Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2683/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İzzətalı oğluna qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(002)-271/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Dövlətyar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İzzətalı oğlu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki övladı ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsi 244 mənzil 1-də yaşayış sahəsində istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh2 “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Dövlətyar qızının ünvan 1 ünvanda yerləşən 1 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli 2(002)-271/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmiş və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh X1 geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi əks təqdirdə şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemi vasitəsilə qarşılıqlı iddia ərizəsi göndərilmiş, lakin, ödənilmiş dövlət rüsumu və ərizəyə əlavə edilən sənədlərin elektron sistemə əlavə edilməsi texniki səbəblərdən mümkün olmamış, səhhətində yaranmış ani narahatçılığa görə məhkəmə iclasında iştirakının qeyri-mümkün olması səbəbindən məhkəmənin katibliyi ilə əlaqə saxlayaraq bu barədə və dövlət rüsumunun ödənilməsi barədə şifahi məruzə edilmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsinin təqdim edilməsinə zərurət məhkəmənin 19.01.2022-ci il tarixli məhkəmə iclasından sonra yarandığından cavabdehlərin tələbi üzrə qarşılıqlı iddia ərizəsini məhz məhkəmənin 07.02.2022-ci il tarixə təyin edilmiş hazırlıq iclasında təqdim etmişdir. Belə ki, məlumdur ki, iddiaçı sözü gedən yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia tələbini məhkəmədə müdafiə edərək, cavabdehlərlə eyni ünvanda yaşamağın qeyrimümkün olduğunu, aralarında dəfələrlə. mübahisələrin yarandığını, həmçinin özünün həyatının təhlükədə olduğunu bildirmişdir. Məhkəmənin 19.01.2022-ci il tarixli iclasından sonra da tərəflər arasında kəskin mübahisə yaranmış və iddiaçının qərəzli çıxışları cavabdehlərdə iddiaçı ilə eyni ünvanda yaşamağın qeyri-mümkün olduğu qənaətini yaratmış, sonuncular qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sözügedən yaşayış sahəsindən çıxarılmasını tələb etmişlər. Ona görə də qarşılıqlı iddia üzrə dövlət rüsumunun 07.02.2022-ci il tarixdə ödənilməsini və qarşılıqlı iddianın verilməsi üçün əsasların məhz həmin dövrdə əmələ gəlməsini nəzərə alaraq tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməlidir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(002)- 271/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində 20 gün müddət müəyyən edilmişdir, bununla yanaşı həmin müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından isə görünür ki, cavabdeh tərəf iddia ərizəsinin surəti və qeyd edilən maddələrin izahına dair 29 dekabr 2021-ci il tarixli məhkəmə bildirişini 05.01.2022ci il tarixdə təhvil almışdır, bundan əlavə Cavabdeh2 və onun vəkili 19 yanvar 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmişlər, lakin mülki prosessual qanunvericilikdə qeyd edilən müddətdə (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün müddətində) məhkəməyə təqdim etməmişlər, halbuki cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi məhkəməyə 25.01.2022-ci il traixədək olan müddətdə təqdim edilə bilərdi. Bundan əlavə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin həmin müddətdə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərdən mümükün olmaması ilə bağlı heç bir sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizsinə əlavə edilən sənədlərin siyahısı qeyd edilsə də, ərizəyə heç bir sənəd əlavə edilməmiş, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qarşılıqlı iddia qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur, belə ki, qarşılıqlı iddia ərziəsinin verilməsi üçün əsas olan halların məhz sonradan yaranması halı müəyyən edilməmişdir, bununla yanaşı cavabdeh tərəfin bildirdiyi kimi qarşılıqlı iddianın verilməsi üçün əsasların 19 yanvar 2022-ci il tarixdə müəyyən olunmuş olsa da belə cavabdeh məhz 25 yanvar 2022ci il tarixə qədər qarşılıqlı iddianı verə bilərdi. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemi tətbiq edildiyindən, cavabdeh vəkili tərəfindən həmin qarşılıqlı iddia ərizəsinin operativ şəkildə elektron qaydada verilməsi halı da mümkün olmuşdur. Digər tərəfdən müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən qarşılıqlı iddia ərizəsi verilən zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa da riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(002)- 271/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2683/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2683/2022
16.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver