Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2694/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan “Volkswagen Passat” markalı, **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində istismara yarasız vəziyyətə düşməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 7.960 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq – 211 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 102 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, etibarnamə əsasında idarə etdiyi “Mitsubishi” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixdə, saat 15:50-da, Bakı şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “Volkswagen Passat” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobil zədələnərək, istismara yarasız vəziyyətə düşmüşdür. Cavabdeh, qeyd edilən hadisənin törədilməsində təqsirli bilinmiş və inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. İddiaçıya məxsus avtomobilə "xxxx" Şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının avtomobilinin təmiri və istismara yaralı vəziyyətə gətirilməsi üçün 6.050 manat vəsait tələb olunur. Bundan başqa nəzərə alınmalıdır ki, ehtiyat hissələrinin və avtomobil boyasının alınması üçün 1.910 manat da tələb olunur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə (6.050+1.910=) 7.960 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 102 manat məbləğində dövlət rüsumu, hüquqi yardım alaraq üçün isə vəkilə 211 manat ödəmişdir. İddiaçı hesab edir ki, bu xərclərin əvəzi də cavabdehdən onun xeyrinə tutulmalıdır. b) cavabdehin iddia tələbinə olan mövqeyi barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil3 məhkəmə baxışı iclasında iştirak edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh iddia tələbini əsassız hesab edərək, rədd edilməsini xahiş edir, çünki iddia ərizəsində qeyd edilən məbləğlər şişirdilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.550 manat, iddiaçının aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzinin bir hissəsinin ödənilməsi məqsədi ilə 100 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun bir hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 60 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissəsinin təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə iddiaçıdan və cavabdehdən, hər birindən 30 manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya münasibətdə mülki hüquq pozuntusu (delikt) törətdiyindən və bununla da, iddiaçıya ziyan vurduğundan vurduğu zərərin əvəzini iddiaçıya ödəməlidir. Bu hissədə iddia tələbi əsaslıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı ona vurulmuş zərərin 7.960 manat məbləğində olduğunu bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydən görünür ki, iddiaçının avtomobilinin təmir edilərək, istismara yaralı vəziyyətə gətirilməsi üçün 2.550 manat vəsait tələb olunur. Belə olan halda iddia qismən təmin edilərək, iddiaçıya dəymiş zərərin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə məhz 2.550 manat məbləğində pul tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iş üzrə məsrəflər və məhkəmə xərcləri də, iş üzrə tərəflər arasında (yuxarıda qeyd edilən qaydada) bölünməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının cavabdehdən tutulmasını xahiş etdiyi, hətta iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydə qeyd edilən məbləğlər şişirdilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy ümumiyyətlə əsaslı hesab edilə bilməz, çünki ekspert avtomobili görməmiş, sənədlər əsasında rəy vermişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmişlər.
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, apellyasiya baxışı iclasında iştirak edə bilmir, lakin iştirak etmək, apellyasiya şikayətinin dəlillərinə şəxsən aydınlıq gətirmək istəyir. Buna görə də, o, iclasın başqa tarixə təxirə salınmasını xahiş edir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin tələblərinin mənasına görə, hər bir tərəf məhkəməyə etdiyi müraciətin (tələblərinin, etirazlarının, vəsatətlərin) əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh, apellyasiya baxışı iclasına gələ bilmədiyini bildirsə də, bu halın məhz üzürlü səbəbdən baş verməsi müəyyən edilmir. Belə ki, cavabdeh, bu halı təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir.
11. İş üzrə iddiaçı isə apellyasiya baxışı iclasına gəlməməsinin səbəbləri barədə Məhkəməyə ümumiyyətlə məlumat verməmişdir.
12. Göstərilənləri nəzərə alan Məhkəmə, işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, MPM-nin 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni, habelə qətnamənin məhkəmə xərcləri və məsrəfləri ilə bağlı hissəsini mübahisələndirmir.
12. Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinin zədələnməsi, avtomobilin istismara yarasız vəziyyətə düşməsi işin mübahisəsiz halıdır.
16. Rayon Məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəyə əsaslanaraq qət etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.550 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/5869 saylı rəydən görünür ki, iddiaçının avtomobilinin təmir-bərpa xərci təxminən 2.550 manat təşkil edir.
18. Cavabdeh apellyasiya şikayətində bildirir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydə qeyd edilən məbləğ şişirdilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy ümumiyyətlə əsaslı hesab edilə bilməz, çünki ekspert avtomobili görməmiş, sənədlər əsasında rəy vermişdir.
19. Cavabdehin dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin bu dəlili əsassızıdır. Belə ki, həqiqətən də, ekspert iddiaçının avtomobilinin təmir-bərpa xərcinin məbləğini avtomobilə baxış keçirmədən, yəni təqdim edilmiş sənədlər və fotoşəkillər əsasında nəzəri cəhətdən aparsa da, cavabdeh həmin rəyi şübhə altına ala biləcək sübutu (məsələn: alternativ rəy) Məhkəməyə təqdim edilməmişdir.
20. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, müzakirə edilən bu dəlil sübuta söykənmədiyi üçün əsaslı hesab edilə bilməz (MPM; maddələr 77.1 və 14.2), rəydə göstərilənlər işdə olan digər sənədlər ilə təsdiq edildiyindən etibarlı sübut kimi qəbul edilməlidir (MPM; maddələr 88 və 103). Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi həmin rəyə əsaslanaraq, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.550 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
21. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
23. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.