Məhkəmə qərarları › İş №2(103)-2684/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2684/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2684/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliy ilə İddiaçı LPO “xxxx” ASC-nin cavabdeh Xəlilov Cahangir Rufulla oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6010/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6010/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı LPO “xxxx” ASC-nin cavabdeh Xəlilov Cahangir Rufulla oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi, cavabdehin hüquq qabiliyyətinə onun ölümü ilə əlaqədar xitam verildiyi əsas göstərilməklə geri qaytarılmışdır. İddiaçı LPO “xxxx” ASC-nin nümayəndəsi sözügedən qərardaddan verdiyi şikayət də məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi hüquqi varisliyə yol verir və buna görə də birinci instansiya məhkəməsi cavabdehin hüquqi varisi müəyyən edilənədək iş üzrə icraatı dayandırmalı idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməlirinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Xəlilov Cahangir Rufulla oğlunun birinci instansiya məhkəməsində müvafiq icraat başlamamışdan əvvəl vəfat etdiyi aydın olur; vəfat etmiş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması mümkün deyildir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsını və ona əlavə edilmış sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 50.1 və 50.3-cü maddələrınə əsasən prosesdə tərəflər ıddıaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir (maddə 25.2). Qanunun yuxarıda göstərilən tələbinə əsasən, ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və işə baxıla bilməz. Mülki prosessual qanunvericilikdə prosessual hüquq varisliyinə o zaman yol verilir ki, iş üzrə icraat başladıqdan sonra tərəflərdən biri sıradan çıxmış (ölmüş) olsun. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırkı iddia tələbi ilə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ölmüş şəxsin vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6010/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar