Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2693/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 27 avqust 2021-ci il il tarixli qətnaməsi ilə təmin olunmuş, həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, prosessual qanunvericiliyə görə qətnamədən apellyasiya şikayəti vermiş şəxsin tələbləri aşağıdakılardan birinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qətnaməni tamamilə və ya qismən ləğv etməklə yeni qətnamənin çıxarılması, qətnamənin dəyişdirilməsi, yaxud qətnamənin ləğv edilərək icraata xitam verilməsi və ya ərizənin baxılmamış saxlanılması. Cavabdeh2 apellyasiya şikayətindən görünür ki, o, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə yönəlmiş konkret tələblə çıxış etməmiş, əksinə, qətnaməni icra edəcəyini bildirməklə faktiki olaraq qətnamə ilə razılaşmış, sadəcə qətnamənin icrasına möhlət verilməsini istəmişdir. Halbuki, onun bu istəyi qətnamədən verilmiş şikayət üzrə apellyasiya instansiyasının apellyasiya qaydasında baxa biləcəyi məsələ deyildir və Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən həll edilməlidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və qanunun mənasına görə, məhz müəyyən olunmuş tələblərə cavab verən şikayət apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş məzmuna uyğun olmadığından, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5852/2021 saylı iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2693/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2693/2022
28.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver