Məhkəmə qərarları › İş №2(103)-2644/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2644/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2644/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 yanvar 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona vurduğu maddi zərərin (əldən çıxmış fayda) əvəzinin ödənilməsi məqsədi ilə 40.199 manat, vurduğu mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 242 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 28 saylı evdə yerləşən 7 saylı mənzili cavabdehdən xx.xx.2016-cı il tarixli notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında almışdır. Həmin müqaviləsi əsasında iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2016-cı il tarixdə “Çıxarış” verilmişdir. “Alğı-satqı müqaviləsinin” 9-cu bəndində qeyd edilmişdir ki, satıcı (cavabdeh) mənzil ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Lakin cavabdeh müqavilədə qeyd olunan şərti pozaraq hər dəfə mənzili boşaldaraq təhvil verəcəyini bildirsə də, sonradan, bacısı X1 və bacısı qızı X3 həmin mənzilə yerləşdirərək mənzili iddiaçıya təhvil verməkdən imtina etmiş, bununla da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozmuşdur.

Bu səbəbdən, iddiaçı, Binəqədi Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, Səbinə və Şamama Ələkbərovların mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və “mənzilin pulunun ödənilməsinə dair” müstəqil iddia vermişdir. Həmin iddialara dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnamə ilə hazırkı iş üzrə iddiaçının iddiasının təmin edilməsini, Səbinə və Şamam Ələkbərovların iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmalarıı, hazırkı iş üzrə cavabdehin “pul tələbi barədə” müstəqil iddiasının təmin edilməməsini qət etmişdir.

Bundan başqa, hazırkı iş üzrə cavabdeh hazırkı iş üzrə iddiaçıya qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin işə baxmış Binəqədi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(001)- 2116/2023 saylı qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır.

Göründüyü kimi cavabdeh məhkəmə qətnamələrinin də olmasına baxmayaraq 2016-cı ildən bu günə qədər mənzili qanunsuz və əsassız olaraq iddiaçıya təhvil vermir. Cavabdeh mənzili vaxtında iddiaçıya təhvil versəydi, iddiaçı da həmin mənzili kirayəyə verərək pul əldə edə bilərdi. İddiaçı 8 il ərzində xüsusi mülkiyyətində olan əmlakından məhrum olmaqla əldə edəcəyi gəlirdən məhrum olunmuşdur. İddiaçının mənzili almaqda məqsədi ondan ibarət olmuşdur ki, həmin mənzili öz istədiyi kimi təmir etdirib kirayəyə verəcəkdi ki, qazanc əldə etsin. “X4” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 127 nömrəli rəydə qeyd edilir ki, mənzilin kirayə haqqı 2017-ci ilin yanvar ayından 2018-ci ilin yanvar ayınadək 299 manat, 2018-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək 332 manat, 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək 369 manat, 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək 410 manat, 2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək 455 manat, 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək 506 manat, 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək 562 manat, 2024-cü ilin yanvar ayından 2024-cü ilin avqust ayınadək 625 manat təşkil edir. Buna görə də, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 40.199 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Bundan başqa, cavabdeh öz hərəkəti ilə iddiaçıya mənəvi zərər də vurmuşdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 242 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, həmin məbləğ də, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) cavabdehin iddia tələbinə dair münasibətləri barədə məlumat

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək, bildirmişdir ki, onunla iddiaçı arasında xx.xx.2016-cı il tarixində bağlanmış “Alğı-satqı müqaviləsinin” 11-ci maddəsinə əsasən, o, mübahisəli mənzili xx.xx.2016-cı il tarixinədək faktiki iddiaçının sahibliyinə verməyi, müqavilənin 13-cü maddəsinə əsasən, o, mənzildən xx.xx.2017-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. O, mübahisəli mənzildən hələ 2008-ci ildə qeydiyyatdan çıxmışdır. Buna görə də, o, mənzilə aid sənədləri alıcı olan iddiaçıya vermişdir. xx.xx.2016-cı il tarixindən bu günədək mübahisəli mənzildə, mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan onun bacısı Səbinə və bacısının qızı Şamama yaşamış və mənzildən istifadə etmişlər. 8 ilə yaxın müddətdə mənzilin bütün kommunal xərcləri onlar tərəfindən ödənilmişdir, bu müddətdə mənzildə böyük təmir işləri aparmışlar. “Alğı-satqı müqaviləsi” bağlanarkən onların istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizə verilməmişdir. Məhkəmə qətnamələrindən də, görünür ki, iddiaçı mənzili alandan sonra onların bir müddət mənzildə yaşamalarına etiraz etməmişdir. Hətta Şamamanın xeyir işi ilə bağlı yüngül kosmetik təmir edəcəklərini bildirdikdə, iddiaçı, yenə də etiraz etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsində qeyd edilən məsələnin yaranmasında günahkar, o deyil, iddiaçı özüdür. Buna görə də, iddia tələbi rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus mənzildə yaşamır və yaşayış yeri üzrə qeydiyyatda deyil. Mənzilə dair satıcı olaraq cavabdeh ilə alıcı olaraq iddiaçı arasında “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra artıq iddiaçının mülkiyyətinə keçmiş mənzilində yaşayan şəxslər Səbinə Ələkbərova və Şamama Ələkbərova olmuş, onlar həmin mənzildə iddiaçının razılığı ilə yaşamağa davam etmişlər. Belə ki, hazırkı iş üzrə iddiaçı Səbinə Ələkbərova və Şamama Ələkbərovaya qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi barədə” iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin sonradan ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Binəqədi Rayon Məhkəməsi 2(001)-4163/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla iddia ərizəsini baxılmamış saxlanılmasını qərara almışdır. Səbinə Ələkbərova və Şamama Ələkbərovanın mübahisəli mənzildə iddiaçının razılığı ilə yaşamaqda davam etmələri həmçinin onunla təsdiq edilir ki, iddiaçının vəkili (nümayəndəsi) 2(001)-118/2024 saylı işə baxmış Binəqədi Rayon Məhkəməsində izahat verərkən bildirmişdir ki, iddiaçı, 2016-cı ildə mübahisəli mənzili aldıqdan sonra Səbinə Ələkbərova və Şamama Ələkbərovaya icazə vermişdir ki, onlar bir müddət mənzildə yaşasınlar. Göründüyü kimi, iddiaçı, mənzilin ona təhvil verilməməsi ilə bağlı ona maddi və mənəvi zərərin məhz cavabdeh tərəfindən vurulmasını iddia etsə də, bu hal təsdiq edilmir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verilmiş izahatlar barədə məlumat

8. Apellyator olan iddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh, apellyasi şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, mübahisəli mənzil alıcı olaraq iddiaçı ilə satıcı olaraq cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı Şəhəri 50 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Alğı-satqı müqaviləsinə” əsasən cavabdehin mülkiyyətindən iddiaçının mülkiyyətinə keçmişdir.

12. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ yaransa da, işin hallarından müəyyən edilir ki, iddiaçı mənzilə sahiblik edə bilmir.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2116/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə Cavabdeh hazırkı iş üzrə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair onların arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə həmin iddiaya dair mülki işə baxaraq iddianın təmin edilməməsini qət etmişdir.

14. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-5657/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

15. Cavabdeh həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərarı (iş № 2(102)-1346/2024) ilə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Nazim Cavadov cavabdehlər Səbinə Ələkbərova və Şamama Ələkbərovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə üçüncü şəxs olan Cavabdeh isə İddiaçı qarşı müstəqil iddia ilə məhkəməyə müraciət edərək, mənzilin dəyərinə görə 155.000 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddialara dair mülki işə baxmış məhkəmə Nazim Cavadovun iddiasının təmin edilməsini, Səbinə Ələkbərovanın və Şamama Ələkbərovanın mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılmalarını, Cavabdeh isə müstəqil iddiasının təmin edilməməsini qət etmişdir.

17. Qətnamədən görünür ki, məhkəmə iclasında iddiaçı Nazim Cavadovun vəkili (nümayəndəsi) Vəkil izahat verərək bildirmişdir ki, Nazim Cavadov 2016-cı ildə mənzili Cavabdeh aldıqdan sonra sonuncunun bacısı Səbinə Ələkbərovaya və bacısının qızı Şamama Ələkbərovaya mənzildə müvəqqəti yaşamalarına icazə vermişdir. Bir müddət sonra onlar mənzildən çıxmamış və bu səbəbdən də, Nazim Cavadov, 2019-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbinə Ələkbərovanın və Şamama Ələkbərovanın mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə baxılan zaman, Nazim Cavadov, onların başqa yaşayış yerlərinin olmamasını nəzərə alaraq onlara bir daha icazə vermişdir ki, onlar mənzildə müvəqqəti yaşasınlar. Bu səbəbdən də həmin iş baxılmamış saxlanılmışdır.

18. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Şamama Əkbərovanın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2(103)-5869/2024) ilə apellyasiya şikayəti təmin edilməməsini, barəsində verilmiş qətnaməni dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

19. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4163/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli “iddianın baxılmamış saxlanılması barədə” qərardadından görünür ki, İddiaçı, onun tərəfindən cavabdeh Səbinə Ələkbərovaya qarşı irəli sürdüyü “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

20. Hazırda iddiaçı bildirir ki, onun mülkiyyət hüququ Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, onunla cavabdeh arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” 9-cu bəndində qeyd edilmişdir ki, satıcı (cavabdeh) mənzil ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Lakin cavabdeh müqavilədə qeyd olunan şərtini pozaraq hər dəfə mənzili boşaldaraq təhvil verəcəyini bildirsə də, sonradan, bacısı Səbinə Ələkbərovanı və sonuncunun qızı Şamama Ələkbərovanı həmin mənzilə yerləşdirərək mənzili ona təhvil verməkdən imtina etmiş, bununla da onun mülkiyyət hüququnu pozmuşdur. Bundan sonra aralarında mülki mübahisə yaranmış və mübahisə məhkəmələrin baxış predmetləri olmuşdur.

21. Lakin yuxarıda qeyd edilən məhkəmə aktlarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozmamış, o, mənzildə yaşamamış, iddiaçının razılığı ilə mənzildə cavabdehin bacısı Səbinə Ələkbərova öz qızı Şamama Ələkbərova ilə birlikdə yaşamışdır.

22. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).

26. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına (bax: hazırkı qətnamənin 21-ci bəndinə) yanaşdıqda müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh hazırkı iş üzrə iddiaçıya nə maddi, nə də ki, mənəvi zərər vurmamışdır.

27. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi

28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

30. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

31. İddiaçı apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

32. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar