Məhkəmə qərarları › İş №2(103)-2626/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2626/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2626/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 5.000 manat pul vəsaitinin və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə vurulan maddi zərərin əvəzi olaraq 440 manat və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı ödənilməsi, İddianın qalan hissədə rədd edillməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, 50 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(006)-1073/2023 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

5. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

6. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

7. Mülki Prosessual Məcəllənin 363.1.1-ci madəsində qeyd edilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün işə apellyasiya qaydasında baxılması qeyrimümkündür.

9. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1073/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada onun vəkili Nümayəndə tərəfindən imzalanmışdır.

10. Lakin Nümayəndə cavabdehin nümayəndəsi olmasına dair etibarnamə iş materiallarına əlavə edilməmişdir.

11. Əlavə olaraq qeyd olunur ki, birinci instansiya məhkəməsinin iclas protokollarından müəyyən olunur ki, Nümayəndə cavabdehin vəkili olaraq iclaslarda iştirak etmişdir. İş üzrə yekun qətnamədə isə cavabdehin nümayəndəsi olaraq qeyd edilmişdir.

12. Elektron sistemə baxış keçirdikdə də təsdiq olunur ki, apellyasiya şikayətinin verildiyi vaxtadək, yəni 6 mart 2024-cü il tarixədək cavabdeh tərəfindən iş materiallarına əlavə edilməsi üçün etibarnamə təqdim edilməmişdir.

13. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar