Məhkəmə qərarları › İş №2(103)-2661/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2661/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2661/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-123/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2014-cü il 06 mart tarixli kredit müqaviləsi üzrə 44398,74 ABŞ dolları məbləğində əsas borc, 13186,52 ABŞ dolları məbləğində faiz borcu və 3542,87 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 61128,13 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın X6 məxsus olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən, 32A nömrəli evin 7 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus həmin mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra X4 və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 32A nömrəli evin 7 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X4 və Cavabdeh həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-123/2019 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 41567,80 ABŞ dolları əsas, 12345,64 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə olmaqla, cəmi 54313,44 (əlli dörd min üç yüz on üç ABŞ dolları, 44 sent) ABŞ dolları borcun ödəniş anında məzənnə nəzərə alınmaqla manatla və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 129 manat hissəsinin Cavabdeh, 16 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, tutulacaq məbləğ ilkin satış qiymətinin 330.000 (üç yüz otuz min) manat müəyyən edilməklə cavabdeh X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32A, 7 saylı mənzilə yönəldilməsi, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32A, 7 saylı mənzil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyan cavabdeh X6 qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32A, 7 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh və X4 həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzil boşaldılıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış Dİ-019-USD saylı, 06.03.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-123/2019 saylı 18.11.2019-cu il tarixli qətnaməsinin qismən – ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində, əsas və faiz borcun qismən təmin edilməsi hissəsində ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsas və faiz borcunun azaldılması və əmlakın ilkin satış qiymətinin 330000 manat müəyyən edilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv edilməklə, iddia tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu ekspert rəyinə istinad etməklə müəyyən etmişdir. Halbuki, Bank ilə Cavabdeh arasında bağlanan Dİ-019-USD saylı, 06.03.2014-cü il tarixli kredit müqaviləsi 48 ay müddətinə bağlanılmış kreditin bitmə tarixi 06.03.2018-ci il olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən kredit müqaviləsinin müddəti bitməmiş, 20.06.2017-ci il tarixə olan borc cavabdehdən tələb olunmuşdur. Qeyd olunan tarixdən sonra cavabdehə faiz borcu hesablana biləcəyi halda, ekspert rəyində əsassız olaraq əsas və faiz borcunun məbləği azaldılmışdır. Bundan əlavə, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirlmiş ilkin satış qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. Belə ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini ekspert rəyinə əsasən 330000 manat müəyyən etmişdir. Halbuki, tərəflər arasında bağlanmış Dİ-İP-015 USD saylı, 06.03.2014-cü il tarixli ipoteka müqaviləsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 250000 manat dəyərində qiymətləndirilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmin vaxtdan 4 ilə yaxın müddət keçmiş, bu müddət ərzində xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi, əsas və faiz borcun tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.03.2014-cü il tarixli Dİ-019-USD saylı kredit müqaviləlsinə əsasən Bank borcalana mənzil alınması məqsədilə 48 ay müddətinə illik istifadə haqqı 18 % hesabı ilə 65000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4.2-ci bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişlərin ödənilməsini öhdəsinə götürmüş, məxaric orderlərinə əsasən Cavabdeh 06 mart 2014-cü il tarixdə İddiaçı ASC-nin “Əməliyyat idarəsi” filialından komissyon haqq çıxıldıqdan sonra qalan 63893 ABŞ dolları məbləğində nağd pul almışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq digər cavabdeh, eyni zamanda borcalan Cavabdeh həyat yoldaşı X6 məxsus ipoteka predmeti Bank qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, 20.06.2017-ci il tarixə borcalanın Banka 44398,74 ABŞ dolları əsas, 13186,52 ABŞ dolları faiz, 3542,87 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 61128,13 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2019-cu il tarixli 16177 №-li ekspert rəyinə əsasən Cavabdeh Dİ-019-USD saylı, 06 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 20.06.2017-ci il tarixə 41567,80 ABŞ dolları əsas kredit borcu, 12345,64 ABŞ dolları faiz borcu olduğu müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq işin müəyyən edilmiş hallarına 385.1, 421.2, 424.5, 442, 445, 421.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan və ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcu Bankın xeyrinə tutulmalıdır. Bundan əlavə, işdə olan “xxxx” MMC-nin Ç-347 saylı, 13.04.2018-ci il tarixli rəyindən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 32A, 7 saylı mənzilin hazırki bazar dəyəri 330000 (üç yüz otuz min) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə tərtib olunan ekspert rəylərini mübahisələndirsə də, hər iki rəy kifayət qədər əsaslandırıldığından, rəylərin məlumatlarını şübhə altına almaq üçün əsaslar olmadığından təkrar ekspertizanın keçirilməsi zəruri hesab edilmir. Odur ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-123/2019 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar