Məhkəmə qərarları › İş №2(103)-2695/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2695/2020

06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2695/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 Cavabdeh ləğv prosesində olan Cavabdeh1-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə və X1rşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2275/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ona vurulmuş 157.000 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, 129A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair onunla cavabdeh "Cavabdeh1” ASC arasında xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. O, müqavilənin şərtlərinə görə öz vəzifələrini icra edərək cavabdehin tələblərinə uyğun olaraq təmir işləri aparmış, lakin, cavabdeh öz öhdəliyini icra etməmişdir. Belə ki, ona məxsus olan qeyri-yaşayış sahəsini çay evi etmək fikrində olmuş və binanı da buna uyğun təmir etmişdir. Lakin cavabdeh onunla müqavilə bağladıqdan sonra o, dolların kursu 100 ABŞ dolları 105 manat olan zaman 150.000 ABŞ dolları məbləğində xərc çəkərək, Bankın tələblərinə uyğun əsaslı təmir işləri aparmış, rekonstruksiya işləri gördürmüş, əlavə elektrik xətləri, siqnalizasiya sistemi və sair işlər həyata keçirmişdir. Bu məqsədlə "xxxxxxxx” ASC-nin Şəmkir filialından kredit götürmüşdür. Cavabdeh isə sadəcə təəssüf hissi bildirərək, müqavilə imzalandıqdan bir ildən çox zaman keçməsi, binanın təmirinin vaxtında tamamlanmaması və bu müddət ərzində iqtisadiyyatda və Bankda baş verən əhəmiyyətli dəyişikliklər nəticəsində Bankın "Şəmkir” filialının həmin binaya köçməsinin qeyrimümkün olması barədə ona məktub göndərərək, müqaviləni icra etməkdən imtina etmişdir. Göründüyü kimi cavabdehin hərəkətsizliyi qanunun tələbinə uyğun deyildir. Öncəliklə, təmirin vaxtında tamamlanmaması barədə cavabdehin fikri əsassızdır. Belə ki, müqavilədə təmir üçün müddət nəzərdə tutulmamışdır. Bankın tələbinə uyğun formada aparılmış təmir işləri olduqca çətin və vaxt aparan olmuş, bu səbəbdən ağlabatan müddətdə başa çatdırılmışdır. Cavabdeh təmir işləri başa çatdıqdan dərhal sonra müqavilə üzrə öhdəliklərini icra etməli idi. Hətta ödəməni altı ay öncədən aparmalı olduğu üçün 20.833 manat pul ödəmişdir. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, x xxxxx 2016-cı il tarixdən etibarən icarə müqaviləsinə xitam vermişdir. Cavabdeh ona heç bir xəbərdarlıq etmədən bir tərəfli qaydada müqaviləyə xitam vermiş, bu da həm müqavilənin müddəalarına, həm də qanunun tələblərinə ziddir. Cavabdeh hazırkı vəziyyəti bir də onunla əlaqələndirmişdir ki, müqavilənin imzalanmasından 1 ildən çox zaman keçmişdir və bu müddət ərzində iqtisadiyyatda və Bankda baş verən əhəmiyyətli dəyişikliklər nəticəsində binaya köçməsinin qeyri-mümkün olmasını göstərmişdir. Halbuki, iqtisadiyyatda baş verən mövcud dəyişiklik barədə cavabdehin uzun müddətdir ki məlumatı olmuşdur. Hətta müqavilədə əvvəlcə ödəmə 3000 manat göstərilmiş, daha sonra xx.xx.2015-ci il tarixdə müqaviləyə əlavə edilmiş və hər ay ödəmə hər iki tərəfin razılığı ilə 3.500 manata qaldırılmışdır ki, həmin müddət devalvasiyadan sonra, yəni, artıq iqtisadiyyatdakı əhəmiyyətli dəyişikliklərdən sonra olmuşdur. Azərbaycanda devalvasiya xx xxxxxx 2015-ci ildə baş vermişdir. xx xxxxxx 2015-ci ildə isə manat üzən məzənnəyə keçmiş və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşmışdır. Cavabdeh binaya köçməyəcəyi barədə ona vaxtında məlumat versə idi, o, təmiri başa çatdırmazdı. Göründüyü kimi, cavabdehin öhdəliyi icra etməkdən yayınması qazanc əldə etmək məqsədi daşıyır, yəni, hər ay müqavilənin şərtinə uyğun 3.500 manat deyil, ayda 1.000 manat ödəməklə qazanc əldə etmək istəyir və bu da qeyri-qanunidir. Cavabdeh1-nin qarşılıqlı iddia ərizəsi verərək, xx xxxxxx 2015-ci il tarixli İcarə müqaviləsinin 1.5-ci bəndinə əsasən, iddiaçıya ödənilmiş 21.000 (iyirmi bir min) manat icarə haqqının və icarə obyektində siqnalizasiya sisteminin quraşdırılması ilə əlaqədar çəkilmiş 12.413,60 manat (on iki min dörd yüz on üç manat 60 qəpik) xərcin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)- 14/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh1-nin İddiaçı qarşı ödənilmiş icarə haqqının və çəkilmiş xərclərinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil dəftərxana vasitəsilə ərizə təqdim edərək, hazırki iş üzrə X2 cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 cavabdeh qismində mülki işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2275/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayıtiu verərək, qətnamınin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, müqavilənin şərtlərinə tam əməl etmiş, öz üzərinə götürdüyü öhdəliyi vicdanla tam icra edərək cavabdehin tələblərinə uyğun səviyyədəkülli vəsait tələb edən bir təmir işləri gördürmüş, hansı ki, bank standartlarına cavab verəcək qaydada sırf cavabdehin sifarişi əsasında belə bir təmir heç də ona lazım olmamışdır. Cavabdeh isə öz öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərini icra etməyərək binanı-müqavilə obyektini təhvil almamış, nəticədə ona külli miqdarda zərər dəymişdir. Cavabdehin əlindən heç nə çıxmamışdır, o heç nədən məhrum olmamışdır. Əksinə iddiaçı, bağladıqları müqaviləyə ümid bəsləyib külli miqdarda xərcə başa gələn, bank standartlarına uyğun təmir aparmışdır. Hansı ki, həmin təmiri heç də məhkəmənin qeyd etdiyi kimi yaxşılaşdırma adlandırmaq olmaz, ona görə ki, bankın sifarişi ilə mövcud vəziyyətə gətirilmiş obyekt bank fəaliyyətindən başqa heç bir fəaliyyətə yaramır. Bundan başqa cavabdeh ondan dərhal icranı tələb etməmiş və ümumiyyətlə, problem müddət məsələsində olmamışdır. Əks halda, cavabdeh ağlabatan müddətin bitdiyini hesab etdiyi vaxt xəbərdarlıq və ya pretenziya göndərərdi. Hansı ki, bank həmin pretenziyanı o, təmir işlərini başa çatdırdığını bildikdən sonra göndərmişdir. Müqavilədə ilk altı ayın ödənişi haqqında konkret qeyd edilmişdir, sonra təmirin nə vaxt başa çatacağını bəlli olmadığından, konkret dəqiq tarix-müəyyən təmir işlərinin dedlayn (son tarix) müzakirə olunmadığına görə qeyd edilməmişdir. Bu müddət altı aydan sonra bir aya da bitə bilərdi, bir ilə də. Cavabdehin pretenziya məktubundan da görünür ki, imtinanı iqtisadi vəziyyətlə-devalivasiya ilə əlaqələndirib, icarə haqqı 1000 manat olarsa istifadə edə biləcəyini yazmışdır. Buradan belə nəticəyə gəlməyə əsas verir ki, bank devalivasiya nəticəsində maddi imkanı aşağı düşməsi ilə bağlı ayda 3500 manata razılaşmış olduğu binaya köçməkdən vaz keçmişdir, təmir gecikdiyi üçün yox, bina lap altı aydan sonra təhvil verilmiş olsaydı bankın maddi vəziyyəti ilə əlaqədar yenə də hazırkı vəziyyət yaranacaqdı. Bunun təqsiri isə iddiaçıda deyildir, ona görə məhkəmənin gəldiyi nəticə nə məntiqə, nə qanuna uyğun deyildir, nə ədalətli deyildir. Bundan başqa, qeyd edilməlidir ki, təmir müddəti heç də, məhkəmənin qeyd etdiyi kimi cəmi 5 illik müqavilənin müddətinə aid deyildir və müqavilənin şərtindən də göründüyü kimi, bank fəaliyyətə başladıqdan sonra həmin müddət hesablanacaqdı. Məhkəmə o qədər qərəzli olmuşdur ki, bir tərəfdən ona dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, hətta bir neçə dəfə təyin etmiş, həmin ekspertiza rəylərinə əsasən təmirin dəyəri 151556 manat məbləğində müəyyən edilmiş, digər tərədən isə ona zərər dəymədiyi nəticəsinə gəlmişdir. Hazırkı vaxta qədər də məhkəmənin işi yubandırması nəticəsində o, obyekti icarəyə verə bilməmişdir. Ona görə ki, bunun üçün obyektin əvvəlki vəziyyətə qaytarılması lazımdır, çünki bu qaydada təmir olunmuş obyekt yalnız banklara icarəyə verilə bilər. Məhkəmə işi bitməmiş, o, obyekti əvvəlki vəziyyətə qaytara bilməzdi. Məhkəmə isə qətnamədə qeyd etmişdir ki, bu təmir əmlakın dəyərini artırdığından maddi zərərin vurulmasını istisna edir. Məhkəmənin iş üzrə bir neçə dəfə ekspertiza təyin etməsi və ekspertiza rəyinə uyğun gəlməyən qətnamə çıxarması, iş üzrə icraata qeyri-qanuni olaraq xitam verməsi, daha sonra iş üzrə iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılmasını xahiş etməsi barədə ərizə olmasına baxmayaraq işi baxılmamış saxlamas bütün bunlar məhkəmənin həqiqətən qərəzli mövqedə olmasının sübutudur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Həsənov apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, maddi zərər mövcud olmadığından iddia tələbi əsassızıdır. Bu səbəbdən İddiaçı cavabdehlər Cavabdeh1-yə və X1rşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 və İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, 129A ünvanında yerləşən ümumi sahəsi 346,5 kv.m olan qeyri-yaşayış binasını icarəçinin istifadəsinə verməyi, icarəçi isə icarəyə götürdüyü obyektdən və ya hüquqdan, habelə bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu əldə edərək bunun üçün icarəyə verənə 3.000 (üç min) manat icarə haqqını hər ayın 10- dan gec olmayaraq icarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bankın Şəmkir filialının yerləşdirilməsi üçün icarəyə götürülür. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı birinci altı ay üçün müqavilə imzalandıqdan, növbəti altı ay üçün isə təmir işləri Bankın tələblərinə uyğun başa çatdırıldıqdan və filial rəsmi fəaliyyətə başladıqdan sonra icarəyə verənə əvvəlcədən ödənilir. Bu müqavilə 5 (beş) il müddətinə bağlanır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən əmlakı tamamilə və ya qismən bu Müqavilə üzrə müəyyənləşdirilmiş müddətdə almadıqda və ya əmlak ondan götürüldükdə və ya əhəmiyyətli dərəcədə pisləşdikdə, icarə verən isə gecikdirməyə yol verdikdə xəbərdarlıq müddətini gözləmədən bu müqaviləni ləğv etmək icarəçinin hüququdur. Müqavilənin 6.4-cü bəndinə əsasən tərəflərin hər hansı biri bu müqaviləni vaxtından əvvəl ləğv etmək istəyərsə, bu barədə digər tərəfə azı 6 (altı) ay əvvəl rəsmi xəbərdarlıq verməli, 6.5-ci bəndinə əsasən isə icarə müqaviləsi imzalandıqdan sonra icarə obyektinin təmiri icarəçinin tələb və istəklərinə uyğun aparılmadıqda və təhvil götürülmədiyi təqdirdə əvvəlcədən ödənilmiş icarə haqları və digər xərclər icarəyə verən tərəfindən geri qaytarılmalıdır. xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli əlavə sazişə əsasən, müqavilənin 1.4-cü bəndi “icarəçi 3.500 (üç min beş yüz) manat icarə haqqını hər ayın 10- dan gec olmayaraq icarəyə verənə ödəyir. İcarə haqqı üzrə hər hansı vergi ödənişi və digər ödənişlər ümumi icarə haqqına daxil deyildir”. “xxxxxxxxxx” MMC ilə sifarişçi Cavabdeh1-nin Şəmkir filialı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, müqavilənin yekun məbləği 12.413,60 (on iki min dörd yüz on üç manat altmış qəpik) manat təşkil edir. xx xxxx 2016cı il tarixli ödəniş tapşırıqlarının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxxxxxxxx” MMC-yə cəmi 12.413,60 (on iki min dörd yüz on üç manat altmış qəpik) manat ödəniş edilmişdir. Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2016-cı il tarixli, 3_11203_16 nömrəli məktubdan görünür ki, müqavilə imzalandıqdan sonra 1 ildən çox zaman keçməsi, binanın təmirinin vaxtında tamamlanmaması və bu müddət ərzində iqtisadiyyatda və Bankda baş verən dəyişikliklər nəticəsində Bankın “Şəmkir” filialının binaya köçməsi qeyrimümkün olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, hazırkı şərtlərlə əməkdaşlığın davam etdirilməməsinin mümkün olmadığı, xx xxxxx 2016-cı il tarixdən etibarən icarə müqaviləsinə xitam verildiyi bildirilmişdir. Bank filialları üzrə xərclərin azaldılmasını həyata keçirir və icarə haqlarını mövcud şəraitə uyğunlaşdırmağa çalışır. Bu məqsədlə hesab edilir ki, icarə haqqının 1.000 (bir min) manat olaraq dəyişdirilməsi məqbuldursa, bank yenidən icarə müqaviləsi bağlayıb, müvafiq binada fəaliyyətini təmin edə bilər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(005)- 4962/2016 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli, 17670 nömrəli rəyinə əsasən Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, 129A ünvanında yerləşən ümumi sahəsi 346,5 kv.m olan qeyri-yaşayış binasının təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün sərf olunan əmək haqqının dəyəri təqribən 59.580 manat məbləğində, müvafiq qeyri-yaşayış binasının təmiri üçün çəkilən xərclərin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 151.556 manat məbləğində müəyyən edilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)- 644/2017 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli, 5488 nömrəli rəyinə əsasən Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, 129A ünvanında yerləşən qeyriyaşayış binasında bank fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş təmirin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 151.556 manat məbləğində müəyyən edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 677.1.4-cü maddəsinə əsasən əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 690-cı maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməli, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə- hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozulmuş və o icarə obyektini qəbul etməkdən imtina etmişdir. Halbuki iddiaçı tərəfindən ekspert rəylərində göstərildiyi kimi icarə obyektini müqavilədə göstərilən vəziyyətə gətirilməsi üçün (bank fəaliyyətinin həyata keçirilməsi üçün) 151.556 manat məbləğində pul vəsaiti xərclənmişdir. Göründüyü kimi cavabdehin qanuna və icarə müqaviləsinin şərtlərinə zidd hərələtləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Əlavə olaraq kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2016-cı il tarixdə icarə müqaviləsinin birtərəfli qaydada xitam edilməsi barədə iddiaçıya məktub göndərsə də, icarə obyektinin təhlükəsizlik sisteminin quraşdırılması üçün xx.xx.2016-cı il tarixdə ödənişlərini həyata keçirmişdir. Bununlada müqavilə münasibətlərinin davam etdirilməsinə öz iradəsini bildirmişlər. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən və bunun nəticəsində iddiaçıya vurulmuş ziyanı tam şəkildə ödəməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsinin ilk 6 ayı icarə haqqı ödənilmişdir. Müqavilə birtərəfli qaydada ləğv edildiyindən icarə haqqı kimi ödənilmiş vəsait cavabdeh tərəfindən geri tələb oluna bilməz. İş materiallarında olan ödəniş tapşırığındanda görünür ki, icarə obyektində müşahidə sisteminin quraşdırılması üçün Cavabdeh1 tərəfindən “xxxxxxxxxx” MMC-yə cəmi 12.413,60 maat məbləğində pul vəsaiti ödənilmişdir. Kollegiya hesab edir ki, icarə obyekti - Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, 129A ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin təmiri üçün ekspert rəylərinə əsasən, 151.556 manat müəyyən edildiyindən, 12.413,60 manat həmin məbləğdən çıxılmaqla, cəmi 139.142,40 manat Cavabdeh1-yə tutularaq İddiaçı ödənilməlidir. Kollegiya cavabdehin etirazlarına, icarə müqaviləsinin müddətinin beş il olaraq müəyyənləşdirildiyi nəzərə alındıqda, bir ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən icarə obyektinin müqavilədə nəzərdə tutulmuş vəziyyətə gətirilməməsi onun müqavilə üzrə öhdəliyini ağlabatan müddətdə icra etməməsinə münasibətdə də qeyd edir ki, iş materiallarında olan həmin müqavilənin hər-hansı bəndində icarə obyektində təmir işlərinin aparılması üçün hər-hansı müddət nəzərdə tutulmamışdır. Buna görə də, təmir işlərinin gecikdirilməsi halı cavabdeh tərəfindən icarə müqaviləsinin birtərəfli ləğv edilməsi və ya cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1dən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin ekspertiza tətqiqatının dəyəri 200 manat (100+100) Cavabdeh1ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2275/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1-dən 139142.4 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2275/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1-dən 139142.4 manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1-dən tutularaq İddiaçı ödənilsin. Ekspertiza tətqiqatının dəyəri 200 manat (100+100) Cavabdeh1ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar