Məhkəmə qərarları › İş №2(103)-2680/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2680/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2680/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: ərizənin baxılmamış saxlanılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2023-cü il il tarixli, 2(008)-564/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 2022-ci il tarixdə Bakı şəhəri 18 nömrəli Notariat Ofisində bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 5000 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2(008)- 564/2023 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməsinə dair məktubun cavabdehə göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. İş materiallarına əsasən iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl etməsi barədə sübut müəyyən edilməmiş və məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə pretenziya məktubunun cavabdehə göndərilməsinə dair sübut məhkəməyə təqdim etməsi təklif edilmiş, iddiaçının nümayəndəsi və vəkili pretenziya məktubununun göndərilməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir.

4. Qərardadla razılaşmayan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, müvafiq maddənin məzmununa görə iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Göründüyü kimi, pretenziya qaydasında əməl edilmədikdə bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iş baxılmamış saxlanılır. Halbuki, iddiaçı tərəfindən həmin qaydaya əməl edilmiş və pretenziya cavabdehə hətta iki dəfə göndərilmişdir və bu halı təsdiq edən poçt qəbzləri mövcuddur. Məhkəmə iclasları 9 dəfə müxtəlif səbəblərdən təxirə salındığı üçün bu hal araşdırmadan kənarda qalmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(008)-564/2023 nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır; 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur.

10. İlkin olaraq onu qeyd etmək lazımdır ki, ərizədə digər tələblərlə yanaşı müqavilənin ləğvi tələbi də mövcuddur və Mülki Məcəllənin 423.2-ci maddəsində məhkəmədən kənar (pretenziya) qayda müəyyən edildyinə görə pretenziyanın göndərilməsi mütləqdir.

11. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziyanın cavabdehə çatdırılmasını təsdiq edən sənədlər mövcud deyildir.

12. İddiaçı şikayətində pretenziya təqdim edildiyini və bunun cavabdehə çatdırıldığını təsdiq edən qəbzin mövcud olduğunu bildirsə də, şikayətə əlavə olunmuş “göndərişin geri qaytarılmasına dair” 01 dekabr 2022-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh göndərilmiş göndəriş sonuncuya çatdırılmadan geri qaytarılsa da, qeyd edilməlidir ki, mübahisənin qabaqcadan məhkəmədən kənar - pretenziya qaydasında həll edilməsi yalnız məhkəməyə müraciət etməmişdən əvvəl mümkündür. Əgər tərəf məhkəməyə müraciət edənə qədər mübahisənin qabaqcadan məhkəmədən kənar pretenziya qaydasında həll edilməsi üçün lazımi tədbirləri görməmişsə, bu hal iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır və məhkəməyə müraciət etdikdən sonra pretenziyanın göndərilməsi icraatın davam etdirilməsi üçün əsas ola bilməz. Çünki, pretenziya mübahisənin məhkəməyə qədər nizamlama qaydasıdır.

13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2023-cü il il tarixli, 2(008)-564/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2023-cü il il tarixli, 2(008)- 564/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar