Məhkəmə qərarları › İş №2(103)-267/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-267/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-267/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X6, Cavabdehlərin vəkili X4 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7109/2017 saylı, 28 dekabr 2017ci il tarixli qətnamədən iddiaçı X18 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit, kredit faizlərinin və cərimənin müştərək qaydada ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı X18 “xxxx” ASC-nin xeyrinə 1612721.09 manat əsas, 441419.07 manat dəbbə pulu olmaqla, cəmi 2054140.16 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ləğv etmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, onlar tərəfindən artıq ödənilmiş 87278.91 manat məbləğində vəsaitin qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində “xxxx” ASC-dən qarşılıqlı tələb üzrə iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh1 cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, İlk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının dövlət rüsumu ödəmiş şəxslərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 16.07.2018-ci il tarixli 2(103)-5708/2018 nömrəli qətnaməsi ilə ilk iddiaçı və qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev, İ.Xələfov) 12.12.2018-ci il tarixli, 2(102)-7693/2018 saylı qərarı ilə ilk iddiaçı “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ci il tarixli 2(103)-5708/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Şamayev) 29.04.2019-cu il tarixli 2(103)-2716/2019 nömrəli qətnaməsi ilə ilk iddiaçı “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk iddiasının təmin edilməməsi qət edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Şamayev) 29.04.2019-cu il tarixli 2(103)-2716/2019 nömrəli qərardadı ilə cavabdehlər X10 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ləğv etmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların qarşılıqlı iddia ərizəsində göstərdikləri tələblə bağlı “xxxx” ASC-nin ləğv etmə prosesini həyata keçirən Əmanətlərin Sığortalanması Fonduna, bundan sonra yarana biləcək mübahisə ilə bağlı isə ləğvetmə prosesinə nəzarət edən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciə edə bilməsi izah edilmişdir. İddiaçı X18 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi - hakim), X11, X3) 16.12.2019-cu il tarixli, 2(102)-7683/2019 saylı qərarı ilə iddiaçı X18 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)-2716/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Göstərilən səbəbdən, apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya qaydasında yenidən baxılır. İddiaçı X18 “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi və iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank ilə Şahid arasında bağlanmış 18.10.2012-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Şahid faizsiz olaraq 3.700.000 manat məbləğində kredit verilmişdir.Sonradan Şahid, Bank, Cavabdeh2 və Cavabdeh1 arasında 28.12.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə borcun keçirilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh1 borclu Şahid Banka olan ümumi 3.700.000 manat borcundan ilkin olaraq 500.000 manat hissəsini ödəyərək, qalan hissəsini 48 ay müddətinə hər ay 66.667 manat ödəmək şərti ilə qəbul etmişlər. Hazırda cavabdehlərin Banka 1.6121721,09 manat əsas, 441.419,07 manat dəbbə pulu olmaqla, cəmi 2.054.140,16 manat borcu qalmışdır. Bununla əlaqədar cavabdehlərə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Lakin 1-ci instansiya məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə cavabdehlər apellyasiya şikayətinə etirazlarını belə əsaslandırılmışdır ki, cavabdehlərin Bank qarşısında nəinki hazırki tarixə icra olunmamış öhdəliyi yoxdur, hətta artıq ödəməsi vardır. Belə ki, Bank ilə cavabdehlər arasında 28.12.