Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2679/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5727/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Şahın Səmədov küçəsi, 1-ci döngə, 11 C ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2013-cti il tarixdə həmin nikahdan bir oğlu anadan olmuşdur. Ailə qurmazdan əvvəl, 2006-cı ildə “xxxx” MTK ilə müqavilə bağlayaraq, mənzil əldə etmişdir. Evlənən vaxt həmin mənzil hələ hazır olmadığından R.Xudiyeva ilə birlikdə bir müddət kirayədə yaşamışlar. Bu zaman qayınatası Cavabdeh ona torpağının olduğunu, həmin torpağı ona hədiyyə etmək istədiyini, onun MTK-dan aldığı mənzili sataraq həmin torpaq sahəsində ev tikməsini təklif etmiş, o da təkliflə razılaşmışdır. Həmin vaxt işlədiyindən, işi ilə bağlı tez-tez ölkə xaricinə çıxdığından qayınatası narahat olmamsını və tikinti işinə özünün rəhbərlik edəcəyini bildirmişdir. 2013-cü ildə MTK-dan aldığı mənzili 62.700 manata satmış və həmin məbləği qaynatasına vermişdir. Qaynatası həqiqətən də tikintinin aparılmasına rəhbərlik etmiş və mübahisəli fərdi yaşayış evini tikməyə başlamışlar. Sonradan tikintinin tamamlanması və evin təmiri üçün 2014-ci ilin iyun ayında “xxxx” ASC ilə kredit müqaviləsi bağlayaraq 34.800 manat kredit götürmüş, kreditin təminatı kimi anası X5 bankla zaminlik müqaviləsi bağlamış, qaynatası isə bankla ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin krediti öz qazancı hesabına şəxsən ödəmiş və krediti tam bağladığından qayınatasına məxsus qeyri-yaşayış sahəsi də ipoteka yüklülüyiindən azad olunmuşdur. 2014-cü ilin payızında artıq tam hazır olmuş evə köçərək mehriban şəkildə orada yaşamağa başlamışlar. Mənzilin bütün kommunal xidmətlərini rəsmiləşdirmiş və ailənin digər ehtiyacları kimi kommunal xidmətlərə görə haqlar da hər ay tərəfindən ödənilmişdir. 2018-ci ildə həyat yoldaşı ilə aralarında söz-söhbət olmuş və ona hirslənərək 1 sillə vurmuşdur. Bundan istifadə edən qayınatası onu Xətai RPİ-yə vermiş, sonradan barışdıqlarından iş bağlanmışdır. Qaynatası Cavabdeh həyat yoldaşının adından ümumi etibarnamə alaraq, ona qarşı Xətai Rayon Məhkəməsində “nikahın pozulması”, öz adından isə “evdən çıxarılma” tələbinə dair iddialar qaldırmış, aralarında barışıq əldə olunduğundan iddialar baxılmamış saxlanılmışdır. Bu zaman ona məlum olmuşdur ki, qaynatası əlaqələrindən istifadə edərək ona məxsus evə dair 2018-ci ilin əvvələrində öz adına çıxarış almışdır. Dəfələrlə həm özü, həm də atası qaynatası ilə söhbət edərək doğru hərəkət etmədiyini, ona məxsus evə dair öz adına çıxarış almağının qanunsuz və əsassız olduğunu bildirmiş, qaynatasına təklif etmişdir ki, onsuz da evi gələcəkdə övladı üçün tikdirmişdir. Buna görə də əsassız gərginlik yaranmaması üçün evi övladının adma keçirməyi, bununla da məsələni həll etməyi təklif etmişdir. Qaynatası əvvəlcə bununla razılaşaraq vaxt verməsini, tezliklə bu məsələni həll edəcəyini bildirsə də, həll etməmişdir. O da, ailənin dağılmaması, söz söhbətlər olmaması üçün bir müddət gözləmişdir. Sonradan onun tərəfindən məsələnin həll edilmədiyini görüb Azərbaycan Respublikası Baş Prokuroruna, X8, Xətai Rayon Prokurorluğuna və Xətai Rayon Polis İdarəsinə şikayətlər etmiş, Xətai RPİ-nin 34-cü PŞnin xx.xx.2020-ci il tarixli qərarı ilə şikayəti üzrə cinayət işinin başlanması rədd edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Buna görə də ünvan 2 C ünvanında fərdi yaşayış evinə dair qaynatasının adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə X1 mülkiyyət hüquqlarının tanınması və müvafiq çıxarışların verilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Belə olan halda hesab edir ki, ailəsi ilə birlikdə 2014-cii ildən həmin evdə yaşadığından istifadə hüququ yaranmışdır. Cavabdeh isə həmin mənzilə dair çıxarışı xx.xx.2018-ci il tarixdə öz adına almışdır. Göründüyü kimi, onun həmin evdən istifadə hüququ ola-ola, cavabdeh evə dair adına çıxarış aldığından evi öz adına onun istifadə hüququ ilə birlikdə, yəni yüklü qaydada rəsmiləşdirmişdir. Cavabdeh heç vaxt həmin evdə yaşamadığından, hazırda da həmin evdə o ailəsi birlikdə yaşamağa davam etdiyindən hesab edir ki, evə istifadə hüququ tanınmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5727/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iddia tələbinin təmin edilmədiyinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5727/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Şahın Səmədov küçəsi, 1-ci döngə, 11 C ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3926/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı ünvan 3 ünvanında fərdi yaşayış evinə dair qayınatası-Cavabdeh adına xx xxxxxx 2018-ci il tarixdə aparılmış qeydiyyatın və buna əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə digər cavabdeh X1 (pay) mülkiyyət hüquqlarının tanınması və ona müvafiq çıxarışların verilməsi barədə iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə ona aid vəsait hesabına, yəni 60.000 manat evinin satılmasından əldə edilmiş vəsait və 60.000 bankdan kredit və faizlər üçün ödədiyi vəsait hesabına tikilməsini iddia etsə də, məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar, onun mübahisəli mənzilə istifadə hüququnun tanınmasına əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən xx.xx.2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd olunanlara əsasən Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazırki mülki iş üzrə tərəflər arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri xx.xx.2000-ci il tarixdən sonra yarandığından, həmçinin, İddiaçı Cavabdeh ailə üzləri sırasına daxil olmadığından məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasi MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.” İddiaçı iddia ərizəsində Cavabdeh evi öz adına onun istifadə hüququ ilə birlikdə, yəni yüklü qaydada rəsmiləşdirilməsinə istinad etsə də, o, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarında olan çıxarışda da mübahisəli fərdi yaşayış evinin iddiaçının istifadə hüququ ilə yüklülüyünə dair heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011- ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə araşdırmaları ilə İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Şahın Səmədov küçəsi, 1-ci döngə, 11 C ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun yaranması ilə bağlı heç bir mötəbər sübut təqdim etməmiş, onunla mübahisəli evin mülkiyyətçisi arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları aşkar edilməmişdir. Bununla da, iddiaçının mübahisəli evə istifadə hüququnun tanınmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Şahın Səmədov küçəsi, 1-ci döngə, 11 C ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarını pozulmasını göstərsə də, o pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5727/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5727/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2679/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2679/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver