Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2677/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2023-cü il tarixli qətnamədən cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (əri) X4 və apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh Universitetə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Universitet tərəfindən ondan əsassız alınmış 28.650 manat məbləğində pulun Universitetdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Rusiya Federasiyasında təhsil aldığı universitetdən Azərbaycanda fəaliyyət göstərən cavabdeh Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəllimliyi fakültəsinə köçürülmüşdür. Köçürülmə zamanı Universitetin rektoru Müşviq Atakişiyev və köməkçi Əlövsət ondan 15.000 manat məbləğində pul almışlar. İddiaçı, onlardan həmin 15.000 manatın qəbzini tələb etdikdə onlar bir aydan sonra ona qiymət kitabçası və tələbə biletini təqdim edib və bildiriblər ki, o Universitetə qəbul olub, həmin məbləğ qanuni yol ilə köçürülmə üçün alınıb və qəbz tez bir zamanda təqdim ediləcək. İddiaçı, həmin Universitetdə üç il təhsil alıb və hər il təhsil haqqı kimi 2.800 manat pulu Universitetin mühasibatlığına əlbəəl ödəmişdir, lakin ödəniş ilə bağlı qəbz verilməyib. Ümumilikdə təhsil haqqı olaraq üç il ərzində Universitetin mühasibatlığına 8.400 manat pul ödəmişdir. Bundan əlavə hər qış və yay semestrinin kəsirlərinə görə üç il ərzində ümumilikdə 5.250 manat məbləğində pulu Universitetin "xxxx" ASC-dəki hesabına köçürmüşdür. Beləliklə ümumilikdə Universitet tərəfindən iddiaçıdan 28.650 manat pul alınmışdır. İddiaçı, 2017-ci ildə Universitetdə təhsilini bitirməsinə baxmayaraq, bugünə kimi diplomunu ala bilməmişdir. Ötən müddət ərzində çoxsaylı müraciətləri, tələbləri Universitet rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə təmin olunmamışdır. İddiaçı, nəhayət aldadıldığından şübhələnərək vəkil vasitəsilə sorğu ilə Universitetə müraciət edərək, əyani şöbənin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olmaq barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilməsi haqqında əmrlərdən çıxarışların, X3 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) təqdim olunmasını xahiş etmiş, lakin Universitetdən sorğuya cavab verilməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Universitetin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və Universitetin üzərinə həmin sorğuda tələb olunan sənədləri təqdim etmək öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2549/2021 nömrəli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Həmin qətnamədən Universitetin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (iş № 2(103)-10577/2021) ilə apellyasiya şikayəti təmin olunmamasını, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən Universitetin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (iş № 2(102)-2404/2022) ilə kassasiya şikayəti təmin edilməmsəni, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bununla da Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq Universitet həmin qətnaməni icra etmir və iddiaçı, "xxxx" ASC vasitəsi ilə Universitetə etdiyi ödənişləri təsdiq edən sənədləri məcburiyyət qarşısında qalaraq sorğu əsasında əldə etmişdir. Göründüyü kimi, Universitetin rəhbərliyi iddiaçını uzun illər ərzində aldatmış, guya onun həmin Universitetdə təhsil alması görüntüsü yaratmışdır. Hər bir tələbənin Universitetdə təhsil almasını təsdiq edən adi sənədlərin verilməsindən yayınan, həmin sənədlərin verilməsinə dair çıxarılmış məhkəmə qərarından Ali Məhkəməyə kimi şikayət edən, hazırda isə məhkəmə qərarını icra etməyən Universitet rəhbərliyinin iddiaçıya qarşı dələduzluq etdikləri tamamilə aşkar faktdır. Göstərilən faktla bağlı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir və hazırda Bakı Şəhəri Baş Polis İdarəsində şikayəti ilə əlaqədar araşdırma aparılır. İddiaçı hesab edir ki, cavabdehin ondan əsassız olaraq aldığı pul qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd etdiyi son məhkəmə qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2404/2022 nömrəli qərarı) qəbul edilməsindən sonra cavabdehin yenə də qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından yayınmasından sonra cavabdehin heç bir hüquqi əsas olmadan ondan xeyli miqdarda pul aldığını müəyyən etmişdir. Buna görə də cavabdeh əsassız olaraq ondan aldığı pulu geri qaytarmalıdır.
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb olunmuşdur. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
4. İş üzrə cavabdehin iddiaya yazılı etirazı daxil olmamışdır. c) üçüncü şəxsin iddia tələbinə münasibəti barədə məlumat
5. İş üzrə üçüncü şəxs olan Elm və Təhsil Nazirliyinin nümayəndəsi X8 Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, 2001-ci ilə qədər tələbələrin köçürülməsi ali təhsil müəssisələrin rektorları tərəfindən icra edilmiş, 2002-ci ildən sonra isə bu hərəkətlər Təhsil Nazirliyinin razılığı əsasında aparılmışdır. Bu barədə Təhsil Nazirin əmri mövcuddur və bütün təhsil müəssisələrinə göndərilmişdir. Buna baxmayaraq cavabdeh Universitetin rəhbəri bu əmrə tabe olmadan, Təhsil Nazirliyinin razılığı alınmadan tələbələri köçürmüşdür, bu səbəbdən də tələblərə hazırda diplom verilə bilmir. Sonradan məlum olmuşdur ki, Universitet özbaşına köçürmələr icra edib, 87 tələbini razılıq olmadan köçürmüşdür. Hətta inzibati məhkəmədə bu məsələyə dair iş olmuş, lakin həmin iddia cavabdehin düzgün qoyulmaması səbəbindən rədd edilmişdir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. d) iş üzrə qəbul edilmiş məhkəmə aktı
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Universitetdən 13.650 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatının, cəmi isə 13.735 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə rədd edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada cavabdeh Universitetə qəbul olunmamış və ya köçürülməmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh Universitet arasında qanuna uyğun qaydada “təhsilalan” – “təhsilverən” münasibətləri yaranmamışdır. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh Universitet heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək, iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, cavabdeh Universitet iddiaçını qanunvericiliyə zidd qaydada təhsil müəssisəsinə keçirmiş və onunla bağlanmış təhsil müqaviləsinin yekun nəticəsini, yəni diplom almasını öz təqsiri səbəbindən təmin edə bilməmişdir. Təhsil müqaviləsi qanunvericiliyin tələblərinə zidd qaydada bağlandığından, yəni cavabdehin tələbəni Təhsil Nazirliyinin razılığı alınmadan köçürmək hüququ olmadığından tərəflər arasında bağlanmış müqavilə qanuna uyğun qaydada bağlanmış müqavilə kimi nəzərdən keçirilə bilməz. Cavabdeh Universitetdən iddiaçının xeyrinə tutulmalı pul vəsaitinin məbləğinə gəldikdə isə, Rayon Məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh Universitetə köçürülməsi üçün 15.000 manat, təhsil haqqı olaraq 8.400 manat, qış və yay semestrinin kəsirlərinə görə ümumilikdə 5.250 manat olmaqla, cəmi 28.650 manat pulu Universitetə ödədiyini iddia edir. İş materiallarında olan sənədlərlə əsasən isə müəyyən olunur ki, iddiaçı İİ kursdan etibarən Universitetə köçürülməklə orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2.800 manat məbləğində pulu Universitetə ödəmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli (700 manat), xx.xx.2015-ci il tarixli (400 manat), xx.xx.2015-ci il tarixli (400 manat), xx.xx.2016-cı il tarixli (1.000 manat), xx.xx.2016-cı il tarixli (1.000 manat), xx.xx.2016-cı il tarixli (100 manat), xx.xx.2017-ci il tarixli (1.000 manat) və xx.xx.2016-cı il tarixli (650 manat) ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Universitetə cəmi 5.250 manat məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı həmin ödənişlərin onlardan kəsir haqqı adı ilə alındığını bildirir. Cavabdeh Universitet isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh Universitet həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra –Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdeh Universitetə məlumat vermədən işə baxmış və tam əsassız olan iddianı qismən də olsa təmin etmişdir. İddia tələbinin mahiyyəti üzrə isə qeyd edilməlidir ki, iddia əsassızıdır. Belə ki, tərəflər arasında “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəz “Təfəkkür” Universitetində təhsil alması haqqında” 290 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Qətnamədə istinad olunan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli çekindən görünür ki, iddiaçı tərəfindən Universitetin hesabına əyani 4-cü kurs təhsil haqqı təyinatı ilə 1.000 manat məbləğində pul köçürülmüşdür. Göründüyü kimi, həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Həmin müddətdən sonra heç bir ödəniş olunmamışdır. Bununla da, iddiaçı öz hüququnun pozulduğunu həmin vaxtdan, xx.xx.2017-ci il tarixdən bilirdi və ya bilməli idi. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız 2023-cü il tarixdə, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. Beləliklə, hazırki iddia tələbi iddia müddətinin axımı başlandıqdan 3 ildən artıq müddət keçməsi səbəbindən, yəni iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Bundan başqa, Rayon Məhkəməsi tərəfindən hüquqi əsaslandırma olaraq əsassız varlanmaya istinad olunmuşdur. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Nəzərə alınsa ki, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmiş, onda müəyyən edilir ki, iddiaçı əsassız varlanma obyektini qaytarmaq öhdəliyi üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən şikayət ərizəsi ilə müxtəlif vaxtlarda 18-ci Polis Bölməsinə müraciət olunmuş, xx.xx.2021-i il tarixli və xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilmişdir. Qərarlarda göstərilir ki, iddiaçı iddia etdiyi pulun bir hissəsini 2014-cü ildən oxuduğu Universitetdə təhsil haqqı və digər kredit ödənişləri kimi verdiyi üçün, eyni zamanda oxuduğu müddətdə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada növbəti kurslara keçdiyindən, həmçinin buraxılış dövlət imtahanını Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş komissiyanın iştirakı ilə verdiyindən cinayət tərkibinin mövcudluğu istisna edilir. İddiaçı ilə cavabdeh Universitet arasında müqavilə münasibətləri mövcuddur. Məhkəmə isə həmin müqaviləni nəzərə almadan əsassız olaraq əsassız varlanmaya istinad etmişdir. Tərəflər arasında bağlanmış və yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli müqavilənin 8-ci bəndinə görə, tələbə hər hansı üzrlü və üzrsüz səbəbə görə təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, yaxud universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı geri qaytarılmır. Lakin göstərilən hallar Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Cavabdeh Universitetin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
11. Apellyasiya baxışında iştirak etmiş iddiaçının nümayəndəsi (əri) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
12. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxs olan Nazirlik apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi birmənalı olaraq ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
15. Belə ki, apellyasiya şikayətində cavabdeh Universitet bildirir ki, Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verməmiş, işə onun iştirakı olmadan baxmış, bununla da onun prosessual hüquqlarını pozmuşdur.
16. Apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Çünki Rayon Məhkəməsi MPM-in 185ci maddəsinə əsaslanaraq işə Universitetin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Amma Rayon Məhkəməsi nəzərə almamışdır ki, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdeh Universitet tərəfindən alınması iş materialları ilə təsdiq olunmur.
17. Belə ki, cavabdeh Universitetin hüquqi ünvanı ünvan 1ildirişlərini həmin ünvan üzrə göndərmiş, lakin Universitet fəaliyyətini dayandırdığı üçün hüquqi ünvan üzrə bildirişlərin ona çatdırılması mümkün olmamışdır. Halbuki iddia ərizəsində Universitetin faktiki ünvanı kimi ünvan 2hkəməsi cavabdeh Universitetin faktiki ünvanı üzrə məhkəmə bildirişləri göndərməmiş, Universitetin məhkəmə iclası barədə məlumatlı olması üçün bütün mümkün vasitələrdən istifadə etməmişdir.
18. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-in 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
19. MPM-in 387.2.2-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
20. Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-in 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki, MPM-in 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Məhkəmə işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq qeyd edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, istər cavabdeh Universitetin istərsə də iddiaçının bildirdiklərindən məlum olur ki, onların arasında “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəz “Təfəkkür” Universitetində təhsil alması haqqında” 290 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçı 2017-ci ilin tədris ilinin sonuna kimi həmin Universitetdə təhsil almışdır. İşin bu halı mübahisəsiz hal kimi qəbul edilməlidir.
23. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (iş № 2(005)-2549/2021) görünür ki, iddiaçılar (hazırki iş üzrə tərəf olmayan) X9 və (hazırki iş üzrə iddiaçı) İddiaçı cavabdeh “Təfəkkür” Universitetinə qarşı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək bildirmişlər ki, onlar sorğu ilə Universitetə müraciət edərək, əyani şöbənin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olmaq barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilməsi haqqında əmrlərdən çıxarışların, X3 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) təqdim olunmasını xahiş etmiş, lakin Universitetdən sorğuya cavab verilməmişdir. Həmin iddia tələbinə dair mülki baxmış Nərimanov Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Universitetinin xx.xx.2021-ci il tarixli, 21 nömrəli sorğuya cavab verməməsinin qanunsuz hesab edilməsini, Universitetin üzərinə sorğuda tələb olunan sənədləri təqdim etməklə cavab verilməsi öhdəliyi qoyulmasını qət etmişdir.
24. Həmin qətnamədən Universitetin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən (iş № 2(103)-10577/2021) görünür ki, həmin qətnamə ilə apellyasiya şikayəti təmin olunmaması, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsindən Universitetin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından (iş № 2(102)-2404/2022) görünür ki, həmin qərarla kassasiya şikayətinin təmin edilməmsəni, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
26. "xxxx" ASC tərəfindən iddiaçının sorğusuna əsasən iddiaçıya verilmiş və sonuncu tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “kassa mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Universitetə təhsil haqqı olaraq xx.xx.2015-ci il tarixli qəbzlə 700 manat, xx.xx.2015-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2015-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2016-cı il tarixli qəbzlə 1.000 manat, xx.xx.2016-cı il tarixli qəbzlə 1.000 manat, xx.xx.2016-cı il tarixli qəbzlə 100 manat, xx.xx.2017-ci il tarixli qəbzlə 1.000 manat və xx.xx.2016-cı il tarixli qəbzlə 650 manat, cəmi isə 5.250 manat məbləğində ödəniş edilmişdir.
27. Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X10 tərəfindən cavabdeh Universitetə qəbul olunan və ya həmin Universitetdə Nazirliyin razılığı ilə köçürülən tələblərin siyahısında iddiaçının adı aşkar edilməmişdir.
28. Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşı Kamran Rəsulovun iddiaçıya ünvanladığı elektron poçtun (mail) surətindən görünür ki, X6 “Tələbə-məzun” elektron məlumat sistemində və cavabdeh Universitetin Təhsil Nazirliyinə təqdim etdiyi tələblərin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bununla bağlı iddiaçıya cavabdeh Universitetə müraciət etməyi tövsiyə olunmuşdur.
29. Cavabdeh Universitetin rektorunun xx.xx.2014-cü il tarixli 65 saylı əmrindən çıxarışın surətindən görünür ki, iddiaçının ixtisaslar üzrə fərq imtahan və məqbullarına uyğun olaraq kredit sisteminə əsasən dərslərdə iştirak etmək və təhsil haqqını vermək şərti ilə Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbə İİ kursuna köçürülməsi qərara alınmışdır.
30. X7 müdirinin imzası və universitetin möhürü ilə təsdiq edilmiş arayışdan görünür ki, iddiaçı cavabdeh Universitetin “Filologiya” fakültəsi 413 ibt qrupunda təhsil aldığı müddətdə 2014/2015-ci tədris ili, İİ kurs – 2.800 manat, 2015/2016-cı tədris ili, İİİ kurs – 2.800 manat, 2016/2017-ci tədris ili, İV kurs – 2.800 manat məbləğində təhsil haqları ödəmişdir.
31. Kursdan-kursa keçmə əmrindən çıxarışın surətindən görünür ki, 61 saylı xx.xx.2015-ci il tarixli əmrlə filologiya, biologiya fakültəsinin tələbəsi olan iddiaçı İİ-İİİ kursa keçirilmişdir.
32. Kursdan-kursa keçmə əmrindən çıxarışın surətindən görünür ki, 99 saylı xx.xx.2015-ci il tarixli əmrlə filologiya, biologiya fakültəsinin tələbəsi olan iddiaçı İİİ-İV kursa keçirilmişdir.
33. Cavabdeh Universitet tərəfindən verilmiş “Tələbə biletindən” görünür ki, iddiaçı filologiya fakültəsinin ibtidai sinif müəllimliyi fakültəsində 2014-2015-ci illərdə İİ kurs tələbəsi olmuşdur.
34. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçı polis orqanına verdiyi yazılı şikayət ərizəsində təhsil aldığı və Rusiya Federasiyasının ərazisində yerləşən ali təhsil müəssisəsindən cavabdeh Universitetin əyani şöbəsinin filologiya və ibtidai sinif müəllimliyi fakültəsinə köçürülməsi üçün 2014-cü il tarixdə Universitetin əməkdaşları Rahim Hüseynova və İlham Musayevə 15.000 manat pul verməsini, Universitetdə təhsil aldığı 3 il müddətində bütün təhsil haqlarını ödəməsinə baxmayaraq diplom ala bilməməsini bilirsə də, onun şikayət ərizəsi əsasında toplanmış HK-1-2367 saylı material üzrə cinayət tərkibi aşkar edilməmişdir. Buna görə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
35. İşdə olan sübutlara əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı, cavabdeh Universitetin rektorunun xx.xx.2014-cü il tarixli 65 saylı əmrinə əsasən ixtisaslar üzrə fərq imtahanı və məqbullarına uyğun olaraq kredit sisteminə əsasən dərslərdə iştirak etmək və təhsil haqqını vermək şərti ilə həmin universitetin Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbəsinin İİ kursuna köçürülmüş, orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2.800 manat məbləğində pulu Universitetə ödəmiş, bundan əlavə kredit haqqı adı ilə ödənişlər həyata keçirmiş, 2017-ci ildə təhsilini bitirməsinə baxmayaraq Universitet iddiaçıya ali təhsil alması barədə diplom verməmişdir. İddiaçı, cavabdeh Universitet tərəfindən onun orada təhsil aldığı görüntüsü yaradılaraq aldadıldığını, buna görə də təhsil üçün ödədiyi pul vəsaitlərinin ondan əsassız olaraq qəbul edildiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iddiasının hüquqi əsası kimi isə Mülki Məcəllənin “əsassız varlanma”ya dair 1091-ci və 1092-ci maddələrinə istinad etmişdir.
36. Bununla bağlı Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
37. Həmin Qanunun 26.2-ci maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - TQDK) müəyyən etdiyi qaydada həyata keçirilir.
38. Həmin Qanunun 40.4-cü maddəsinə görə, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
39. İddiaçı cavabdeh Universitetə köçürüldüyü tarixdə, 2014-cü ildə ləğv olunmuş TQDK-nın xx.xx.2012-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu” Qaydaları qüvvədə olmuş, abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu məhz həmin qaydalar əsasında aparılmışdır.
40. Bununla belə, iddiaçının TQDK-nın təşkil etdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş olduğu müəyyən edilmir. İşin qeyd edilən halı Elm və Təhsil Nazirliyinin məhkəməyə və iddiaçıya ünvanladığı məktubla da öz təsbitini tapır. Belə ki, həmin məktublarda X10 tərəfindən cavabdeh Universitetə qəbul olunmuş tələbələrin siyahısında iddiaçının adının olmadığı göstərilmişdir. Məktublarda həmçinin adı çəkilən Universitetə Təhsil Nazirliyinin razılığı ilə köçürülən tələblərin siyahısında da iddiaçının adının aşkar edilmədiyi göstərilmişdir.
41. Tələbələrin bir tədris müəssisəsindən digərinə köçürülməsi Təhsil Nazirliyinin 402 saylı, xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamə ilə tənzimlənmişdir.
42. Həmin Əsasnamədə istər ölkə daxilində, istərsə də xarici ölkələrdən tələbələrin köçürülməsinin onun köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirildiyi nəzərdə tutulmuşdur.
43. Məhkəmə tərəfindən müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmri ilə bütün təhsil ali təhsil müəssisələrində tələblərin bir ixtisasdan və ya bir tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılmış, nazirliyin xx.xx.2002-ci il tarixli 80 saylı əmri ilə isə xx.xx.2001-ci il tarixli 96 saylı əmrdə dəyişiklik edilməklə köçürülmələrin bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.
44. İddiaçının cavabdeh Universitet rektorunun əmri (başqa sözlə razılığı) ilə cavabdeh Universitetin Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbəsinə köçürüldüyü tərəflər arasında mübahisə doğurmur. Lakin həmin köçürülmə həyata keçirilən zaman buna dair Təhsil Nazirliyinin razılığının alınması iş materialları ilə müəyyən edilmir.
45. Belə olan halda, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada cavabdeh Universitetə qəbul olunmamış və ya köçürülməmişdir.
46. Lakin Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilə bilməz. Çünki tərəflər arasında müqavilə bağlanmış və cavabdeh Universitet həmin müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri pozaraq nəticədə iddiaçıya maddi ziyanın vurulmasına səbəb olmuşdur.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh Universitetə köçürülməsi üçün 15.000 manat, təhsil haqqı olaraq 8.400 manat, qış və yay semestrinin kəsirlərinə görə ümumilikdə 5.250 manat olmaqla, cəmi 28.650 manat pulu cavabdeh ali təhsil müəssisəsinə ödədiyini iddia edir.
49. İş materiallarında olan sənədlərlə isə müəyyən olunur ki, iddiaçı İİ kursdan etibarən cavabdeh ali təhsil müəssisəsinə köçürülməklə orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2.800 manat məbləğində pulu universitetə ödəmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilmiş “kassa mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Universitetə təhsil haqqı olaraq hissə-hissə cəmi 5.250 manat məbləğində ödəniş edilmişdir.
50. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
52. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
53. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı cavabdeh Universitetə köçürülməsi üçün 15.000 manat ödəniş etməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Qeyd edilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən, yəni 13.650 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində əsaslıdır, qalan hissədə isə tələb sübuta yetmədiyi üçün əsassızdır.
55. Məhkəmə həmçinin “iddia müddətinin tətbiq edilməsi barədə” cavabdeh Universitetin verdiyi ərizəyə münasibətdə qeyd edir ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
56. “İddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə qiymət verən Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Ümumi iddia müddəti on il təşkil edir (maddə 373.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.). Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. (maddə 373.4.) Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.).
57. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği cavabdeh Universitet tərəfindən ona vurulmuş ziyanın əvəzidir. Ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki qanunvericilikdə xüsusi iddia müddəti nəzərdə tutulmadığı üçün hazırki tələbin irəli sürülməsi üçün 10 illik ümumi iddia müddəti müəyyən edilmişdir. Cavabdeh iddia müddətinin başlanğıcının sonuncu ödənişin tarixi hesab edilən xx.xx.2017-ci il tarixdən hesablanmalı olduğunu bildirir. Həmin tarixdən, hətta tərəflər arasında münasibətlərin yaranmasına əsas olmuş müqavilənin tarixindən – xx.xx.2014-cü il tarixdən hesablanmış olsa belə 10 illik iddia müddətinin buraxılmadığı müəyyən edilir.
58. Belə olan halda, Məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddətinin tətbiqi üçün əsas yoxdur. Bununla bağlı cavabdeh Universitetin ərizəsi əsassızdır. h) g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
59. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehdən 13.650 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
60. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
61. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilmədiyindən MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri cavabdeh Universitetə aid edilməlidir. Bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 manat cavabdeh Universitetdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Universitetin ödədiyi dövlət rüsumu isə Universitetin özünə aid edilməlidir.
62. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən 13.650 (on üç min altı yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi – 85 (səksən beş) manat cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.