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehlər Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 74A, qapı 1-də yerləşən ümumi sahəsi 946,2 kv.m olan 2-ci mərtəbədə yerləşən və ümumi sahəsi 894,8 kv.m olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) alınması məqsədilə Banka həmin əmlakların dəyəri olmuş 2.000.000 manat məbləğində vəsait ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlanan gün cavabdehlər Banka 500.000 manat məbləğində ödəniş etmiş, yerdə qalan 1.500.000 manat məbləğini isə 48 ay müddətində bərabər hissələrlə hər ay 31.250 manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər.Bankın məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehlər Banka müqavilə bağlanan gün 500.000, daha sonra hissə-hissə 1.587.278,91 manat, ümumilikdə 2.087.278,91 manat ödəniş etmişlər. Cavabdehlər sözügedən vəsaiti məhz sözügedən qeyri-yaşayış sahələrinin alınması məqsədilə ödəmişlər. Həmin qeyri-yaşayış sahələrinin dəyəri cavabdehlərin Banka ödədikləri vəsaitdən (2.087.278,91 manatdan) dəfələrlə az olmuşdur. Belə ki, cavabdehlər Bankda bəzi sənədlərə imza etdikdən sonra qeyri-yaşayış sahələrinə baxış keçirmişlər və onlara məlum olmuşdur ki, həmin sahələr istifadəyə tam yararsız və təmirsiz vəziyyətdədir. Belə olan halda, Bankla cavabdehlər arasında əldə edilmiş razılaşmaya əsasən, onlara bildirilmişdir ki, qeyriyaşayış sahələrinə görə cavabdehlər Banka sözügedən əmlakların dəyəri olan 2.000.000 manat vəsait ödəsin, bununla da borc bağlanmış olsun. Baxmayaraq ki, göstərilən əmlakın real dəyəri 2.000.000 manatdan xeyli aşağı olmuşdur. Cavabdehlər Bankın təklifini qəbul etmiş, göstərilən qeyri-yaşayış sahəsini öz daxili imkanları hesabına külli miqdarda vəsait yatırmaqla təmir etdirmiş və zəruri texniki təchizatla (mebel dəstləri, mərkəzi isitmə-soyutma sistemləri ilə və s.) təmin etməklə həmin sahələri istifadəyə yararlı vəziyyətə gətirmişlər. Lakin cavabdehlər göstərilən əmlakın maksimal dəyərindən dəfələrlə artıq olan vəsaiti Banka ödədikdən sonra Bank müqavilə tələblərini pozaraq, artıq icra olunduğuna görə xitam verilmiş müqavilə tələblərinə istinad edərək, cavabdehlərə verilməyən borcu və cərimə faizlərinin ödənilməsini tələb etməkdədir.Buna görə də Bankın iddia tələbləri rədd olunmalıdır. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin və iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehlərin vəkili izahatında bildirmişdir ki, məhkəmə hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 77.1-ci maddəsinin tələblərini mütləq şəkildə nəzərə almalıdır. Belə ki, cavabdehlərdən fərqli olaraq iddiaçı tərəf məhkəməyə iddia tələblərinin əsasları barədə heç bir sübut təqdim edə bilməmiş, yalnız formal mülahizələr irəli sürmüşdür.Bundan əlavə borcun tutulması tələbini irəli sürən bank prosessual qanunvericiliyin tələbləri baxımından öz tələbində haqlı olmasını təsdiq edən halları mötəbər və zəruri dəlillərlə və lazımi vəziyyətdə olan sübutlarla (sənədin əsli və ya lazımı qaydada təsdiq olunmuş surəti ilə) sübuta yetirməli idi. MPM-nin 89.3. maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.Mülki qanunvericiliyin tələbləri baxımından borc münasibətləri Mülki Məcəllənin 739-746-cı maddələrinin tələbləri nəzərə alınmaqla bağlanan müqavilə ilə rəsmiləşdirilir. Borcun keçməsi və ya borcun üçüncü şəxs tərəfindən icrası isə həmin məcəllənin 431-ci maddəsinin tələbləri nəzərə alınmaqla rəsmiləşdirilir.Hər iki halda tələbi irəli sürən bank cavabdehlərin banka borcunun olmasını təsdiq edən sənədləri məhkəməyə təqim etməli idi, əks halda iddianın təmin edilməsi qeyri-mümkün haldır. Belə ki, nə məhkəmə, nə də cavabdeh tərəf iddiaçı bankın əvəzinə sübut toplamağa və onun iddia tələblərini sübuta yetirməyə borclu deyil.Hazırkı halda isə hər iki tərəf məhkəməyə borcun müxtəlif məbləğlərdə keçməsi barədə 2 müqavilənin surətini təqdim etmişlər. Sənədin əslinin təqdim edilmədiyi halda məhkəmənin tərəflərdən birinin təqdim etdiyi sənədin surətini əsas götürməsi digər tərəfin hüququnu pozan haldır.Həmçinin, yuxarıda da qeyd edildiyi kimi hesab edirlər ki, cavabdehlərin iddiaçı banka borcunun olmasını təsdiq edə biləcək əsas və müstəsna sübut Mülki Məcəllənin 739-746-cı maddələrinin tələbləri nəzərə alınmaqla bağlanan borc (kredit) müqaviləsi və ya Borcun keçməsini (borcun üçüncü şəxs tərəfindən icrasını) tənzimləyən həmin məcəllənin 431-ci maddəsinin tələblərinə əsasən rəsmiləşdirilən öhdəliyin keçməsi (üçüncü şəxs tərəfindən icrası) barədə müqavilənin əslidir (və ya lazımı qaydadaqanunla sənədin surətini təsdiq etmək səlahiyyəti verilmiş şəxs və ya orqanlar tərəfindən təsdiq edilmiş surətidir). Dolayı sübutlarla cavabdelərin iddiaçıya borcunun olub-olmamasının sübuta yetirilməsi qeyri-mümkündür və prosessual qanunvericiliyin tələblərinə görə qadağandır. Belə ki, MPM-nin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.Həmçinin, iş materiallarından sübuta yetirilir ki, cavabdeh tərəfin iddiaçı qarşısında nəinki hazırki tarixə icra olunmamış öhdəliyi yoxdur, hətta artıq ödəmələri olmuşdur. Belə ki, iddiaçı ilə cavabdehlər arasında 28.12.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehlər Bakı şəhəri Nərimanov rayonu, X17 küçəsi 74A, qapı 1-də yerləşən ümumi sahəsi 946.2 kv.m olan 2ci mərtəbədə yerləşən və ümumi sahəsi 894.8 kv.m olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin alınması məqsədilə Banka həmin əmlakların dəyəri olmuş 2.000.000 (iki milyon) manat məbləğində vəsait ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlanan gün cavabdehlər banka 500.000 (beş yüz min) manat məbləğində ödəniş etmiş, yerdə qalan 1.500.000 (bir milyon beş yüz min) manat məbləğini isə 48 ay müddətində bərabər hissələrlə hər ay 31.250 (otuz bir min iki yüz əlli) manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər.İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehlər iddiaçıya müqavilə bağlanan gün 500.000 (beş yüz min) manat, daha sonra hissə-hissə 1.587.278,91 (bir milyon beş yüz səksən yeddi min iki yüz yetmiş səkkiz) manat (doxsan bir) qəpik, ümumilikdə 2.087.278,91 (iki milyon səksən yeddi min iki yüz yetmiş səkkiz) manat (doxsan bir) qəpik ödəniş etmişlər.İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdehlər sözügedən vəsaiti məhz Bakı şəhəri Nərimanov rayonu, X17 küçəsi 74A, qapı 1-də yerləşən ümumi sahəsi 946.2 kv.m olan 2-ci mərtəbədə yerləşən və ümumi sahəsi 894.8 kv.m olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin alınması məqsədilə ödəmişlər.Həmin qeyri-yaşayış sahələrinin dəyəri cavabdehlərin banka ödədikləri vəsaitdən (2.087.278,91 manatdan) dəfələrlə az olmuşdur. Belə ki, qeyd olunan qeyri-yaşayış sahələri istifadəyə tam yararsız və təmirsiz vəziyyətdə olmuşdur.Belə olan halda Bankla cavabdehlər arasında əldə edilmiş razılaşmaya əsasən, onlara bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinə görə cavabdehlər banka sözügedən əmlakların dəyəri olan 2.000.000 (iki milyon) manat vəsait ödəsin, bununla da borc bağlanmış olsun.Təsadüfü deyil ki, həm iddiaçı bankın istinad etdiyi (hazırda qüvvədə olmayan) ipoteka müqavilələrindən, həm də cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən əmlakın cavabdehlərə keçən vəziyyətdə olan dəyəri 2.000.000-dək təşkil edir.Baxmayaraq ki, göstərilən əmlakın real dəyəri 2.000.000 (iki milyon) manatdan xeyli aşağı olmuşdur, cavabdehlər iddiaçının təklifini qəbul etmiş, göstərilən qeyri-yaşayış sahəsini öz daxili imkanları hesabına külli miqdarda vəsait yatırmaqla təmir etdirmiş və zəruri texniki təchizatla (mebel dəstləri, mərkəzi isitmə-soyutma sistemləri ilə və s.) təmin etməklə həmin sahələri istifadəyə yararlı vəziyyətə gətirmişlər.Lakin cavabdeh tərəf göstərilən əmlakın maksimal dəyərindən dəfərlərlə artıq olan vəsaiti banka ödədikdən sonra iddiaçı müqavilə tələblərini pozaraq, artıq icra olunduğuna görə xitam verilmiş müqavilə tələblərinə istinad edərək, cavabdehlərə verilməyən borcu və cərimə faizlərinin ödənilməsini tələb etmişdir. Nərimanov rayon Məhkəməsi isə göstərilən hissədə tamamilə doğru qənaətə gələrək iddianı təmin etməmişdir.Bundan əlavə əsas öhtəliyi yaradan müqavilə ilə (28.12.2013-cü il tarixli müqavilə ilə) iddiaçı bankın istinad etdiyi ipoteka müqaviləsi arasında ziddiyyət olduğu halda ipoteka müqaviləsinin yox, əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas götürülməlidir. Çünki vaxtilə ipoteka qoyan qismində çıxış etmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 eyni zamanda əmlakın dəyəri həcmində müqavilə üzrə borcu qəbul etdiyinə borclu şəxslər sayıldığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinin tələbləri baxımından əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas təşkil etməlidir.Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir.Bundan əlavə hesab edirlər ki, iddiaçı və məhkəmə ümumiyyətlə hazırda qüvvədə olmayan ipoteka müqaviləsinə istinad etməkdə haqlı deyil.Çünki iddiaçının cavabdehlərə olan iddia tələblərindən görünür ki, iddiaçı cavabdehlərdən yalnız pulun tutulmasını xahiş etmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi ipotekanının dövlət qeydiyyatının ləğv edildiyini və əmlakın girovdan azad edildiyini bildirmişdir. Məhz bu hal cavavbdehlərin etirazlarında haqlı olmalarını və banka olan borcun tam ödəmələrini təsdiq edən mötəbər sübutdur.Ona görə ki, borc tam ödənilmədiyi halda əmlak girovdan azad edilə bilməzdi.Beləliklə, bütün qeyd olunan xüsusatlar cavabdehlərin banka borclarının olmamasını, əksinə artıq ödəmələrinin olmasını təsdiq etməklə yanaşı iddiaçının hazırkı iddianı irəli sürməklə əsassız varlanmaya cəhd etməsini sübut edir ki, hesab edirlər ki, məhkəmə iddiaçı bankın bu qanunsuz cəhdinin qarşısını almalıdır.Bundan əlavə MPM-nin 217.4. maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.(Məhkəmə Kollegiyası qeyd edir ki, Məhkəmənin 29.04.2019-cu il tarixli qərardadı ilə Bank ləğvetmə prosesində olduğu üçün qarşılıqlı iddia tələbinin mülki mühakimə icraatının baxışı predmeti ola bilməməsi əsası ilə cavabdehlərin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1-ci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın həll edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia üzrə icraata (işə mülki icraat qaydasında baxılmalı deyil əsası ilə) xitam verilməsi qərara alınmışdır.) Belə ki, Bank ilə Şahid arasında bağlanmış 18.10.2012-ci il tarixli NA- 068/012374 saylı “Kredit müqaviləsindən” görünür ki, Bank Şahid faizsiz 3.698.475 manat məbləğində kredit vermişdir. Şahid, Bank, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 28.12.2013-cü il tarixli “Kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə müqavilədən” görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclu Şahid Banka olan ümumi 3.700.000 manat borcu qəbul edərək, ilkin olaraq 50.000 manat hissəsini ödəməyi, qalan 3.200.000 manat hissəsini isə 48 ay müddətinə hər ay 66.667 manat ödəmək şərti ilə qəbul etmişlər. Bank, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 16.05.2014-cü il tarixli 1116/14-02 saylı “Müqavilənin” notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə müqaviləyə və 18.10.2012-ci il tarixli NA- 068/012374 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin qalığı olan 3.200.000 manat məbləğində 48 ay müddətinə olan kreditin və kreditə hesablanacaq cərimələrin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsini Bankın qarşısında ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 1.027.000 manat məbləğində qiymətləndirilmişdir. Bankın 20.12.2017-ci il tarixli məktubundan görünür ki, 28.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə müqavilənin əsli Bankda aşkar edilməmişdir. Şahid, Bank, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 28.12.2013-cü il tarixli “Kredit müqaviləsinin” fotosurətindən görünür ki, Bank, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 74 ünvanında yerləşən ticarət mərkəzinin 2-ci və 3-cü mərtəbələrini Cavabdeh2 və Cavabdeh1 verir, bunun müqabilində Cavabdeh2 və Cavabdeh1, Şahid ilə Bank arasında bağlanmış 18.10.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.000.000 manat məbləğində kredit borcunu bu müqavilə ilə göstərilmiş qaydada ödənilməsini öhdəsinə götürürlər. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh2 13.02.2014- cü il tarixdə 70.000 manat, 09.04.2014-cü il tarixdə 70.000 manat, 29.04.2014-cü il tarixdə 70.000 manat, 15.05.2014-cü il tarixdə 30.000 manat, 27.05.2014-cü il tarixdə 70.000 manat, 02.10.2014-cü il tarixdə 70.000 manat, 10.10.2014-cü il tarixdə 140.000 manat, 14.11,2014-cü il tarixdə 5.000 manat, 25.11,2014-cü il tarixdə 40.000 manat, 12.01.2015-ci il tarixdə 30.000 manat, 23.01.2015-ci il tarixdə 70.000 manat, 12.03.2015-ci il tarixdə 40.000 manat, 17.10.2016-cı il tarixdə 5.000 manat, 09.12.2016- cı il tarixdə 5.000 manat, 16.01,2017-ci il tarixdə 5.000 manat, 07.02.2017-ci il tarixdə 7.000 manat, 14.03.2017-ci il tarixdə 5.000 manat, 13.04.2017-ci il tarixdə 5.000 manat ödəniş etmişdir. Ödəniş qəbzlərində əks olunmuş məbləğlərin cəmi 737.000 manat təşkil edir. Bankın 16.05.2017-ci il tarixli “Maliyyə arayışından” görünür ki, Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 1.612.721,09 manat əsas, 441.419,07 manat dəbbə pulu olmaqla, cəmi 2.054.140,16 manat borcu mövcuddur. 07.06.2017-ci il tarixli və 04.07.2017-ci il tarixli pretenziya məktublarından görünür ki, Bank cavabdehləri ona olan borcunu ödəməsi üçün xəbərdar etmişdir. 1-ci instansiya məhkəməsinin baxışı zamanı məhkəmə iclasında izahat vermiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərdən əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərin təqdim etdiyi 28.12.2013-cü il tarixli “Müqavilənin” 1-ci maddəsində qeyd olunur ki, cavabdehlər əvvəlki kreditor Şahid ilə Bank arasında bağlanmış 18.10.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə 2.000.000 manat məbləğində kredit borcunun bu müqavilə ilə göstərilmiş qaydada ödənilməsini öhdəsinə götürürlər. Halbuki, Bank ilə Şahid arasında bağlanmış 18.10.2012-ci il tarixli “Kredit müqaviləsi” üzrə sonuncuya 3.700.000 manat məbləğində kredit verilmişdir. Həmçinin cavabdehlərin təqdim etdiyi müqavilədə Bank ilə Şahid arasında bağlanmış 18.10.2012-ci il tarixli “Müqavilənin” nömrəsi qeyd edirməmişdir. Həmin müqavilədə “Kredit müqaviləsi” üzrə borcun 3-cü şəxslərə keçirilən Şahid razılığını təqdim edəcək hər hansı bir imza yoxdur. Bu isə onu göstərir ki, cavabdehlərin məhkəməyə təqdim etdiyi müqavilə kustar üsulla hazırlanmış saxta bir sənəddir. Borclulara Bank tərəfindən 3.700.000 manat məbləğində kredit vəsaiti faizsiz olaraq verilmişdir. Cavabdehlər qeyd etdikləri 2.000.000 manat vəsaiti 03.03.2016-cı il tarixdəki ödənişlə ötmüşlər və həmin ödənişdən sonra 9 dəfə ödəniş etmişlər. Bunu adi riyazi hesablama ilə hesablamaq üçün hər hansı bir sahənin mütəxəssisi olmaq gərəkmir. Demək ki, cavabdehlər tərəfindən təqdim edilmiş fotosurət olan sənəd saxtadır və heç bir həqiqəti özündə əks etdirmir. İş üzrə cavabdehlər, 28.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə müqavilənin mövcud olmadığını qeyd edərək bunu mübahisələndirir, tərəflər arasında olan münasibətlərin onlar tərəfindən təqdim edilmiş müqavilə ilə tənzimlənməsini xahiş edirlər. İş üzrə iddiaçı Fond isə 28.12.2013-cü il tarixli müqavilənin saxta olduğunu qeyd edərək, tərəflər arasında olan münasibətlərin onlar tərəfindən təqdim edilmiş müqavilə ilə tənzimlənməsini xahiş edir. İddiaçı Fond 20.12.2017-ci il tarixli məktubla 28.12.2013- cü il tarixli kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə müqavilənin əslinin Bankda aşkar edilmədiyini bildirmiş, həmçinin cavabdehlərin təqdim etdikləri müqavilənin əslinin onlarda olmadığını qeyd etmişlər. Beləliklə, iş üzrə tərəflər tələblərinin sübutu kimi müqavilələrin surətlərini təqdim etmişlər. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 89-cu maddəsinə görə, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1.). Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (maddə 89.3.). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərinə istinad edən 1-ci instansiya məhkəməsi ilk iddianı tələbdə istinad olunan müqavilənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilmədiyi üçün sübuta yetməməsi əsası ilə rədd etmişdir. İş materiallarında olan sənədləri və işin araşdırılmış hallarını nəzərə alan Məhkəmə Kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin hazırki iş üzrə ilk iddiaya münasibətdə gəldiyi nəticə əsassızdır. Belə ki, apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, o uzun müddət “xxxx” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. Ləğv edilmiş MTN-nin sabiq naziri E.Mahmudovun və həmin dövrdə Banka faktiki rəhbərlik edən C.Hacıyevin təzyiqi və təsiri ilə 18.10.2012-ci il tarixli NA-068/012374 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə formal şəkildə rəsmiləşdirilsə də Bank tərəfindən ona hər hansı bir məbləğdə kredit vəsaiti verilməmişdir. Bank tərəfindən onun Banka 28.12.2013-cü il tarixə’ 3.700.000 manat məbləğində borcunun olması və məhz həmin borcun Cavabdeh2 və Cavabdeh1 ötürülməsini iddia etsə də, öhdəliyin keçməsi barədə 28.12.2013-cü il tarixli müqavilədə istinad olunan 18.10.2012-ci il tarixli NA-068/012374 saylı müqaviləyə əsasən onun Banka 27700.000 manat borcu olmamışdır. Həmçinin Cavabdeh2 və Cavabdeh1 28.12.2013-cü il tarixdə müqavilə bağlamamışdan əvvəl satın almaq istədikləri əmlaka baxış keçirdikləri zaman sözügedən əmlakın tam təmirsiz olmasını və yerləşmə ünvanına görə dəyərinin 2.000.000 manatdan çox ola bilməyəcəyini bildirdikdə, Bankdan ilkin olaraq həmin qeyri-yaşayış sahəsinin təmir olunacağı və tam təmirli şəkildə onlara təhvil veriləcəyi qeyd olunmuşdur. Buna görə də 28.12.2013-cü il tarixdə bağlanmış borcun keçirilməsi barədə müqavilədə borcun məbləği 3.700.000 manat kimi göstərilmiş, lakin dərhal sonra Bank tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin təmir olunmayacağı və olduğu kimi təmirsiz vəziyyətdə veriləcəyi bildirildiyi üçün tərəflər müqavilənin ilkin layihəsini ləğv edərək və dəyişərək borcun məbləğini əmlakın dəyərinə uyğunlaşdırmışlar. Xüsusilə, şərti olaraq 3.700.000 manat borc göstərilən ilkin müqavilə onların yanında cırılaraq məhv edilmiş, yeni 2.000.000 manat məbləğində borcla bağlı müqavilə rəsmiləşdirilmişdir. Beləliklə, borcun keçirilməsi barədə 28.12.2013-cü il tarixli müqavilənin sonuncu - hazırda qüvvədə olan variantında borcu qəbul edən şəxslərin Banka ödəməli olduğu borcun məbləği 2.000.000 manat təşkil edir. Eyni zamanda, yaranmış zərurətlə əlaqədar olaraq Məhkəmə Kollegiyası tərəfindən Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu İ.M.Xəlilov tərəfindən təsdiq edilmiş 16.05.2014-cü il tarixli 1116/14-02 saylı “İpoteka müqaviləsi” ilə bağlı “Notariat işini” götürərək tədqiq etmişdir. Həmin “Notariat işindən” müəyyən edilmişdir ki, ipoteka saxlayan Bank, ipoteka qoyan və borcalan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında 16.05.2014-cü il tarixdə bağlanmış 1116/14-02 saylı “ipoteka müqaviləsinə” əsasən, ipoteka saxlayanla borcalanlar arasında bağlanmış kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə 28.12.2013-cü il tarixli Müqaviləyə və 18.10.2012-ci il tarixli NA-068/012 saylı Kredit Müqaviləsinə əsasən verilmiş kreditin qalığı olan 3.200.000 manat məbləğində 48 ay müddətinə olan kreditin və kreditə hesablanacaq cərimələrin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər (bənd 2.1.). Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlərin olması birmənalıdır. Bunun müəyyən edilməsinə baxmayaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)- 7109/2017 nömrəli qətnaməsi ilə kredit müqaviləsinin əslinin təqdim edilməməsinə görə iddianın sübuta yetməməsi əsası ilə iddianın rədd edilməsi barədə Məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Çünki iş materiallarında olan başqa sübutlarla müqavilə münasibətlərinin olması müəyyən edilir. Lakin Bankın istinad etdiyi müqavilə deyil, cavabdehlərin və iş üzrə Şahid tərəfindən təsdiq edilən 28.12.2013-cü il tarixli 2.000.000 manat borcla bağlı mügayilə əsas götürülməklə Bankın iddiasına qiymət verilməlidir. Həmin müqavilə əsasında Bankın iddiasının dəlillərini araşdırdıqda Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə cavabdehlər Banka 28.12.2013-cü il tarixli müqavilə üzrə 2.000.000 manat borclu olduqlarını qəbul etmələri, habelə onların Banka 2.087,278,91 manat ödəniş etdikləri nəzərə alınarsa onların Banka borcunun olmaması müəyyən edildiyindən Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, 1-ci instansiya Məhkəməsinin tərəfindən qəbul edilmiş qətnamə ilk iddianın həll edilməsi hissəsində əsassızdır və ləğv edilməlidir. İş materiallarında olan və tələb edilən borcun mövcud olmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli Rəyi isə başqa sənədlər deyil, 28.12.2013-cü il tarixli Kredit müqaviləsi üzrə Borcun keçirilməsi barədə Müqavilənin şərtləri əsas götürülməklə, hesabdan çıxarış məlumatlarına əsasən borcu müəyyən etdiyindən, Məhkəmə Kollegiyası həmin Rəyi işdəki digər sübutlar və işin halları baxımından qiymətləndirərək cavabdehlərin iddiaçı Banka 1.626.722,16 manat əsas borcları olmasının sübutu kimi qəbul etmir. Həmçinin, iş materiallarında olan (i/v-169, 2-ci cild) Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 74 A ünvanındakı ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 946,2 kv.m və 3-cü mərtəbələrində yerləşən 894,8 kv.m. qeyri-yaşayış sahələrinə dair ipotekanın dövlət qeydiyyatı “xxxx” ASC-nin müvafiq olaraq 02-11/407-16 saylı 29.01.2016-cı il tarixli və 02-11/406-16 saylı 29.01.2016-cı il tarixli məktubları əsasında ləğv edilmişdir. Beləliklə, Kollegiya qeyd edir ki, məhkəmə hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 77.1-ci maddəsinin tələblərini mütləq şəkildə nəzərə almalıdır. Həmin normalarda göstərilmişdir ki, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, cavabdehlərdən fərqli olaraq iddiaçı tərəf məhkəməyə iddia tələblərinin əsasları barədə heç bir sübut təqdim edə bilməmiş, yalnız formal mülahizələr irəli sürmüşdür.Bundan əlavə borcun tutulması tələbini irəli sürən bank prosessual qanunvericiliyin tələbləri baxımından öz tələbində haqlı olmasını təsdiq edən halları mötəbər və zəruri dəlillərlə və lazımi vəziyyətdə olan sübutlarla (sənədin əsli və ya lazımı qaydada təsdiq olunmuş surəti ilə) sübuta yetirməli idi. MPM-nin 89.3. maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Mülki qanunvericiliyin tələbləri baxımından borc münasibətləri Mülki Məcəllənin 739-746-cı maddələrinin tələbləri nəzərə alınmaqla bağlanan müqavilə ilə rəsmiləşdirilir. Borcun keçməsi və ya borcun üçüncü şəxs tərəfindən icrası isə həmin məcəllənin 431-ci maddəsinin tələbləri nəzərə alınmaqla rəsmiləşdirilir. Hər iki halda tələbi irəli sürən bank cavabdehlərin banka borcunun olmasını təsdiq edən sənədləri məhkəməyə təqim etməli idi, əks halda iddianın təmin edilməsi qeyri-mümkün haldır. Hazırkı halda isə hər iki tərəf məhkəməyə borcun müxtəlif məbləğlərdə keçməsi barədə 2 müqavilənin surətini təqdim etmişlər. Sənədin əslinin təqdim edilmədiyi halda məhkəmənin tərəflərdən birinin təqdim etdiyi sənədin surətini əsas götürməsi digər tərəfin hüququnu pozan haldır.Həmçinin, yuxarıda da qeyd edildiyi kimi cavabdehlərin iddiaçı banka borcunun olmasını təsdiq edə biləcək əsas və müstəsna sübut Mülki Məcəllənin 739-746-cı maddələrinin tələbləri nəzərə alınmaqla bağlanan borc (kredit) müqaviləsi və ya Borcun keçməsini (borcun üçüncü şəxs tərəfindən icrasını) tənzimləyən həmin məcəllənin 431-ci maddəsinin tələblərinə əsasən rəsmiləşdirilən öhdəliyin keçməsi (üçüncü şəxs tərəfindən icrası) barədə müqavilənin əslidir (və ya lazımı qaydada- qanunla sənədin surətini təsdiq etmək səlahiyyəti verilmiş şəxs və ya orqanlar tərəfindən təsdiq edilmiş surətidir). Dolayı sübutlarla cavabdelərin iddiaçıya borcunun olub-olmamasının sübuta yetirilməsi qeyri-mümkündür və prosessual qanunvericiliyin tələblərinə görə qadağandır. Belə ki, MPM-nin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, iş materiallarından sübuta yetirilir ki, cavabdeh tərəfin iddiaçı qarşısında nəinki hazırki tarixə icra olunmamış öhdəliyi yoxdur, hətta artıq ödəmələri olmuşdur. Belə ki, iddiaçı ilə cavabdehlər arasında 28.12.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehlər Bakı şəhəri Nərimanov rayonu, X17 küçəsi 74A, qapı 1-də yerləşən ümumi sahəsi 946.2 kv.m olan 2ci mərtəbədə yerləşən və ümumi sahəsi 894.8 kv.m olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin alınması məqsədilə Banka həmin əmlakların dəyəri olmuş 2.000.000 (iki milyon) manat məbləğində vəsait ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlanan gün cavabdehlər banka 500.000 (beş yüz min) manat məbləğində ödəniş etmiş, yerdə qalan 1.500.000 (bir milyon beş yüz min) manat məbləğini isə 48 ay müddətində bərabər hissələrlə hər ay 31.250 (otuz bir min iki yüz əlli) manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər.İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehlər iddiaçıya müqavilə bağlanan gün 500.000 (beş yüz min) manat, daha sonra hissə-hissə 1.587.278,91 (bir milyon beş yüz səksən yeddi min iki yüz yetmiş səkkiz) manat (doxsan bir) qəpik, ümumilikdə 2.087.278,91 (iki milyon səksən yeddi min iki yüz yetmiş səkkiz) manat (doxsan bir) qəpik ödəniş etmişlər.İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdehlər sözügedən vəsaiti məhz Bakı şəhəri Nərimanov rayonu, X17 küçəsi 74A, qapı 1-də yerləşən ümumi sahəsi 946.2 kv.m olan 2-ci mərtəbədə yerləşən və ümumi sahəsi 894.8 kv.m olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin alınması məqsədilə ödəmişlər.Həmin qeyri-yaşayış sahələrinin dəyəri cavabdehlərin banka ödədikləri vəsaitdən (2.087.278,91 manatdan) dəfələrlə az olmuşdur. Belə ki, qeyd olunan qeyri-yaşayış sahələri istifadəyə tam yararsız və təmirsiz vəziyyətdə olmuşdur.Belə olan halda Bankla cavabdehlər arasında əldə edilmiş razılaşmaya əsasən, onlara bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinə görə cavabdehlər banka sözügedən əmlakların dəyəri olan 2.000.000 (iki milyon) manat vəsait ödəsin, bununla da borc bağlanmış olsun.Təsadüfü deyil ki, həm iddiaçı bankın istinad etdiyi (hazırda qüvvədə olmayan) ipoteka müqaviləsindən, həm də cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən əmlakın cavabdehlərə keçən vəziyyətdə olan dəyəri 2.000.000-dək təşkil edir. Bundan əlavə əsas öhtəliyi yaradan müqavilə ilə (28.12.2013-cü il tarixli müqavilə ilə) iddiaçı bankın istinad etdiyi ipoteka müqaviləsi arasında ziddiyyət olduğu halda ipoteka müqaviləsinin yox, əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas götürülməlidir.Çünki vaxtilə ipoteka qoyan qismində çıxış etmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 eyni zamanda əmlakın dəyəri həcmində müqavilə üzrə borcu qəbul etdiyinə borclu şəxslər sayıldığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinin tələbləri baxımından əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas təşkil etməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının cavabdehlərə olan iddia tələblərindən görünür ki, iddiaçı cavabdehlərdən yalnız pulun tutulmasını xahiş etmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi ipotekanının dövlət qeydiyyatının ləğv edildiyini və əmlakın girovdan azad edildiyini bildirmişdir. Həmçinin, iş materiallarında olan (i/v-169, 2-ci cild) Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 74 A ünvanındakı ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 946,2 kv.m və 3-cü mərtəbələrində yerləşən 894,8 kv.m. qeyri-yaşayış sahələrinə dair ipotekanın dövlət qeydiyyatı “xxxx” ASC-nin müvafiq olaraq 02-11/407-16 saylı 29.01.2016-cı il tarixli və 02-11/406-16 saylı 29.01.2016-cı il tarixli məktubları əsasında ləğv edilmişdir. Bu hal da həmçinin, cavavbdehlərin etirazlarında haqlı olmalarını və banka olan borcun tam ödəmələrini təsdiq edən mötəbər sübutlardan biridir. Belə ki, borc tam ödənilmədiyi halda əmlakın girovdan azad edilməsinin səbəbi inandırıcı dəlillərlə əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilk iddianın həll edilməsi hissəsində ləğv edilməli və ilk iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı ləğv etmə prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv etmə prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” ilk iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar