olan “Nurgun Motors”un 18 aprel 2022-ci il tarixli qüsur aktına əsasən avtomobilin bərpası üçün çəkməli olduğu xərc 21 928 manat (5810 manat iş haqqı, 16 118 manat ehtiyat hissələrinin qiyməti olmaqla) müəyyən edilmişdir. Cavabdeh2 məsuliyyətinin icbari sığortalandığı "xxxx" ASC zərərin 4898 manat hissəsini ona ödəniş etmişdir. ABN 355913 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur.
8. Cavabdehlərin nümayəndələri (vəkilləri) iddia tələbinə etiraz etmiş, “Renault Sandero” markalı avtomobilə dəymiş ziyanın şişirdildiyini bildirməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli rəyində göstərmişdir ki, 2020-ci il buraxılışlı “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19 554,0 manat müəyyən edilmişdir.
10. Məhkəmənin 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 14 656 (on dörd min altı yüz əlli altı) manatın və 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun 122 (yüz iyirmi iki) manatının tutularaq İddiaçı ödənilməsi, Dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd olunması, ekspertiza xərci olaraq 100 (bir yüz) manatın Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın dəydiyini etiraf edir. Məhkəmə iclasında dəymiş zərəri mübahisələndirmiş və ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmişdir. Ekspertiza rəyinə əsasən dəymiş ümumi zərərin məbləği 19 554,0 manat təşkil edir. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən icbari sığorta tərəfindən iddiaçıya ödənilmiş məbləğ çıxılmaqla qalan məbləğ iddiaçının xeyrinə Cavabdeh2 tutulmalıdır (19 554 - 4898=14656 manat).
12. Məhkəmə vurğulamışdır ki, hadisə baş verən gün nəqliyyat vasitəsini mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında, yəni qanuni əsaslarla Cavabdeh2 idarə etmişdir, bu səbəblə iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir.
13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 1096-cı, 1097.1-ci, 1099.1-ci, 1108.1-ci maddələrinə istinad etmişdir.
14. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin əsas götürdüyü ekspert rəyinin şübhəli olması, ekspertiza tədqiqatının natamam aparıldığı, ekspertin iddiaçının avtomobilinə baxış keçirmədən natamam rəy verdiyi, təkrar ekspertiza təyini haqqında vəsatətinin əsassız olaraq təmin edilmədiyi, iddiaçının avtomobilinə dəydiyi irəli sürürlən zərər məbləğinin şişirdildiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı, verilən izahatlar
16. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, şikayətin dəlillərinə qiymət verilməsi üçün təkrar ekspertiza təyin edilməli olduğunu bildirmişdir.
17. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, təmsil etdiyi şəxsin avtomobilinin rəsmi servisinin avtomobilə dəymiş ziyanı hesabladığını, cavabdehlərin sadəcə ziyanı ödəməkdən yayınmaq üçün hər vasitəyə əl atdıqlarını bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı da nümayəndəsi ilə eyni mövqedə olduğunu, avtomobilini hazırkı vaxtadək təmir etdirmədiyini bildirmişdir.
19. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla təkrar avtotexniki və təkrar əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı məsələlərin həlli qoyulmuşdur:
- “Renault Sandero” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsin və mülki işin materiallarında olan fotoşəkillər, habelə xx.xx.2022-ci il tarixli “qüsur aktı” əsasında müqayisəli təhlil aparılmaqla avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş və təmirə (yaxud dəyişdirilməyə) ehtiyacı olan hissələri müəyyən olunsun. - Yuxarıda göstərilən məsələ aydınlaşdırıldıqdan sonra, nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin hazırkı dövrə dəyəri, həmin hissələrin təmiri (və ya dəyişdirilməsi) üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) dəyəri müəyyən edilsin.
20. Avtomobilə baxış keçirilməklə verilmiş 11 iyul 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Renault Sandero” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 17 008,0 manat (dəyişilməli hissələrin qiyməti 12 568 manat, təmir-bərpa işlərinin qiyməti 4440 manat), avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16 022 manat müəyyən edilir.
21. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçı və onun nümayəndəsi (vəkili) rəyin reallığı əks etdirdiyini, lakin əvvəlki rəydən və avtomobilin servis mərkəzinin aktından fərqli olaraq motorun təmiri üçün çəkilməli olan xərcin orada əks etdirilmədiyini, yalnız avtoehtiyat hissələrinin və usta xərcinin hesablandığını bildirmiş, qətnamə qəbul olunarkən bu xüsusatın nəzərə alınmasını xahiş etmişlər.
22. Cavabdehlərin nümayəndəsi (vəkilləri) rəylə razı olmadığını, iddiaçının avtomobilinə dəymiş ziyan məbləğinin şişirdildiyini bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
27. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari sığortalar haqqında” Qanun
28. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
29. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
30. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
35. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
37. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Cavabdeh2 “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 14 656 (on dörd min altı yüz əlli altı) manatın və 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun 122 (yüz iyirmi iki) manatının tutularaq İddiaçı ödənilməsi, ekspertiza xərci olaraq 100 (bir yüz) manatın Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən, qətnamənin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
45. Yuxarıda qeyd olunduğu kimi, “Renault Sandero” minik markalı avtomobilin rəsmi servisi (distryubutoru) olan "xxxx" MMC tərəfindən həmin avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görüləcək işlər daxil olmaqla 21 928 (iyirmi bir min doqquz yüz iyirmi səkkiz) manat müəyyənləşdirilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti həmin məbləği avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19 554,0 manat hesablamış, “Toyota Prado” markalı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalayan sığorta şirkətinin “Renault Sandero” markalı avtomobilə dəymiş ziyanın 4898 manat hissəsini İddiaçı ödədiyini nəzərə alan birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürməklə müvafiq nəticəyə gəlmişdir.
46. Apellyasiya baxışı zamanı, hazırkı dövrədək təmir olunmamış avtomobilə bilavasitə baxış keçirən ekspertlər isə avtomobilin təmir-bərpa xərcini təxminən 17 008,0 manat (dəyişilməli hissələrin qiyməti 12 568 manat, təmir-bərpa işlərinin qiyməti 4440 manat), avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16 022 manat məbləğində müəyyənləşdirmişlər.
47. Bununla yanaşı nəzərə alınmalıdır ki, təkrar ekspert rəyində avtomobilin motorunun təmiri üçün çəkilməli xərc əks etdirilməmiş, ilkin ekspert rəyində və avtomobilin rəsmi distrbyutoru olan "xxxx" MMC-nin (“Nurgün” Motors) xx.xx.2022-ci il tarixdə tərtib etdiyi qüsur aktında isə mühərrikə görə təxminən 3000 manat tələb olunduğu göstərilmişdir.
48. Məhkəmə kollegiyası, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği (avtoehtiyat hissələri və işçilik üçün) ilə bağlı apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyini daha mötəbər hesab edir: belə ki, həmin rəy, əvvəlki rəydən fərqli olaraq avtomobilə baxış keçirilməklə hazırlanmışdır və tədqiqat obyekti bilavasitə tədqiq edildiyi üçün, ehtimal əsasında verildən rəydən daha mötəbər olduğu qəbul edilməlidir.
49. Ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə “Cavabdeh2 “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 14 656 (on dörd min altı yüz əlli altı) manatın tutulması” hissəsində dəyişdirilməli, həmin məbləğ avtomobilin motorunun təmirinə 3000 manat tələb olunduğu da nəzərə alınmaqla 14 124 (on dörd min yüz iyirmi dörd) manat məbləğində müəyyənləşdirilməlidir (16 022 – 4898 = 11 124 + 3000 = 14 124).
51. Ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-123/2023 saylı iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi “Cavabdeh2 “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 14 656 (on dörd min altı yüz əlli altı) manatın tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh2 “Renault Sandero” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 14 124 (on dörd min yüz iyirmi dörd) manat tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə, yəni “Cavabdeh2 ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun 122 (yüz iyirmi iki) manatının tutularaq İddiaçı ödənilməsi, ekspertizası xərci olaraq 100 (bir yüz) manatın Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə