Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2636/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi (anas) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2009-cu il tarixdə X7 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4793/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 cavabdehin yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment cavabdehin xeyrinə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2015/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında saxlanılmış, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən bu uşağın saxlanması üçün ödəməli olduğu alimentdən azad edilmiş, qətnamə üzrə verilmiş icra sənədinə əsasən yığılmış aliment borcu silinmiş, eyni zamanda, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4973/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2329/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2022-ci il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, lakin cavabdehin apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay 100 manat məbləğində müəyyən edilmişdir. Elektron məhkəmə informasiya sisteminin məlumatına əsasən iddiaçı hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində çalışır, aylıq əmək haqqı 1.015 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşıdır və nazirlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən onun aylıq əmək haqqı və ona edilən əlavələr 670,14 manat məbləğində pul təminatından, 544 manat maddi yardımdan, 421,95 manat məzuniyyət haqqından, 150 manat kirayə əvəzi pul kompensasiyasından, 62,08 manat ərzaq əvəzi pul kompensasiyasından və 1.055,36 manat birdəfəlik pul mükafatından ibarətdir. Həmçinin, cavabdeh vətən müharibəsi iştirakçısı olaraq hər ay 80 manat pensiya alır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü qızları, X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5235/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2329/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi alimentə dair hissədə dəyişdirilərək, 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini, hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə almaqla bu qətnaməni qəbul etmişdir. O, məhkəmə kollegiyasına cavabdehin Müdafiə Nazirliyində işlədiyini, yüksək əmək haqqı və ona əlavələr aldığını, bu baxımdan da maddi vəziyyətinin çox yaxşı olduğunu, eləcə də onun hazırda heç bir yerdə işləmədiyini, birgə nikah dövründə aldığı borca görə hər ay 250 manat məbləğində pul və uşağın təhsili ilə bağlı hər ay 100 manat X10 təkbaşına ödədiyini bildirsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Müvafiq vəkil sorğusuna əsasən Müdafiə Nazirliyindən əldə edilmiş arayışda cavabdehin aylıq əmək haqqı və ona əlavə edilən əlavələr barədə ətraflı məlumat əks olunmuşdur. Belə ki, cavabdeh pul təminatı olaraq 670,14 manat, maddi yardım olaraq 544 manat, məzuniyyət haqqı qismində 421,95 manat, kirayə əvəzi 150 manat və ərzaq əvəzi 62,08 manat pul kompensasiyası, habelə birdəfəlik pul kompensasiyası qismində 1.055 manat alır. Cavabdehin aylıq əmək haqqı və ona əlavələr 2.903,53 manat təşkil edir ki, cavabdehdən tutulan alimentin miqdarı da buna müvafiq qaydada müəyyən edilməlidir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, iddia tələbi Ailə Məcəlləsinin 112-ci maddəsini pozmaqla irəli sürülmüşdür. Belə ki, sonuncu, yəni Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cəmi 9 gün keçdikdən sonra iddiaçı ona qarşı alimentin artırılması tələbini irəli sürmüşdür. Bu iddia faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin mübahisələndirilməsi deməkdir və mahiyyətinə görə kassasiya şikayətinə uyğun gəlir. Göndərilən mediasiya təklifində alimentin tutulma qaydasının dəyişdirilməsi deyil, alimentin artırılması təklifi qeyd edilib. İddiaçının bahalı maşını, evi, ticarət obyekti, yüksək əmək haqqı olan işi var. Amma yenə də heç bir maddi əşyaya sahib olmayan bir qadından aliment tələb edir. Aliment tələbinin qazancın 1/4 miqdarında tutulması xahişi də doğru deyil. Ona göndərilən təklifdə bu cür qeyd edilməmişdir. Digər tərəfdən onun qazancı stabil deyil. Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən aliment sabit pul məbləğində də tutula bilər və qazancın müəyyən hissəsi kimi tutulması vacib deyil. İddiaçının hazırki iş üzrə tələbi nə maddi hüquq normalarına, nə də mənəvi normalara uyğun deyil. O, anası, xalası və qardaşı ilə birlikdə yaşayır. Kirayə mənzilin haqqını, kredit öhdəliklərini ödəməkdə ciddi çətinlikləri yaranmışdır. Bütün bunların öhdəsindən anasının köməkliyi ilə çətinliklə gələ bilir. 100 manat aliment isə yenicə qət edilmişdir. Ötən 2 ay ərzində onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Hazırda faktiki olaraq həmin qətnamədən şikayət vermək qətiyyən qanuna müvafiq deyil. Bu səbəbdən iddiaçının ATF şirkətlər qrupunda işləyib yüksək əmək haqqı almasını, bahalı şəxsi avtomobilinin olmasını, şəxsi ticarət obyektinin olmasını, mənim ağır həyat şəraitimi, iş üzrə yenicə qətnamə qəbul etmiş Bakı Apellyasiya Məhkəməsinin mövqeyini və sonuncu qətnamədən cəmi 2 ay keçməsini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 592/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5235/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 29 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim X5)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alınmalı və azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə cavabdehin iddiaya münasibətinə və iddiaya qarşı etiraza, o cümlədən alimentin tutulması tələbinə dair qətnamə çıxarıldıqdan sonra qısa müddət keçdikdən sonra iddiaçının yenidən bu tələblə məhkəməyə müraciət etməsi barədə fikirlərinə istinadən qeyd etmişdir ki, tərəflər arasındakı alimentin tutulması ilə əlaqədar olan münasibətlər davamlı xarakter daşıdığı üçün iddiaçı cavabdehin əmək haqqı və gəlirləri barədə arayış məhkəməyə təqdim etmiş və iddia tələbini əsaslandırmışdır. Arayışdan göründüyü kimi cavabdehin aylıq gəlirləri yüksək olduğu üçün sabit pul məbləğinə münasibətdə alimentin dəyişdirilərək onun əmək haqqından tutulması uşağın mənafeyi baxımdan daha məqsədəuyğun olardı.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı, 76-cı, 112-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233-cü, “Uşaq hüquqları haqında” Qanunun 5-ci, BMT-nin “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyənnaməsinin 6-cı maddələrinə, habelə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, zəif bir qadın və müharibə veteranı olmağını, ağır maddi vəziyyətini, ixtisara düşməyini, çoxlu borcunun olmasını, iddiaçının isə yaxşı işinin, maşınının və obyektlərinin olmasını nəzərə alaraq, Ailə Məcəlləsinin 78.1-ci maddəsini tətbiq etməklə ondan hər ay sabit pul məbləğində 120 manat və ya Ailə Məcəlləsinin 76.2-ci maddəsini tətbiq etməklə qazancının 1/8 hissəsi məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının maddi vəziyyəti hərtərəfli araşdırılmamışdır. Belə ki, onun yüksək qazancı, yaxşı işi, avtomobili və obyektləri var. Onun hazırki maddi vəziyyəti, sərəncamda olmağı, ixtisara düşməyi, ağır borc yükü altında olmağı ilə bağlı işin faktiki halı araşdırılmamışdır. Halbuki onun ağır maddi durumu iş üçün mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, məhkəmə işə formal əsaslarla yanaşaraq hərtərəfli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və pozmuşdur. Nəticədə uşaqların minimum yaşayış həddi olan 220 manat pulun 200 manata yazın hissəsi ondan tutulacaqdır. Halbuki, onun tərəfindən qeyd edilənlər nəzərə alınmaqla, təyin edilən dörddə bir hissəi azaldıla bilərdi. Belə ki, bu hissənin azaldılmasının mümkünlüyüqanunvericilikdə də əks olunmuşdur. Məsələn, aliment məbləği 1/8 və ya digər fərqli hissə kimi müəyyən edilə bilərdi. Qanun buna imkan verirdi. Beləliklə, şikayət edilən qətnamə ilə bu maddi hüquq norması pozulmuşdur. Məhkəmə bu maddi hüquq normasını qeyd etmiş, lakin faktiki tətbiq etməyərək pozmuşdur. Bundan əlavə onun hazırda işləyib-işləməməyi və qazancının stabil, yoxsa qeyri-müntəzəm olması faktiki halı da məhkəmə tərəfindən dəqiq aydınlaşdırılmamışdır. İş materiallarındakı maliyyə arayışı isə 6 ay əvvələ aid olmuş, əslində o, hazırda sərəncamdadır və ixtisara düşmüşdür. Göstərdiyi hal məhkəmə tərəfindən araşdırılsaydı, qət edilən aliment qazancın hissəsi kimi ümumiyyətlə müəyyən edilməzdi və ya ixtisara düşdüyü nəzərə alınaraq ya sabit pul məbləği ilə, ya da daha az hissə ilə müəyyən oluna bilərdi. Ona görə də bu faktiki hal iş üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Ailə Məcəlləsinin 76.2-ci və 78.1-ci maddəsində maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların mövcudluğu məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o, 1 aydır ki sərəncamdadır. Belə ki, Gəncə şəhərində yaşayır və hazırda Gəncə zonasında hərbi qulluq keçir, lakin ona Qarabağ zonasında xidmət keçmək təklif olunur. O, da qadın olduğu üçün həmin zonada hərbi qulluqçu kimi işləməyə razılıq verməmişdir. Bu səbəbdən Gəncə zonasında vakant hərbi qulluqçu vəzifəsi olmasa, onu işdən azad edəcəklər. Aylıq vəzifə maaşı 720 manat, rütbəyə görə isə əlavə 110 manat, Vətən Müharibəsi iştirakçısı olduğuna görə isə 80 manat təqaüd alır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur; 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, qazancının 1/8 hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, tərəflərin izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi ilə bağlı işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, bu hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin bu zaman birinci instansiya məhkəməsi tərəfindən tərəflərin maddi vəziyyətinə müqayisəli şəkildə hüquqi qiymət verilməmiş və nəticədə 1 uşaq üçün müəyyən edilmiş payın miqdarının Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbləri baxımından azaldılmasının mümkünlüyünü nəzərə alınmamışdır.
22. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.
23. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq hər ay onun qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi ilə razılaşmır. Hazırda sərəncamda olduğunu, ixtisara düşdüyünü, banklar qarşısında öhdəliklərinin olduğunu və kredit ödədiyini, habelə iddiaçının yüksək gəlirə (yüksək dəyəri olan avtomobilə və ticarət məqsədi ilə istifadə edilən qeyri-yaşayış sahəsinə) malik olduğunu bildirir. Lakin bu dəlillərini təqdiq edən hər hansı sübut təqdim edə bilmir. Ən əsası da apellyasiya şikayətinə uyğun olaraq ondan uşağın saxlanılması üçün yalnız 120 manat (qazancının 1/8 hissəsi miqdarında) alimentin tutulmasının mümkün olmasını sübut edə bilmir. Nəticə etibarı ilə cavabdeh alimentin 120 manat miqdarında tutulmasına razı olmaqla, ümumilikdə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsinə etiraz etmədiyini bildirir və dəyişdirilən məbləği mübahisələndirir.
24. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşıdır. Həmin qurum tərəfindən təqdim edilmiş arayışa əsasən cavabdehin aylıq əmək haqqı və ona edilən əlavələr 670,14 manat məbləğində pul təminatından, 544 manat maddi yardımdan, 421,95 manat məzuniyyət haqqından, 150 manat kirayə əvəzi pul kompensasiyasından, 62,08 manat ərzaq əvəzi pul kompensasiyasından və 1.055,36 manat birdəfəlik pul mükafatından ibarətdir. Həmçinin, cavabdeh vətən müharibəsi iştirakçısı olaraq hər ay 80 manat pensiya alır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay 100 manat məbləğində müəyyən edilərkən cavabdehin bu gəlirləri barədə hər hansı məlumat olmamışdır. Ailə qanunvericiliyin tələbləri baxımından bu münasibətlərin davamlı xarakter daşıması və tərəflərin maddi vəziyyətinin dəyişməsi nəticəsində müəyyən edilmiş aliment miqdarının azaldılmasının və artırılmasının mümkün olması hazırki iddianın rədd edilməsini istisna edir və apellyasiya şikayətinin bu dəlilinin də əsassız olmasını təsdiq edir.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh alimentin 120 manat miqdarında müəyyən edilməsini tələb edir və bu məbləği aylıq qazancının 1/8 hissəsi kimi təqdim edir. Burdan da belə qənaətə gəlmək olur ki, onun aylıq gəliri müntəzəm və sabit olmaqla (120 x 8 = 960) 960 manat təşkil edir. Bu da öz növbəsində alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasını mümkün edir və hər hansı çətinlik törətmir. Alimentin bu qaydada tutulması cavabdehin marağının əhəmiyyətli dərəcədə pozulması kimi də qiymətləndirilə bilməz. Bu səbəbdən alimentin sabit pul məbləğində tutulması barədə dəlil də əsassızdır.
26. Cavabdehin aylıq əmək haqqı və ona edilən əlavələrdən məzuniyyət haqqı və birdəfəlik pul mükafatı istisna olmaqla digər bütün məbləğlər ona hər ay ödənilir. Onların da ümumi məbləği (670,14 + 544 + 150 + 62,08 + 80 = 1.506,22) 1.506,22 manat təşkil edir. Cavabdeh aylıq vəzifə maaşının 720 manat olduğunu, rütbəyə görə isə əlavə 110 manat pul və Vətən Müharibəsi iştirakçısı olduğuna görə isə 80 manat təqaüd aldığını bildirsə də, bu barədə hər hansı sübut təqdim etmir, eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş həmin arayışda göstərilən və müntəzəm olaraq ödənilən məbləğlərdən hər hansı birini hazırda almadığını sübuta yetirə bilmir.
27. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, bu barədə məhkəməyə hər hansı məlumat verməsə də, cavabdehlə yanaşı iddiaçı da aylıq müntəzəm gəlirə malikdir. Belə ki, cavabdeh hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1.015 manat təşkil edir.
28. Bununla belə, aliment məbləğinin müəyyən edildiyi tarixdən etibarən iddiaçının maddi vəziyyətində dəyişiklik olmuş, cavabdehin aylıq qazancı barədə isə tam məlumat təqdim edilmişdir.
29. Bu səbəbdən məhkəmə kollegiyası uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və belə qənaətə gəlir ki, bu payın miqdarı tərəflərin hazırki maddi vəziyyəti, eləcə də diqqətəlayıq olan başqa hallar nəzərə alınmaqla cavabdehin hər ay qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında müəyyən edilməlidir.
30. Hər bir halda, alimentin bu miqdarda müəyyən edilməsi ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.
31. Məhkəmə kollegiyası diqqətəlayıq olan başqa hal kimi onu da nəzərə alır ki, iddiaçıdan fərqli olaraq cavabdehin uşağın saxlanılması ilə bağlı öhdəliyi yalnız ondan tutulan aliment məbləği ilə məhdudlaşdırılır. Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, “Planlaşdırılmamış xərclər” məfhumu mövcuddur və reallıqda uşaqlarla bağlı tez-tez yaranır.
32. Məhkəmə kollegiyası hər ay cavabdehdən tutulan məbləğə də aydınlıq gətirilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, uşağın saxlanılması üçün altıda bir hissədə aliment hər ay cavabdehin yalnız qazancının deyil, həmçinin başqa gəlirlərindən də tutulmalıdır. Başqa sözlə, məhkəmə kollegiyasının mövqeyinə əsasən uşağın saxlanılması üçün tutulan aliment məbləği yalnız cavabdehin xalis əmək haqqı ilə məhdudlaşdırılmamalıdır və aldığı digər əlavələrə də şamil edilməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-592/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, qismən “Cavabdeh Arif qızından 29 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh 29 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Bir il ərzində ödəmənin məcmusu baxımından hazırkı iş üzrə (qətnamənin iddiaçıya münasibətdə dəyişdirilən hissəsində, cavabdehə münasibətdə isə ümumi məbləğ olaraq) iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-592/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, qismən “Cavabdeh Arif qızından 29 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 29 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.