Məhkəmə qərarları › İş №2(103)-2688/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2688/2022

08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2688/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(003)-449/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh Ədbülrəfi oğlunun istifadəsindədir və həmin ev 30 sentyabr 2019-cu il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı İB tərəfindən təbii qazla təchiz olunur.

2. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən qaz sayğacına müdaxilə və istehlakçı tərəfindən sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edildiyinə görə tərtib edilmiş Təbii X1nın pozulması haqqında 21 avqust 2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 617 manat, 28 fevral 2019-cu il tarixli akt üzrə 486 manat, 30 aprel 2019-cu il tarixli akt üzrə 972 manat, 30 may 2019-cu il tarixli akt üzrə 32,4 manat, 28 iyun 2019-cu il tarixli akt üzrə 32,4 manat, 31 iyul 2019-cu il tarixli akt üzrə 32,4 manat, 30 avqust 2019-cu il tarixli akt üzrə 32 manat, 30 sentyabr 2019-cu il tarixli akt üzrə 32,4 manat, 30 oktyabr 2019-cu il tarixli akt üzrə 32,4 manat, 29 noyabr 2019-cu il tarixli akt üzrə 142,2 manat, 30 dekabr 2019-cu il tarixli akt üzrə 295,2 manat, 30 yanvar 2020-ci il tarixli akt üzrə 295,2 manat, 28 fevral 2020-ci il tarixli akt üzrə 381,6 manat, 30 mart 2020-ci il tarixli akt üzrə 295,2 manat, 14 aprel 2020-ci il tarixli akt üzrə 137,8 manat ziyan hesablanmışdır. Həmin aktların hər birində istehlakçının adının qarşısında “imza etməkdən imtina etdi” qeydi edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3452,7 manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 3482,7 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavadehə məxsus fərdi yaşayış evi iddiaçı tərəfdən təbii qazla təchiz edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qaz xəttinə qoşulmaqla qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlar Birliyin əməkdaşları tərəfindən foto və videoçəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda 3452,70 manat təşkil edir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-449/2021 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən cavabdehin abunə koduna hesablanmış borcun ödənilməsi hissəsində də təmin edilməməlidir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-449/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-6948/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-449/2021 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 21 avqust 2017-ci il tarixdən 14 aprel 2020-ci il tarixədək olan dövrdə İddiaçı İB-nin əməkdaşları tərəfindən abonent Cavabdeh barəsində təbii X1nın pozulması barədə üst-üstə 15 akt tərtib olunmuş, aktların heç biri abonent tərəfindən imzalanmamışdır. Abonent akta imza etməkdən imtina etdiyi halda isə, abonentin akta imza etməkdən imtina etməsi barədə müvafiq sənədləşmələr aparılmamışdır. Təbii X1nın pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır.

11. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” 30 sentyabr 2019-ci il tarixdə bağlandığı halda, tərtib olunan aktlar 21 avqust 2017-ci il tarixdən 14 aprel 2020-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı İB aktların tərtib olunduğu dövrdə tərəflər arasında müvafiq müqavilənin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

12. Abonentin barəsində təbii qazın talanmasına görə 15 akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət olunmamışdır.

13. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərin abonentə məxsus evdə çəkilməsini və nə vaxt çəkilməsini müəyyən etmək mümkün olmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cavabdehin özünümüdafiə xarakterli çıxışları nəzərə alınaraq iddia tələbinin rədd edilməsi göstərilsə də, cavabdehin ümumiyyətlə məhkəmə iclaslarında nəinki çıxış, heç iştirak da etmədiyi müəyyən edilmişdir.

15. İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar qətnamənin ləğv edilib iddianın təmin olunmasına əsas vermir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz.

Kassasiya instansiyası məhkəməsində icraat

16. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)- 6948/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. 17.Ali Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin sübutu qismində təqdim etdiyi aktlarda abonentin imzasının olmaması özü özlüyündə həmin aktların etibarsızlığı və ya qeyri-mötəbərliyi üçün əsas deyildir. 18.Bundan başqa, qanunsuz qoşulmanın olub-olmaması iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən (aktlar, fotoşəkillər) əlavə, şahid ifadələri, cavabdehin yaşadığı ünvanda yerində müayinə və ya məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən bu hərəkətlərin keçirilməsi müzakirə olunmamışdır. 19.Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 25.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

26. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 27.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 29.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 30.1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 31.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

32. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. 33.11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 35.Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 36.Həmin Qanunun 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın:

37.1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 38.3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 39.4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 40.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 41.“X1”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 42.6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

43. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 44.9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 45.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

48. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

49. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, AKX-0160702/09- 2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

50. İş materiallarından görünür ki, verilən qaz xətti üzrə **********10000 sayla qeydiyyata alınmış abonent koduna 3452.7 manat borc hesablanmışdır.

51. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 617 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 486 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 972 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.20198-cu il tarixli akt üzrə 32 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 142.2 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 295.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 295.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 381.6 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 295.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 137.8 hesablanmışdır.

52. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq iş üzrə təyin edilərək AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühəndistexniki ekspertizasının 15 iyul 2022-ci il tarixli, 10/2756 №-li ekspert rəyinə əsasən ünvan 2 ünvanda sayğacdan kənar qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.

53. Kollegiya qeyd edir ki, cavabdehə məxsus ünvan üzrə tərtib edilmiş xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli aktlar ünvanda quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi ilə bağlı olmuşdur.

54. İş materiallarından müəyyən edilir ki, cavabdehə məxsus ünvanda qaz sayğacı evin küçə divarına quraşdırlımışdır və küçədə yerləşir.

55. X1nın tələblərinə əsasən qaz sayğacının zədələnməsinə görə istehlakçı yalnız o halda məsuliyyət daşıyır ki, bu istehlakçının təqsiri üzündən baş versin. Belə olan halda, sayğacın dəyişdirilməsi onun vəsaiti hesabına həyata keçirilir, habelə istehlakçı dəymiş zərərə görə məsuliyyət daşıyır.

56. Hazırkı halda iddiaçı cavabdehə məxsus ünvanda quraşdırılmış qaz sayğacına müdaxilə olduğunu bildirməklə bu barədə akt tərtib etsə də, həmin müdaxilənin cavabdeh tərəfindən edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

57. Ona görə də, bu aktlar üzrə dəymiş ziyanın əvəzinin cavabdehdən tələb edilməsini məhkəmə əsassız hesab edir.

58. Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmanın olub olmaması və bunun nəticəsində iddiaçıya ziyan yetirilməsi məsələsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

59. İddiaçı bu iddiasının dəlilləri kimi, cavabdehə məxsus ünvanda quraşdırılmış qaz sayğacına müdaxilə edilməsinə, habelə qazdan qeyri-qanuni istifadə edilməsinə dair ayrıayrı tarixlərdə tərtib edilmiş aktlara, həmin ünvana dair abonent saldosuna, tərəflər arasında bağlanmış müqaviləyə, habelə göstərilən ünvanda qaz xəttinə qanunsuz qoşulmanı əks etdirən fotoşəkillərə istinad etmişdir.

60. Smart sayğaclı abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh qazdan istifadəyə görə 2017-ci il ərzində ümumilikdə 424 manat, 2018-ci il ərzində 459 manat, 2019-cu ilin ilk 2 ayı ərzində 111 manat ödəniş etmiş, lakin 2019-cu ilin 3-cü ayından 2020ci ilin 6-cı ayınadək olan müddətdə 3 dəfə olmaqla, cəmi 20 manat ödəniş etmişdir.

61. Cavabdehə məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma ilə bağlı aktlar da məhz həmin dövrü, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddəti əhatə edir.

62. Kollegiya iddiaçı tərəfindən təqdim edilmiş aktlarla bağlı qeyd edir ki, həmin aktların tərtib edilməsi zamanı istehlakçının iştirakı qanunvericiliyin tələbinə görə zəruri olsa da, bu hal müəyyən edilmir. Belə ki, aktlarda istehlakçının həmin aktları imzalamaqdan imtina etməsi göstərilmişdir. Halbuki, “X1nın” tələbinə görə, bu aktlar istehlakçının iştirakı ilə rəsmiləşdirilməli və bir nüsxəsi ona təqdim edilməli idi.

63. Lakin cavabdeh qanunvericiliyə uyğun olaraq məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, gəlməmiş və iddianın bu dəlili ilə bağlı yazılı və ya şifahi etirazını bildirməmişdir.

64. Bu baxımdan iddiaçının sübut kimi istinad etdiyi aktların qanunvericiliyin tələb etdiyi şəkildə tərtib edilmədiyi aşkar olsa da, kollegiya hesab edir ki, həmin aktların qüsurlu tərtib edilməsi özü-özlüyündə cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş vermədiyi anlamına gəlmir.

65. Doğrudur, cavabdehə məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma izlərinin olub-olmadığını müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2022-ci il tarixli, 10/2756 №-li ekspert rəyi ilə ünvan 2 ünvanda sayğacdan kənar qoşulmaya xarakterik əlamətlər olmadığı müəyyən edilmişdir.

66. Lakin kollegiya bu rəylə müəyyən edilmiş halı işin digər halları ilə müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, həmin rəy yalnız hal-hazırda mövcud olan vəziyyəti əks etdirir. Hazırkı vəziyyətdə qaz xəttinə qanunsuz qoşulmanın olmamasını isə iddiaçı mübahisələndirmir. Belə ki, iddiaya görə, qaz xəttinə qanunsuz qoşulma 2019-2020-ci illəri əhatə edən dövrdə baş vermişdir.

67. Bu baxımdan kollegiya hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş hal aktların tərtib edildiyi müddətlərdə cavabdehin qaz xəttinə qanunsuz qoşulmasını inkar edən sübut kimi qiymətləndirilə bilməz.

68. Kollegiyanın qənaətinə görə, qanunsuz qoşulmanın müəyyən edilməsi zamanı qeyd edilən aktlar və ekspert rəyi digər sübutlarla və tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdırılmalıdır.

69. Bu mənada nəzərə alınmalıdır ki, məhz həmin aktların tərtib edildiyi 1 ildən artıq müddət ərzində cavabdehə məxsus ünvanda sayğac üzrə sərfiyyat əvvəlki illərin analoji dövrü ilə müqayisədə kəskin şəkildə az olmuş və cəmi 100m3 təşkil etmiş, cavabdeh tərəfindən qazdan istifadəyə görə həmin dövrdə cəmi 20 manat ödəniş edilmişdir.

70. Həmin dövrdən əvvəlki vaxtlarda isə cavabdeh qazdan sayğac üzrə istifadə etmiş və bu sərfiyyat abonent saldosunda öz əksini tapmışdır. Qeyd edildiyi kimi, cavabdeh 2017-ci il üzrə cəmi 424 manat, 2018-ci il üzrə 459 manat, 2019-cu ilin ilk 2 ayı üzrə isə 111 manat qazdan istifadəyə görə ödənişlər etmişdir.

71. Bu halın mövcud olması, habelə iş materiallarında olan fotoşəkillərdə qidalandırıcı qaz xəttinə sayğacdan kənar qoşulmanın aydın şəkildə əks olunması və cavabdehin həmin fotoşəkillərin ona məxsus ünvana aid olmasını mübahisələndirməməsi onu deməyə əsas verir ki, qeyd edilən aktlar qüsurlu tərtib olunsa da, qaz xəttinə qanunsuz qoşulmanın aşkar edilməsinə dair həmin aktlarda əks olunmuş məlumatlar həqiqəti əks etdirir.

72. Ona görə də, iddiaçının cavabdehə qarşı qaz xəttinə qanunsuz qoşulması ilə bağlı dəymiş ziyanın ödənilməsi tələbini məhkəmə əsaslı hesab edir.

73. Bununla yanaşı, kollegiya hesab edir ki, həmin aktlar üzrə tələb edilən ziyanın məbləği işin həqiqi hallarına uyğun deyildir.

74. Belə ki, qeyd edilən aktların təhlili onu göstərir ki, dəymiş zərərin məbləği hesablanarkən bəzi hallarda cavabdehin istifadəsində olan qaz cihazlarının sayı, bir sıra hallarda isə həmin cihazlara görə sərfiyyatın hesablanması qaydası düzgün olmamışdır.

75. Həmin aktlardan, habelə bu aktlar əsasında dəymiş ziyanın hesablanmasına dair qərarlardan görünür ki, bu hesabatlar PQ4, Dəmir soba, QSSQ və Kombi kimi qaz cihazlarına görə aparılmışdır.

76. Halbuki, cavabdehin istifadəsində Kombi qaz cihazının olmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir.

77. Doğrudur, iddiaçı hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinə X2 adlı şəxslə bağlanmış xx.xx.2017-ci il tarixli qazın alqı-satqısına dair müqavilə əlavə etmişdir. Kollegiya hesab edir ki, əvvəla həmin müqavilənin, habelə müqavilədə göstərilən istehlakçının hazırkı iddiaya hər hansı aidiyyatının olması müəyyən edilmir. Bundan başqa, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli olduğundan, həmin sübutun apellyasiya instansiya məhkəməsində təqdim edilməsi isə yalnız müstəsna hallarda mümkün olduğundan, kollegiya həmin sənədi gecikmiş sübut kimi qiymətləndirir və qətnamə yoxlanılarkən həmin sənədə istinad etmir.

78. İş materiallarında olan cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli yeni “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 4.3-cü bəndindən də görünür ki, həmin müqavilə bağlanarkən o, 1 ədəd PQ4, 1 ədəd Samovar və 1 ədəd Dəmir peçi qaz qurğusunu istismar etmişdir.

79. Göründüyü kimi, qeyd edilən qaz cihazları istisna olmaqla, bir neçə aktda göstərilən Kombi qaz cihazının cavabdehin istifadəsində olması təsdiqini tapmır.

80. Kollegiya cavabdehin əvvəlki tarixlərdə kombi cihazından istifadə etməsini, sonradan isə həmin cihazı sökərək dəmir soba və QSSQ-dan istifadə etməyə başlamasını da ağlabatan hesab etmir.

81. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, qeyd edilən aktlar üzrə ziyan yalnız cavabdehin istifadəsində olmuş 1 ədəd PQ4, 1 ədəd Samovar və 1 ədəd Dəmir peçə görə hesablanaraq müəyyən edilməlidir.

82. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, dəymiş ziyanın məbləği 180 gün üçün hesablanmışdır. Halbuki, iddiaçının təqdim etdiyi abonent saldosundan görünür ki, cavabdeh 180 günü əhatə edən müddət ərzində, yəni 2018-ci ilin noyabr ayında 55 manat, dekabr ayında 113 manat, 2019-cu ilin yanvar ayında 65 manat, fevral ayında isə 45 manat ödənişlər etmişdir. Göründüyü kimi, bu müddət ərzində cavabdehin sayğac üzrə qazdan istifadəyə görə etdiyi ödənişlər ağlabatan həddə, yəni başqa illərdə analoji dövrlərə görə etdiyi ödənişlərə uyğun olmuşdur. Belə olduğu halda, kollegiya hesab edir ki, həmin akt üzrə hesabat aktda qeyd edildiyi kimi, 180 gün üçün deyil, yalnız son 60 gün üçün aparılmalıdır.

83. Bundan başqa, həmin hesabat 1 ədəd PQ4 və 1 ədəd Kombi cihazları üzrə aparılmışdır. Lakin tərəflər arasında bağlanmış qazdan istifadəyə dair müqavilədən görünür ki, cavabdehin istifadəsində Kombi qaz cihazı olmamışdır.

84. Belə olan halda, kollegiya hesab edir ki, həmin akt üzrə hesabat yalnız 1 ədəd PQ4 qaz cihazı üzrə və 60 gün üçün aparılmalıdır. Həmin qaydada hesabat aparıldıqda isə bu akt üzrə itirilmiş qazın həcmi 432m3, hesablanmalı olan ziyanın məbləği isə 43,2 manat müəyyən edilir.

85. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.20198-cu il tarixli akt üzrə 32 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 32.4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 142.2 manat ziyan məbləğinin hesablanmasını kollegiya işin hallarına uyğun hesab edir.

86. Tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt üzrə 295.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 295.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 381.6 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 295.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 137.8 manat hesablanmasını isə məhkəmə kollegiya işin həqiqi hallarına uyğun hesab etmir.

87. Belə ki, cavabdehə məxsus ünvanla bağlı əvvəllər tərtib edilən digər aktlardan fərqli olaraq, bu aktlarda hesabat aparılarkən qaz cihazlarının günlük iş rejimi 24 saat hesabı ilə hesablanmışdır. Halbuki, əvvəlki tarixlərdə tərtib edilmiş aktlar üzrə hesabat aparılarkən 1 ədəd PQ4 qaz cihazının qış ayları üçün gündəlik sərfiyyatı 6 saat, QSSQ-nın (samovar) gündəlik sərfiyyatı 10 saat, dəmir sobanın gündəlik sərfiyyatı isə 18 saat kimi qeyd edilmişdir.

88. Kollegiya hesab edir ki, iddiaçı bunun səbələri barədə məhkəməyə hər hansı izah təqdim edə bilmədiyindən həmin aktlar üzrə hesabatlar da, əvvəlki aktlarda qeyd edilən gündəlik sərfiyyat nəzərə alınmaqla yenidən hesablanmalıdır.

89. Bunda başqa, xx.xx.2020-ci il tarixli akt üzrə hesabat yenə də, cavabdehin istifadəsində olan Kombi cihazına görə aparılmışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçının istifadəsində olan qaz cihazlarının siyahısında kombi qaz cihazının olması müəyyən edilmədiyindən, qeyd edilən hissədə aparılmış hesabatı da kollegiya qüsurlu hesab edir.

90. Yuxarıda göstərilənlər nəzərə alınmaqla aparılmış hesabatla isə qeyd edilən aktlar üzrə cavabdehə hesablanmalı olan ziyan məbləğinin xx.xx.2019-cu il tarixli akt üzrə 142.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 142.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 66,6 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 142.2 manat, xx.xx.2020-ci il tarixli akt üzrə 34,4 manat təşkil etdiyi müəyyən edilir.

91. Aparılmış hesabatlar üzrə cavabdehin qaz xəttinə qeyri qanuni qoşulmaqla qanunsuz istifadə etməsi nəticəsində dəymiş zərərin ümumi məbləği 907,4 manat təşkil etmişdir.

92. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

93. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

94. Kollegiya həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 102 manat məbləğin 51 manatı iddiaçıya, 51 manatı isə cavabdehə aid edilməklə onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

96. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

97. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

98. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-449/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən edilsin. Cavabdeh İddiaçı İB QSC-nin xeyrinə 907,4 manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə 102 (yüz iki) manat məbləğində ekspertiza xərcinin 51 manatı iddiaçı "xxxx" İB, 51 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar