Məhkəmə qərarları › İş №2(103)-2653/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2653/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2653/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahlarından 17 iyul 2005-ci il təvəllüdlü X2 və 30 yanvar 2009-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli, 2(008)- 339/2012 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 21 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində bağlanmış, 1387 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 17 iyul 2005-ci il təvəllüdlü X2 və 30 yanvar 2009-cu il təvəllüdlü X3 adlı uşaqların anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

3. Uşaqlardan 17 iyul 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 30 yanvar 2009-cu il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh 12 dekabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 17 fevral 2005-ci il təvəllüdlü X2 və 30 yanvar 2009-cu il təvəllüdlü X3 adlı uşaqları vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli, 2(008)-339/2012 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 87 manat olmaqla, ümumilikdə 174 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Hazırda uşaqlardan Gülzar yetkinlik yaşına çatmış, Mədinə isə 15 yaşındadır. Bu yaşda uşağın gündəlik tələbatlarının ödənilməsi üçün 87 manat aliment kifayət etmir. İddia ərizəsi “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmışdır.

6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Sabunçu Rayon Məhkəməsinin alimentlə bağlı qətnaməsi 11 ildir qüvvəyə minib icraya yönəlsə də, cavabdeh məhkum olunduğundan və artıq 12 ildən artıqdır ki, cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, həmçinin, cəzasını hələ də çəkməyə davam etdiyindən alimenti ödəyə bilməmiş, həmin vaxtdan aliment borcu yığılmışdır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumu hər ay 220 manat həddində müəyyən edilsə də, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. İddiaçı özü işləmək və uşaqları saxlamaq qabiliyyətindədir, o, isə 12 ildir cəzaçəkmə müəssisəsində cəza çəkir. Bundan başqa, yuxarıda qeyd olunan, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən də hazırki halda iddiaçının 11 il ərzində aliment almadan uşaqları saxlaya bilməsi, tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətdə hansı dəyişikliyinin olmaması, əksinə onun hələ də məhkum olaraq cəzaçəkmə müəssisəsində cəza çəkməsi, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə heç bir təsirinin olmaması, eləcə də cavabdehin aliment məbləğini ödəmək imkanının və qabiliyyətinin olmaması aliment məbləğinin artırılmasını istisna edən hallardır və bu halda aliment məbləğinin artırılması üçün əsaslar mövcud deyildir. İddiaçı tərəfindən ona 109.431 manat pulun ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi isə icraya yönəldiyi tarixdən 1 il keçməsinə baxmayaraq, bugünədək qətnamə icra olunmamış, pul ödənilməmişdir. İddiaçı 11 il ərzində aliment məbləğinin artırılması barədə iddia qaldırmaması, məhz ondan 109.431 manat pulun tutulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi uşağın saxlanması üçün deyil, məhz ona ödəməli olduğu pul vəsaitini əvəzləşdirmək məqsədi daşıyır

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(001)- 647/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, normal, yəni qida rasionalarına uyğun qidalanmasını, təhsili, geyimi və s. ilə bağlı xərclərin mövcudluğunu və iddia tələbini nəzərə alaraq hesab etmişdir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyindən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği 220 manat sabit pul məbləğində müəyyən olunması qanunvericiliyin tələblərinə, eləcə də uşağın üstün maraqlarına uyğundur.

9. Həmçnin məhkəmə cavabdeh tərəfin iddiaya etirazda göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi cavabdehin maddi vəziyyətində müsbətə doğru heç bir dəyişikliyin olmamasına, əksinə, onun uzun illərdir ki, cəzaçəkmə müəssisəsində cəza çəkməklə, maddi gəlirinin olmamasına, əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş alimenti ödəyə bilmədiyi üçün alimentin məbləğinin yığıldığına istinad etsə də, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 109.431 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və qətnamə icraya yönəlmişdir. Bu isə o deməkdir ki, toplanmış aliment borcunun, habelə bu qətnamə ilə müəyyənləşdirilmiş alimentin həmin məbləğ hesabına ödənilməsi mümkündür və bu hal cavabdehin maddi vəziyyətində müsbətə doğru nəzərə çarpacaq dəyişiklik deməkdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1-ci maddələri; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8-2/2016 nömrəli Qərarına; “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə; Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il, 2(001)-647/2024 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. Belə ki, Sabunçu Rayon Məhkəməsinin alimentlə bağlı qeyd olunan qətnaməsi 11 ildir qüvvəyə minib icraya yönəldilsə də, cavabdeh məhkum olduğundan və artıq 12 ildən artıqdır ki, cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən və cəzasını hələ də çəkməyə davam etdiyindən aliment məbləğini ödəyə bilməmiş və həmin vaxtdan aliment borcu yığılmışdır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. İddiаçı özü işləmək və uşaqları saxlamaq qabiliyyətlidir, cavabdeh isə 12 ildir cəzaçəkmə müəssisəsində cəza çəkir. Bundan başqa, yuxarıda qeyd olunan, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən də, hazırki halda iddiaçının 11 il ərzində aliment almadan uşaqları saxlaya bilməsi, tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyinin olmaması, əksinə onun hələ də məhkum olaraq cəzaçəkmə müəssisəsində cəza çəkməsi, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə heç bir təsirinin olmaması, eləcə də onun zatən aliment məbləğini ödəmək imkanının və qabiliyyətinin olmaması aliment məbləğinin artırılmasını istisna edən hallardır və bu halda aliment məbləğinin artırılması üçün əsaslar mövcud deyildir. Bundan əlavə, onun uzun illər cəzaçəkmə müəssisəsində olduğundan, hazırki iş üzrə iddiaçı onu aldadaraq və ondan şərtləşdirilmiş qaydada etibarnamə alaraq, ona məxsus əmlakın sökülməsi nəticəsində Yasamal RİH ilə müqavilə bağlamış və əvəzində 109.431 manat (yüz doqquz min dörd yüz otuz bir) manat məbləğində pul almış, lakin razılaşdırılmış şərtlərə əməl etməmiş və həmin məbləği əsassız olaraq mənimsəmişdir. Bundan sonra, iddiası əsasında, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3088/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni 54.715 (əlli dörd min yeddi yüz on beş) manatın alınmasının rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi, cavabdeh İddiaçı 54.715 (əlli dörd min yeddi yüz on beş) manat da alınması, cəmi 109.431(yüz doqquz min dörd yüz otuz bir) manat olmaqla ona verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin 1 il vaxt keçməsinə baxmayaraq bugünədək qətnamə icra olunmamış və İddiaçı tərəfindən 109.431 (yüz doqquz min dörd yüz otuz bir) manat pul ona hələ də ödənməmişdir. İddiaçı 11 il ərzində aliment məbləğinin artırılması barədə iddia qaldırmaması, məhz ondan 109.431 (yüz doqquz min dörd yüz otuz bir) manat pulun tutulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi uşağın saxlanması üçün deyil, məhz ona ödəməli olduğu pul vəsaitinin əvəzləşdirmək məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin mövqeyi ilə yanaşılsa, yəni 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyi üçün, məhz bu səbəbdən də aliment məbləği artırılaraq 220 manat müəyyən edilirsə, bu zaman həmin məbləğin tam olaraq yalnız valideynlərdən birinə (hazırki halda ona) yönəldilməsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, həmin maddənin tələbinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Belə olan halda aydın olur ki, uşaqlar üçün müəyyən olunmuş 220 manat yaşayış minimumu hər iki valideyn arasında bərabər bölünməlidir. Digər tərəfdən isə, işə baxan məhkəmə qüvvədə olan qətnaməyə istinad edərək iddiaçının cavabdehə 109.431 (yüz doqquz min dörd yüz otuz bir) manat borcunun olduğuna istinad edərək, guya bunun cavabdehin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alsa da, bu tam absurddur. Belə ki, həmin məbləğ ona ödənilməmiş, qətnamə icra olunmamış və qeyd olunan pul vəsaiti hələ də iddiaçının özündə olmaqla onun deyil, məhz iddiaçının vəziyyətini yaxşılaşdıran haldır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmuş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin yanaşması əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsinin 27 iyul 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr aliment məsələlərinə baxarkən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki maddi təminat vəziyyətini nəzərə almalıdırlar. Cavabdeh 2011-ci ildə məhkəmə hökmü ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasını cəzaçəkmə müəssisəsində çəkir. Məhkum olunduqdan 1 il sonra boşanma və aliment barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Qeyd etmişdir ki, cavabdeh 11 il ərzində cəzaçəkmə müəssisəsində olub və əvvəlki aliment borcu yığılıb, heç bir ödəniş etməyib. Hazırkı iş üzrə iddiaçı cavabdehin etibarından sui-istifadə edib, etibarnamə alaraq cavabdehin əmlakını sataraq özgəninkiləşdirib və onun əmlakı hesabına vəsaitlər əldə edib. Bundan sonra onlar məhkəməyə müraciət etmişlər, məhkəmə qətnamə çıxararaq 110.000 manat iddiaçıdan tutularaq cavabdehə verilməsini qəbul etmişdir. Qarşı tərəf bundan sonra alimentin qaldırılması barədə iddia qaldırıb. Qarşı tərəf məhkəmədə özü təsdiq etmişdir ki, cavabdehin borcu olduğu üçün alimenti qaldırır ki, borcu azalsın. Bu aliment sözünün mənası ilə, nə uşaqlara, nə onların həyat səviyyəsi ilə, nə də cavabdehin vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar deyil. Əksinə bu cavabdehin vəziyyətinin pisləşməsinə səbəb olub. Məsələ burasındadır ki, cavabdeh məhkumdur və 12-13 ildir ki, cəzaçəkmə müəssisəsindədir. İşin digər halı ondan ibarətdir ki, qarşı tərəf iddiaçının əmlakını satmışdır (hal-hazırda pul qarşı tərəfdədir və ödəmir). 220 manat aliment miqdarına münasibəti odur ki, minimum aliment miqdarıdır və bunun ödənilməsi hər iki valideynin borcudur. 220 manat alimentin artırılmasına əsas yoxdur.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

20. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

21. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

22. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

24. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

25. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

26. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

28. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

29. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

30. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

31. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır.

35. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

36. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. Yanında uşaq saxlanılan valideynin maddi vəziyyətinin digər tərəfə nisbətdə yüksək olması da sonuncunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan məbləğdə aliment ödəməklə öz yetkinlik yaşına çatmamış övladlarını saxlamaq vəzifəsindən azad etmir. Belə ki, məhkəmə valideynlərin öz uşaqları barəsində bərabər hüquqlara malik olduqları kimi həm də bərabər şəkildə vəzifələr daşıdıqları nəzərə alınmalıdır.

37. Cavabdehin, qazancının olmaması, cəzaçəkmə müəssisəsində cəza çəkməsi, iddiаçının uşaqları saxlamaq qabiliyyətində olması, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3088/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tərəfindən icra edilməməsi və s. dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, bu hallar onun uşağının saxlanılmasında, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak etmək vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-339/2012 nömrəli 05 mart 2012-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 10 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin, həmçinin əlavə xərclərin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə aparılan tutulmaların miqdarının dəyişdirilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

39. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2024 saylı, 29 yanvar 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar