Məhkəmə qərarları › İş №2(103)-2693/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2693/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2693/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1179/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin arasında 29 may 2017-ci il tarixdə nikah bağlanmış, birgə nikahlarından 31 dekabr 2017-ci il təvəllüdlü X5 və 08 mart 2021-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşaqları vardır.

2. Tərəflər arasında ailə münasibətləri faktiki pozulmuş və onlar ayrı yaşayırlar. Uşaqlar iddiaçının yanında qalırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından olan azyaşlı xx.xx.2021-ci il X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatamı qədər hər ay hər uşağa görə sabit pul məbləğində 200 (iki yüz) manatı və əlavə olaraq hər ay azyaşlı xx.xx.2021ci il X4 üç yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində alimentin tutulması və mediasiya sessiyasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 may 2017-ci il tarixdə, 04 saylı Bakı “Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində nikah aktı bağlanmışdır. Birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşaqları vardır. Uzun müddət ailə kimi bir yerdə yaşadıqdan sonra aralarında tez-tez anlaşılmazlıq, söz-söhbətlər baş vermişdir ki, bu da münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Hal-hazırda faktiki olaraq ailə münasibəti pozulmuş və nikahı formal xarakter daşıyır. Həmçinin, azyaşlı uşaqlarının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacları vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilmir. Övladlarının maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Belə ki, cavabdeh hal-hazırda qeyri-rəsmi olaraq işləyir və yüksək məbləğdə aylıq əmək haqqı alır. Bütün bunlara əsasən hesab edir ki, övladlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh övladlarının saxlanması xərclərini ödəməlidir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, MPM-nin 53cü maddəsinə əsasən iddianı dəyişdirərək - cavabdehdən birgə nikahından olan azyaşlı uşaqları - xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə sabit pul məbləğində 220 manatı və əlavə olaraq hər ay azyaşlı xx.xx.2021-ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə 100 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(008)- 1179/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 (otuz ) manat aliment tutulması, həmçinin 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, cavabdehin əlavə gəliri və əmək haqqısı barədə məlumat olmadığından iddia uşaqlar üçün nəzərdə tutulmuş minimum dolanacaq xərcləri səviyyəsində təmin olunmalı, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində manat aliment tutularaq iddiaçıya verilməlidir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 44.3, 45.1, 75.1, 78.1, 78.2, 100.2, Azərbaycan Respublikası Konstitusiyasının 17.2, 34 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti - qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işsiz olması, maddi imkanının aşağı olması və s. kimi əsaslandırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir.

13. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

17. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir.

18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər.

20. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

23. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

24. Ailə Məcəlləsinin 84.1.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər.

25. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

27. Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

34. Maddə 402. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apelyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə (iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qismən mübahisələndirmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində alimentin miqdarını hər uşaq üçün 100 manat həddində qəbul etmiş, qətnaməni həmin məbləğdən yuxarı hissələrdə mübahisələndirmişdir.) dəyişdirilmədən saxlanılmalıdır.

38. İşdə olan sübutlara (nikah və doğum haqqında şəhadətnamələrin surətləri və s.) əsasən – tərəflər arasında 29 may 2017-ci il tarixdə nikah bağlanmış, onların birgə nikahlarından 31 dekabr 2017-ci il təvəllüdlü X5 və 08 mart 2021-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşaqları vardır. Tərəflər arasında ailə münasibətləri pozulmuş, uşaqlar faktiki iddiaçının yanında qalırlar (cavabdeh də qeyd edilən halları mübahisələndirməmişdir)

39. Birinci instansiya məhkəməsi alimentin miqdarını 2023-cü il üzrə yaşayış minimumuna uyğun (sabit pul miqdarında 220 manat) müəyyən etmiş, cavabdeh isə apellyasiya şikayətində maddi imkanının aşağı olmasını və s. göstərərək, hər uşağa görə 100 manat müəyyən olunmasını xahiş etmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir.

41. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. (bax: 22-ci bənd)

42. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (bax: 25ci bənd)

43. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. (bax: 26-cı bənd)

44. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən azad etmir.

45. Qeyd edilməlidir ki, uşaqların cəmiyyətdə, ailədə xoşbəxt, məhəbbət və anlaşma şəraitində sağlam böyüməsini təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir (“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 6 saylı qərarı)

46. Bununla yanaşı, qanunvericiliyin tələblərindən göründüyü kimi, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası, iddiaçının bir uşağının üç yaşına çatmaması, bu səbəbdən də işləmək iqtidarında olmamasını, habelə maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində aliment tutmaqda da haqlı olmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

48. Həmçinin qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir (bax: 33 və 34-cü bəndlər).

49. Belə ki, cavabdeh alimentin miqdarını hər uşaq üçün 100 manat həddində qəbul etmiş, qətnaməni həmin məbləğdən yuxarı hissələrdə mübahisələndirmişdir. Mübahisələndirilən hissələr üzrə iddianın qiyməti isə 5000 manatdan azdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1179/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar