Məhkəmə qərarları › İş №2(103)-2694/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2694/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2694/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4138/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdehdən 70000 ABŞ dolları məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 aprel 2015-ci il tarixində onunla cavabdeh arasında yazılı borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh ondan 200.000 ABŞ dolları məbləğində borc almış və 2020-ci ilin sonuna qədər qaytarılması öhdəliyi götürmüşdür. Sonradan həmin borcdan 5000 ABŞ dolları məbləğində pul 16 dekabr 2015-ci il tarixində cavabdeh tərəfindən qaytarılmışdır. Bununla da cavabdehin 195000 ABŞ dolları borcu qalmışdır. Sonradan 16 iyun 2021-ci il tarixində cavabdeh tərəfindən əlavə olaraq 2500 manat qaytarılmışdır. İqtisadi böhranla əlaqədar olaraq cavabdehə güzəşt edilərək ona qaytarılan 2500 manatı 2500 ABŞ dolları dəyərində hesab etmişdir. Sonradan hissə-hissə pulun bir qismini cavabdeh ödəmişdir. Cavabdeh tərəfindən imza atılan sonuncu 16 iyun 2021-ci il tarixli iltizam sənədinə əsasən cavabdehin 87500 ABŞ dolları məbləğində borcunun olduğu və cavabdeh tərəfindən həmin məbləğin tam olaraq 2021-ci ilin noyabr ayının 01-nə qədər qaytarılması öhdəliyi götürmüşdür. Cavabdeh borc götürdüyü pulu vaxtında ödəməyərək öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Belə ki, 2021-ci il noyabr ayının 01-nə qədər qaytarılması öhdəliyi götürülsə də sonuncu ödəniş olunan 16 iyun 2021-ci il tarixindən bu günə qədər hər hansı bir ödəniş edilməmişdir. Bununla bağlı pulun 2 gün müddətində ödənilməsi ilə cavabdehə bildiriş göndərmişdir, lakin heç bir ödəniş olmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4138/2021 saylı, 13 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, istər işə baxan məhkəmə tərəfindən, istərsə də iddia ərizəsini təqdim edən iddiaçı tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, ilk növbədə iddiaçı cavabdehə verdiyi vaxtın bitməsindən öncə iddia qaldırılmasına zəruri edən faktiki halları sübut etməli idi. Lakin istər iddia ərisəzində, istərsə də məhkəmə tədqiqatı zamanı bu kimi hallara diqqət yetirilməmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş və mübahisə predmeti olan borc müqaviləsi yalan əqd olduğundan həmin müqavilə əhəmiyyətsizdir. Belə ki, cavabdeh qardaşı Çərkəz Şirmmədovla birlikdə 2012-ci ilin sentyabr ayında əczaçılıq fəaliyyəti göstərdikləri ünvanın qonşuluğunda yaşayan xx.xx.1957-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş və yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 121 mənzil 29 olan İddiaçı ilə tanış olmuşlar. Bir müddət səmimi ünsiyyət qurduqdan sonra həmin şəxs onların maliyyə çətinlikləri olduğunu bildiyindən onlara öz maddi yardımını təklif etmişdir. Söhbət zamanı məlum olmuşdur ki, İddiaçı sələmçilik fəaliyyəti ilə məşğuldur. O cavabdeh və onun qardaşına ilk vaxtlar şirin vədlər verərək onları aldatmış və hissə-hissə olaraq ümumilikdə 156.000 manat məbləğində aylıq 5% olmaqla Şirməmmədov Çərkəzə, ümumilikdə 156.000 manat məbləğində aylıq 5% olmaqla Şirməmmədov Rüfətə borca pul vermişdir. Borc məbləğini valyuta olaraq Azərbaycan manatında tələb etsələr də, hər dəfə tələb etdikləri məbləği dollar şəklində onlara vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən onlar həmin pulları ABŞ dolları məzənnəsi ilə deyil, aldıqları dövrdə mövcud olan məzənnə üzrə Azərbaycan manatı valyutasında qaytarmalı idilər. 2012-ci ilin sentyabrından 2015-ci ilin fevralına qədər yəni Azərbaycan manatının devalvasiyasına qədər hər ay 7.800 manat məbləğində aylıq ödənişləri ayr-ayrılıqda etmişlər. Sentyabr 2012-ci ildən fevral 2015-ci ilə qədər Çərkəz və Rüfət tərəfindən İddiaçı ümuilikdə 452400 manat (226.200+226 200) manat pul ödənilmişdir. Həmin ödənilmiş pulları əksər vaxtlarda Fuadın oğlu İslam Quliyev vasitəsi ilə ödəmişler Bəzən cavabdeh və onun qardaşı aptekdə olmadıqları vaxtlarda ya İddiaçı özü, ya da oğlu İslam Quliyev işlədikləri aptekdən gəlib pulu götürürdü. Hətta aylıq ödəməli olduqları pulun bir hissəsini bahalı dərmanlar götürməklə əvəzləşdirirdi. Lakin devalvasiya baş verdikdən sonra İddiaçı məkrli niyyəti ortaya çıxmış və onlara hədə qorxu gələrək əslində dollar ilə borc pul verdiyini bildirmiş və dolların məzənnəsində baş veren kəskin artımı nəzərə almaqla əsassız yerə cavabdeh və onun qardaşına tələblər irəli sürmüşdür. Lakin cavabında ona aralarında olan razılaşmaya əsasən Azərbaycan manatı şəklində borc pul götürdüklərini və aldıqları borc məbləğini faizlərlə birlikdə artıqlaması ilə ödədiklərini bildirmişlər. Bunu görən İddiaçı cavabdeh və onun qardaşına hədə qorxu gəlməklə ailə üzvlərinin və onların başlarına oyun açacağını söyləmiş, oğlu Quliyev İslamın Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini bildirmiş və bununla da oğlu vasitəsi ilə pulun ödətdirilməsi üçün hər cür üsul və vasitədən istifadə edəcəyinə söz vermişdir. Bu məsələilə bağlı cavabdeh və onun qardaşı tərəfindən Dövlat Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə, AR Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə müvafiq müraciətlər edilmiş və həmin məsələlərə hazırda həmin orqanlar tərəfindən baxmaqdadır Göründüyü kimi iddiaçı məhkəməyə yalan əqd təqdim etməklə əsas niyyətini məhkəmədən gizlətmiş və bununla da o, müvafiq məhkəmə aktı qəbul etdirilməklə vergidən yayınmağa çalışmaqdadır. Ona görə də hazırda mübahisə predmeti olan borc müqaviləsi uydurma əqd olduğundan məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi qəbul edilməli və iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qabul edilməlidir. Cavabdeh və onun qardaşı tərəfindən həmin şəxsdən sələmə götürülmüş pullar onlar təərfindən tam şəkildə ödənilmişdir. Buna dair işə baxılan zaman şahidləri dəvət edib onların ifadələrini də almaq mümkündür. Məhkəmə qətnaməsi qəbul edilən tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi olaraq məhkəmə bildirişi və ya SMS bildiriş göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazı məhkəməyə təqdim edib, etirazın dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh və vəkili isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan A4 formatındakı iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh (Ş/V seriya AZE № ********, 04.09.2014-cü il tarixində ASAN 2 tərəfindən verilmiş) bildirirəm ki, 01 aprel 2015-ci il tarixində İddiaçı (Ş/V seriya AZE № 0*******, 30.11.2011-ci il tarixində Bakı-Nəsimi RPİ tərəfindən verilmiş) borc 200000 (iki yüz min) ABŞ dolları borca götürdüyüm məbləğdən 75000 (yetmiş beş min) ABŞ dolları borcum qalır və həmin qalan borcumdan 5000 (beş min) manat 22 oktyabr 2021-ci il tarixdə vətəndaş İddiaçı qaytardım. Mənim maddi vəziyyətimlə bağlı olaraq vətəndaş İddiaçı mənə güzəşt edərək mən qaytardığım 5.000 (beş min) manatı 5.000 (beş min) ABŞ dolları hesab edib (1 manat= 1 ABŞ dolları) və borclu qaldığım məbləği 70.000 (yetmiş min) ABŞ dolları 2021-ci ilin noyabr ayının 01-dək tam məbləği ödəməyimə icazə verir. Bununla da, mənim vətəndaş İddiaçı 70.000 (yetmiş min) ABŞ dolları borcum qalır və həmin məbləği noyabr ayının 01-dək tam ödəyəcəyimə öhdəlik götürürəm”. Qeyd olunan iltizam tərəflərin imzaları ilə imzalanmışdır, borclu Cavabdeh adını, soyadını və ata adını yazaraq, qarşısında imzalamış və 22.10.2021-ci il tarixini qeyd etmişdir; Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 01 aprel 2015-ci il tarixində Cavabdeh 200000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh 200000 ABŞ dolları pulu İddiaçı almış və bu borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləğinin qalan 70.000 ABŞ dolları hissəsini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının Cavabdeh qarşı tələbi sonuncunun yazdığı və borcun etirafı mahiyyətində olan yazılı iltizamdan irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində borc olaraq götürdüyü pulları tam şəkildə ödədiyini, əqdin uydurma əqd olduğundan məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi qəbul edilməli olduğu kimi dəlilləri irəli sürsə də, bu halları təsdiq edə biləcək sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya şikayətində irəli sürülən, iddiaçının pretenziya qaydalarına əməl etməməsi barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırki baxılan mülki iş üzrə qanunvericilikdə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydası nəzərədə tutulmamışdır. Bundan başqa tərəflər arasında borc münasibətləri barədə mübahisə yarancağı halda mübahisənin məhkəmədən kənar həll edilməsi qaydasını müəyyən edən hər hansı bir müqavilə mövcud deyildir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası iddia ərizəsinin baxılmamış saxlanılması üçün də əsas görmür. Çünki, işin hallarında müəyyən olunur ki, cavabdeh tərəfindən üzərinə götürümüş “mənim vətəndaş İddiaçı 70.000 (yetmiş min) ABŞ dolları borcum qalır və həmin məbləği noyabr ayının 01-dək tam ödəyəcəyimə öhdəlik götürürəm” öhdəliyi icra olunmamış və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq 13 dekabr 2021-ci il tarixdə qətnamə çıxarılmışdır. Kollegiya, həmçinin, bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyatorun şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4138/2021 saylı, 13 dekabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar