Məhkəmə qərarları › İş №2(103)-2678/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2678/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2678/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(005)-66/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən iddiaçı bank borclu Cavabdeh3 15000 manat məbləğində kredit verməyi, borclu isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə üzrə borclu Cavabdeh3 bank qarşısında öhdəliklərinin təminatı olaraq zaminlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı cavabdehlərin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək, xx.xx.2022-ci il tarixli, müqavilə üzrə yaranmış əsas borca görə 8938,46 manat, faiz borcuna görə 1233,36 manat, cərimə borcuna görə 1118,19 manat olmaqla, cəmi 11290,01 manat pulun məhkəmə qaydasında cavabdehlərdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8938.46 manat məbləğində əsas borcun, 1233.36 manat məbləğində faiz borcunun, 1118.19 manat məbləğində cərimə borcunun, cəmi 11290.01 manat borcun və 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 23% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh1 və Cavabdeh2 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh3 aid bütün öhdəlikləri icrа еtməlidirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(005)- 66/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8938,46 manat əsas, 1079,19 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, ümumilikdə 10517,65 manat (on min beş yüz on yeddi manat, altmış beş qəpik) pul vəsaitinin və 124 manat dövlət rüsumunun iddiaçı bank of Baku” ASCnin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh3 oğlundan tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin bağlanması və iddiaçı ASC tərəfindən cavabdehə 24 ay müddətinə, illik 23 %olmaqla 15000 manat məbləğində kredit verilməsi, həmin kredit müqaviləsinin zaminin öhdəliyi ilə təminat verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə ödənilməmiş əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Faiz borcunun məbləği ilə bağlı qeyd edilmişdir ki, iddiaçının cavabdehə borcun tam qaytarılması haqqında borcluya borcu tələb edilməsi barədə xəbərdarlıq etməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehdən əsas borca görə 8938,46 AZN əsas, 1079,19 AZN faiz, 1118,19 AZN cərimə borcu dərhal ödənilməsi tələb edilmişdir. Bu baxımdan məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab etmişdir ki, iddia xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 1233.36 manat pulun tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunan məbləğdə, yəni 1079,19 manat hissədə, təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, 1118.19 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 500 manata endirilməlidir. Eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı ASC ilə zaminlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə qeyd etmişdir ki, həm kredit, həm də zaminlik müqavilələri eyni tarixdə bağlanmış və zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra edilənədək qüvvədə olması barədə razılığa gəlmişlər. Odur ki, əsas, faiz, cərimə borcu Cavabdeh3 ilə yanaşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da alınaraq iddiaçıya ödənilməlidir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, faiz və cərimə borcunun silinməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh3 ilə xx.xx.2022-ci tarixdə müqavilə bağlayaraq sonuncuya 24 ay müddətinə illik 23 faiz olmaqla 15000 (on beş min) manat kredit vermişdir. Sözügedən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanılmışdır. Kredit götürülən vaxt bildiyinə görə həmin vaxt bankda işləyən Dilqəm adlı şəxs krediti Elnura düzəltmiş və götürülən məbləğin yarısını özünə götürmüşdür. Elnurun sonradan ona bildirməsinə görə onlar götürülmüş kreditin birgə ödəyəcəklərini planlaşdırmışdılar. Bir müddət kreditdən ödəniş etmişdilər, sonradan ödəniş edilməsi üstündə mübahisələri düşmüş və sonda onların heç biri ödəniş etməmişlər. Beləliklə bank onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə bankın tələb etdiyi faiz və cərimə borclarını artıq tutulmasını qət etmişdir. Ona görə sözügedən qətnamə ilə razı deyil və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 66/2025 saylı qətnaməsinin ləğv edərək faiz və cərimə borclarının silinərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiyada). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (əvvəlki redaksiyada). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/02173/85/3 saylı Kredit Sazişinə əsasən aylıq faiz dərəcəsi 23% оlmaqla 24 ay müddətinə, 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022ci il tarixli, kredit müqaviləsi əsasında ona veriləcək 15000 AZN məbləğində kreditlə əlaqədar olaraq bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər Cavabdeh1, Cavabdeh2, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürürlər. İş materiallarında olan MK/02173/85/3 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MK/02173/85/3 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 785,6 manat, xx.xx.2024-cü il tarixdə isə 792,91 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 hesabına 15000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 8938.46 manat əsas, 1233.36 manat faiz, 1118.19 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2022-ci il tarixinə 8938.46 manat əsas, 1079,19 manat faiz, 1118.19 manat cərimə borcunun dərhal ödənilməsi tələb olunmuş, əks halda kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli Ərizənin və Ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən olunur. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə, əsas borc üzrə-7808,71 manat faiz borcu üzrə-1077,60 manat. Ekspert rəyinin tərtib edilən tarixə yəni xx.xx.2024-cü il tarixə, əsas borc üzrə-7808,71 manat faiz borcu üzrə- 2050,22 manat. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, MK/02173/85/3 saylı krediti müqaviləsinə əsasən istifadə edilmiş məbləğlərin kreditin təyin edildiyi tarixlərdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə bildirişin tərixədək, yəni xx.xx.2023-cü il tarixədək, maliyyə arayışlarında göstərilən tərixədək, yani xx.xx.2023cü il tarixədək və ekspertiza rəyi verilən tarixədək Cavabdeh3 iddiaçı “Bank of Baku" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2023-cü il tarixə, əsas borc üzrə-7698,42 manat faiz borcu üzrə-929,58 manat xx.xx.2023-cü il tarixə, əsas borc üzrə-7698,42 manat faiz borcu üzrə-1062,38 manat xx.xx.2024-cü il tarixə, əsas borc üzrə-7698,42 manat faiz borcu üzrə-1191,10 manat. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2023cü il tarixə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, MK/02173/85/3 saylı krediti müqaviləsinə əsasən aparılmış ödənişlər, habelə hesablanmış cəriməyə çıxılan məbləğlər və inkasso sərəncamları və həmin sərəncamlar üzrə tutulan komissiyalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixinə eyni zamanda təkrar ekspertiza üzrə rəy verilən, xx.xx.2024-cü il tarixinə Cavabdeh3 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə- 8938,46 manat faiz borcu üzrə-1079,32 manat xx.xx.2023-cü il tarixə, əsas borc üzrə- 8938,46 manat faiz borcu üzrə-1233,51 manat xx.xx.2024-cü il tarixə, əsas borc üzrə- 8938,46 manat faiz borcu üzrə-2407,82 manat. Əlavə məhkəmə mühasibat ekspertizası üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, əlavə məhkəmə-mühasibat ekspertiza üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, MK/02173/85/3 saylı krediti müqaviləsinə əsasən aparılmış ödənişlər, habelə hesablanmış cəriməyə çıxılan məbləğlər, inkasso sərəncamları və həmin sərəncamlar üzrə tutulan komissiyalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə habelə xx.xx.2023-cü il tarixinə Cavabdeh3 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə- 8938,46 manat faiz borcu üzrə- 1079,32 manat xx.xx.2023-cü il tarixə, əsas borc üzrə-8938,46 manat faiz borcu üzrə- 1233,51 manat. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə zamin olaraq götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış borcu ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərlərinə çatdırılmışdır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə zamin olaraq götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Bununla yanaşı Cavabdeh2 apellyasiya şikayətində bildirir ki, məhkəmə bankın tələb etdiyi faiz və cərimə borclarını artıq tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borcunun 8938.46 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 1118.19 manat cərimə borcu hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Apellyasiya şikayətinin faiz borcuna aid hissəsinə münasibətdə Məhkəmə kollegiyası bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1 ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. İş materiallarında olan iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehdən əsas borca görə 8938,46 AZN əsas, 1079,19 AZN faiz, 1118,19 AZN cərimə borcu dərhal ödənilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi borcun müəyyən edilməsi ilə bağlı təyin edilmiş ekspertizaların nəticəsi olaraq xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab etmişdir ki, iddia xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 1233.36 manat pulun tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunan məbləğdə, yəni 1079,19 manat hissədə, təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilənin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixinə olan faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin bildirir ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, rəyinə istinad edilməlidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində faiz və cərimə məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin bankda işləyən şəxsin kredit vəsaitinin yarısını götürməsini iddia etsə də cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(005)- 66/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar