Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2698/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-3353/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir.
2. 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 ilk ödənişi 06 oktyabr 2019-cu il tarixdə, sonuncu ödənişi isə 06 sentyabr 2022-ci il tarixdə həyata keçirməklə hər ay 277,78 manat (sonuncu ay 277,70) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
3. 06 sentyabr 2019-cu il tarixli məxaric qəbzinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 10.000 manat məbləğində pul təhvil verilmişdir.
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 06 sentyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə bank qarşısında öz öhdəliklərini göstərilmiş qaydada icra etmədikdə və ya lazımınca icra etmədikdə onunla birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüşdür.
5. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 may 2020-ci il tarixli Əlavə sazışə əsasən 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit müddəti 06 dekabr 2022-ci il tarixədək uzadılmış və əsas borc məbləğinin ödənilməsi üçün 3 ay müddətinə əlavə güzəşt müddəti tətbiq edilmişdir. Bununla bağlı tərtib edilmiş yeni ödəniş cədvəlinə əsasən Cavabdeh1 15 iyun 2020-ci il - 15 avqust 2020-ci il tarixlərdə yalnız faiz, 15 sentyabr 2023-cü il tarixdən etibarən isə hər ay 394,78 manat (sonuncu ay, yəni 06 dekabr 2022-ci il tarixdə 392,39 manat) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin cədvəl zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır.
6. 21 oktyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 21 oktyabr 2022-ci il tarixə 2.622,06 manat məbləğində əsas, 271,46 manat məbləğində faiz, 142,78 manat (lakin iddia üzrə 71,39 manat tələb edilir) məbləğində cərimə, cəmi 3.036,30 manat məbləğində borc yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.622,06 manat məbləğində əsas, 271,46 manat məbləğində faiz, 71,39 manat məbləğində cərimə, cəmi 2.964,91 manat məbləğində borcun və 49,65 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir.
8. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka ümumilikdə 2.964,91 manat məbləğində borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən həmin kredit müqaviləsi üzrə 21 oktyabr 2022-ci il tarixə yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması barədə məhkəmədə iddia qaldırılmışdır.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(002)- 3353/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2.622,06 manat məbləğində əsas, 271,46 manat məbləğində faiz, 71,39 manat məbləğində cərimə, cəmi 2.964,91 manat məbləğində borc və 49,65 manat məbləğində dövlət rüsumu tutulmuşdur. (hakim X6)
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən kredit müqaviləsi üzrə 21 oktyabr 2022-ci il tarixinə yaranmış 2.622,06 manat məbləğində əsas, 271,46 manat məbləğində faiz, 71,39 manat məbləğində cərimə, cəmi 2.964,91 manat məbləğində borc və ödənilmiş 49,65 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh X3 Cavabdeh1 kredit müqaviləsinə görə iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Ona görə də iddiaçının bu cavabdehə qarşı tələbi də haqlıdır və yaranmış borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 470.1-ci, 472-ci, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 284-1-ci, 284-5-ci, 284-6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və dəqiqləşmə əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnamə üzrə tutulmuş məbləğlə razılaşmır və hesab edir ki, hesablama yenidən aparılmalıdır. Belə ki, onun cəmi 1.600 manat məbləğində əsas borcu qalmalı idi. Qətnamə tam və hərtərəfli araşdırma aparılmadan çıxarılmışdır. Məhkəmə əsas və faiz borcu üzrə ödənilən pulların qəbzlər üzrə ödənişlərini tam təhlil etməmişdir. Bununla da maddi və hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İşdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra iş üzrə iddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə tərəflər arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə aparılmış ödənişləri əks etdirən ödəniş cədvəli təqdim edilmişdir. Bundan başqa hər hansı sənəd, etiraz, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və dəqiqləşmə əsasında yeni qətnamənin qəbul edilməsi xahiş olunduğundan, habelə mübahisənin predmeti bölünməz olduğundan qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən bu cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və bu kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əlavə sazişlə kredit şərtləri və müddəti dəyişdirilmişdir. Eyni zamanda, iddiaçı ilə aralarında bağlanmış 06 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi üzrə zamin (cavabdeh) X3 iddiaçı qarşısında borcalan (cavabdeh) Cavabdeh1 ilə birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu ünvanlanaraq, yaranmış borc məbləğinin 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks halda yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da yaranmış borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Bu səbəbdən iddiaçı 49,65 manat dövlət rüsumu ödəməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, həmin kredit müqaviləsi üzrə 21 oktyabr 2022-ci il tarixinə 2.622,06 manat məbləğində əsas, 271,46 manat məbləğində faiz, 71,39 manat məbləğində cərimə, cəmi 2.964,91 manat məbləğində borcunun yarandığını iddia edərək, həmin məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsini cavabdehlərdən tələb etmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində bu cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
24. Cavabdehin apellyasiya şikayəti üzrə əsas borcun 1.600 manat məbləğində qalması, əsas və faiz borcu üzrə ödənilən pulların qəbzlər üzrə tam təhlil edilməməsi arqumenti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Bu baxımdan Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə daha az borcunun olduğunu, o cümlədən 1.600 manat məbləğində əsas borcunun qaldığını sübut etməli idi. Lakin cavabdeh bu mövqedən çıxış etsə də, öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının təqdim etdiyi maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından cavabdehin kredit müqaviləsi üzrə məhz 2.622,06 manat məbləğində əsas borcunun yarandığı təsdiq edilir. Tələb edilən faiz borcunun daha az olması qənaətinə gəlmək üçün də hər hansı əsas və ya hal müəyyən edilməmişdir.
26. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 71,39 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir.
27. Məhkəmə kollegiyası cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən əsaslı olaraq 71,39 manat məbləğində cərimə borcu hesablanmışdır.
28. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin borcun düzgün hesablanmaması barədə dəlilləri əsassızdır. Ödənilmiş məbləğ əsas, faiz və cərimə borcu üzrə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə uyğun aparılmış və cavabdehin həmin müqavilə üzrə məhz hazırda tələb edilən məbləğdə əsas, faiz və cərimə borcu yaranmışdır.
29. 06 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh X3 zamin kimi Cavabdeh1 oğlunun iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia üzrə tələb edilən dövlət rüsumunun əvəzi də müştərək qaydada cavabdehlərə aid edilməlidir.
30. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müqavilə üzrə 21 oktyabr 2022-ci il tarixə cavabdehlərin iddiaçıya məhz 2.622,06 manat məbləğində əsas, 271,46 manat məbləğində faiz, 71,39 manat məbləğində cərimə, cəmi 2.964,91 manat borcu yaranmış və birinci instansiya məhkəməsi cavabdehlərdən iddiaçının xeyrinə bu məbləğdə əsas, faiz və cərimə borcu, habelə dövlət rüsumunun əvəzini tutmaqda haqlı olmuşdur. Bu məbləğin dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir.Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
32. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(002)- 3353/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.