Məhkəmə qərarları › İş №2(103)-2680/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2680/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2680/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Teymur Aydınovun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 28.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 454.255 ABŞ dolları, faiz borcu kimi 68.364,02 ABŞ dolları və əldən çıxmış fayda kimi 26.435 ABŞ dolları cavabdehdən (zamindən) iddiaçının (kredit verənin) xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh kredit münasibətində zamindir. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd edib ki, zaminliyin müddəti bitib və zaminlik xitam olunub. Bu, düzgün nəticədir. Belə ki, zaminlik müqaviləsi 28.09.2015-ci ildə bağlanıb, onun müddəti göstərilməyib. Zaminlik kredit öhdəliyinin icrasının təmini üsulu kimi müəyyən edilib. Kredit öhdəliyi 28.09.2015-ci il tarixli kredit müqaviləsindən əmələ gəlib, müddəti 12 aydır, həmin müddət 28.09.2017-cı il tarixdə başa çatıb. İddia ərizəsi isə 2 il 11 ay sonra – 28.08.2020-ci il tarixdə verilib. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 3.1-ci bəndində qeyd olunub ki, zaminlik zaminliklə təmin edilmiş öhdəlik tam icra edilənədək qüvvədə qalır. Lakin həmin şərt “müddət” anlayışına uyğun deyil, ona görə də zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2 və 367.3-cü maddələrindən görünür ki, müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: 1) təqvim tarixi ilə müəyyənləşdirmə; 2) illər, aylar, həftələr, günlər və ya saatlar ilə müəyyənləşdirmə; 3) hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirmə. Baxılan iş üzrə zaminlik müqaviləsində 1-ci və 2-ci formadan istifadə olunmayıb, bu mübahisəsizdir. Əgər iddiaçı hesab edirsə ki, müddət 3cü formadan istifadə edilməklə, yəni hökmən baş verməli olan hadisə göstərilməklə müəyyənləşdirilib və hökmən baş verməli hadisə kimi öhdəliklərin tam icra edilməsi nəzərdə tutulub, bu mövqe yanlışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki öhdəlik müxtəlif əsaslarla xitam oluna bilər. Hökmən baş verməli olan hadisə deyiləndə elə hadisə nəzərdə tutulur ki, onun baş veribverməyəcəyi insan iradəsindən asılı deyil, mütləq baş verəcək. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar