Məhkəmə qərarları › İş №2(103)-2649/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2649/2025

07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2649/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-305/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X4 xx.xx.2014-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. (xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV 078898 nömrəli doğum haqqında şəhadətnamə).

2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2856/2021 nömrəli qətnaməsi ilə, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-2667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2024-cü il tarixli 47 №-li arayışına əsasən, Cavabdeh 2024-cü il 03 iyun tarixdən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Abşeron rayon Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsində fəhlə işləyir və aylıq əmək haqqı 345 manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2856/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2856/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci il təvəllüldü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh ona 100-150 manata yaxın aliment ödəyir. Bu da hazırkı vaxta uşaqların yaşayış minumumdan da olduqca azdır və həmin pulla uşağın bu günkü tələbatını ödəmək mümkün deyildir. Uşağın gündəlik yemək, geyimək kimi tələbatları vardır. Həmin tələbatlarının ödənilməsində atası da köməklik etməlidir. Hazırda cavabdehdən uşaqların yaşayış minimumu məbləğində sabit pul məbləğində alimentin tutulmasını istəyir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-305/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2856/2021 saylı qətnaməsi müəyyən edilmiş aliment dəyişdirilsin və xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddiaçının azad olunduğu 49.76 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim X6).

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianı qismən təmin edib xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən onun maddi və ailə vəziyyəti və səhhəti nəzərə alınmamışdır. İlk öncə qeyd edilməlidir ki, övladının maddi rifahının yaxşı olmasını arzuluyur və imkanı olsa daha çox aliment vermək istəyərdi. Lakin, onun maddi imkanı alimenti ödəməyə kifayət etmir. Belə ki, qətnamədən və apellyasiya şikayətinə əlavə etdiyi arayışdan da görünür ki, aylıq əmək haqqı 400 manatdır. O, ikinci dəfə ailə həyatı qurmuş, daha iki övladı dünyaya gəlmişdir. Məhkəmə qətnamə qəbul edərkən onun daha iki övladının olmasını nəzərə almamışdır. Qətnamənin nəticə hissəsində X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Başqa sözlə hər ay ondan 248 manat aliment tutulmalıdır. Məhkəmə iddiadan kənara çıxaraq iddia ərizəsində göstərilən 235 manatı artıraraq alimentin məbləğini 248 manat müəyyən etmişdir. Qeyd edilən qətnamə ilə onun əmək haqqısının 248 manatı alimentə yönəldiyi təqdirdə ona cəmi 152 manat qalır. Hər ailə üzvünə 248 manatdan hesablansa gərək onu əmək haqqı 992 manat olsun. Hazırkı həyat yoldaşı işləmir. Ailənin yeganə dolanışıq gətirən şəxsidir. Başqa gəliri yoxdur. Göründüyü kimi məhkəmə maddi və ailə vəziyyətini nəzərə alınmamışdır. Halbuki, Ailə Məcəlləsinin 101.2-ci maddəsinin tələblərinə əsasən alimentin miqdarı müəyyənləşdirilərkən şəxsin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Digər tərəfdən o, xəstədir, səhhətimdə ciddi problemləri var. Apellyasiya şikayətinə əlavə edilmiş epikriz və 05 iyun 2001-ci il tarixli 344 saylı Aktdan da görünür ki, mən 27 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonu ərazisində erməni ordusu tərəfindən atılmış mərmi partlayışı nəticəsində başından yaralanmışdır. Ona başın travması, postravmatik ensefalopatiya, tez-tez qıcolma tutmaları ilə intellektin enməsi və iradi pozğunluqlar dioqnozu qoyulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.

11. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

14. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

15. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən pellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi xahiş edildiyindən qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən tutulmuş alimentin məbləği ilə razılaşmır, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirir.

23. Lakin nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından xx.xx.2014-ci il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda iddiaçı uşağının saxlanması üçün təyin edilən alimentin artırılmasını tələb edir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq kollegiya qeyd edir ki, tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası cavabdehin qazancının alimenti ödəmək üçün kifayət qədər qazanca malik olmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.

26. Eyni zamanda hazırda minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş alimentə münasibətdə qeyd edilməlidir ki, bu həddə alimentin müəyyən edilməsi özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların cavabdehin övladınının saxlanılmasında və getdikcə artan tələbatının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən uşağının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

27. Məhkəmə kollegiyası cavabdehin qazancının olmaması, sonradan ailə qurmaqla həmin nikahdan da iki uşaqlarının olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2021-ci il) qəbul edilməsindən 4 ildən çox müddət ötmüş, o cümlədən uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin sabit pul məbləğində aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.

28. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin ikinci nikahından da bir uşağının olması hazırki iş üzrə alimentin tutulması müəyyən edilən uşağının təminat xərclərinin azaldılması, yəni daha az məbləğdə müəyyən edilməsi üçün əsas ola bilməz. Hazırda müəyyən edilən alimentə də münasibətdə qeyd edilməlidir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə tərəfindən uşağın saxlanılması üçün tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

29. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Hazırkı iş üzrə qətnamənin alimentin məbləği ilə bağlı mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-305/2025 nömrəli 18 fevral 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar