Məhkəmə qərarları › İş №2(103)-2657/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2657/2022

25.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2657/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi və vəkili X6 məhkəməyə ərizə təqdim edərək, Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-333/2006 saylı, 07.10.2021-ci il tarixli qərardadı ilə ötürülmüş müddətin bərpası barədə ərizə təmin edilmiş və Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 tərəfindən Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti bərpa edilərək şikayət 2(004)-333/2006 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Rayon Məhkəməsinin müddətin bərpasına dair 2(004)-333/2006 saylı, 07.10.2021-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov, A.Tanrıverdiyev) X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-333/2006 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsi üzrə tərəflərin, qətnamədən şikayət vermək istəyən şəxslərin, eləcə də Maraqlı şəxs1 iştirakı təmin edilməklə həmin məhkəmə qətnaməsindən şikayət vermək istəyən şəxslərin belə hüququnun olub-olmaması, başqa sözlə onların prosessual vəziyyətinin (statusunun) müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə 2(004)- 333/2006 saylı mülki iş üzrə Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 maraqlarına toxunulan şəxs qismində tanınmış, maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi və vəkili X3 ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, onlar tərəfindən Yasamal Rayon Məhkəməsinin 13.01.2006-cı il tarixli, 2(004)-333/2006 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti bərpa edilmişdir. Maraqlı şəxs1 sözügedən qərardaddan şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Maraqlı şəxs1 iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs1 qərardaddan işdə iştirak etməyə cəlb edilməyən və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində şikayət verməsi üçün qərardadın onun hansı hüquq və vəzifələrinə toxunduğu müəyyən edilməli və müvafiq sübutlar apellyasiya şikayətinə əlavə olunmalıdır. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, Maraqlı şəxs1 işdə iştirak edən şəxs olmamışdır və məhkəmə, qətnamənin və ya qərardadın onun hüquq və vəzifələrinə toxunması məsələsini yoxlamadan, bu barədə müvafiq qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs1 şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. AYuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2, 366, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar