Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2659/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X3 ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə əsas borc üzrə 209173.11 manat, faiz borcu üzrə 64584,97 manat, cəmi 273758.08 manat borcun, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 15,68 (on beş manat altmış səkkiz qəpik) manat xidmət haqqının cavabdehlərdən tutulması, Cavabdeh2 ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73, m. 65 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 155.4 kv.m olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73, m. 65 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 155.4 kv.m olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və ödənilmiş 563,76 (beş yüz altmış üç manat yetmiş altı qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
2. Daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdehlər Cavabdeh2 və “Baku Palace" Mənzil Tikinti Kooperativindən iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 209173.11 manat əsas borc, 78250.97 manat faiz borcu, cəmi 287424.08 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12-xx-xx-2017-AF- BP nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən 209173.11 manat əsas, 0.04 manat cərimə faizi, 90708.37 manat faiz borcu olmaqla, cəmi 299881.52 manat məbləğindəki borcun tutulması, İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30.77 AZN məbləğindəki dövlət rüsumu və 15.68 AZN xidmət haqqının cavabdehlərdən tutulması, 12-xx-xx-2017- AF- BP nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında bağlanan Bakı şəhəri, Nərimanov ray, X.Şuşinski küç, ev 73, m 65 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73, M8, m 1) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Nərimanov ray, X.Şuşinski küç, ev 73, m 65 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilindən (Seriya RX, № 1338833, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MTK və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 589.68 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh1 MTK və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 31/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP nömrəli kredit müqaviləsi üzrə 209173,11 manat əsas borc, 60076.13 manat faiz borcu;0,04 manat cərimə borcu; ipotekaya qoyulmuş əmlaka tutulmanın əmlaka yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ümümilikdə ödənilmiş 30.77 manat dövlət rüsumunun və 15.68 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTKdan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh2 verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 589,68 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 535 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada tutulması, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
5. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cavabdehlərdən pulun tutulması və evin boşaldılması hissəsində dəyişərək, iddia tələbinin əsas və faiz borcun tutulması və evin boşaldılması hissəsində tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarını əsas götürmüş xx.xx.2022-ci il tarixdə göndərilmiş bildirişdəki əsas və faiz borca uyğun olaraq iddianı təmin etmişdir. Lakin nəzərə almamışdır ki, iddia tələbini məhkəməyə təqdim edən zaman həmin qərar qüvvəyə minməmişdi. Məhkəmə qətnamə qəbul edərkən xx.xx.2024-cü il tarixində təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni nəzərə almamış, qətnamədə isə bunu əsaslandırmamışdır. Odur ki, qətnaməni cavabdehlərdən pulun tutulması və evin boşaldılması hissəsində dəyişərək, cavabdehlər Cavabdeh2 Abdula qızı və Cavabdeh1 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 209173.11 manat əsas, 0.04 manat cərimə faizi, 90708.37 manat faiz borcu olmaqla, cəmi 299881.52 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 589.68 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamə həm maddi hüquq normalarının, eləcə də prosessual hüquq normalarının kobud şəkildə pozulması, habelə normaların düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Belə ki, Məhkəmə ödəniş qəbzindəki qeydlərin səhv tətbiq edilməsini araşdırmamış, ekspertizaya lazımi sualları verməmiş və nəticədə Cavabdeh1 MTK-ya edilmiş ödənişlər ondan bir daha tələb edilmişdir. Hesab edir ki, ödənilən ödənişlər tam olaraq nəzərə alınmayıb və bununla bağlı məhkəmə yalnış nəticə gəlib və əlavə olaraq məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi. Odur ki, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin tamamilə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının şikayətinin təmin edilməsini və cavabdehin şikayətinə ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, cavabdehin şikayətinin dəlili aşkar əsassızdır, işin baxılmasını uzatmaq məqsədi ilə verilmişdir, belə ki, cavabdeh rayon məhkəməsində belə bir dəlil bildirməmişdir, çünki onun ödədiyini iddia etdiyi məbləğin bankın verdiyi kreditə aidiyyəti yoxdur, ekspert rəyi ilə də bu hal təsdiq olundu.
10. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Kreditor "xxxx" ASC və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı, təminatlı krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana 223 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, 215500 manat məbləğində kredit verilmişdir. Borcverən Borcalana borcalan ilə Cavabdeh1 MTK arasında imzalanmış 11 iyul 2017-ci il tarixli ABB YM-14 müqavilənin predmeti olan mənzilin alınması üçün öhdəsinə götürmüşdür.
13. xx.xx.2017-ci il taixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 MTK xx.xx.2017- ci il tarixli 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsinə əsasən 215.500.00 manat məbləğində 223 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasımın təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduu pul vəsaitləri, daşınar və daşınmaz əmlak bank vəsaitləri, qiymətli kağızlar və s. hesabına ödənilməsini öhdəsinə götürür.
14. AR ƏN MEM-nin xx.xx.2023-cü il tarixli 9/5113 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə 209.173,41 manat; faiz borcu üzrə 64.630,38 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 209.173,41 manat, fazi borcu üzrə 71.928,21manatdır.
15. AR ƏN MEM-nin xx.xx.2023-cü il tarixli 9/5113 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun emumi dəyəri təribən 428900 manat, 10 % azalma tətbiq edilməklə həmin tikilinin hazırki orts bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 386000 manat məbləğində müəyyən edilir.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti 223 aydır.
17. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə ipoteka edmetinə yönəldilmə barədə bildiriş göndərilərək, M.Taliyənin kredit müqaviləsinə əsasən 209173,11 manat əsas, 60076,13 manat faiz borcunun mövcudluu qeyd edilib və borcunun tam şəkildə ödənilməsi tələb edilib.
18. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3223/2025 nömrəli rəyinə əsasən, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə Azərbaycan Beynəlxalq Bankı ASC-yə əsas borcu 209.173,41 manat; faiz borcu üzrə 65.281,14 manat təşkil etmişdir.
19. Həmçinin kredit müqaviləsinin müddəti xx.xx.2036-cı ildə bitdiyi üçün iddia ərizəsi verilən xx.xx.2023-cü il tarixdən illik 5% dərəcəsi ilə tədqiqat aparılmamışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
29. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
30. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 1.0.9. İlkin satış qiyməti- bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
32. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
33. Maddə 34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
34. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
35. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
36. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Tətbiq edilən prosessual hüquq normaları Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
45. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
50. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri
52. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. İddiaçı tərəf apellyasiya şikayətində iki dəlil irəli sürmüşdür. Birincisi, Məhkəmənin Konstitusiya Məhkəməsinin qərarına istinad edərək onların iddia ərizəsinə verdiyi tələbin artırılmasını nəzərə almaması əsassız olmasıdır. İddiaçı hesab edir ki, onlar iddia ərizəsini verəndə həmin qərara qüvvədə olmadığında rayon məhkəməsi hazırkı işə həmin mövqeyi tətbiq edə bilməməsidir.
56. Məhkəmə hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Odur ki, kredit müqaviləsinin qüvvədə olduğu müddətdə kreditor borcun hamısını tələb edirsə, müqaviləyə həmin vaxtdan xitam verilməsi, bundan sonra faiz hesablanmalı olmaması barədə AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı mövqeyin hazırkı mülki işə tətbiq edilməsi Konstitusiyanın tələbidir.
57. İddiaçının ikinci dəlili qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi, eləcə də evin boşaldılması barədə tələbin təmin edilməməsinin əsassız olması barədədir ki, Məhkəmə kredit müqaviləsinin müddətinin 2036-cı ildə bitməsini, eləcə də hazırkı işin halları baxımından belə qənaətə gəlir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, rayon məhkəməsi həmin hissədə iddia tələblərinin təmin edilməməsinin əsaslarını maddi hüquq normalarına istinad etməklə yetərincə əsaslandırmışdır və Məhkəmə kollegiyası da rayon məhkəməsinin həmin mövqeyini əsaslı hesab edir.
58. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onun MTK-ya olan ödənişlərinin nəzərə alınmaması barədə olmuşdur.
59. Cavabdehin bu dəlilin yoxlanması üçün müvafiq ekspertiza keçirilmiş, lakin verilmiş ekspert rəyi ilə həmin dəlil təkzib edilmişdir.
60. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3223/2025 nömrəli rəyinə əsasən, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə Azərbaycan Beynəlxalq Bankı ASC-yə əsas borcu 209.173,41 manat; faiz borcu üzrə 65.281,14 manat təşkil edir. Cavabdehin başqa dəlili olmamışdır, demək ki, onun şikayəti təmin edilə bilməz.
61. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır və təmin edilməməlidir. Nəticə:
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
64. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməli, ekspertiza xərci cavabdehdən tutulmalıdır.
65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 100 (yüz) manat vəsait Cavabdeh2 tutularaq dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.