Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2660/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alğı-saqı müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-713/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Lalafo.az saytında gördüyü elan vasitəsi ilə cavabdehdən 1200 manat dəyərində DDJ 800 dj aparatını, 100 dəyərində dj aparatının kabellərini, daha sonra 5 gün sonra ondan 500 manat dəyərində olan nootbook almışdır.
2. İddiaçı cavabdeh tərəfindən satılan malların qüsurlu olmasından narazılıq edərək, həmin malların keyfiyyətsiz olduğunu, satılmış DJ aparatını və digər avadanlıqlarını nasaz olduğu səbəbindən işlədə bilmədiyini bildirir və buna görə də ödədiyi pul vəsaitinin ona geri qaytarılmasını və əldən çıxmış faydanı tələb edir. İddiaçı tərəfindən sözügedən aparatların şəkilləri və mütəxəssisə məxsus olduğu qeyd edilən səs yazıları məhkəməyə təqdim edilərək, həmin sübutlara istinad edilməklə, satılmış malların saz vəziyyətdə olmadığını bildirir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat məbləğində pulun, əldən çıxmış fayda kimi 300 manat və ödədiyi dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ərizədə göstərdiyi ünvanda qeydiyyatda olsa da Salyan şəhərində yaşayır. 2024-cü ilin iyul ayının ortalarında lalafo saytında elanlara baxarkən bir nəfərin yəni cavabdeh tərəfndən DDJ 800, rekodboks versiyalı aparatın satıldığını görmüşdür. 14 iyul 2024-cü ildə həmin elanda olan cavabdehə məxsus ********** mobil nömrəylə əlaqə saxlayıb 16 iyul 2024-cü ildə onunla görüşmüşdür. Elə həmin gün 1200 manat dəyərində DDJ 800 dj aparatını, 100 dəyərində dj aparatının kabellərini, daha sonra 5 gün sonra ondan 500 manat dəyərində olan nootbook alıb. Bildirir ki, cavabdeh ona həmin avadanlıqların saz vəziyyətdə olduğunu, nə problemi çıxsa buna cavabdeh olduğunu bildirdi. O daha sonra cavabdehdən həmin avadanlıqları alıb yaşadığı Salyan rayonuna aparmışdır. Həmin avadanlıqları tanımadığı ustaya göstərmiş bə hər iki avadanlığın nasaz olduğunu öyrənmişdir. Bunu da dərhal cavabdehin mobil telefon nömrəsinə yığaraq bildirdmişdir ki, satdığın avadanlıqlar nasazdır. O cavabdehdən ona ödədiyi 1800 manat pulu tələb edir. Bildirir ki, cavabdehdən pulunu ala bilmir. Bundan əlavə həmin pulu öz şəxsi məsələləri üçün xərcləmək, eləcə də həmin pulu hər hansı bir işə qoyub gəlir əldə etmə imkanından məhrum olduğundan 300 manat da ziyana düşmüşdür. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. İddiaçı bildirir ki, cavabdeh onun hər iki nömrəsini bloka atmışdır. Məcbur olun cavabdeh barəsində Nərimanov rayon Polis İdarəsinə şikayət etdib. X2 izahatı alınmış cavabdeh ona avadanlıqları satdığını etiraf etmişdir. Polis Şöbəsindən iddiaçıya məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı bildirir ki, bu səbəbdən məcbur olub, məhkəmədə cavabdehə qarşı iddia qaldırıb.
5. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə müraciət edərək, Cavabdeh 1800 manat məbləğində pulun, əldən çıxmış fayda kimi 900 manat və 300 manat yol xərci olmaqla, cəmi 3000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, DJ aparatı kompütersiz işləmədiyi üçün cavabdehdən kompüter alıb, ondan sonra hər 2 avandanlığın nasaz olduğu ona məlum olmuşdur. Hazırda hər 2 avadanlıq işləmir. Mübahisəli avadanlıqları ustaya təqdim etməzdən əvvəl də cavabdehlə əlaqə saxladığı zaman o, məhsulların problemsiz olduğunu iddia etmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında iddiaçı bildirmişdir ki, təqdim etdiyim səs yazıları cihaza baxış keçirən ustanın səs yazılarıdır, o da sosial şəbəkə vasitəsilə göndərdiyi səs yazılarında cihazlarda problem olduğunu, həmçinin dj cihazına əvvəlcədən maye dağıdıldığını təsdiq edir. Cihazları almamışdan əvvəl həmin gün 15 dəqiqə ərzində yoxlamışdılar. İddia tələbini yol xərci və əldən çıxmış fayda hissəsində artırmışdır. Belə ki, 6 aydır ki, heç bir fəaliyyətlə məşğul ola bilmir. Həmçinin, hazırda yenidən 2-ci dəfə aldığı avandanlıq üçün kredit ödəyir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Atasının səhhəti ilə əlaqədar əməliyyat olunduğu üçün pul vəsaitinə olan ehtiyacı səbəbindən mübahisəli cihazları iddiaçıya satmış və satış zamanı iddiaçını evinə dəvət edərək, mübahisəli məhsulların bütün detallarını ona izah etmişdir. Mübahisəli dj cihazını 1 ildir ki, istifadə edib. İddiaçıya həmin cihazı 2-ci əl məhsul kimi satmışdır və satdığı zaman məhsul istifadəyə yararlı saz vəziyyətdə idi. Bildirir ki, kompüteri də iddiaçıya özü satmışdır. Aralarında hər hansı təhvil-təslim aktı tərtib olunmamışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-713/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisələndirilən faktiki hallarına əsasən, iddiaçı cavabdeh tərəfindən satılan malların qüsurlu olmasından narazılıq edərək, həmin malların keyfiyyətsiz olduğunu, satılmış DJ aparatını və digər avadanlıqlarını nasaz olduğu səbəbindən işlədə bilmədiyini bildirir və buna görə də ödədiyi pul vəsaitinin ona geri qaytarılmasını və əldən çıxmış faydanı tələb edir. İddiaçı tərəfindən sözügedən aparatların şəkilləri və mütəxəssisə məxsus olduğu qeyd edilən səs yazıları məhkəməyə təqdim edilərək, həmin sübutlara istinad edilməklə, satılmış malların saz vəziyyətdə olmadığı bildirilir. Halbuki, iddiaçının satılan malların keyfiyyətsiz olmasını təsdiq edən hər hansı mötəbər sübutu mövcud deyil. Belə ki, iddiaçı cavabdehin aralarında olan şifahi alqı-satqı müqaviləsi üzrə vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra etməməsini bildirsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmiş, işin faktiki hallarında isə iddiaçı tərəfindən müqavilə üzrə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin ona qüsurlu mal satması halını sübut edə bilməmişdir. Belə ki, iddiaçı izahatında etiraf etmişdir ki, qeyd edilən avadanlıqları əldə edərkən 15 dəqiqə ərzində yoxlamışdır. Digər tərəfdən mütəxəssisin (usta) səs yazısına istinad edərək cihazın üzərinə maye dağıdıldığını bildirir. Hansı ki səs yazısı təqdim olunan ustanın kimliyi, şəxsiyyəti o cümlədən müvafiq sahədə lazımi qaydada biliklərə malik olması məhkəmədə təsdiqlənməmiş, habelə iddiaçı tərəfindən buna dair təsdiqedici, əsaslı dəlillər təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı bu avadanlıqları əldə edən zaman onların işlək olduğunu yoxlamış, daha sonra əldə etmişdir. Hazırki işdən göründüyü kimi, iddiaçının iddiası öz təsdiqini tapmadığından, nəticə etibarilə də iddia tələbi əldən çıxmış fayda və yol xərcinin ödənilməsinin tələb edilməsi hissəsində də əsassızdır. Belə olan halda məhkəmə İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və pul” tələbini qanuni və əsaslı hesab etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 448.1, 445, 389.1, 567, 581, 582.1, 587.2, 588.1, 588.2, 21.1, 21.2, maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88, 106.1, 217.4, 217.5, 216-220 və 227-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə tam obyektiv və hərtərəfli araşdırma aparılaraq onun xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onun təqdim etdiyi sübutlara hər tərəfli qiymət verməməklə prosessual normaların (MPM-in 77.1 və 88-ci maddələri) tələblərini pozmuşdur. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellaysiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
15. Mülki Məcəllə
Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 588.1ş Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 21.Belə ki, mübahisənin qanuni əsası Mülki Məcəllənin 567-ci maddəsindən irəli gəlməklə alqı-saqlı müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icra edilməməsi ilə bağlıdır. 22.Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı Lalafo.az saytında gördüyü elan vasitəsi ilə cavabdehdən 1200 manat dəyərində DDJ 800 dj aparatını, 100 dəyərində dj aparatının kabellərini, daha sonra 5 gün sonra ondan 500 manat dəyərində olan nootbook almışdır. İddiaçı cavabdeh tərəfindən satılan malların qüsurlu olmasından narazılıq edərək, həmin malların keyfiyyətsiz olduğunu, satılmış DJ aparatını və digər avadanlıqlarını nasaz olduğu səbəbindən işlədə bilmədiyini bildirir və buna görə də ödədiyi pul vəsaitinin ona geri qaytarılmasını və əldən çıxmış faydanı tələb edir. İddiaçı tərəfindən sözügedən aparatların şəkilləri və mütəxəssisə məxsus olduğu qeyd edilən səs yazıları məhkəməyə təqdim edilərək, həmin sübutlara istinad edilməklə, satılmış malların saz vəziyyətdə olmadığını bildirir. 23.Məhkəmə kollegiyası iddianın təmin edilməməsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən qüsurlu malların satılmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 24.İddiaçı cavabdehin aralarında olan şifahi alğ-satqı müqaviləsi üzrə vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra etməməsini iddia etsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmiş, işin faktiki hallarında isə iddiaçı tərəfindən müqavilə üzrə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi müəyyən edilməmişdir. 25.İddiaçı sübut kimi mütəxəssisin (usta) səs yazısına istinad edərək cihazın üzərinə maye dağıdıldığını bildirsə də kollegiya qeyd edir ki, səs yazısı təqdim olunan ustanın kimliyi, şəxsiyyəti o cümlədən müvafiq sahədə lazımi qaydada biliklərə malik olması müəyyən edilmədəyindən həmin səs yazısı mötəbər sübut kimi qiymətləndirilə bilməz. 26.İşdən göründüyü kimi, iddiaçı qeyd edilən avadanlıqları əldə edərkən 15 dəqiqə ərzində yoxlamış, işlək olduğu qənaətinə gələrək sonra əldə etmişdir. 27.Beləliklə kollegiya qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad olunan halları sübut edə bilmədiyindən məhkəmə iddia tələbinin təmin etməməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. 28.Kollegiya eyni zamanda qeyd edir ki, iddia tələbi qüsurlu mala görə ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı əsas hissədə təmin edilmədiyindən, ondan törəmə xarakter daşıyan əldən çıxmış fayda və yol xərci hissəsində də düzgün olaraq təmin edilməmişdir.
29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
30. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.Məhkəmə kollegiyası MPM-in 402.1-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, hazırkı halda iddianın qiyməti beş min manatdan aşağı olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-713/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz..
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə