Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2668/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərər görə sığorta ödənişinin məbləği) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur.
2. “Bakı Ekspertiza Mərkəzinin” xx.xx.2024-cü il tarixli XS-24/005 nömrəli rəyinə əsasən, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 1360 manat təşkil etdiyi müəyyən edilmişdir.
3. “Avanqard avto servis” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 2800 manat təşkil etdiyi müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskeprtizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6992-8/2400 nömrəli rəyinə əsasən, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1425 manat təşkil etdiyi müəyyən edilmişdir.
5. “X7 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixl rəyinə əsasən, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 2085 manat təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.800 manat zərərin "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.800 manat zərər vurulmuşdur. Cavabdeh sığorta şirkəti tərəfindən müvafiq qiymətləndirmə aparılaraq zərərin həcmi 1.060 manat həddində müəyyən edilmişdir. Lakin, həmin avtomobilin bərpası üçün ümumilikdə 2.800 manat vəsait lazımdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 2.085 manat pul, ödənilmiş 48 manat dövlət rüsumu və təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş X7 Mərkəzi MMC-yə ödənilmiş 200 manat xidmət haqqının 100 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə keçirilmiş ilkin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskeprtizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6992-8/2400 nömrəli rəyinə əsasən 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1.425 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş “X7 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2.085 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, avtomobilin buraxılış ili, markası, detallarının çətin tapılması və retro xüsusiyyəti əsas götürülərək bərpasının həssaslıqla aparılması nəzərə alınmaqla “X7 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli rəyi məhkəmə tərəfindən daha ədalətli, mötəbər və əsaslı hesab edilir. Sığorta şirkəti tərəfindən iddiaçıya təxminən 1.400 manat dəyərində sığorta ödənişinin təklif edilməsi, lakin, həmin məbləğin zərərin real həcmindən aşağı olması əsası ilə iddiaçı tərəfindən qəbul edilməməsi və mübahisənin məhkəmə müstəvisinə çıxarılması ilə bağlı iddiaçının irafə ifadəsi, dolayı yolla obyektiv faktiki vəziyyət nəzərə alınmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 904.1, 922.1, 926.1 və 934.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
12. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə 1425 manat məbləğində vəsaitin "xxxx" ASC-dən tutulması, təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş “X7 Mərkəzi” MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının İddiaçı aid edilməsi və apellyasiya şikayətinin verilməsinə görə 24 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Məhkəmə, bu maddəni düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi sığortaçının hüququdur. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə, bu maddəni düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının seçimi əsasında müstəqil sığorta eksperti X5 tərəfindən müstəqil ekspert rəyi vermşdir. İddiaçının bu seçimi haqda, yəni ərizəsi məhkəməyə təqdim edilmişdir. Lakin, hansı səbəbdən iddiaçının özünün seçdiyi ekspert rəyini qəbul etməməyi məhkəmə tərəfindən araşdırlmamışdır. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməlidir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, məhkəmənin əsaslandırması avtomobilin buraxılış ili, detalların çətin tapılması və retro xüsusiyyətinin olması ilə əlaqələndirilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman qarşı tərəfə avtomobili servisdə təmir etdirməsi təklif olunmuşdur. Lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Bundan sonra avtomobil tərəfindən qiymətləndirildi və 1140 manat müəyyən olundu. Bu təklifi də iddiaçı rədd etdi. Belə olan halda “İcbari Sığortalar haqqında” qanunun 16.2-ci maddəsinə əsasən tərəflər qiymətləndirmə ilə bağlı razılıq əldə etmədikdə müstəqil ekspert dəvət olunur. Qarşı tərəfə ərizə təqdim edərək 3 müstəqil ekspert vermişik. Qarşı tərəf bir ekspert seçmişdir. Həmin ekspert tərəfindən məbləğ 1400 manat müəyyən olunmuşdur. Ona yenidən maşını təmir etdirməyi təklif etdilər. Qarşı tərəf razılaşmadı. Məhkəmə tərəfindən rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Həmin rəyə əsasən qiymət 1425 manat müəyyən olunmuşdur. Onlar həmin rəylə də razılaşdılar. Bundan sonra yenidən ekspertiza təyin olunmuş və X7 Mərkəzinə həvalə olunmuşdur. Avtomobilə baxış keçirilməmişdir. Onlar 1425 manat ödəniş etməyə hazırdır. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyadiya şikayətinə etiraz edərək bildirmişdir ki, maşını təmir etdirmiş və 4500 manata yaxın pulu çıxmışdır. Maşın vurulmamışdan qabaq 9000 manat qiyməti var idi. Hazırda isə qiymətini dəqiq deyə bilməz. Maşın vurulmamışdan qabaq ideal vəziyyətdə idi. Ona 3 ekspert təklif olunmuşdur və onlardan birini seçmişdir. Bu maşın retro maşın deyildir. 1400 manata gəlib çıxan hesablamaları o da hesablamış, lakin orijinal detallarla həmin maşını yığmaq olmaz Avtomobilin təmir olunması ilə bağlı ona təklif olunmuşdu, lakin o, sığorta tərəfindən maşının təmir olunmasına razılıq verməmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən aydın olur ki, cavabdeh iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin cavabdeh iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 24.914.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. 25.922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 26.922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 27.925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 28.925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 29.925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 30.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 31.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun
32.6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 33.16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 34.16.4-cü maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya qiymətləndirici vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 35.18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun
36.10.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 37.95.3-cü maddəsinə əsasən, Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
38.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 41.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 42.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “sığorta ödənişinin məbləği” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. 44.İşin materiallarından göründüyü kimi, sığorta hadisəsinin baş verməsi, baş verdiyi sığorta hadisəsi nəticəsində iddiaçının maliyyə itkisinə məruz qalması işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı isə sığorta ödənişinin məbləğindən ibarətdir. Belə ki, cavabdeh-təşkilat iddiaçıya sığorta ödənişi olaraq 1060 manat həddində pul təklif etməklə sığorta hadisəsinin baş verməsini qəbul etmişdir 45.Məhkəmə kollegiyası mübahisəli məsələyə dair apellyasiya şikayətində göstərilən dəlillərə, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği üzrə əldə olunmuş rəylərə, məhkəmənin istinad etdiyi hallara (avtomobilin buraxılış ili, markası, detallarının çətin tapılması və retro xüsusiyyəti, bərpasının həssaslıqla aparılmalı olmasına) və bunun nəticəsində gəldiyi qənaətə münasibət bildirilməsini zəruri hesab edir. 46.İş materiallarına əsasən müəyyən edilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü, daha sonra “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq üç müstəqil ekspertin sırasından seçilmiş müstəqil ekspert tərəfindən aparılmışdır. Buna baxmayaraq iddiaçı özünün seçdiyi ekspertin rəyini qəbul etməyərək məhkəməyə müraciət etmişdir.
47. Mülki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskeprtizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6992-8/2400 nömrəli rəyinə əsasən 1993cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcinin - 1.425 manat, “X7 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin - 2.085 manat təşkil etdiyi müəyyən edilmişdir.
48. Məhkəmə iş materiallarında olan rəylərə avtomobilin buraxılış ili, markası, detallarının çətin tapılması və retro xüsusiyyəti, bərpasının həssaslıqla aparılmalı olmasını əsas götürməklə zərərin məbləğinə dair tərtib edilmiş “X7 Mərkəzi” MMC-nin xx.xx.2024cü il tarixli rəyini daha ədalətli, mötəbər və əsaslı hesab etdiyini qeyd etmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda məhkəmənin sadaladığı amillərin dəymiş zərərin qiymətinin formalaşmasına aid deyildir. Bundan başqa 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin retro xüsusiyyətli olması, bunun nəticəsində onun bərpasının həssaslıqla aparılmalı olması hallarının həmin nəqliyyat vasitəsinə aid edilməsi ümumiyyətlə əsassızdır.
50. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydalara görə raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. 51.Belə olan halda iddiaçıya məxsus avtomobilə dəymiş zərərən məbləği malın əmlakın bazar qiymətləri əsasında müəyyən edilməlidir. Əmlakın bazar qiyməti müəyyənləşdirilərkən isə həmin əmlakın bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyəcilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər məlumatlardan istifadə edilir. 52.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin iş üzrə tərtib olunmuş rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 53.Həmçinin bu dövlət qurumu tərəfindən tərtib edilmiş rəy əsasında aparılmış qiymətləndirmənin nəticəsi iddiaçının təşəbbüsü ilə seçilmiş müstəqil sığorta eksperti X5 tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş müstəqil ekspert rəyində öz əksini tapmış nəticəyə uyğundur. Belə olan halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskeprtizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6992-8/2400 nömrəli ekspert rəyinin əsaslı olmadığı qənaətinə gəlmək üçün hər hansı hal müəyyən edilmir. 54.Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 55.Belə ki, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malikdir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 56.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının aparılmasına səlahiyyətli dövlət orqanı olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy nəzərə alınmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsi 1993-cü il buraxılışlı “BMW 520” markalı, **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 2.085 manat cavabdehdən tutulması hissəsində dəyişdirilərək real zərərin əvəzi 1.425 manat məbləğində müəyyən edilməlidir. 57.MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsi “dəymiş real zərərin məbləği” hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən dəymiş zərərə görə 1.425 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manatı İddiaçı, qalan 25 manat məbləği isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev