Məhkəmə qərarları › İş №2(103)-2680/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2680/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2680/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndə və vəkilləri Vəkil1 və Vəkil3 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-620/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu A.Nağıyevin barəsində olan cinayət işi üzrə zərərçəkmişə şəxsə vurulmuş zərərə görə ödənilmiş 15.000 (on beş min) manaat pul vəsaitinin əsassız varlanma qaydasında qanunsuz əldə edilən vəsait kimi Cavabdeh tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-620/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia təmin edilmiş, Cavabdeh 15000 (on beş min) pul vəsaiti və 135 (yüz otuz beş) manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, şikayətin dəlili kimi qeyd etmişdir ki, mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1095-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Məhkəmənin işin faktiki halları ilə bağlı gəldiyi yekun qənaətdən də görünür ki, məhrum olan (hazırkı iş üzrə iddiaçı) iddia etdiyi varlanmış şəxsə (hazırkı iş üzrə cavabdeh) 15.000 manat pul vəsaitini hər hansı öhdəliyin icrası üçün deyil, cinayət məsuliyyətinə cəlb edilmiş övladı – X3 həmin məsuliyyətini həmin məqamda yüngülləşdirmək, barəsində daha yüngül qətimkan tədbirinin seçilməsindən ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsə sonuncunun şikayətini yumşaltmaq, təqsirləndirilən şəxs qismində cəlb edilmiş oğlunun barəsində həbs qətimkan tədbirinin deyil, həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə etiraz etməməsinə nail olmaq məqsədilə vermişdir. Bunu etməklə hazırkı iş üzrə iddiaçı nəticə etibarilə nail olmaq istədiyi məqsədə çatmış, oğlu Araz Nağıyev həbs edilməmiş, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Başqa sözlə desək, pulu könüllü verərək ondan məhrum olan varlanmış şəxsdən gözlədiyi məqsədə nail olmuşdur. Belə olan halda sonradan Araz Nağıyevin əməlində cinayət tərkibinin olub-olmaması artıq heç bir əhəmiyyət kəsb etmir və məhrum olan nail olmaq istədiyi məqsədə varlanmış şəxsin hərəkəti və ya hərəkətsizliyi vasitəsilə nail olduğundan verdiyini geri tələb edə bilməz. Birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasını tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlərlə əlaqələndirsə də, əsassız varlanma nəticəsində qaytarma tələbini tənzimləyən Mülki Məcəllənin 1093.1-ci maddəsini tətbiq etməmişdir. Halbuki, işin faktiki halları məhz bunu etməyi tələb edirdi.

4. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 cinayət işinin icraatına xitam verilməsi haqqında 05 yanvar 2022-ci il tarixli qərarını məhkəməyə təqdim etmişdir. Lakin onların məhkəməyə təqdim edilmiş və mülki iş materiallarına əlavə edilmiş Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* nömrəli məktubundan görünür ki, Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə istintaq olunan 20006637 nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməsi barədə qərarı xx.xx.2022-ci il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək istintaqın davam etdirilməsinin təmin edilməsi üçün Nərimanov RPŞ-in İŞ-nə göndərilmişdir. Göründüyü kimi iddiaçının sübut kimi istinad etdiyi qərar rayon prokurorluğu tərəfindən ləğv edilmişdir. Beləliklə, iddiaçı həmin ləğv qərarından məlumatlı olub-olmamasından asılı olmayaraq öz iddia tələbinin əsası kimi istinad etdiyi halı MPM-in 77.1-ci maddəsinin tələbi baxımından əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə araşdırmasının gedişində Nərimanov RPİ-yə müvafiq sorğu ilə müraciət edib işin nəticəsi barədə yekun məlumatların göndərilməsini istəsə də, sorğuya cavab verilməmiş, birinci instansiya məhkəməsi isə iş üzrə qanuni və əsaslı məhkəmə aktının çıxarılması üçün zəruri olan bu məlumatları əldə etmədən hazırkı mübahisələndirilən qətnaməni çıxarmışdır.

5. Digər tərəfdən, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində vermiş olduğu 15.000 manatı verməyə məcbur qalması, əslində oğlu Araz Nağıyevin heç bir cinayət əməli törətməməsi və bunu əvvəlcədən bilməsi, saxta sübutlarla işin məhkəməyə göndərilməsi və məhkəmənin də haqlı olaraq cinayət işi üzrə icraata xitam verməsi kimi hallara istinad etmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı qismində çıxış edən məhrum olana vermiş olduğu 15.000 manat pul vəsaitini geri almaq hüququ artıq həmin vaxt məlum idi və ya məlum olmalı idi. Yəni iddiaçı öz tələbini əsassız varlanma ilə əlaqədar hüquq normalarına istinad edərək əsaslandırdığından və birinci instansiya məhkəməsi də bu qənaətə gəldiyindən, MM-in 1095-ci maddəsi ilə nəzərdə tutulmuş 2 illik müddətin keçib-keçməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalı idi. Faktiki olaraq bu müddətin axımı iddiaçının öz mövqeyini nəzərə alınsa, həmin vəsaitin ödənildiyi gündən, yəni xx.xx.2020-ci ildən yaxud ən geci Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etdiyi tarixdən, xx.xx.2021-ci ildən başlamışdır. Belə olan halda isə məhrum olan əsassız varlanma obyekti kimi verdiyini iddia etdiyi 15.000 manat pul vəsaitini ən geci 2 il müddətində, yəni yuxarıda qeyd edilən tarixlərə müvafiq olaraq xx.xx.2022-ci il tarixə yaxud xx.xx.2023-cü il tarixə qədər qaytarılmasını tələb etməli idi. Mülki iş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Beləliklə, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvəsini itirimişdir.

6. Apellyasiya şikayətinə əlavədə qeyd edilir ki, hazırda iddiaçının oğlu A.Nağıyev barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi vardır. Həmin maddədə mülkiyyət əleyhinə törədilən cinayət nəzərdə tutulur. İddiaçının oğlunun hərəkətləri nəticəsində cavabdehə ümumilikdə 28.115 manat zərər dəymiş, xx.xx.2020-ci il tarixdə həmin zərərdən 15.000 manat iddiaçı tərəfindən ödənilmiş, qalan 13.115 manatın ödənilməsi üçün vaxt istənilsə də, bu günə kimi ödənilməmişdir. İddianı təmin edən məhkəmə ona əsaslanmışdır ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir və cavabdeh heç bir hüquqi və müqavilə əsası olmadan 15.000 manat məbləğində pul vəsaitini əldə etmişdir. Çünki Nərimanov RPİ-nin qərarı ilə X5 barəsində cinayət işinə xitam verilmişdir.

7. Hesab edir ki, rayon məhkəməsinin mövqeyi əsassızdır. Əvvəla, Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə istintaq olunan 20006637 nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməsi barədə qərarı xx.xx.2022-ci il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək istintaqın davam etdirilməsinin təmin edilməsi üçün Nərimanov RPŞ-in İŞ-nə göndərilmiş, yəni cinayət işi üzrə istintaq davam edir. Həmin cinayət işi üzrə onlar mülki iddiaya dair tələb də vermiş, cavabdehə vurulmuş maddi ziyana görə 21.549 manatın tutulmasının təmin edilməsini xahiş etmişlər.

8. Bundan əlavə və ən əsası iddiaçının oğlunun həmin cinayət işi üzrə təqsirli bilinməsə belə bu, onun cavabdeh qarşısında mülki məsuliyyətini istisna etmir. Belə ki, iddiaçının oğlu cinayət əməli törətməsə belə, mülki hüquq pozuntusu törətdiyindən cavabdeh qarşısında delikt törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımaqda davam edir.

9. İddiaçı da məhz oğlunun vurduğu zərərin bir hissəsini 15.000 manatı ödəməklə həqiqətən zərər vurulduğunu təsdiq-etiraf etmişdir.

10. MM-in 431.1-ci maddəsinə görə, borclu öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

11. Bu halda da, iddiaçı oğlu olan borclu şəxsin əvəzinə cavabdeh qarşısında oğlunun öhdəliyini qismən icra etmişdir. Yəni 15.000 manat cavabdehə məhz qanuni əsaslarla verilmişdir. Rayon məhkəməsi isə hazırkı işə tətbiq edilməli olmayan əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etməklə səhv qənaətə gəlmişdir.

12. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi və bildirdilər ki, rayon məhkəməsi iddia tələblərini təmin edərkən hazırkı işdə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normalarında təsbit olunmuş əsassız varlanmanı istisna edən halın mövcudluğunu, eləcə də hazırkı işin hallarına müvafiq olaraq borclunun əvəzinə öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair maddi hüquq normalarının tətbiq edilməli olmasını nəzərə almamış, başlıcası isə iddiaçının ərizəsində istinad etdiyi yeganə halın – cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın prokuror tərəfindən ləğv edilərək cinayət işi üzrə istintaq hərəkətlərinin davam etdirilməsi, iddiaçının oğlu A.Nağıyevin hazırda həmin cinayət işi üzrə təqsirləndirilən şəxs, cavabdehin isə zərərəçəkmiş şəxs olaraq qalması, cinayət işi üzrə ekspertizanın təyin edilməsi, ekspert rəyi ilə zərərçəkmiş şəxs, hazırkı iş üzrə Cavabdeh 26.489 manat zərərin vurulmasının müəyyən olunması kimi iş üçün əhəmiyyətli olan hallar nəzərə alınmamış, eləcə də iddiaçının tələb etdiyi 15.000 manatın AR CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs olan oğlu A.Nağıyevin istintaqdan qaçıb gizlənməsi və axtarışla tutulması səbəbindən oğlu barəsində həbs qərarının verilməsinin qaçılmaz olmasını bildiyindən, zərərçəkmiş şəxsə vurulmuş zərərin bir hissəsi kimi, məhz oğlu barəsində həbsin seçilməməsi məqsədi ilə ödənilməsini və müvafiq olaraq da həmin ödəmə ilə istəyinə nail olmasını, yəni zərərçəkmişin iddiaçının oğlu barəsində həbsin seçilməməsinə razılığını bildirməsini diqqətdən qaçırmış, bununla da hazırkı işə baxarkən maddi hüquq normalarının tətbiqi və təfsirində aşkar səhvə yol vermiş, prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də qətnamənin ləgv edilərək iddianının təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, Nərimanov RPİ-də aparılan cinayət işi üzrə oğlu Araz təqsirləndirilən şəxs olaraq tutulub saxlanılmış, müstəntiq ona zəng edərək oğlunu həbsə aparacağını, zərərçəkmişə müəyyən məbləğin ödənilməsi halında oğlunu həbsdə olmadan məhkəməyə verəcəyini bildirmiş, o da oğlunun həbs olunmaması üçün tanış- bilişlərindən pul taparaq xx.xx.2021-ci il tarixində 15.000 manat pulu müstəntiqə vermiş, müstəntiq birgə protokol tərtib edərək həmin pulu zərərçəkmiş Cavabdeh vermiş, bundan sonra zərərçəkmiş oğlunun buraxılmasına razılıq bildirmiş, elə həmin günü də oğlu Araz müstəntiq tərəfindən dərhal həbsdən buraxılmış, sonradan cinayət işi üzrə oğluna bəraət verilmiş, ona görə də o hazırda zərərçəkmiş şəxs Cavabdeh ödədiyi həmin pulun qaytarılmasını istəyir, həmin vəsaiti o müxtəliif adamlardan borca almışdır, borc aldığı şəxslər ondan borclarını tələb edir, qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

15. Nərimanov RPİ-si İŞ-nin müstəntiqi X2 27 noyabr 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxs X5 zərərçəkmiş şəxs Cavabdeh vurmuş olduğu 28115,63 (iyirmi səkkiz min bir yüz on beş manat altmış üç qəpik) manat məbləğində maddi ziyanın müqabilində 16 noyabr 2020-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsində anası İddiaçı vasitəsilə Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat və 10200 (on min iki yüz) manat ekvivalentində 6000 (altı min) ABŞ dolları olmaqla cəmi 15000 (on beş min) manat ödəniş etmişdir. Bununla əlaqədar 16 noyabr 2020-ci il tarixdə İddiaçı və zərərçəkmiş şəxs Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.

16. Həmin qərardan görünür ki, Nərimanov rayon prokuroru tərəfindən xx.xx.2020-ci il tarixində fakta görə AR CM-nin 172.2.2-ci maddəsi ilə cinayət işi başlamış və ibtidai istintaq aparılması üçün Nərimanov RPİ-yə göndərilmişdir.

17. Cinayət işinin başlanmasına səbəb və əsas X3 2016-cı ilin noyabr ayından 2018ci ilin avqust ayınadək olan müddət ərzində Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında işləyərkən satışdan əldə olunmuş 26498 (iyirmi altı min dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaitini gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına dair toplanmış materiallar olmuşdur.

18. 12 iyun 2020-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsinə daxil olmuş cinayət işi üzrə istintaqın aparılması üçün icraata qəbul edilmişdir.

19. Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov tərəfindən 10 sentyabr 2020-ci il tarixdə ibtidai istintaq müddəti 2 (iki) ay, yəni 12 noyabr 2020-ci il tarixədək uzadılmışdır.

20. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından 29 sentyabr 2020-ci il tarixli qərarla cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.

21. İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığı üçün 29 oktyabr 2020-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.

22. Toplanmış ilkin sübutların məcmusuna əsasən xx.xx.2020-ci il tarixdə X3 Azərbaycan Respublikası CM-nin 177.2.4- cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş, lakin Araz Nağıyev istintaqdan gizləndiyindən onun olduğu yeri müəyyən edilməsi, ittiham elan etmək üçün tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün müvafiq tədbirlər görülməsindən ötrü həmin gün barəsində axtarış elan edilməklə cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.

23. Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs X5 14 noyabr 2020-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim edildiyindən, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığı üçün tərəfindən həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək təqsirləndirilən şəxs Araz Nağıyevə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur.

24. 16 noyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs X3 barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə təqdimat verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır.

25. Maddi ziyanın ödənilməsinə dair 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin müvəqqəti saxlama yerində təqsirləndirilən şəxs X3 anası İddiaçı oğlu Araz Nağıyev tərəfindən zərərçəkmiş şəxs Cavabdeh vurulmuş 28115,63 manat maddi ziyan müqabilində zərərçəkmişə 15000 manat ödəyir, ona 13115,63 manat verəcəyi qalmışdır.

26. Həmin protokol İddiaçı, Cavabdeh və Nərimanov RPİ-nin müstəntiqi Rahib Əliyev tərəfindən imzalanmışdır.

27. 16 noyabr 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru tərəfindən vəsatət rədd edilmiş və təqsirləndirilən şəxs X3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair qərar qəbul olunmaqla həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsinə göstəriş verilmişdir.

28. 16 noyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

29. Nərimanov Rayon Məhkəməsinin 1(005)-107/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.

30. Nərimanov RPİ-si İŞ-nin müstəntiqi X1 05 yanvar 2022-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarından görünür ki, AR CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir.

31. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2042/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X3 xeyrinə mənəvi zərərə görə 500 (beş yüz manat) manat pul tutularaq ona verilməsi qət edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 6522/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2042/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən - maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməsi, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilməsin.

33. Nərimanov rayon prokurorluğu tərəfindən Cavabdeh və Vəkil1 ünvanlanan 09 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynovun ********* saylı cinayət işi üzrə xitam verilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə rayon Prokurorluğu tərəfindən ləğv edilərək istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir.

34. Nərimanov rayon prokurorluğunun müavini kiçik ədliyyə müşaviri Tural Haqverdiyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynovun ********* saylı cinayət işi üzrə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, cinayət işi üzrə istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞnə göndərilmişdir.

35. Nərimanov RPİ-nin 24 may 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə əlavə məhkəmə-mühasibatlıq ekpertizası təyin edilmiş və cinayət işi üzrə istintaq dayandırılmışdır.

36. X5 barəsində olan cinayət işi üzrə 9/3943 nömrəli, xx.xx.2023 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan mövcud sənədlərin, yəni dəftər məlumatlarının, 19 sentyabr 2018-ci il tarixli Audit Hesabatında qeyd olunan hesabatların və sair məlumatların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə X3 hesabında yaranmış çatışmazlıq 26.489,13 manat məbləğində müəyyən edilir.

37. Cavabdehin vəkili Vəkil3 tərəfindən onun müvafiq sorğusuna əsasən verilmiş Nərimanov RPİ-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan məlum olur ki, Cavabdeh mülki iddiası istintaq şöbəsinin müstəntiqi polis mayoru Ceyhun Hüseynovun icraatına daxil olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

39. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

40. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

44. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir:

45. 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;

46. 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

51. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

52. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

53. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

56. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

57. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

58. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

59. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

60. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını apellyasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanunni əsasını tapılmasından asılıdır.

63. İddiaçı hazırkı tələbində bildirir ki, o, oğlunun barəsində olan cinayət işi üzrə həbs qəti imkan tədbirinin seçilməməsi üçün cinayət işinin ictintaqını aparan müstəntiqin təklifi ilə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh tələb olunan zərərin məbləğindən 15.000 manat ödəmiş, bundan sonra oğlu Araz həbsdən buraxılmış, daha sonra oğlu barəsində cinayət işinin icraatına xitam verilmiş, belə olan halda isə zərərçəkmişə ödədiyi həmin pul vəsaitinin əsassız varlanma olması əsası ilə geri istəyir.

64. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.

65. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

66. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).

67. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

68. İddia tələbinin qanuni əsasının tapılmasından sonra növbəti mərhələ iddiaçının bildirdiyi halların qanunun dizpozitiv şərtlərinə uyğun gəlib-gəlməməsini yoxlanılmasından ibarət olmalıdır.

69. Rayon məhkəməsində cavabdeh iddiaya etiraz etmişdir, cavabdehin etirazının əsası aşağıdakılardan ibarətdir. Birincisi, iddiaçının əsassız varlanma kimi tələbində istinad etdiyi yeganə hal- oğlu barəsində istintaq edilən cinayət işinin icraatına xitam verilməsinə dair müstəntiqin qərarı prokuror tərəfindən ləğv edilmiş və cinayət işinin istintaqı davam etdirilir; ikincisi isə iddiaçının ödədiyi pul vəsaitinin əsassız varlanma kimi qiymətləndirilməsi qanuna görə istisna olunur, ən azından, bu, borclunun əvəzinə öhdəliyin üçüncü şəxs tərəfindən icrası üçün edilən hərəkət olmuşdur.

70. Apellyasiya icraatı zamanı aparılan araşdırmalarla aşağıdakılar hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur: - iddiaçının oğlu Araz Nağıyevin Cavabdeh məxsus tikinti materiallarının satışı mağazasında işləməsi, - cavabdehin tikinti materialları mağazasında oğurluq edilməsi və bunun iddiaçının oğlu A.Nağıyev tərəfindən törədilməsi barədə polisə şikayət etməsi, - Nərimanov RPİ-də iddiaçının oğlu A.Nağıyev barəsində AR CM-in 177.2.4-cü maddəsi ilə cinayət təqibinin həyata keçirilməsi, ona həmin maddə ilə ittiham irəli sürülməsi, istintaqdan qaçıb gizlənməsi səbəbindən barəsində axtarış elan olunması, - Nərimanov RPİ 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs A.Nağıyevin xx.xx.2020-ci il tarixində tutularaq istintaqa təhvil verilməsi, - xx.xx.2020-ci il tarixində təqsirləndirilən şəxs A.Nağıyevin saxlandığı Nərimanov RPİin müvəqqəti saxlama yerində iddiaçının həmin cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh vurulmuş 15.000 manat verməsi, - xx.xx.2020-ci il tarixində rayon prokuroru tərəfindən axtarışla tutulan təqsirləndirilən şəxs A,Nağıyevin barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunması və onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinə dair göstərişin verilməsi, - xx.xx.2020-ci il tarixində təqsirləndirilən şəxs A.Nağıyevin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və dərhal buraxılması, - Nərimanov RPİ-inin müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarıyla təqsirləndirilən şəxs A.Nağıyev barəsində AR CM-in 177.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi işi üzrə icraata xitam verilməsi, - Nərimanov rayon prokurorluğunun müavini kiçik ədliyyə müşaviri Tural Haqverdiyevin xx.xx.2022-ci il tarixli qərarı ilə Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynovun ********* saylı cinayət işi üzrə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi və iş üzrə icraat təzələnərək, cinayət işi üzrə istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi, - Nərimanov RPİ-nin müstəntiqinin 24 may 2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə əlavə məhkəmə-mühasibatlıq ekpertizası təyin edilməsi və cinayət işi üzrə istintaqın dayandırılması. - X5 barəsində olan cinayət işi üzrə 9/3943 nömrəli, xx.xx.2023 tarixli ekspert rəyinə görə iş materiallarında olan mövcud sənədlərin, yəni dəftər məlumatlarının, 19 sentyabr 2018-ci il tarixli Audit Hesabatında qeyd olunan hesabatların və sair məlumatların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə X3 hesabında yaranmış çatışmazlığın 26.489,13 manat məbləğində müəyyən edilməsi.

71. Beləliklə də, işin istinad olunan mübahisəsiz halları, eləcə də həm iddiaçının, həm də cavabdeh tərəfin izahatları ilə müəyyən olunur ki, iddiaçı hazırda əsassız varlanmaya istinadən tələb etdiyi 15.000 manatı cavabdehə məhz AR CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə Nərimanov RPİ-də istintaq olunan ********* saylı cinayət işi üzrə istintaqdan qaçıb gizlənən və axtarış nəticəsində tutulmuş oğlu A.Nağıyevin barəsində prosessual məcburiyyət tədbiri kimi “həbs” qətimkan tədbirinin seçilməməsi məqsədi ilə cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh vurulmuş zərərin bir hissəsi kimi xx.xx.2020-ci il tarixində ödəmiş, iddiaçının oğlu AR CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs A.Nağıyevin barəsində də “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə, elə həmin gün Nərimanov RPİ-in müvəqqəti saxlama yerindən dərhal buraxılmışdır.

72. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf iddiaya etirazında bildirmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi 15.000 manat hazırkı işin halları baxımından əsassız varlanma halını istisna edir, cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da MM-in 1093.1-ci maddəsinə istinad etməklə, eyni mövqeyini təkrarlamışdır.

73. MM-in 1093.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Başqa sözlə desək, normanın tələbinə görə məhrum olan varlanmış şəxsə hansısa hərəkətin edilməsi və edilməsindən çəkinməsi üçün verdiklərini, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda geri tələb edə bilər. Göründüyü kimi, normada dispozitiv olaraq nəzərdə tutulmuşdur ki, əgər varlanmış şəxsin əməli məhrum olanın nail olmaq istədiyi məqsədə uyğun olmadıqda əsassız varlanma halı baş verir və məhrum olan varlanmış şəxsdən verdiklərini əsassız varlanma qaydasında tələb etmək hüququna malikdir, yox əgər varlanmış şəxsin əməli – hərəkət və ya hərəkətsizliyi məhrum olanın nail olmaq istədiyi məqsədə uyğun olarsa, bu halda əsassız varlanma baş vermir və müvafiq olaraq da məhrum olanın verdiklərini geri tələb hüququ istisna olunur.

74. Hazırkı işin yuxarıda qeyd olunan mübahisəsiz halları ilə də müəyyən olunur ki, iddiaçı cinayət işi üzrə axtarışla tutularaq istintaqa təqdim olunmuş və həmin vaxt Nərimanov RPİ-in müvəqqəti saxlama yerində saxlanılan, barəsində prosessual məcburiyyət tədbiri kimi “həbs” qətimkan tədbirinin seçilməsi qaçılmaz olan oğlu A.Nağıyev barəsində məcburiyyət tədbiri kimi həbs qətimkan tədbiri seçilməməsi məqsədi ilə - buna nail olmaq üçün həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan A.Əsgərovaya vurulmuş zərərdən bir hissə kimi 15.000 manat ödəmiş, bundan sonra zərərçəkmiş Cavabdeh iddiaçının oğlu barəsində həbslə bağlı olmayan məcburiyyət tədbiri seçilməsinə razı olmuş, məhz bundan sonra təqsirləndirilən şəxs A.Nağıyev barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə, o, elə həmin gün Nərimanov RPİ-in müvəqqəti saxlama yerindən dərhal buraxılmışdır.

75. Demək ki, cavabdeh A.Əsgərovanın əməli iddiaçını verdiklərinin müqabilində gözlənilən məqsədə tam uyğun olmuşdur ki, bu da öz növbəsində MM-in 1093.1-ci maddəsinin dispozitiv şərti baxımından İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan Cavabdeh verdiklərini əsassız varlanma qaydasında tələb etməsini istisna edir.

76. Bundan başqa, iddiaya etiraz edən cavabdeh tərəf rayon məhkəməsində bildirmişdir ki, iddiaçının tələbinin yeganə əsası, yəni oğlu A.Nağıyev barəsində olan cinayət işi üzrə icraata xitam qərarı rayon prokurorunun qərarı ilə ləğv edilmiş və həmin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir, başqa sözlə, iddia ərizəsi verilən zaman onun yeganə əsası aradan qalxmış, mövcud deyildir. Cavabdehin vəkili rayon məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində cinayət işi üzrə icraata xitam qərarının ləğv olunduğu barədə məhkəməni məlumatlandırmaqla yanaşı, həm də bunun təsdiqi kimi rayon prokurorluğunun rəsmi cavab məktubunu da həmin ərizəsinə əlavə etmişdir (bax, iş vərəq 57-59). Vəkil eyni məlumatı məhkəmə iclasında izahat verərkən də təkrarlamışdır (bax, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu, iş vərəq 65). Mülki işin 86-cı vərəqində olan məktubdan məlum olur ki, rayon məhkəməsinin hakimi xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nə həmin cinayət işinin istintaqının aparılıbaparılmaması barədə məhkəməyə məlumat verilməsinə dair sorğu göndərmişdir. Mülki işin materiallarında həmin sorğuya cavabın alındığı müəyyən olunmur.

77. Halbuki, cavabdehin iddiaya etirazının həmin dəlili öz-özlüyündə İddiaçı hazırkı tələbinin yeganə əsasını aradan qaldırmaqla iddianın təmin olunmasını istisna edir. Çünki iddiaçı tələbində yeganə əsas kimi oğlu barəsində olan cinayət işinin icraatına xitam verilməsinə (iddiaçının təbirincə desək, oğlunun bəraət almasına) istinad etmişdir, lakin işin müəyyən olunmuş halı isə ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində iddiaçının oğlu A.Nağıyevin AR CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə Nərimanov RPİ-də istintaq olunan ********* saylı cinayət işi üzrə müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı rayon prokurorluğu tərəfindən əsassız və qanunsuz hesab edilərək ləğv edilmiş və cinayət işinin icraatı təzələnmiş, iş üzrə istintaqı hal-hazırda davam etdirilir.

78. Mübahisələndirilən qətnamədən məlum olur ki, işə baxmış rayon məhkəməsi cavabdehin bu halla bağlı dəlilinə əhəmiyyət verməmiş, iş üçün həlledici olan həmin hala, ümumiyyətlə, münasibət bildirməmişdir.

79. Bundan başqa, araşdırmalar zamanı müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə zərərçəkmiş Cavabdeh təqsirləndirilən şəxs A.Nağıyevə qarşı mülki iddia verərək ondan cəmi borclu olduğu 36549 manatın xx.xx.2020-ci il tarixində zərərin əvəzinin bir hissəsi kimi ödədiyi 15.000 manatı çıxmaqla, qalan 21549 manatın tutulmasını tələb etmişdir.

80. Belə olan halda məlum olur ki, iddiaçı qeyd edilən cinayət işi üzrə təqsirləndirilən şəxsin əvəzindən zərəçəkmiş şəxsə ödədiyi vəsaiti cavabdehdən nəinki əsassız varlanma qaydasında, ümumiyyətlə, hər hansı başqa əsasla da tələb etmək üçün subyektiv hüquqa malik deyildir.

81. Belə ki, MM-in 431.1-ci maddəsində təsbit olunmuşdur ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

82. Hazırkı işin müəyyən olunmuş hallarıdan da məlum olur ki, mübahisə edilən öhdəliyin tərəfləri kreditor olaraq cinayət işi üzrə zərərçəkmiş, mülki işdə cavabdeh olan Cavabdeh, borclu isə iddiaçının oğlu, cinayət işi üzrə təqsirləndirilən şəxs A.Nağıyevdir. Məhz bu baxımdan da istinad olunan cinayət işi üzrə xx.xx.2020-ci il tarixində İddiaçı tərəfindən zərərşəkmiş şəxs Cavabdeh ödənilmiş 15.000 manat mübahisələndirilən öhdəliyin borclusu A.Nağıyev öhdəliyinin icrası hesab olunur.

83. Çünki mülki hüquqi baxımdan iddiaçının oğlu A.Nağıyev tam mülki hüquq fəaliyyət qabiliyyətli olmaqla mülki münasibətlərin müstəqil iştirakçısıdır. Başqa sözlə desək, o, 18 yaşına çatmış, öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətindədir. Demək ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş Cavabdeh qarşısında oğlu təqsirləndirilən şəxs A.Nağıyevin iddia edilən öhdəliyini onun əvəzindən üçüncü şəxs olaraq icra etmişdir. Qanuna görə buna borclunun razılığı tələb olunmur, lakin hazırkı işin halları baxımından barasində davam edən cinayət işi üzrə real olaraq həbs oluncağını bilən təqsirləndirilən şəxs A.Nağıyevin anası tərəfindən həmin məbləğin zərərçəkmiş şəxs Cavabdeh ödəməsinə razı olduğu şəksizdir. O da şəksizdir ki, A.Nağıyevin həbs olunmamasında, yəni azadlıqda qalmasında hazırkı İddiaçı özünün, tutulmuş şəxsin anası kimi mübahisəsiz olan xüsusi istək, arzu və marağı olmuşdur.

84. Mülki Məcəllənin 431.3-cü maddəsinin ikinci cümləsinə görə isə ....üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Demək ki, hazırkı iddiaçı borclunun (oğlunun) öhdəliyini icra etmiş üçüncü şəxs olaraq, icra etdiyi öhdəliyin borclusuna qarşı icra etdiyi öhdəlik və bununla əlaqədar çəkilmiş xərclərlə bağlı reqres tələb hüququna malikdir.

85. Bununla yanaşı, məhkəmə kollegiyası həmin cinayət işi üzrə istintaq hərəkətlərinin davam etməsini nəzərə alaraq xüsusi olaraq qeyd edir ki, hazırkı iddia tələbi ilə bağlı icraat çərçivəsində qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxsin öhdəliyinin mövcud olubolmaması, eləcə də onun həcmi barədə məsələyə münasibət bildirilməsi yolverilməzdir.

86. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, həmin cinayət işi üzrə yekun qərar qəbul edildikdən sonra məhz mübahisələndirilən öhdəliyin tərəfi olan və hazırda AR CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs A.Nağıyev cinayət işi üzrə qəbul olunacaq yekun qərardan və ona qarşı həmin cinayət işi üzrə verilmiş mülki iddianın həllindən asılı olaraq, yəni cinayət işi üzrə bəraətverici əsaslarla qərarın qəbulu və mülki iddianın təmin olunmaması halında təqsirləndirilən şəxsin əvəzindən xx.xx.2020-ci il tarixində zərərçəkmiş şəxs Cavabdeh hazırkı iddiaçı tərəfindən ödənilmiş 15.000 manatın (əsassız varlanma qaydasında) tələb etmək hüququ əldə edə bilər.

87. Oxşar işlə bağlı Ali Məhkəmənin 2(102)-3297/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi də mahiyyət etibarı ilə eyni olmuşdur. Nəticə:

88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, prosessual hüquq normaları pozulmuş, eləcə də işin faktiki halları düzgün müəyyən olunmamış, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir ki, buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

89. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.

90. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-620/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar