Məhkəmə qərarları › İş №2(103)-2681/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2681/2022

11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2681/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı ona vurmuş olduğu 5030 (beş min otuz manat) məbləğində ziyan pulunun ödənilməmiş olan 3610 manat məbləğində hissəsinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Mercedess Atecgo 1523” markalı,**-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ilin oktyabr ayından ona məxsusdur.07.05.2021-ci il tarixdə 60 km/saat sürətlə Şirvan şəhəri, 1 May küçəsi,Sabirabad rayonu istiqamətində hərəkətdə olarkən həmin yola “MAZ” markalı bir avtomaşın daxil olmuşdur.Əyləcdən istifadə edərək,avtomobili dayandırmaq istəsə də hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin sol ön hissəsi “MAZ” markalı bir avtomaşının sağ ön hissəsi ilə toqquşmuşdur. Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi,polis kapitanı X3 icraatında olan HKQ-1/892 nömrəli materialı üzrə araşdırmanın nəticəsi olaraq,qəbul etmiş olduğu 06.06.2021- ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında”Qərarı ilə müəyyən olunmuşdur kihadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki,hadisə yeri,yaşayış məntəqəsi daxilindəddir. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində mənim almış olduğum xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Araşdırma materialına əlavə edilmiş 14 may 2021-ci il tarixli rəy aktından görünür ki,”Mercedess Atecgo 1523”markalı,**-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan ümumilikə 5030 manat təşkil edir. Onu da əlavə edim ki, cavabdeh tərəfindən 1420 manat məbləğində pul ehtiyat hissələri alınması üçün, 120 manat da xəstəxana xərclərinin ödənilməsi üçün ona pul ödənilmişdir. Eyni zamanda aparılmış istintaqla müəyyən edilmişdir ki,sürücü Cavabdeh əməlində onun yolnəqliyyat hadisəsi zamanı almış olduğum xəsarət sağlamlığa yüngül zərərvurmaya aid olduğu ücün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir,lakin yol-nəqliyyat hadisəsi zamanı yol hərəkəti qaydalarını pozaraq,zərərçəkmiş şəxs kimi onun sağlamlığına yüngül zərər vurulduğu üçün Cavabdeh əməlində AR İXM-in 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində də inzibati qaydada tədbir görülməsindən ötrü Qərarın surəti Şirvan şəhər DYPB-ə göndərilmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(002)- 113/2022 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçıya məxsus avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 3090 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-113/2022 saylı iş üzrə 19.01.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, o, 05.03.2021-ci ildə Dövlət Sərhəd Xidmətinin X10 İdarəsində sürücü vəzifəsinə işə qəbul edilmiş. X11 göstərişi ilə o, sürücüsü olduğu “Maz Dayman” markalı B-280-DS dövlət qeydiyyat nişanlı avtomobil ilə 07.05.2021-ci il tarixdə Səlyan şəhərinin Qarabağlı kəndində yerləşən Səlyan servisə göndərilmişdir. Səlyan servisdə “Qaz-53” markalı avtomobil idarə etdiyi “Maz Dayman” markalı avtomobilə yüklənmişdir və rəhbərliyin göstərişinə əsasən həmin avtomobili Qazax şəhərində yerləşən sərhəd qoşunlarına aparmaq üçün yola düşmüşdür. Şirvan şəhərinin 1 may küçəsində hərəkətdə olduğu zaman qeyd edilən qəza hadisəsi baş vermişdir və idarə etdiyi avtomobilin sağ ön hissəsi iddiaçının idarə etdiyi “Mercedess Atecgo 1523” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşmuşdur. Hadisədən sonra iddiaçı ilə razılaşmalarına əsasən “Mercedess Atecgo 1523” markalı avtomobili Qaradağ rayonunun Qobustan qəsəbəsinə gətirmişlər, orada avtomobil ustalara göstərilmişdir, avtomobilin təmiri üçün alınan hissələrə 1360 manat, avtomobili təmir edən ustalara 1150 manat xərclənmişdir, ümumilikdə avtomobilin təmir-bərpa xərci 2510 manat təşkiletmişdir,həmin xərci mən çəkmiş, əlavə olaraq tərəfindən iddiaçıya 300 manat pul verilmişdir. Məhkmə tərəfindən onun təqdim etdiyi sübutlar qəbul edilməyərək araşdırılmamışdır, şahidlər dindirilməmişdir, bununla da avtomobilin təmir-bərpa xərcinin 2510 manat təşkil etdiyini, həmin xərcin onun tərəfindən ödənildiyini təsdiq edən sübutlar məhkəmə tərəfindən qəbul edilməyərək araşdırılmamışdır. Bununla da mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən faktiki hallar məhkəmə tərəfindən əsassız olaraq araşdırılmayaraq müvafiq hüquqi qiymət verilməmişdir. O, birinci instansiya məhkəməsinin avtomobilə dəyən zərərin 4630 manat təşkil etməsi, zərər məbləğinin bir hissəsinin 1540 manat hissəsinin iddiaçının tərəfindən ödənilməsi və qalan zərər məbləğinin onun tərəfindən ödənilməməsinin müəyyən edilməsi barədə gəldiyi nəticəni düzgün hesab etməyir. Eyni zamanda hazırki iddia üzrə onun cavabdeh kimi qəbul edilməyinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyini düzgün hesab etmir. Məhkmə tərəfindən təqdim etdiyi sübutlar qəbul edilməyərək araşdırılmamışdır, şahidlər dindirilməmişdir, bununla da avtomobilin təmir-bərpa xərcinin 2510 manat təşkil etdiyini, həmin xərcin onun tərəfindən ödənildiyini təsdiq edən sübutlar məhkəmə tərəfindən qəbul edilməyərək araşdırılmamışdır. Bununla da mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən faktiki hallar məhkəmə tərəfindən əsassız olaraq araşdırılmayaraq müvafiq hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəyən zərərin 4630 manat təşkil etməsinin müəyən edildiyi nəticəsinə gəlmişdir və məhkəmə tərəfindən həmin halın müəyyən edilməsi nəticəsinə gəlməsinin əsası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2021-ci il tarixli rəyinə istinad edilmişdir. Göstərilmişdir ki, həmin ekspert rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" MMC-nin 14.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla,1999-cu il buraxılışlı “Mercedess Atecgo 1523” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4630 manat məbləğində olduğu müəyyən edilmişdir. Bildirir ki, məhkəmənin sübut növü istinad etdiyi ekspert rəyi qeyri-mötəbər və ziddiyyətlidir, həmin rəy sübut kimi qəbul edilməməlidir. Belə ki, rəydə avtomobilin təmirbərpa xərcinin iş materialında olan "xxxx" MMC-nin 14.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən nəzəri hesablama yolu ilə müəyyən edildiyi göstərilmişdir. Mövcud vəziyyətdə iddiaçı tərəfindən həmin aktın "xxxx" MMC-dən hansı şəraitdə alındığı, aktın həqiqəti hansı dərəcədə əks etdirdiyi şübhəlidir. Eyni zamanda iddiaçı tərəfindən avtomobilini təmir-bərpa etdirərək iddia etdiyi məbləğdə xərc çəkdiyinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəməyə 14.05.2021-ci il tarixli qüsur aktının əsli deyil, kserosurəti təqdim edildiyi üçün məhkəmə tərəfindən həmin qüsur aktı qeyri mötəbər hesab edilmişdir. Bu halda təbii sual yarınır ki, məhkəmə tərəfindən 14.05.2021-ci il tarixli qüsur aktı qeyri mötəbər hesab edildiyi halda, necə olur ki, həmin qüsur aktındakı məlumatlar əsasında hesablanmış ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilir və verilən iddianın təmin edilməsinin əsası kimi həmin ekspert rəyinə istinad edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən həmin hal qeyri mötəbər və ziddiyyətli sübutla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəyən zərərin 2510 manat təşkil etməsini, həmin məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut təqdim edə bilmədiyi üçün həmin halın müəyyən edilməməsi nəticəsinə gəlmişdir. Bununla bağlı olaraq bildirir ki, avtomobilin təmir-bərpası üçün alınan avtohissələrin qiyməti 1360 manat təşkil etmişdir, həmin pul vəsaiti satıcılara onun tərəfindən ödənmişdir, bu hal iddiaçının 1540 manat pul ödəməyinə dair etirafı ilə də təsdiq olunur. Eyni zamanda avtomobilin təmiri üçün ustalara onun tərəfindən 1150 manat pul ödənmişdir, həmin şahidlər məhkəmədə dindirilmədiyi üçün sübut etmək mümkün olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəyən zərərin 2510 manat təşkil etməsini, həmin məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut təqdim edə bilmədiyi üçün həmin halın müəyyən edilməməsi barədə gəldiyi nəticə əsassızdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan 06.06.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarın məzmunundan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılmaısnın rədd olunması, onun əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri vardır, bu səbəbdə də onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır, həmçinin, həmin Qərarda 14 may 2021-ci il tarixli rəy aktında Mersedes Ateco 1523 markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan ümumilikdə 5030 manat olduğu qeyd edilmişdir. İş materialalrında olan 14.05.2021-ci il tarixli Şirvan “AMS və Ticarət” müəssisəsi tərəfindən verilmiş rəy aktının məzmunundan görünür ki, Mersedes Ateco 1523 markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyan 5030 manat təşkil edir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2021-ci il tarixli, 9/7712 nömrəli rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" müəssisəsinin 14.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1999-cu il buraxılışlı “Mersedes Ateco 1523” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4630 manat məbləğində olduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində təşkil olunmuşdur. İş materiallarından görünür ki, Mersedes Ateco 1523” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzalı vəziyyətinə və zədələnmiş hissələrinə dair fotoşəkillər əlavə olunmuşdur. Göründüyü kimi, tərəflər arasında əmlaka vurulmuş ziyanın ödənilməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedess Atecgo 1523” markalı,**-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurulmuş, cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi qismində 1540 manat məbləğində ödəniş edilmişdir. Bu halda, məhkəmə kollegiyası iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması halının işin mübahisəsiz halı olduğunu əsas götürərək, hesab edir ki, iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı ona məxsus əmlaka cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 5030 manat məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona 1540 manat məbləğində pul vəsaiti öədnildiyini, qlana məbləğin isə ödənilmədiyini əsas gətirərək, iddia tələbinin əsası kimi qeyd eidlən hallara istinad etmişdir. Cavabdeh isə iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləğinin 2500 manat məbləğdə olduğunu, həmin pul vəsaitinin isə onun tərəfindən ödənildiyini bildirərək, iddia tələbinə etirazı qeyd edilən hallarla əsaslandırmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı tərəfindən ona məxsus avtombilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı sübut qismində 14.05.2021-ci il tarixli qüsur aktına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edilən aktla bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə həmin aktı əsli deyil, kserosurəti təqdim edildiyindən, həmin aktın mötəbərliyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləğinin 2500 manat olması və həmin pul vəsaitinin onun tərəfindən ödənilməsi hallarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qeyd olunan həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedess Atecgo 1523” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər ekspert rəyi əsasında 4630 manat məbləğində olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği məhz müvafiq ekspert rəyi əsasında müəyyən edilməlidir. Ona görə də məhkəmə iş üzrə müvafiq ekspert rəyini əsas götürərək, habelə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 1540 manat məbləğində pul vəsaitini nəzərə alaraq, hesab edir ki, iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 3090 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qeyd eidlən hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçıya məxsus avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 3090 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub dövlət büdcəsinə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(002)- 113/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar