Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-267/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verən hallar) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir.
2. "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Mi 012765 №-li sığorta müqaviləsi bağlanmış və ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmış, "xxxx" MMC sığortalı, İddiaçı faydalanan şəxs, sığorta məbləği 90 000 manat, sığorta haqqı isə 9360 manat müəyyən olunmuşdur.
3. “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin AD 089890 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsinin sahibi X13 tərəfindən xx.xx.2021-ci il tarixinə qədər idarə olunması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir.
4. 20 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş, X8 idarə etdiyi ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə X7 məxsus “Toyota Rav” markalı **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuş, sığortalı avtomobilə ziyan dəymişdir.
5. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, X8 alkoqol sərxoşluq vəziyyəti yoxdur.
6. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X8 müayinəsi zamanı nəticə- mənfi - aşkar edilmədi.
7. Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən, o cümlədən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş, ona ambulator müalicə təyin olunmuşdur.
8. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərarla, toplanmış materialda və X8 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
9. "xxxx" MMC-nin İddiaçı vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hər-hansı bir rəsmi məlumat "xxxx" MMC-nə daxil olmamışdır. Araşdırmamız nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğ "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesablarına köçürülməmişdir. Eyni zamanda sorğuda göstərilən sığorta müqaviləsinin, kasko sığorta haqqının ödənilməsini və X18 müqaviləsi üzrə X3 tərəfindən ödənilmiş məbləğlərə dair çıxarışlar Sizə göndərilir”.
10. X3 tərəfindən "xxxx" ASC-nə ünvanlamış ərizələrdə avtomobilinə dəymiş ziyana görə ona sığorta ödənişinin ödənilməməsinin səbəbləri soruşulmuş, həmin ərizələrə cavab verilməmişdir.
11. Müstəqil ekspert X16 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda (arayışda) “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin ümumilikdə (ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla) 73 150 (yetmiş üç min yüz əlli) manat təşkil etdiyi göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı (iddiaçı) "xxxx" ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilə dəymiş 90 000 (doxsan min) manat zərərin (sığorta ödənişinin) cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilin kasqo sığortalanması barədə xx.xx.2020-ci il tarixində xx.xx.2024-cü il tarixinədək müqavilə imzalanmış, bu barədə sığortalıya 012765 nömrəli sığorta şəhadətnaməsi verilmiş, sığorta məbləği 90 000 manat, sığorta haqqı isə 9360 manat müəyyən olunmuşdur. Sığorta hadisəsi 20 yanvar 2021-ci il tarixində saat 23:30-da Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində baş vermiş, X8 idarə etdiyi ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə X7 məxsus “Toyota Rav” markalı **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuş, avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Sığorta hadisəsi baş verdikdən dərhal sonra X25 İdarəsi və sığorta şirkəti ilə əlaqə saxlanılaraq məlumat verilmiş, Yasamal RPİnin 09 fevral 2021-ci il tarixli qərarı ilə X8 əməlində İXM-in 263.1-ci və 263.1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin 617 nömrəli aktı və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 2/1387 ilə aktı ilə X8 hadisə zamanı tam sağlam olduğu, hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etmədiyi təsdiqlənmişdir. Vəkili tərəfindən "xxxx" ASC-yə 13 avqust 2021-ci il tarixli sorğu və 22 sentyabr 2021-ci il tarixli ərizələr ilə müraciət olunaraq sığorta ödənişinin edilməməsinin səbəbi barədə məlumat verilməsi xahiş edilsə də, sorğulara rəsmi cavab verilməmiş və sığorta ödənişi ödənilməmişdir. Bundan başqa, vəkili tərəfindən 13 avqust 2021-ci il tarixli və 28 sentyabr 2021-ci il tarixli sorğularla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, “Avto Lizinq" MMC-nin 17 avqust 2021-ci il tarixli cavab məktubu ilə MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğin “Rəvan Sığorta" ASC tərəfindən “Avtolizinq" MMC-nin hesabına köçürülmədiyi bildirilmişdir. Vəkili tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına da müraciət edilərək "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Beləliklə, pozulmuş hüquqlarının bərpası istiqamətində mübahisənin həlli üçün məhkəməyə qədərki bütün həll vasitələrindən istifadə edilmiş, lakin nəticə əldə edə bilməmişdir. Lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.
14. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda yazılı etiraz təqdim etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Mi 012700 №-li sığorta müqaviləsi bağlanmış və ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasan sığortalı avtomobil Yasamal rayonu ərazisində X13 tərəfindən idarə olunarkən, xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə sığortalı avtomobilə zərər dəymişdir. İddiaçı hadisənin baş verməsi barədə Cəmiyyətə 20 gün sonra məlumat vermiş, bu da baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə va hansı səbəbdən baş verməsi və digər təfərrüatlı araşdırmanın aparılmasını mümkünsüz etmişdir. Həmçinin, hadisə barədə gec məlumat verilməsinə baxmayaraq mövcud imkanlarla hadisəni araşdırmağa çalışan əməkdaşlara yalnış məlumat verilmişdir. Belə ki, hadisə ilə bağlı sürücünün verdiyi video müsahibədə sürücü hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəblə Cəmiyyətə məlumat verə bilmədiyini qeyd etmişdir. X12 Cəmiyyətə daxil olan xx.xx.2021-ci il tarixli məktuba əsasən sürücü xəstəxanaya yol-nəqliyyat hadisəsindən sonra - xx.xx.2021-ci il tarixdə saat 00:31 radələrində müraciət etmiş va müayinə olunduqdan sonra stasionar müalicədən qəti imtina etmişdir. Hadisədən sonra sürücü xx.xx.2021-ci il tarixdə Yasamal rayon RPİ-nə getmiş və ərizə ilə rəhbərliyə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Buradan da görünür ki, hadisədan sonra onun səhhətində ciddi problem olmamış, sürücü "xxxx" ASC-yə məlumat vermək iqtidarında olmuşdur. Həmçinin sığortalı, Cəmiyyətə yazdığı xx.xx.2021ci il tarixli ərizədə xəstəxanada 3 gün qaldığını bilmədən dediyini, əslində 2-3 saat qaldığını qeyd etmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı “Toyota Rav 4” markalı avtomobilin sürücüsü X5 Cəmiyyətə yazdığı ərizəsinə və video müsahibəsinə əsasən hadisədən sonra özünü sürücünün atası kimi təqdim edən şəxs ona yaxınlaşmış və oğlunun sərxoş olduğu üçün avtomobili sürənin özü olduğunu bildirməsini xahiş etmişdir. Cəmiyyətə yol-nəqliyyat hadisəsi barədə 20 gün sonra şifahi məlumat verilməsinə baxmayaraq, mümkün qədər araşdırma aparılması üçün hətta 22 gün sonra sürücüdən narkoloji müayinədən keçməyi tələb olunmuşdur. “X6 sığortası" şəhadətnaməsinin 10-cu bəndinə əsasən, baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənəd toplusuna əlavə olaraq alkoqol və narkoloji müayinə arayışı tələb edə bilər. Lakin sürücü, xx.xx.2021-ci il tarixdə Cəmiyyətə ərizə ilə müraciət edərək rayona getməli olduğunu və buna görə də müayinədən keçə bilmədiyini qeyd etmişdir. xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarda sürücünün xx.xx.2021-ci il tarixdə Yasamal rayon RPİ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyi qeyd olunmuşdur. Qarşı tərəfin sürücüsünün izahatı, sürücünün ekspertizadan keçməkdən imtina etməyi və Cəmiyyətə izahat verərkən bəhanə ilə müayinədən yayınmağı, onun yol-nəqliyyat hadisəsi baş verərkən narkotik maddənin təsiri altında olmağını istisna etmir. Bundan başqa, sürücü Cəmiyyətin inzibati binasında narkoloji müayinədən keçmək barədə göndəriş alarkən, telefon danışığı aparmışdır ki, (otaqda video və səs yazısının aparılmasına dair lövhə iki görünən hissədə vurulmuşdur), sonradan həmin video və səs yazısı akustik ekspertiza olunmuşdur. Orada da açıq-aydın sübut olunur ki, sürücü psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışır və qəsdən yayınır. Həmçinin, sığortalı avtomobildə olan digər sərnişinlərin hadisəyə dair ərizəsində və video müsahibəsində də ziddiyyətlər var. Sığortalı avtomobil həm də "xxxx" ASC-də təkrar sığortalanmış, təqdim olunmuş məlumatlar əsasında təkrar sığorta şirkəti də sığorta ödənişindən imtina etmişdir. Avtomobilin sığortalanması zamanı bağlanmış Mİ-012765 №-li “X6 Sığortası Şəhadətnaməsi” "X6 sığortası" qaydaları ila tənzimlənir. Həmin qaydaların 14.1-ci maddəsinə asasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. Mülki Məcəllənin 923.1-ci bəndinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı va ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər-hansı vasitə ilə xəbər verməlidir. “Nəqliyyat vasitələrinin “Kasko sığortası” qaydalarının 14.4-cü bəndinə əsasən sığortalı hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümkün olan lazımi məlumat və sənədləri sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq və göstərilən müddəalar rəhbər tutularaq, ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.
15. Cavabdehin nümayəndəsi Məhkəmə Ekspertizası və X1 30 iyun 2021-ci il tarixli ekspert rəyini məhkəməyə təqdim etmiş, ekspertin tədqiq etdiyi 1 ədəd “KODAK” markalı DVD-R optik diskə yazılmış 192.168.30.58_17_**********2358919 adlı faylda qeydə alınmış videofonoqramda montaj əlamətlərinin müəyyən olunmadığını, Fətəli Ağayevə məxsus video və səs yazısından onun, psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışdığını və qəsdən yayındığının müəyyən edildiyini bildirmişdir.
16. İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X14 iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, baş vermiş sığorta hadisəsi ilə əlaqədar cəmiyyətdə məlumat olduğunu, həmin nəqliyyat vasitəsinin lizinq müqaviləsi əsasında əldə edildiyini, hadisədən sonra nəqliyyat vasitəsinin tam yararsız vəziyyətə düşdüyünü, lakin dəymiş zərərlə bağlı "xxxx" MMC-yə cavabdeh şirkət tərəfindən hər hansı ödəniş edilmədiyini bildirmişdir.
17. Birinci instansiya məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
18. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı “X6 Sığortası Qaydaları”nın 14.1-ci bəndinin tələbləri üzrə sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməli olduğu halda bunu etməmiş, hadisə baş verdikdən sonra oranı tərk etmiş, 20 gün sonra sığorta şirkətinə bu barədə məlumat vermiş, eyni zamanda “X6 Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərin 10-cu bəndinin tələbləri üzrə sığorta hadisəsi ilə əlaqədar alkoqol və narkotik müayinə arayışı təqdim etməmiş, nəticədə göstərilən X20 hissəsinə əsasən ona sığorta ödənişi verilməsindən imtina olunmuşdur.
19. İddiaçının mübahisələndirdiyi hallarla bağlı məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsi kimi qeyd edilən yol-nəqliyyat hadisəsi 20 yanvar 2021-ci il tarixində baş verdiyi halda, müvafiq tibbi müayinə xx.xx.2021-ci il tarixdə olmuşdur. “X6 Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərə əsasən, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq tibbi müayinələrdən vaxtında keçməməsi tərəflər arasında olan sığortadan irəli gələn hüquq münasibətlərinin pozulması kimi qiymətləndirilir. Bundan başqa, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin hadisədən dərhal sonra klinikaya müraciət etdiyi, bu səbəblə də sığortaçı şirkətə məlumat verə bilməməsinə dair dəlil də öz təsdiqini tapmır. Belə ki, “Cinayət işinin başlanması barədə rədd qərarı”dan göründüyü kimi, 22 yanvar 2021-ci il tarixdə X13 ərizə ilə Yasamal RPİnə müraciət etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunur ki, İddiaçı yolnəqliyyat hadisəsi baş verdikdən sonra yuxarıda sadalanan tələblərə riayət etməmiş, həmçinin iddia tələbində qeyd etdiyi faktlar öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmuşdur.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 923.1-ci, 933.1.1-ci, 933.1.2-ci, 933.1.3-cü, 935.1.1-ci maddələrinə, “X6 Sığortası Qaydaları”nın 4.5-ci, 14.1-ci, 14.4-cü, 18.1-ci, “X6 Sığortası şəhadətnaməsinə Əlavə Şərtlər”in 10-cu bəndlərinə, Mülki Prosessual Məcəllənin 4.1-ci, 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə istinad etmişdir.
21. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi üçün əsas gətirdiyi halların Mərkəzi Klinikanın verdiyi tibbi sənədlərlə təkzib edildiyini, hadisənin baş verməsindən 1 gün sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirildiyini, cavabdeh şirkətin mövcudluğunu iddia etdiyi videoçəkilişin təqdim olunmadığını, hadisə barədə hadisədən dərhal sonra məlumat verilmiş şirkətin 2 həftə sonra hadisə yerinin müayinəsini həyata keçirdiyini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə etiraz
22. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, iddiaya qarşı birinci instansiya məhkəməsinə verilən etirazla eyni məzmunda olan həmin etirazda qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
23. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə etməklə yanaşı, şikayətin dəlillərinə qiymət verilməsi üçün əlavə ekspertiza təyin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
24. Apellyasiya baxışı zamanı iş üzrə ilkin və əlavə əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, ekspert qarşısında “xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği nə qədər təşkil edir” məzmununda sual qoyulmuşdur.
25. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli ilkin və xx.xx.2023-cü il tarixli əlavə ekspert rəylərində göstərilmişdir ki, 2017-ci il buraxılışlı “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab edilmir və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalmış yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 36 000 (60 000 – 40%) manat müəyyən edilir.
26. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
33. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
34. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
35. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
36. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
37. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
38. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
39. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
40. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
41. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
42. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
43. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
44. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
45. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
46. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
47. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
54. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
55. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
56. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
59. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
62. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
63. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi "xxxx" ASC, “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığortası (könüllü sığorta) növü üzrə onun tərəfindən sığortalanmış olduğunu və xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verərək həmin avtomobilə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığortaçının (cavabdehin) həmin hadisənin sığorta hadisəsi olduğunu araşdırmaq imkanından məhrum olub-olmadığı, habelə hadisə nəticəsində sığorta ödənişinin verilməsindən imtina üçün əsas olub-olmadığıdır. Belə ki, cavabdeh şirkət iddiaçının (sığortalının) hadisə barədə gec, eləcə də hadisəni araşdırmağa çalışan əməkdaşlara yanlış məlumat verdiyini, həmçinin tibbi ekspertizadan keçməkdən imtina etdiyini irəli sürməklə sığorta ödənişini ödəməkdən imtina etmişdir.
64. Bu baxımdan kollegiya, sığorta hadisəsi və sığorta ödənişinin verilməsindən imtina əsasları ilə bağlı əlaqədar qanunvericilik müddəaları üzrə təhlil aparılmasını zəruri hesab edir.
65. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh şirkətin iddiaya və apellyasiya şikayətinə etiraz kimi irəli sürdüyü, iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumenti işin halları ilə öz təsdiqini tapmır.
66. Belə ki, "xxxx" ASC-nin Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırdığı “X6 Sığortası Qaydaları”nın 14.1-ci bəndinə əsasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir.
67. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnaməsində) isə nəzərdə tutulmuşdur ki, “Bu sığorta şəhadətnaməsi “X6 sığortası qaydaları”na əsaslanır. Sığorta hadisəsi baş verdikdə aşağıda göstərilən nömrələrlə dərhal "xxxx" ASC-yə və DYP-ə zəng edin”.
68. Beləliklə, sığorta hadisəsi barədə məlumat vermək vəzifəsinin tezliyi (müddəti) Mülki Məcəllədə “dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində” (§ 36), sığorta şəhadətnaməsində “dərhal”, həmin şəhadətnamənin əsaslandığı qaydalarda isə “dərhal və ya ən geci 3 gün müddətində” kimi müəyyənləşdirilmişdir.
69. İşin hallarından aydın olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi barədə hadisədən dərhal sonra – xx.xx.2021-ci il tarixdə saat 23:49 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə Yasamal RPİ-nin NH-nə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmış, hadisə iştirakçılarının izahatları alınmış, müvafiq ekspertiza keçirilmiş, xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur.
70. Həmin qərardan aydın olur ki, hadisənin baş verməsindən təxminən 10-15 dəqiqə sonra hadisə yerinə X23 ekipajı da gələrək “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxsləri xəstəxanaya aparmışlar.
71. Hadisə barədə sığorta şirkətinə konkret olaraq hansı tarixdə məlumat verilmiş olduğu müəyyən edilməsə də, kollegiya bu qeyri-müəyyənliyin sığortalının ziyanına şərh olunmasını qanunvericinin məqsədlərinə uyğun hesab etmir – xüsusilə ona görə ki, cavabdeh şirkət də hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməmişdir.
72. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilik (§ 38) sığortalının sığortaçını sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanının xəbər verməli olduğunu təsbit etmişdir – hazırkı işin hallarına görə isə sığortalının səlahiyyətli dövlət orqanını dərhal məlumatlandırmış olduğu müəyyən edilmişdir.
73. Eləcə də qeyd olunmalıdır ki, “dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 3 gün, hətta 3 gündən çox da ola bilər.
74. Qaldı ki, sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdeh şirkətin istinad etdiyi sözügedən arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olub-olmadığı məsələsi də mülki qanunvericiliyin əlaqədar maddələrinin məzmunu və məqsədləri baxımından nəzərdən keçirilməlidir.
75. Mülki Məcəllənin 935-ci maddəsinin (§ 47) mənasına görə, cavabdeh şirkətin istinad etdiyi “vaxtında məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verir ki, məlumatın gec verilməsi, yaxud “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun; sığortalının verdiyi yanlış məlumatlar isə sığortaçını “sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum” etdiyi zaman imtinaya əsas verə bilər.
76. Halbuki, yuxarıda gəldiyi qənaətə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı sığorta hadisəsi barədə məlumatı “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda səlahiyyətli dövlət orqanına vermiş, sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət sonra hadisədən xəbər tutduğu isə müəyyən edilməmişdir.
77. Xüsusilə nəzərə alınmalıdır ki, “BMW 530i” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla idarə etmiş olan X8 alkoqol sərxoşluq vəziyyəti xx.xx.2021-ci il tarixdə səlahiyyətli dövlət qurumu tərəfindən yoxlanılaraq “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən keçirilmiş, “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktla isə onun narkotik vasitələri və psixotrop maddələri istehlak etmədiyi müəyyənləşdirilmişdir (§ 5, 6, 7).
78. Başqa sözlə, cavabdeh şirkətin – hətta hadisədən 20 gün sonra məlumat əldə etmişdirsə belə - hadisənin sığorta hadisəsi olub-olmamasını, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduğu qənaətinə gəlmək mümkün deyildir.
79. Bu zaman həm də nəzərə alınmalıdır ki, sığortalanmış avtomobil hazırkı dövrə qədər təmir edilməməklə yanaşı, cavabdehin irəli sürdüyü arqumentə görə ona hadisədən 20 gün sonra baxış keçirilmişdir – bu isə o deməkdir ki, cavabdeh şirkətin dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmasından bəhs etmək ümumiyyətlə ağlabatan deyildir.
80. Sığortalanmış avtomobili idarə etmiş olan X8 hadisə baş verdiyi zaman sərxoş, yaxud narkotik vasitənin təsiri altında olması ilə bağlı cavabdehin nümayəndəsinin irəli sürdüyü arqumentlər isə tamamilə ehtimal xarakterlidir – hansı ki, bu cür ehtimallar əsasında səlahiyyətli dövlət qurumlarının müəyyənləşdirdiyi hallar təkzib oluna bilməz.
81. Sərxoşluq elə bir vəziyyətdir ki, hüquqi mübahisələrdə onun mövcud olmadığı deyil, mövcud olduğu sübut edilməlidir.
82. Ümumiyyətlə qeyd olunmalıdır ki, cavabdeh şirkətin istinad etdiyi DVD-R optik diskə yazılmış videofonoqramda olan danışıqların məzmunu sözügedən ehtimala birmənalı şəkildə gəlməyə əsas vermir; yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Toyota Rav 4” markalı avtomobilin sürücüsü X5 cavabdeh şirkətə yazdığı bildirilən ərizəsi və video müsahibəsi isə məhkəməyə təqdim olunmamışdır.
83. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız olmuşdur.
84. Bununla belə kollegiya, iddiaçının iddia tələbini qismən əsaslı hesab edir; belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş ziyanın məbləğinin avtomobilin salamat qalmış yararlı hissələrinin dəyəri çıxılmaqla təxminən 36 000 manat təşkil etdiyi müəyyən edilmişdir (§ 25).
85. Nəzərə alınmalıdır ki, sığorta ödənişi zərərçəkmiş şəxsə dəymiş real zərər miqdarında maliyyə kompensasiyası olduğundan (§ 43), məruz qaldığı zərərin məbləğini sübutetmə yükü sığortalının üzərinə düşür.
86. Ekspertiza tədqiqatının iddiaçının özünün təqdim etdiyi qüsur aktı əsasında həyata keçirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, ekspert rəyləri ilə razılaşmamaq üçün əsas yoxdur və sığortalanmış avtomobilə dəymiş ziyanın məbləği olaraq məhz ekspert rəyi ilə müəyyənləşdirilən məbləğ əsas götürülməlidir.
87. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərdiyi, avtomobilə ümumilikdə 54 472,83 manat ziyan dəyməsi barədə “İmprotex Motors” tərəfindən verilmiş akta münasibətdə kollegiya qeyd edir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 58).
88. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri də cavabdedən tutularaq ona ödənməli, keçirilmiş ekspertiza xərci isə cavabdehdən alınaraq müvafiq hesaba köçürülməlidir.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-589/2022 saylı iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 36 000 (otuz altı min) manat sığorta ödənişi, həmçinin ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 540,54 (beş yüz qırx manat 54 qəpik) manat, yəni cəmi 36 540,54 (otuz altı min beş yüz qırx manat 54 qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Hesab № ******* X4, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə